Son günlər bəzi ekspertlər “İqtisadi Təşəbbüslərə Dəstək” İctimai Birliyinin əməkdaşı Samir Əliyev, İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı və digərləri Azərbaycan sürətlə Avrasiya İqtisadi İttifaqına doğru irəlilədiyini və quruma üzv olmaq üçün hazırlıqlara başlandığına dair iddialarla çıxış ediblər. Onlar bunu avqustun 26-da Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında Azərbaycanın Baş Naziri Əli Əsədovun qonaq qismində iştirakı ilə əlaqələndirməyə çalışıblar.

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Əvvəla, qeyd edək ki, Baş nazir Əli Əsədov Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarovun dəvəti ilə avqustun 25-də bu ölkəyə işgüzar səfər edib, yəni sırf Aİİ-nin iclasında iştirak etmək məqsədilə keçirilməyib. Həmin səfər zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səmərəli danışıqlar aparılıb. (Mənbə) Bundan əlavə, Azərbaycanın Baş naziri Qırğızıstan Prezidenti Sadır Japarov ilə də görüşərək Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığının ikitərəfli gündəliyində duran məsələləri müzakirə edib
Avrasiya İqtisadi İttifaqının rəsmi internet səhifəsində yerləşdirilmiş materiallarda da açıq şəkildə qeyd edilib ki, Avrasiya Hökumətlərarası Şurasının Çolpon-Atadakı iclasında üzv ölkələrin baş nazirləri ilə yanaşı, qeyri-rəsmi nümayəndə kimi müşahidəçi qismində Özbəkistanın Baş naziri Abdulla Aripov, Kuba Respublikasının Baş naziri Marrero Kruz, Kuba Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xulio Antonio Qarmendia Penya və Azərbaycanın Baş naziri Əli Əsədov iştirak ediblər. (Mənbə)
İclasda Aİİ ölkələrinin birbaşa layihə və proqramları üzrə anlaşma sazişlərində və yekun sazişlərin imzalanmasında Azərbaycan hökumətinin rəsmi imzasının və möhürünün olmaması bir daha təsdiqləyir ki, respublikamız bu tədbirdə qeyri-rəsmi statustda təmsil olunub. Avrasiya Hökumətlərarası Şurasının iclasının yekununda Aİİ-də sənaye kooperasiyasının maliyyələşdirilməsi, spirtli içkilər bazarının tənzimlənməsi və fiziki şəxslərə satılan malların elektron ticarətindən dolayı vergilərin tutulması qaydası, Aİİ haqqında müqaviləyə dəyişikliklər edilməsinə dair protokol layihəsi, Aİİ-də təkrar sığorta şirkətinin yaradılmasına dair saziş layihəsi, Aİİ dövlətlərinin nəqliyyat sahəsində prioritet inteqrasiya infrastruktur layihələrinin siyahısı, qarşılıqlı ticarət çərçivəsində hesablaşmaların həyata keçirilməsində üzv ölkələrin milli valyutalarından istifadənin genişləndirilməsi üzrə gələcək işlər və digər sənədlər imzalanıb. Həmin sənədi yalnız Aİİ-yə üzv olan ölkələrin hökumət başçıları imzalayıb. (Mənbə) Həmçinin, iclasdan bir neçə gün əvvəl Aİİ üzvləri tərəfindən razılaşdırılmış yeni iqtisadi-ticari və digər hüquqi sənədlərin icrasına dair sazişdə də yalnız 5 ölkənin baş nazirinin imzası var.
Bundan əlavə, iclasdan sonra imzalanmış sazişlərin perspektivləri ilə bağlı hökumət üzvlərinin şərhlərindən və gələcək əməkdaşlığa dair icra sənədlərinin bəndlərindən də görmək olar ki, həmin sənədlərin icrası ilə bağlı tədbirlər planının ümumiyyətlə Azərbaycana aiddiyyatı yoxdur. (Mənbə)


Eyni zamanda, Aİİ-nin rəsmi internet səhifəsində həmin iclasda imzalanmış sənədlərin icrasından irəli gələn bir sıra hüquqi normativ və təlimatlarda da yalnız üzv ölkələrin rəhbər şəxsləri nəzərdə tutulub. Azərbaycana aid heç bir hüquqi təlimat sənədi yoxdur. Nəhayət, Aİİ ölkələrinin 2025-ci ilə dair Əməkdaşlıq startegiyası sənədi vardır ki, bu sənəd yaxın 3-4 illik çərçivəni əhatə edir. Bu sənəddəAzərbaycanın adını xatırladan bir cümləyə belə rast gəlinmir.  

Beləliklə,
Baş nazir Əli Əsədovun Qırğızıstanda olması və Aİİ-nin tədbirində müşahidəçi statusunda iştirak etməsi Azərbaycanın Avrasiya İqtisadi İttifaqında rəsmi təmsil olunması, yaxud bu quruma üzvlüyə hazırlıq kimi izah oluna bilməz.
İqtisadi reallıqlardan və fürsətlərdən yararlanmaq heç bir halda hansısa siyasi ittifaqın siyasi maraq və mənafeyinə uyğun addım atmaq deyil. Bu baxımdan Baş nazirin “bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır” bəyanatı Azərbaycanın nəyi, necə, nə vaxt etmək iradəsinin göstəricisidir.
İkincisi, Aİİ-də təmsil olunan ölkələrin yarısı Türk dövlətləridir və onlar həm də Türk Dövlətləri Birliyinin üzvləridir. Bu baxımdan türk dövlətləri ilə əlaqələrin artırılmasını strateji planlardan hesab edən Azərbaycan regionun yeni tranzit coğrafiyasının cızıldığı həssas bir dövrdə Aİİ-nin Türk cinahından da faydalanmağa xüsusi önəm verir. Bu ssenarini Əli Əsədovun həmin tədbirdə çıxışındakı bir neçə frazadan da hiss etmək mümkündür.  Sitat: “Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak edir. Ölkəmiz Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və s. kimi bir sıra layihələrdə mühüm halqadır”.