27 yaşlı Leylanı əri 3 övladının gözü qarşısında, 20 bıçaq yarası ilə öldürüb. Avtovağzal metrosu yaxınlığında qeydə alınan hadisə mübahisə zəminində baş verib.

Bakının Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı  Cəvahiri  qısqanclıq zəminində 18 bıçaq yarası ilə öldürüb.

Firdovsi Məhərrəmov 30 yaşlı gəlini Cəmilə Məhərrəmovanı balta ilə öldürüb.

Biri-birinin ardınca bir neçə gün içərisində baş verən hadisələrdi.

Yanvarın 4-ü saat 15 radələrində 30 yaşlı Həmidə Həsənovanı yaşadığı evdə əri 1987-ci il təvəllüdlü Orxan Alıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb.

Məsələn, 2021-ci ilə aid bir məlumat. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalovun mətbuata verdiyi həmin məlumata görə, 2021-ci ilin 9 ayı ərzində baş verən qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətləri nəticəsində 51 qadın həyatını itirib, 24 qadın isə xəsarət alıb.

Başqa bir məlumata görə, qadınlara qarşı cinayət sarıdan Fransa da geri qalmır. Hətta bu ölkə məişət zorakılığı ilə əlaqəli baş verən qətllərin statistikasına görə Qərbi Avropada ön sıralarda gedir. AFP agentliyinin məlumatına görə, Fransada hər üç gündən bir indiki və ya keçmiş partnyoru tərəfindən azı bir qadın öldürülür.

Göründüyü kimi, dünyanın mənzərəsi qadın üçün dəyişmir. Təəssüf ki, zorakılıq aradan qalxmır. Qadına qarşı şiddət hansısa ölkəylə də məhdudlaşmır. Qadın qatilləri Əfqanıstanda da, Braziliyada da, Fransada da eynidir: qardaşlar, atalar, əmilər, dayılar, hətta bütün qohumlar, ən çox da ərlər, partnyorlar...

Acınacaqlısı odur ki, zorakılıq və qətllər sadə, məlumatsız, təhsilsiz insanlarla yanaşı, oxumuş, hətta tanınmış, müəyyən ictimai çəkiyə sahib olanlar tərəfindən də törədilir. Məsələn, Fuad  Qəhrəmanlının qızına və arvadına qarşı tətbiq etdiyi ailədaxili zorakılığı, yəqin ki, çoxumuz xatırlayırıq.

İstanbul konvensiyası nə sənəddir?

Qadına qarşı zorakılığın bir sonu varmı? Yəqin ki, yox. Hər halda dünya buna hazır deyil. Bu, Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” konvensiyaya münasibətdən də görünür.

İstanbulda imzalandığı üçün daha çox “İstanbul Konvensiyası” kimi bildiyimiz bu sənədə münasibət birmənalı deyil. Sənədi Avropa Şurasının 47 üzv ölkəsindən yalnız ikisi - Azərbaycan və Rusiya imzalamayıb. Ancaq imzalayanlar arasında da tərəddüd edənlər var. Məsələn, 2011-ci ildə qəbul olunanda sənədə ilk qoşulan Türkiyə olub. Amma hazırda Türkiyənin bu qərarından geri dönməsi müzakirə predmetidir. Təkcə Türkiyə deyil, Polşada da Konvensiyanın qəbuluna ciddi müqavimət var.

Əslində, sözügedən sənəd - İstanbul Konvensiyası işlək mexanizmə malik mükəmməl qanun hesab edilir. Qadın hüquqları müdafiəçisi, “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova İstanbul Konvensiyasının məişət zorakılığı ilə mübarizədə konkret mexanizmləri olduğunun əhəmiyyətini önə çəkir: “Konvensiyanın müsbət cəhətləri çoxdur. Qadın, uşaq hüquqlarının müdafiəsi, onlara yardım edilməsiylə bağlı mərkəzlərin, sığınacaqların açılması, mütəxəssislərin və sosial işçilərin hazırlanması və bu sahədə tələb olunan digər vacib məsələlərin yaradılması mexanizmlərinin öz əksini tapması sənədin ən böyük üstünlüklərindəndir. Fikrimcə, İstanbul Konvensiyası mexanizm, qurbanlara dəstək proqramı olaraq çox mükəmməl sənəddir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərovun sözlərinə görə, bu sənədi ratifikasiya etmiş ölkələrdə müvafiq hesabatların təqdim edilməsi ilə bağlı Avropa Şurası çərçivəsində monitorinq təşkilatı yaradılıb. Həm hesabatların verilməsi, həm də hesabatlara dair verilən tövsiyələrin icrasına yönələn mexanizm müəyyənləşdirilib: “Tövsiyə sənədlərin icrasında monitorinq funksiyasını daşıyan mexanizm həyata keçirilir. Ratifikasiya edən ölkə öz üzərinə sənədin icrasına dair öhdəlik götürür. Məişət zorakılığının qarşısının alınmasıyla bağlı həm mexanizm müəyyənləşdirilib, həm də alətlər. Alətlər olaraq sığınacaqların fəaliyyəti, mühafizə orderinin, yardım mərkəzlərinin fəaliyyəti, dəstəyin göstərilməsi, preventiv tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilib”.

İstanbul Konvensiyasını ratifkasiya edən dövlətlərin üzərinə götürdüyü öhdəliklərə gəlincə, hər bir dövlət qabaqlayıcı və müdafiə tədbirlər görməlidir. Qabaqlayıcı tədbirlər olaraq qadınlara qarşı zorakılığı məqbul sayan yanaşmaları dəyişməyə, bərabərlik məsələlərinə dair materialları tədris proqramlarına salınmalı, qurbanlarla işləyən mütəxəssislərə təlim keçilməlidir.

Müdafiə məqsədilə qurbanlara və onların uşaqlarına dəstək xidmətləri, yetərli sayda sığınacaqlar və fasiləsiz qaynar xətlər təşkil edilməlidir. Məişət zorakılığı, cinsi qısnama, cinsi təqib, məcburi nigah, qadın sünnəti və s. əməllər kriminallaşdırılmalıdır.

Qeyd-şərtsiz qəbul şərti...

M.Zeynalova sənədin qəbuluna mane olan amili qeyd edib. Onun fikrincə, başqa konvensiyalardan fərqli olaraq, İstanbul Konvensiyasında qeyd-şərtsiz bütün bəndlərin qəbulu tələbinin qoyulması da sənədi imzalamaqda tərəddüd yaradır.

Qeyd-şərtsiz qəbul tələbi niyə qorxudur? Sualın cavabını insanların düşüncələrində axtarmaq lazım gəlir. Çünki Konvensiya həm də hər bir ölkənin öz köhnəlmiş adət-ənənələrindən imtina edib, cəmiyyətdə mədəni səviyyənin yüksəldilməsiylə bağlı addımlar atılmalı olduğunu nəzərdə tutur. “Biz o qədər oturuşmuşuq ki, köhnə stereotiplərdən uzaqlaşa bilmirik”, - deyən  “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Konvensiyadan daha çox, ilk növbədə stereotiplərin aradan qaldırılması barədə düşünməliyik. Bu məsələdə qadınların sosial müdafiəsini və stereotiplərlə mübarizəni güncləndirməklə uğur qazanmaq olar”, fikrindədir. Amma stereotipləri birdən-birə dəyişə bilməyəcəyimiz də gün kimi aydındır. Onları ancaq bu istiqamətdə hansısa iş görərək dəyişə bilərik. Məsələn, İstanbul Konvensiyasında nəzərdə tutulan zorakılıq törədənlərlə iş müddəasını gerçəkləşdirərək. Ya da qadınların müdafiəsini təşkil edərək. Ancaq  burada da çətinlik müşahidə olunur. M.Zeynalovanın sözlərinə görə, hətta Konvensiyaya qoşulan ölkələr arasında da zorakılıq törədənlərlə iş müddəasını gerçəkləşdirə bilməyənlər var.  Burada nəzərdə tutulub ki, zorakılıq əməlləri, xüsusilə də cinsi zəmində cinayət əməl­ləri törətmiş şəxslərin təkrar cinayət törətmələrinin qarşısını almağa yönəlmiş işlər görülməlidir.

Ailə dəyərləri və Konvensiya

Konvensiyanın Azərbaycandakı əleyhdarları sənəddə mental dəyərlərə zidd məqamlar olduğunu iddia edirlər. Məsələn, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının fikrincə, sənəddə eynicinslilər məsələsi var və bu, mentalitetimizə uyğun deyil.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “İstanbul Konvensiyası qaranlıq mərkəzlər tərəfindən sırf ailə dəyərlərinin dağıdılmasına yönəlib. Mən də oradakı bir sıra ayrı-ayrı müddəaların əleyhinə olmasam belə, sistem halında bu konvensiyanın zərərli olduğunu düşünürəm və zahirdə elan olunan məqsədlərə xidmət etmədiyi qənaətindəyəm”, - deyib.

Elgün Səfərov Konvensiyanın ailə dəyərlərinin dağılmasına yönəldiyi fikriylə razılaşmır: “Ailə dəyərlərindən danışmaq üçün biz əvvəlcə onun nə olduğunu müəyyənləşdirməliyik. Konvensiyanın məqsədi ailədə və, ümumiyyətlə, məişətdə bütün zorakılıq hallarının qarşısının alınmasından, bu sahədə preventiv tədbirlərin gücləndirilməsindən ibarətdir”.

Mehriban Zeynalovanın fikrincə isə söylənənlərin kökündə qadına münasibət dayanır: “Konvensiya qanunvericiliyi gücləndirir, qanunlardakı boşluqları aradan qaldırır, təqib edir, cinayət məsuliyyətinə cəlb edir, münasibətləri dəyişir, formalaşdırır. Lakin görünən odur ki, bu yetərli deyil. Ənənəvi davranışdan qanuni davranışa keçiddə qarşıdurmalar, ziddiyətlər yaranır. Bəlkə də bu səbəbdəndir ki, indiki qanunvericilikdə adi məsələlərlə bağlı dəyişikliklərdə - qadının aktivliyini, inkişafını qəbul edə bilmirlər. Cəmiyyətdə qadına münasibət dəyişməlidir. Qadına və uşağa əmlak, zorakılığa isə norma kimi baxılan cəmiyyətdə zorakılıq qaçılmazdır. Qadının səsini, sözünü eşitmək istəmirlər. Vəziyyət budur və ziddiyətlər də məhz bununla bağlıdır”.

Din təsir edir...

Konvensiyanın qəbuluna təsir göstərən başqa bir amil dindir. Aydındır ki, din təsir edir, təhsil və mədəniyyət səviyyəsinin aşağı olması isə belə qanunların qəbuluna əngəl törədir. Məsələn, pandemiya dövründə Türkiyə və Polşanın Konvensiyadan çıxmaq təşəbbüsü ortaya çıxdı. Qadın hüquqlarının müdafiəçisinin fikrincə, hər iki ölkədə dini təsir hissolunandır: “Əsas iddia odur ki, konvensiya ailədaxili zorakılıqların qarşısını almır, əksinə ailə dəyərlərinə zərbə vura bilər. Lakin fikrimcə, proses gedir və Türkiyədə qadın təşkilatları bu məsələyə təsir göstərir”.

Qoşulmasaq da, Konvensiyanın tələblərini nəzərə alırıq

Azərbaycan konvensiyaya qoşulmayıb, amma ölkəmizdə qadınlara qarşı ayrı seçkilik, zorakılıq hallarına qarşı mübarizə təşkil olunub. Müsahiblərimız ölkəmizin bu istiqamətdə fəaliyyətini qənaətbəxş qiymətləndirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov hesab edir ki, Azərbaycan İstanbul Konvensiyasından  üstün olan bir sənədin icrasına öz töhfəsini verir: “Azərbaycan   BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasını (“CEDAW”) ratifikasiya edib və artıq növbəti periodik hesabatını təqdim edəcək. Həmin konvensiya çərçivəsində məişət zəminində zorakılıq aktlarının qarşısının alınması, mühafizə orderinin fəaliyyətinin həyata keçirilməsi, sığınacaqların yaradılması, qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması istiqamətində iş aparılır”.

Konvensiyanın bir çox maddələrinin ölkəmizdə tətbiqinə  başlanıldığını deyən M.Zeynalova da hesab edir ki, Azərbaycan Konvensiyanı qəbul etsə də, etməsə də, bu sahədə işlər görür: “Azərbaycan Konvensiyanı qəbul edən ölkələrdə meydana çıxan fərqli təcrübəni izləyərək sənədin təsirini görmək imkanı qazanır. Sənədi indiyədək imzalamamağımız prosesin necə getdiyini onu tətbiq etmiş ölkələrin təcrübəsindən öyrənmək baxımından üstünlüyümüzdür”.

Azərbaycan Konvensiyanın tətbiqini, sadəcə izləyib öyrənmir, həm də tətbiq edir: “Konvensiyaya qoşulmasaq da, onu model olaraq qəbul etmişik. Hətta bəzi müddəalar Milli Fəaliyyət planına da salınıb, qanunvericiliyin təkmilləşməsində nəzərə alınıb. Azərbaycan Konvensiyanı qəbul etsə də, etməsə də, bu sahədə bir sıra işlər görür”.

Nəticə:

Ümumiyyətlə, Avropa Şurasının qəbul etdiyi, Fransa və digər ölkələrdən götürülən bir sistemi tətbiq etməyi nəzərdə tutan hər hansı konvensiyanı Azərbaycanın qəbul edib-etməmək səlahiyyəti var. Hər hansı beynəlxalq təşkilat Azərbaycanı hansısa sənədə imza atmağa məcbur edə bilməz. Azərbaycan Konvensiyanı qəbul etsə də, etməsə də, bu sahədə işlər görür.