Azərbaycan Respublikası Media və Yayım Şurası açıqlama yayaraq Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan saxta fikirlərin yayıldığını bildirib.
“Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir”. azertag

Faktyoxla yayılan bu saxta xəbərin ilk mənbəyini araşdırıb.
“X”-də “Advanced Search” alətindən istifadə etməklə qeyd edilən məzmunu ilk paylaşan şəxsləri aşkar edirik.
1. Paylaşımı ilk profil
@niler_albayrak (Niler Albayrak)
Tarix: 31 oktyabr 2026, 08:10 AM (04:10 GMT)
2. İlk “Facebook” paylaşımı
“Çılgın Türkler Buraya” səhifəsi
Tarix: 31 oktyabr 2026, 07:31 UTC
Mətn: Türk milleti ile değil AKP ve Cia’sal İslam ile ilişkilerimizi bitirdik...İlham ALİYEV

Viral olan “X” paylaşımı isə @trbioscom (Gökhan KONAK) tərəfindən edilib.
Tarix: 31 oktyabr 2026, 12:11 GMT
Bu paylaşımı edənlərin kimliyinə aydınlıq gətirək.
Niler Albayrak 5 iyun 1965-ci ildə İnegöldə (Bursa) keçmiş Yuqoslaviyadan (indiki Şimali Makedoniya) 1950-ci illərdə Türkiyəyə köçmüş Alban mənşəli mühacir ailəsində anadan olub. İlk adı “Ercan” olan N.Albayrak 2002-ci ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirib.

LGBTİ+ hüquqları aktivisti, siyasətçidir. Uzun illər trans fərdlərin iş və sığınacaq hüquqları uğrunda mübarizə aparıb, "Pembe Hayat", "Kırmızı Şemsiye" və "Kaos GL" kimi dərnəklərlə sıx əməkdaşlıq edib. 1990-cı illərdən “İHD İstanbul”-un (İnsan Haqları Dərnəyi) üzvü olub. medyafaresi
2014-ü ildə HDP-dən Avcılar Bələdiyyə Məclisi üzvlüyə namizədi olub (seçilməyib), 2015-ci ildə CHP-dən İstanbul 3-cü bölgə millət vəkililiyinə namizədliyə namizəd olub, 2017-ci ildə CHP-də məhəllə nümayəndəsi (“mahalle delegesi”) seçilib və bu, Türkiyə və CHP tarixində açıq kimlikli ilk trans qadın nümayəndə kimi tanınınıb. 2019-cu ildə CHP Avcılar İlçe İdarə Heyəti üzvü olub, 2020-ci ildə Avcılar Bələdiyyəsində (CHP-li Turan Hançerli dövrü) açıq kimlikli ilk trans qadın işçi olaraq sürücü kimi işə başlayıb. Bu hadisə də Türkiyə bələdiyyə tarixində ilklərdən hesab olunur. 2023-cü il parlament seçkiləri ərəfəsində Türkiyə İşçi Partiyasının (TİP) LGBTİ+ Haqları Komissiyasının dəvəti ilə CHP-dəki bütün vəzifələrindən və üzvlüyündən istefa verərək TİP-ə keçmiş və oradan millət vəkilliyinə namizədliyə namizəd olmuşdur. 2024-cü ildə də CHP Avcılar Bələdiyyə Məclisi üzvlüyünə namizəd olub. cnnturk

Niler Albayrakın bu saxta sitatı ən erkən yayan şəxslərdən biri olması onun siyasi mövqeyi və dünyagörüşünə uyğun gələn iddiaları tez qəbul edib paylaşdığını göstərir. AKP və “siyasi İslamı” kəskin tənqid edən dairələrə yaxın olan Albayrakın “Türk milləti ilə deyil, AKP və siyasal İslam ilə münasibətləri bitirdik” ifadəsini dərhal mənimsəməsi təsadüfi deyil. Yaradılmış süni sosial media gərginliyi fonunda onun belə bir iddianı mənbəsiz paylaşması məhz bu siyasi motivasiya ilə izah olunur.
2. Qeyd edilən saxta məlumatı paylaşan növbəti profil “Çılgın Türkler Buraya” “Facebook” səhifəsidir. Bu səhifənin adından göründüyü kimi “millətçilərin”, “türkçülərin” emosiyaları üzərində oynamağa hesablanmış bu cür dezinformasiyalar tez-tez auditoriyanın hisslərini hədəfə alır. Bu tipli səhifələr manipulyasiya xarakterli saxta sitatlar və ya təhrif olunmuş xəbərlər yaymaqla oxucuların emosional reaksiyalarından (qəzəb, həyəcan və ya milli həmrəylik duyğularından) sui-istifadə etməyə çalışırlar.
“Çılgın Türkler Buraya” səhifəsi haqqında “məlumat” bölməsində bir qeyd diqqətimizdən qaçmadı. Belə ki, qeyd edilən bölmədə “Səhifə şəffalığı”nda adminlərdən ikisinin Türkiyədən olduğu halda, digər adminin “Səhifə meneceri tərəfindən yerləşmə yeri gizlədilib” (Location hidden by Page manager) yazılıb.

İdarəçinin coğrafi yerinin gizlədilməsi (və ya “Facebook” tərəfindən oxunmasının qarşısının alınması) onu göstərir ki, həmin profili idarə edən arxa plandakı şəxs öz real koordinatlarının (qonşu ölkələrdən biri, hətta Ermənistan da ola bilər-red.) üzə çıxmasını istəmir.
Nəhayət, bu saxta xəbəri zaman etibarilə ilk yayanlardan biri də “X” platformasındakı "trbioscom" saxta adlı Gökhan Konakdır.
Oktyabrın 31-i günorta saatlarında bu profil həmin uydurma sitatı heç bir vizual istifadə etmədən yalnız mətn olaraq paylaşıb.
Bu saxta xəbəri "trbioscom" profilindən götürüb “Instagram”-da (məsələn, Çetin Keskinpala profili) vizuallaşdıran və minlərlə hesaba yayan şəbəkənin bir neçə oxşar fəaliyyətləri müşahidə edilib.
Şərhlərin və doğrulama alətlərinin bloklanması, yəni məlumat vakkumunun yaradılmasını buna misal göstərmək olar.
Adətən saxta məlumat yayanlar paylaşım edən kimi şərhləri bağlayır və ya yalnız öz mərkəzlərindən olan hesabların rəy yazmasına icazə verirlər.

Gökhan Konak ona "Grok" (süni intellekt doğrulama botu) vasitəsilə sual verənləri "ağılsız" adlandıraraq aqressiv şəkildə susdurmağa çalışıb. Bu, yalan xəbərin ifşa olunmasının qarşısını almaq üçün tətbiq edilən standart "məlumat vakuumu" taktikasıdır.


Profil məlumatlarında özünü "Elektronika və təmir mütəxəssisi" kimi təqdim edən bu şəxs əslində siyasi manipulyasiya və kütlələri idarə etmək (sosial mühəndislik) sahəsində ixtisaslaşıb. Profilin ana xətti tamamilə aqressiv və radikal dünyəvi/millətçi şüarlar üzərində qurulub. Bu xüsusiyyət ona müəyyən bir kütləni dərhal təsir altına almaq imkanı verir.
Onu da qeyd edək ki, “trbioscom” profilinin fəaliyyəti Türkiyədə o qədər səs-küy yaradıb ki, məşhur sənətçi Volkan Konakın ailəsi bəyanat yaymalı olub. Ailə bəyanatında bildirib ki, “trbioscom” istifadəçi adlı Gökhan Konak adlı şəxsin sənətçi və ailəsi ilə heç bir qohumluq bağı yoxdur. Onun Volkan Konakın adından istifadə edərək rəqəmsal məkanda “maddi və mənəvi qazanc” (rant) güdməyə çalışdığı, çoxsaylı cinayət faktlarının olduğu qeyd edilib və haqqında hüquqi proses başladılıb.

Saxta xəbərin paylaşılmasında diqqəti cəlb edən digər bir məqam Türkiyənin yerli mediasında çalışmış veteran jurnalist Çətin Kəskinpalanın (Çetin Keskinpala) adına açılmış "Instagram" səhifəsindəki paylaşımlardır. Səhifədə Azərbaycan Respublikasının Prezidenti ilə bağlı postla Türkiyə oxucusu üçün daha aktual olan sosial mövzulardakı paylaşımları vizual olaraq müqayisə etmək kifayətdir: Türkiyə üçün əhəmiyyətli mövzulara cəmi 1–6 bəyənmə və sıfır şərh gəldiyi halda, Prezident İlham Əliyevlə bağlı paylaşıma 1726 bəyənmə və 826 şərh yazılmışdır.

Nəticə
Prezident İlham Əliyevin belə bir ifadə işlətməsi tamamilə saxta iddiadır və heç bir rəsmi mənbədə mövcud deyil. Paylaşımın detallı təhlili onun haradan qaynaqlandığını və hansı məqsədlə manipulyasiya edildiyini aydın göstərir.
Azərbaycan Prezidentinin adı ilə tirajlanan saxta mesaj fonunda Türkiyə Respublikası Prezident Administrasiyasının və İletişim Başkanlığının Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) məsələyə dərhal və adekvat reaksiya verməməsi haqlı narahatlıq doğuran məqamdır. Operativ müdaxilənin gecikməsi bu cür manipulyativ məlumatların geniş auditoriyaya yayılmasına və dezinformasiya zəncirinin böyüməsinə şərait yaradır.
Halbuki aidiyyəti qurumlar ilk anlardan etibarən prosesə çevik müdaxilə etməli və baş verənlərin əsl mahiyyətini açıqlamalı idilər: Bu planlı əməliyyat, Türkiyədəki sekulyar kütlənin Atatürk həssaslığından və sarsılmaz Azərbaycan sevgisindən sui-istifadə edərək iki qardaş ölkənin dövlət münasibətlərinə zərbə vurmaq üçün hazırlanmış rəqəmsal təxribatdır.