Axtarış

Select theme:

Tarixdən və memarlıqdan xəbərsiz olub qərəzli davranan dairələr növbəti dəfə ifşa oldular - “Möhri-Süleyman”

İrandan idarə olunan və türkdilli auditoriyanı hədəfləyən "haberafak" “Instagram” səhifəsində yayılan videoda Azərbaycandakı məscidlərdən birinin pəncərəsinə “Davud ulduzu” həkk edildiyi barədə əsassız iddia irəli sürülüb.

Faktyoxla bu iddianı araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, sözügedən səhifə davamlı olaraq Azərbaycanla bağlı dezinformasiyalar yayır və qərəzli mövqe nümayiş etdirir. Bunu müəyyən etmək üçün səhifənin ölkəmizlə bağlı dərc etdiyi əvvəlki materiallara nəzər salmaq kifayətdir.

"Haberafak" səhifəsinin təqdim etdiyi tikiliyə gəldikdə isə, bu, Bakının memarlıq incilərindən biri olan Əmircan qəsəbəsindəki Murtuza Muxtarov məscididir. Molla Pənah Vaqif küçəsində yerləşən bu ibadətgah xalq arasında həm də “Minarəli məscid” və ya “Qoşaminarəli məscid” kimi tanınır.

Məscid neft milyonçusu və xeyriyyəçi Murtuza Muxtarovun vəsaiti hesabına, görkəmli memar Zivər bəy Əhmədbəyovun layihəsi əsasında 1901–1908-ci illərdə inşa edilib. İbadət zalının sahəsi 196, qadınlar üçün ayrılan ikinci mərtəbənin sahəsi isə 84 kvadratmetrdir. Aşağı hissəsi dairəvi pəncərələrdən ibarət olan günbəz daxildən dörd hündür tağlı sütun üzərində dayanır. Döşəmədən günbəzə qədər hündürlüyü 19 metr olan məscidin giriş qapısı 6 metr hündürlüyündədir. Bakı və Abşeron kəndlərindəki digər məscidlərdən fərqli olaraq bu abidə qoşaminarəlidir və minarələrin hər birinin hündürlüyü 47 metrə çatır.

Memarlıq elementləri dərin dini-fəlsəfi məna daşıyır: mehrabın yuxarısındakı dairə Allahın varlığına, dörd tağ əsas peyğəmbərlərə, dörd nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə şiə inancındakı 12 imama işarədir. Mənbələrə görə, Murtuza Muxtarov tez-tez bu məscidə gələrək ibadət edər, hətta İstanbulda xüsusi sifarişlə hazırlatdığı nadir "Qurani-Kərim" nüsxəsini də buraya hədiyyə etmişdir. 1920-ci ildə Bakıda evinə soxulmuş bolşevik əsgərlərinə qarşı döyüşərək həlak olan milyonçu özünün tikdirdiyi bu məscidin həyətində dəfn olunub.

Sovet hakimiyyəti illərində digər dini abidələr kimi Murtuza Muxtarov məscidi də fəaliyyətini dayandırmağa məcbur edilib. Müxtəlif dövrlərdə toxuculuq emalatxanası, 1985–1988-ci illərdə isə Xalq rəssamı Səttar Bəhlulzadənin sərgi salonu kimi istifadə olunan məscid yalnız 1989-cu ildə yenidən dindarların ixtiyarına verilib. mənbə

Pəncərələrdəki ornament nə vaxt işlənib?

Fotolarla yaxından tanış olduqda məlum olur ki, Murtuza Muxtarov məscidinin pəncərələrindəki altıguşəli ulduz ornamenti (heksoqram) yəhudi simvolu olan "Davud ulduzu" ilə səhv salınır. Halbuki bu ornament təkcə Əmircandakı məsciddə deyil, Şirvanşahlar sarayında, Şəki Xan sarayının şəbəkələrində, qədim Azərbaycan xalçalarında və orta əsr daş kitabələrində klassik həndəsi naxış kimi geniş istifadə olunub.

Qeyd edildiyi kimi, məscid 1901–1908-ci illərdə tikilib. O dövrdə heksoqram hələ müasir İsrail dövlətinin (1948-ci ildə yaradılıb) rəsmi bayraq simvoluna çevrilməmişdi və İslam memarlığında ənənəvi dekorativ element kimi işlədilirdi. Videonun üzərinə "Bakü'de Caminin Pencerelerine Davud Yıldızı İşlendi" ("Bakıda məscidin pəncərələrinə Davud ulduzu işləndi") kimi başlıq yazılması isə bu naxışın məscidə guya bu yaxınlarda və məqsədli şəkildə əlavə edildiyi təəssüratını yaratmağa hesablanmış ucuz manipulyasiyadır. Taxta şəbəkələrin quruluşundan və köhnəliyindən də aydın görünür ki, bu pəncərələr məscidin inşa edildiyi gündən — yəni 115 ildən artıqdır ki, oradadır.

Əlavə olaraq bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2025-ci il tarixli Sərəncamına əsasən, Əmircan qəsəbəsindəki İmam məscidində təmir-bərpa və yenidənqurma işləri aparılır.  

Axtarışlarımiz nəticəsində müəyyənləşdirdik ki, bu ornamentlər orda əvvəldən də mövcud olub, yəni təmir zamanı məscidin pəncərələrinə həkk olunmayıb. 2022-ci ildə fotoqraf Amira Süleymanın, səyyah-blogger İradə Qədirovanın, 2017-ci ildə isə Rəsul Müəzzinin çəkdiyi fotoşəkillər də buna əyani sübutdur.

“Möhri-Süleyman” naxışı nədir?

Sosial mediada baxış sayı toplamaq və dezinformasiya yaymaqla ictimai rəyi çaşdırmağı hədəfləyən bu səhifələr öz ölkələrinin — Türkiyənin və Osmanlı-Səlcuq memarlığının tarixindən belə xəbərsizdirlər.

İslam və Türk-İslam mədəniyyətində bu altıbucaqlı ulduz ornamenti “Möhri-Süleyman” (Həzrəti Süleymanın möhürü) adlanır.

İslam inancına və rəvayətlərə görə, bu simvol Süleyman peyğəmbərə Allah (c.v.c) tərəfindən verilən möhürlü üzüyün formasından qaynaqlanır. İslam incəsənətində və təsəvvüfdə “Möhri-Süleyman” hikmət, ilahi qorunma, bərəkət, kainatın nizamı, ədalət və həndəsi mükəmməllik rəmzi kimi qəbul olunub. Biri yuxarı, digəri aşağı baxan iki üçbucağın kəsişməsi qədim fəlsəfədə "aşağıdakı ilə yuxarıdakının vəhdəti"ni (makrokosm və mikrokosm) əks etdirir.

Bu simvol əsrlər boyu Osmanlı və Səlcuq memarlığında, eləcə də hərbi-dənizçilik tarixində geniş istifadə edilib:

  • Osmanlı donanmasında: Məşhur Osmanlı dənizçisi Barbaros Xeyrəddin Paşanın sancağında (bayrağında) Həzrəti Əlinin qılıncı (Zülfüqar) ilə yanaşı, “Möhri-Süleyman” simvolu açıq şəkildə əks olunub.

  • Səlcuq məzar daşlarında: Türkiyənin Ahlat bölgəsindəki tarixi qəbiristanlıqda yerləşən orta əsr Səlcuq-Türk məzar daşlarının üzərində “Möhri-Süleyman” naxışları geniş şəkildə həkk edilib.

  • Osmanlı məscidlərində: İstanbuldakı Kemankeş Mustafa Paşa məscidinin həyət qapısının xarici üzündə, eləcə də Anadolunun müxtəlif bölgələrindəki bir çox tarixi Osmanlı məscidinin divarlarında, pəncərə şəbəkələrində və minarə detallarında binaları bədnəzərdən qorumaq və estetik nizam yaratmaq məqsədilə bu ornamentdən istifadə olunub.

  • Sikkə və möhürlərdə: Osmanlı dövrünə aid bir çox sikkələrdə, hökmdarların şəxsi möhürlərində, gümüş üzüklərdə və dini xəttatlıq əsərlərində “Möhri-Süleyman” mərkəzi element kimi yer alıb.

Nəticə

Tarixdən və memarlıqdan xəbərsiz olub qərəzli davranan dairələr növbəti dəfə ifşa oldular.“Möhri-Süleyman” ornamentini tanımayanların Bakının Əmircan qəsəbəsindəki tarixi məscidin pəncərəsindəki naxışı "Davud ulduzu" kimi təqdim edərək süni qalmaqal yaratmaq cəhdi ucuz spekulyasiyadan başqa bir şey deyil. Əmircandakı Murtuza Muxtarov məscidinin pəncərələrindəki ornament nə müasir siyasi mesajdır, nə də yəhudi simvolikası — bu, əsrlər boyu həm Azərbaycanda, həm də Anadoluda istifadə edilmiş klassik “Möhri-Süleyman” İslam-Şərq memarlıq ənənəsidir.

Oxşar məqalələr: