Sosial şəbəkələrdə və mesencerlərdə Azərbaycanda supermarketlərə qarşı kiberhücumun gözlənildiyi və bunun səbəbindən mağazaların müvəqqəti olaraq fəaliyyətlərini dayandıra biləcəyi barədə məlumatlar yayılır. Ölkə sakinlərinin guya ən azı üç günlük ərzaq ehtiyatını əvvəlcədən toplaması tövsiyə olunur.
"Faktyoxla" komandası bu təhlükə barədə nə məlum olduğunu, Azərbaycanda rəsmi xəbərdarlığın edilib-edilmədiyini və “üç günlük ehtiyat tövsiyəsi”nin haradan yarandığını araşdırıb.
Yayılan məlumatda iki əsas iddia yer alır:
- Azərbaycanda supermarketlərə qarşı kiberhücum gözlənilir;
- Mağazaların işində yarana biləcək fasilələr səbəbindən əhali təcili olaraq üç günlük ərzaq almalıdır.
Məlumatın doğruluğunu yoxlamaq üçün Azərbaycanın dövlət qurumlarının müvafiq xəbərdarlıq yayıb-yaymadığını və belə bir ssenarini təsdiqləyə biləcək insidentlərin həqiqətən baş verib-vermədiyini müəyyən etmək lazımdır.
2 noyabr 2026-cı il tarixində bir neçə Avropa ölkəsində supermarketlərin soyutma sistemlərinə təsir edən kiberinsidentlər qeydə alınıb. "Reuters" və "Associated Press" agentliklərinin məlumatına görə, problemlər Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniya mağazalarında yaranıb. Həmçinin Finlandiya və Niderlanddakı insidentlər barədə də məlumat verilmişdi. theguardian

Bəzi mağazalarda soyuducu və dondurucuların temperaturu kəskin şəkildə artıb. Nəticədə ticarət şəbəkələri temperatur rejiminə riayət olunmasını tələb edən məhsulları satışdan çıxarmağa, bəzi hallarda isə mağazaların işini müvəqqəti məhdudlaşdırmağa məcbur qalıblar.

Bu hadisələr oktyabr ayında Fransada baş vermiş oxşar hücumun davamı idi. Həmin vaxt soyuducu sistemlərin işinə müdaxilə məhsulların xarab olmasına və külli miqdarda zərərə səbəb olmuşdu. bbc.com
Lakin hadisələrin coğrafiyasını nəzərə almaq vacibdir: təsdiqlənmiş məlumatlar Avropa ölkələrinə aiddir və Azərbaycanda oxşar hücumun hazırlandığın sübut etmir.
Azərbaycanda rəsmi mənbələr nə deyir?
Aparılan monitorinqlər nəticəsində aidiyyəti dövlət qurumlarının bu məsələ ilə bağlı rəsmi bəyanatları, o cümlədən supermarketlərə hər hansı kiberhücum, fəaliyyətin dayandırılması təhlükəsi və ya təcili ərzaq alışı zərurəti halları aşkar edilməyib.
Evdə “72 saatlıq ərzaq və su ehtiyatının olması” tövsiyə edilməsi həqiqətən də mövcuddur. Xüsusilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında ən azı üç günlük su və uzunmüddətli saxlanılan ərzaq məhsullarından ibarət qəza ehtiyatının hazırlanması ilə bağlı tövsiyələr yerləşdirilib. Lakin bu tövsiyələr supermarketlərin bağlanması ilə bağlı konkret xəbərdarlıqla deyil, fövqəladə hallara ümumi hazırlıqla əlaqədardır. Xatırladaq ki, FHN-in bu tövsiyəsi təxminən beş il əvvəl dərc olunub və yeni xəbərdarlıq deyil.
2025-ci ilin mart ayında isə “Avropa Komissiya Avropa İttifaqının böhranlara hazır olma” Strategiyasını təqdim edib. Sənəd əhalinin müxtəlif fövqəladə hallara: təbii fəlakətlərə, təchizat fasilələrinə, pandemiyalara, hərbi təhdidlərə və kiberinsidentlərə hazır səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.
Praktiki məqsədlərdən biri vətəndaşların ən azı 72 saat ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə təmin etmək qabiliyyəti olub.
Beləliklə, “üç günlük ehtiyat” Azərbaycandakı supermarketlərin tezliklə işini dayandıracağının sübutu deyil, ümumi mülki hazırlıq tədbiridir.
Azərbaycanda supermarketlərə kiberhücum gözlənildiyi və buna görə də təcili ərzaq ehtiyatı toplamağın vacibliyi barədə iddia rəsmi mənbələr tərəfindən təsdiqlənmir.
Bununla belə:
- Avropada supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar həqiqətən də baş verib.
- “Üç günlük ərzaq və su ehtiyatına sahib olmaq” tövsiyəsi mövcuddur, lakin köhnə tarixlidir və ümumi xarakter daşıyır.
- Azərbaycan supermarketlərinin kiberhücum səbəbilə kütləvi şəkildə bağlanmağa hazırlaşdığına dair təsdiqlənmiş məlumat yoxdur.
Fövqəladə hallara ağlabatan hazırlıq faydalıdır, lakin mağazaların tezliklə bağlanacağı barədə təsdiqlənməmiş məlumatları yaymaq yolverilməzdir.