Axtarış

Select theme:

Mübariz Mənsimovun ikili dəniz siyasəti

Qara dəniz və Azov–Dunay hövzəsi müharibə şəraitində yalnız iqtisadi və logistik mərkəz deyil, həm də müxtəlif maxinasiyaların, sanksiyalardan yayınma cəhdlərinin və gəmi adı dəyişdirmə oyunlarının poliqonuna çevrilib. Bu sistemin mərkəzində dayanan əsas fiqurlardan biri — "Palmali" Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovdur (Gurbanoğlu).

İş adamının "vətənpərvərlik" ritorikası altında həyata keçirdiyi biznes modeli əslində tamamilə maliyyə mənfəətinə, geosiyasi ziddiyyətlərdən istifadə edərək həm Rusiya, həm də Ukrayna cəbhəsində eyni vaxtda "alver" etməyə söykənir. Bu ikiüzlü siyasətin və riskli logistikanın sonuncu bariz nümunəsi 2026-cı ilin oktyabrında Qara dənizdə vurularaq batırılan "Royad Mammadov" gəmisi və onun ətrafındakı qaranlıq şəbəkədir.

Şəhid adından sui-istifadə və addəyişdirmə "kombinasiyaları"nın izahı

5 oktyabr 2026-cı ildə “Royad Mammadov” quru yük gəmisi Ukraynanın İzmail limanından (taxıl/qarğıdalı yükləyərək) İtaliyanın Ravenna limanına gedərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında (Rumıniyanın eksklüziv iqtisadi zonasında, sahildən təxminən 20-30 dəniz mili) pilotsuz uçuş aparatları (PUA/dron) ilə hücuma məruz qalıb.

Hücumdan sonra gəmidə yanğın baş verib və gəmi batıb. Heyətdən 11 nəfər xilas edilsə də, 2 nəfər həlak olub: gəminin kapitanı, əvvəllər Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət etmiş ehtiyatda olan zabit Rüstəm Həsənov (1974-cü il təvəllüdlü) və gəminin aşpazı Məhəmməd Süleymanzadə (2002-ci il təvəllüdlü). reuters

“Palmali” Şirkətlər Qrupu rəsmi açıqlama verərək hadisəni, yanğını, təxliyəni və iki dənizçinin həlak olmasını təsdiqləyib. Ukrayna Prezidenti Zelenski hücumu Rusiya dronları ilə əlaqələndirib. Rumıniya rəsmiləri yanğını, batmanı, xilasetməni və ölüm faktını təsdiqləyib, lakin yanğının baş vermə səbəbini “dron zərbəsi” kimi xarakterizə etməyib. Rusiya tərəfindən də hadisə dərhal şərh olunmayıb. maritime-executive

Gəmi 2006-cı ildə Rusiyanın Volqoqrad Gəmiqayırma Zavodunda inşa edilib. "Çay-dəniz" tipli quru yük gəmisi olan bu vasitə (IMO: 9356969) 140 metr uzunluğa, 17 metr enə, 5684 ton ümumi tonnaja (GT) və 6933 ton dedveytə (DWT, bir gəminin təhlükəsiz şəkildə daşıya biləcəyi maksimum ümumi faydalı yük tutumudur) malik olub. Uzun illər gəminin texniki nəzarəti və təsnifatı Rusiya Dəniz Gəmiçiliyi Reyestri (RS) tərəfindən həyata keçirilib.

Son səfərdə İzmail (Ukrayna, Dunay limanı) və Ravenna (İtaliya) marşrutu ilə taxıl daşıyıb. Daha əvvəlki liman çağırışları arasında Rusiya limanları (Yeisk, Azov), İstanbul, Haifa, Rumıniya və digər Qara dəniz/Aralıq dənizi limanları var. magicport.ai/ royad-mammadov

Məhz Rusiya daxili sularında (Volqa-Don kanalı) rahat hərəkət etmək üçün xüsusi dizayn edilən bu gəmi illər ərzində Mənsimovun imperiyasında bir neçə dəfə "kimlik" dəyişdirib.

Beynəlxalq reyestrlərdə gəminin rəsmi sahibi Liberiyada qeydiyyatdan keçmiş ofşor tipli "MG Shipping 5 Co Ltd" (IMO: 6399271) şirkətidir. Bu şirkət xüsusi olaraq tək bir gəmi üçün (single-ship owner) yaradılıb. Burada məqsəd, bayraq və mülkiyyət risklərini azaltmaq, maliyyə və sığorta strukturunu sadələşdirmək və ən əsası, real benefisiarları (və ya idarəçiləri) görünməz etməkdir. Elə bu səbəbdəndir ki, “MagicPort” və digər açıq mənbələrə görə beynəlxalq sanksiya siyahılarında yoxdur və “riskli” kimi işarələnməyib.

Kağız üzərində Liberiya şirkəti görünsə də, onun hüquqi ünvanı ("care of") birbaşa Mənsimova məxsus struktur olan İstanbulun Beşiktaş rayonunda (Akatlar, Maya Sitesi L Blok) yerləşən "Spring Marine Denizcilik" və "Palmali Shipping & Agency" ilə eyni ünvandır. Yəni Gəminin kommersiya idarəçiliyi "Spring Marine Denizcilik", texniki və ISM idarəçiliyi isə birbaşa Mübariz Mənsimova məxsus "Palmali Gemicilik ve Acentelik" tərəfindən həyata keçirilib. Bu isə o deməkdir ki, Liberiya offşoru Mənsimovun mülkiyyət və sanksiya risklərini gizlətmək üçün qurduğu hüquqi mexanizmdən başqa bir şey deyil.

2022-ci ildə gəmiyə II Qarabağ müharibəsində şəhid olmuş dənizçi Röyad Məmmədovun adı verilib. Mənsimov şəhid adlarından öz biznes reputasiyasını sığortalamaq və ictimaiyyətdə emosional pərdə yaratmaq üçün istifadə etdiyi məlum olur. Xatırladaq ki, bu cür fürsətcil yanaşma Mənsimovun təcrübəsində uzun illərdir mövcuddur. “Palmali” qrupu bir neçə gəmiyə Azərbaycan şəhidlərinin adını verib (“General Polad Haşimov”, “Adil İbrahimli”, “Alisuvar Məmmədov” və s.). Bu gəmilərin bir qisminin idarəçiliyi “Spring Marine”-ə həvalə olunub.

“Spring Marine Denizcilik Ve Ticaret Ltd Sti”- İstanbulda (Beşiktaş / Akatlar, Maya Sitesi) yerləşən Türkiyənin gəmi idarəetmə və kommersiya şirkətidir. IMO şirkət nömrəsi: 6081332. Vebsayt: springmarines.com.

Donanmasına təxminən 17 gəmi (təxminən 115 min DWT), əsasən tanker (təxminən 70%) və yük daşıma gəmisi (təxminən 30%) daxildir.

“Spring Marine” və “Palmali” arasındakı əlaqələr kifayət qədər sıx və uzunmüddətlidir. Onlar rəsmi olaraq tam eyni şirkət deyillər, amma eyni ekosistemin, eyni ünvanda və eyni biznes dairəsinin (xüsusən Mübariz Mənsimov qrupunun) bir hissəsidirlər. Hər ikisi “İstanbul, Beşiktaş, Akatlar, Maya Sitesi L Blok” ünvanında fəaliyyət göstərir. Palmali Shipping & Agency və Spring Marine eyni və ya çox yaxın ofislərdən istifadə edir.  2022-ci ildə “Palmali” və “Spring Marine” ilə birlikdə Rusiya–Türkiyə arasında ərzaq/konteyner xətti açmağı planlaşdırmışdılar (“Spring Marine”-in o vaxtkı rəhbəri Sabahattin Su bunu açıqlayıb). Məlumata görə, “Palmali”-nin Rostov-na-Donuda (Rusiya) “Palmali Rostov LLC” törəmə şirkəti (heyət yığımı (crewing) üzrə nümayəndəliyi) fəaliyyət göstərib.

2019-cu ildə “Palmali”nin iflas prosesi başlayıb və Mənsimov sürətlə bəzi tanker aktivlərini “Spring Marine”-nin idarəçiliyinə keçirib.

“Palmali” uzun illər Rusiya neft və neft məhsullarının daşınmasında böyük oyunçu olub (hətta bəzi dövrlərdə Rusiya neftinin əhəmiyyətli hissəsini daşıdığı iddia edilib). Mətbuatın yazdığına görə, hətta İran istiqamətində əməliyyatlar barədə iddialar yer alıb.

“Spring Marine” özü hazırda (2026-cı il məlumatlarına görə) beynəlxalq sanksiya siyahılarında “riskli” kimi işarələnmir.

Mənsimov paradoksu: Həm Rusiya, həm Ukrayna ilə ticarət

Mənsimovun tənqid olunası ən böyük "uğuru" həm təcavüzkar Rusiya, həm də onun təcavüzünə məruz qalan Ukrayna arasında heç bir mənəvi sərhəd tanımadan iş görmək qabiliyyətidir.

Gəmi uzun illər boyunca Rusiyanın Azov, Yeysk, Taqanroq, Rostov-na-Donu və Novorossiysk limanlarına intensiv reyslər edib. Ən diqqətçəkən fakt isə onun Ukraynanın sanksiya siyahısında yer alan və Rusiyanın "PhosAgro" kimya holdinqinə daxil olan "Apatit" Səhmdar Cəmiyyəti (VÖEN: 5103070023) üçün yük (karbamid) daşımasıdır.

Tərkibində fosfor olan mineral gübrələr, fosfat turşusu, alüminium ftorid, ammonyak və ammonium nitrat istehsal edən "Apatit" SC sadəcə sıradan bir "gübrə zavodu" deyil. O, ildə 4,5 milyon tondan çox kükürd turşusu istehsal etməklə Rusiyada ən yüksek göstəricilərdən birinə sahibdir və Kremlin ən böyük hərbi-sənaye təchizatçılarındandır. Zavodun istehsal etdiyi məhsullar Rusiya müdafiə sənayesində sənaye partlayıcı maddələrinin və barıtın hazırlanması üçün kritik tərkib hissəsidir. Mənsimovun gəmisi bu şirkətin yüklərini daşımaqla faktiki olaraq Kremlin hərbi maşınının maliyyələşməsinə və logistikasına xidmət etmişdir.

Ukrayna sanksiyalarına düşməsi və müəmmalı şəkildə çıxarılması

Məhz Rusiya limanlarından "Apatit" SC-nin yüklərini daşıdığına görə gəmi (o dövrdəki adı ilə "Angora 4") Ukrayna Milli Anti-Korrupsiya Agentliyi (NAZK) və Kəşfiyyat İdarəsinin (GUR) birgə idarə etdiyi rəsmi "War & Sanctions" (war-sanctions.gur.gov.ua) portalında "Sanksiyalaşdırılmış qurumla əlaqəli aktiv" kimi sanksiya siyahısına salınıb. war-sanctions

Lakin gəminin adı dəyişdirilərək "Royad Məmmədov" edildikdən və idarəetmə kombinasiyaları yeniləndikdən sonra Ukrayna tərəfinin rəsmi bazasında gəminin qarşısına "Sanctions lifted" (Sanksiyalar götürülüb) qeydi vurulub. Sanksiyaların götürülməsindən dərhal sonra Mənsimov bu gəmini operativ şəkildə Ukrayna taxıl dəhlizinə yönəldib və Qərb bazarlarına yük daşımaqla növbəti qazanc mənbəyi əldə edib.

Beləliklə, onun Rusiya və Ukrayna arasında "iki başlı" oynamaq cəhdi faciə ilə nəticələndi. Həyatın acı bir ironiyadır ki, keçmişdə Rusiya müdafiə sənayesi ilə əməkdaşlıq edən bir gəmi, Ukrayna taxılını daşıdığı an elə Rusiyanın öz dronları tərəfindən batırıldı.

Faktlar göstərir ki, Mübariz Mənsimovun dənizçilik strategiyası ciddi mənəvi və hüquqi problemlərlə doludur.

Vətən uğrunda canından keçmiş şəhidlərin adlarını gəmilərə vermək, sonra isə bu gəmilərlə Rusiya hərbi sənayesinə xammal daşımaq, sanksiya riskləri altında oyunlar oynamaq şəhidlərin ruhuna və milli dəyərlərə hörmətsizlikdir.

Mənsimov bir tərəfdən Rusiyada "Sberbank" kreditləri, Rostov ofisləri və "PhosAgro" sövdələşmələri ilə Kremlə yaxın biznes qurur, digər tərəfdən Ukraynanın müharibə şəraitindəki taxıl marşrutlarına girərək Qərbdən dividendlər toplamağa çalışır. Bu, sadəcə "sərbəst ticarət" deyil, insan həyatı və dənizçilərin təhlükəsizliyi hesabına oynanılan ikiüzlü qumardır.

Müharibə zonasında adını dəfələrlə dəyişmiş, sanksiya tarixçəsi olan, həm Rusiya, həm Ukrayna tərəfindən hədəf potensialı daşıyan gəmiləri riskli marşrutlara sürmək kapitan Rüstəm Həsənovun və 24 yaşlı aşpaz Məhəmməd Süleymanzadənin həyatı bahasına başa gəldi. Belə çıxır ki, "Palmali" rəhbərliyi qazanc naminə dənizçilərin təhlükəsizliyini açıq-aşkar arxa plana keçirib.

Faktyoxla

Oxşar məqalələr: