Milli Məclisin deputatı, növbədənkənar prezident seçkilərində namizədliyi qeydə alınmış Razi Nurullayev təbliğat-təşviqat çərçivəsində seçildiyi rayonun - İmişlinin yol problemləri haqda video-müraciət paylaşıb. R.Nurullayev video-müraciətdə bildirir ki, İmişlinin bütün yolları demək olar ki, düzəlib, ancaq bir neçə kəndin təmiri başa çatmayıb. Həmin kəndlərdən biri olan Xubyarlı kəndinə gedən yol acınacaqlı vəziyyətdədir.
Daha sonra namizəd bir neçə təkliflə çıxış edib.
Faktyoxla Lab. Prezidentliyə namizədin fikirlərini araşdırıb.
Əvvəla, sözügedən Xubyarlı kəndi ilə bağlı deyilənlər həqiqəti tam əks etdirmir. Belə ki, həmin kəndin 1132 metrlik hissəsinə 3-4 il əvvəl asfalt örtük döşənib.
Bununla yanaşı, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən İmişlinin yol təsərrüfatı mərkəzi büdcədən və məqsədli büdcə fondlarından ayrılmış vəsaitlər hesabına əsaslı təmir və bərpa olunub.
R.Nurullayevin dayandığı ərazidən çəkiliş etdiyi Xubyarlı kəndində yolda yaranmış çuxur və dağıntıların səbəbi isə asfalt örtüyünü normalara uyğun çəkməməsi ilə bağlı ola bilər. Bunun üçün rayonun deputatı müvafiq araşdırma aparıb, yol çəkilişindəki nöqsanlarla bağlı müvafiq orqanlara müraciət edə bilər.
R.Nurullayevin video müraciətində toxunduğu ikinci məsələ, rayon və şəhərlərin yığdığı vergilərin özlərində saxlanmaması və birbaşa mərkəzi büdcəyə köçürülməsi və rayonların mərkəzləşmiş vahid büdcədən asılı olması barədə olub. Təəssüf ki, deputat bu məsələ də yanlışıqlara yol verir. Belə ki, Azərbaycanda bütün rayonlar neçə illərdir ki, öz yerli vergiləri hesabına özlərini təmin edir və mərkəzi büdcədən asılılıq minimuma endirilib. Hazırda ölkə üzrə 66 şəhər və rayondan 59-u özünü yerli gəlirləri ilə maliyyələşdirir, cəmi 7 rayon və şəhər dövlət büdcəsindən, yəni vahid mərkəzdən vəsait alır. Həmin şəhər və rayonların isə hələ yerli iqtisadi resurs və imkanları formalaşmadığından mərkəzdən asılıdır, (Yardımlı istisna olmaqla) çünki işğaldan yeni azad edilib. Ona görə də, hökumət Cəbrayıl, Xocalı. Xocavənd, Kəlbəcər, Laçın, Yardımlı və Zəngilan rayonlarına büdcədən dotasiya ayırmağa məcburdur.
Öz vergi gəlirlərini toplayan qalan bütün 59 rayonun gəlirləri isə dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər bölməsində yenidən özlərinə qaytarılır. Məsələn, 2024-cü ildə rayon və şəhərlərin yerli gəlirləri 773,1 milyon manat, xərcləri isə 782,5 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, o deməkdir ki, rayonların gəlirləri 100 faiz öz xərclərinə yönəldilir. Belə ki, rayonların gəlirlərini 259,4 milyon manatı və ya 33,1 faizi ətraf mühitin mühafizəsi xərclərinə (sanitar təmizlik və abadlaşdırılma xidmətləri, 223 milyon manatı və ya 28,5 faizi icra hakimiyyəti orqanlarının saxlanılmasına, 206,4 milyon manatı və ya 26,4 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 52,4 milyon manatı və ya 6,7 faizi nəqliyyat və rabitəyə (yolların əsaslı təmiri), qalanı isə digər sahələrə xərclənəcək.
(Mənbə. Azərbaycan Respublikasının 2024-cü ilin dövlət büdcəsi və icmal büdcə layihələrinin təqdimatı, səh45)
Ona görə də, mərkəzi büdcədən asılı olmayan və yerli gəlirləri 100 faiz özündə saxlanılan rayonlardan biri kimi İmişlinin yol təsərrüfatı, infrastruktur təminatı, inkişaf layihələri və digər xərcləri də məhz özünün gəlirləri hesabına nizamlanır.
Bu baxımdan R.Nurullayevin “Əgər xalqımız mənə etimad göstərsə, rayonların minimum qazancının 60 faizini özündə qalmasına çalışacam” vədi məntiqsizdir. Çünki o vəd çoxdan yerinə yetirilib, İmişlinin qazancının 60 faizi yox, 100 faizi özündə saxlanılır.
İmişli rayonunun millət vəkili kimi Razi Nurullayevin seçildiyi rayonun əsas yolların təmirinə ayrılmış vəsaitin necə və hara xərclənməsini tələb etmək hüququ vardır. Ancaq bunun əvəzində yeni proqram icad etmək, rayonun özünün müstəqil büdcəsini “tərtib etmək” və s. vədlərlə insanları çaşdırmaq yersizdir.
Razi Nurullayevin toxunduğu digər məsələ, “yolların təmirində bələdiyyələrə səlahiyyətlər verilməlidir, yol vergisinin bir hissəsi onlara çatmalıdır” fikridir.
Birincisi, yol vergisi bütün ölkələrdə dövlət vergisi kimi mərkəzi büdcəyə ödənilir, bu verginin hesablanması və tutulması, ödənilməsi Vergi, Gömrük Məcəlləsi, digər qanunlarla tənzimlənir.
Bələdiyyələrin yerli idaretmə orqanı kimi sələahiyyət və imkanları, işçi və maddi-texniki bazası, intitisional dövlət qurumu olmaması bu cür ağır və mürəkkəb bir vergini tənzimləməyə imkan verə bilməz. Beynəlxalq təcrübədə də strateji vergi kimi yol vergisi mərkəzi fiskal orqanların səlahiyyətindədir.
İkincisi, R.Nurullayevin nəzərdə tutuduğu qum və çınqıl, yaxud digər tikinti materialları daşıyan avtomobillər yol vergisi ödəyicisi deyil, onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “fərqlənmə nişanı” almaqla fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicisidir.
Üçüncüsü, qanunvericlikdə bələdiyyələrin yığımları və maliyyəsi üçün kifayət qədər vergi tədiyyələri müəyyənləşib və yerli idaretmə orqanlarının yığım mənbələri imkan verir ki, həmin vergilərlə kənd və qəsəbələrdə təmir və abadlığa töhfə versin. istinad
Yəni, məsələ vergi ilə həll olunmur, əsas iş bələdiyyələrin həmin vergiləri necə və hara xərcləməsindən gedir ki, bunu da bir millət vəkili kimi Razi Nurullayev Xubyarlı kəndinin bələdiyyə sədrindən tələb etmək səlahiyyətinə malikdir.
Nəticə:
- Razi Nurullayevin yeni proqram icad etmək, rayonun özünün müstəqil büdcəsini “tərtib etmək” və s. vədlərlə seçicilərə yanlış məlumat verir.
-“Əgər xalqımız mənə etimad göstərsə, rayonların minimum qazancının 60 faizini özündə qalmasına çalışacam” vədi məntiqsizdir. Çünki o vəd çoxdan yerinə yetirilib, əksər rayonların qazancının nəinki müəyyən hissəsi, tam 100 faizi özündə saxlanılır.
-Razi Nurullayevin “yolların təmirində bələdiyyələrə səlahiyyətlər verilməlidir, yol vergisinin bir hissəsi onlara çatmalıdır” fikri yanlışdır və məlumatsızlıqdan, iqtisadi qanunvericliyə yaxşı bələd olmamasından irəli gəlir.