Böyük Britaniya alimləri xərçəngə səbəb olan maddənin gündəlik istifadə olunan ərzaq məhsullarında olduğunu açıqlayıblar. Medicina.az xəbər verir ki, alimlər palmitin yağ turşusunun Britaniya əhalisinin yarısında gələcəkdə onkoloji diaqnoz yaradacağını bildirib. (Mənbə)
Elmi tədqiqatın rəhbəri Cessika Nibz populyar yağ və ərzağın kanserogen təsiri barədə nəticəyə gəlib. Təcrübədə siçanların qidasına palmitin yağ turşusu əlavə olunub. 3 ay sonra siçanlarda udlaq, qida borusu, dəri xərçəngi yaranıb. “Nature” dərgisində bu yağ turşusunun onkologiya ilə birbaşa bağlılığı barədə nəticə dərc edilib. Britaniyanın “Dünya xərçəng araşdırması” xeyriyyə təşkilatı palmitinin xərçəng genomlarını dəyişdiyini açıqlayıb.
Əgər belədirsə, bu qidalardan istifadə edən insanlarda yaxın 10-20 ildə onkoloji xəstəliklərin diaqnozu sürətlə yayılacaq. Məlumdur ki, yağ turşuları orqanizm üçün tikinti materialıdır. Palmitin turşusu daha çox palma yağının tərkibinin əsasıdır. Hazırda palma yağı bütün qida sənayesində istifadə olunur. Uşaq qidaları, marqarinli bütün şirniyyatlarda, yağlarda, şokoladlarda, hətta kosmetik məhsullarda – şampun, yuyucu vasitələr və s.
Qorxunc nəticədir. Çünki dünya əhalisinin qida rasionunda bu yağlardan geniş istifadə edilir. Amma onu vurğulayaq ki, zaman-zaman ayrı-ayrı ölkələrin elm adamları belə araşdırmalar aparır. Və əksəriyyətinin də nəticələri qorxunc olur. Üstəlik, bir araşdırma qrupunun mövqeyi digəri ilə üst-üstə düşmür. Palma yağının tərkibini bir tərəfə qoyaq. Məsələn, bir qrup alim iddia edir ki, yumurta orqanizmdə xolesterini artırır, ona görə də ürək-damar xəstəlikləri üçün zərərlidir. Amma digər qrup iddia edir ki, əskinə, yumurta ürək-damar xəstələrinin rasionunda olmalıdır. Yəni elm adamlarının araşdırmaları da bir-birini təkzib edir. Bəzən də bu araşdırmalar qida sənayesində hökmranlıq rəqabəti aparan nəhəng şirkətlərin də mənafeyinə xidmət edə bilər. Bütün bunlar öz yerində. İndi isə gələk ingilis alimlərin palmitin yağ turşusu ilə bağlı araşdırmasına. Doğrudanmı təşvişə düşməyə əsas var? Bundan sonra qida rasionumuzu tamamilə dəyişməliyik? Palmitin yağ turşusu orqanizm üçün tam yarasızıdır?
Bu təlaşı adlamaq, suallara cavab tapmaq üçün mütəxəssis fikirlərinə müraciət etsək, daha yaxşı olar. Araşdırmalar nəticəsində məlum olub ki, Finlandiyada kərə yağının, tərkibində çoxlu doymamış yağ turşuları olan bitki yağları ilə əvəz edilməsi ürək-damar xəstəliklərindən ölüm hallarını 80% azaldıb və nəticədə bu ölkədə orta ömür artıb.
Rusiyalı professor, biologiya elmləri doktoru Sergey Şapovalov deyir ki, palma yağının tərkibində bədənimiz üçün çoxlu faydalı və zəruri maddələr var: “Məsələn, E vitamini həm qadınlarda, həm də kişilərdə reproduktiv funksiya üçün vacibdir. Bu vitaminin əsas birləşmələri tokoferollar (30%) və tokotrienollardır (70%). Onlar antioksidan xüsusiyyətlərə malikdir, dərinin sağlamlığını yaxşılaşdırır və xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparır”. (Mənbə)
Maraqlıdır, bu ki, ingilis alimlərin araşdırması ilə ziddiyyət təşkil edən fikirdir. Alimin sonrakı iddiasına diqqət edək: “Üstəlik, tokotrienola bitkilərdə olduqca nadir rast gəlinir. Deməli, palma yağı ilə istehlak edilən hər hansı bir qidada yüksək miqdarda tokotrienol və tokoferol olacaq. Onu da vurğulayım ki, tokoferol kərə yağında olduqca aşağı miqdardadır”.
Palma yağının tərkibində çoxlu miqdarda vitaminəbənzər koenzim Q10 maddəsi var. İnsan orqanizmində yüksək miqdarda Q10 olması serotoninin və depressiya hallarının inkişafının qarşısını alan, xalq arasında “sevinc hormonu” adlandırılan maddənin əmələ gəlməsini artırır. Palma yağı tez həzm olunan trigliseridlərlə zəngindir və qaraciyərə daxil olduqda qana daxil olmadan birbaşa enerji istehsalına keçir. Yağın tərkib hissələrinin bu xüsusiyyəti görkəminə xüsusi fikir verənlər, idmanla məşğul olanlar, eləcə də digər yağları zəif həzm edənlər üçün faydalıdır.
Hələ bu harasıdır? Alimlər sübut ediblər ki, palma yağında çoxlu doymamış yağlar var: oleik və linoleik turşuları. Bunlar da öz növbəsində qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, sümük və oynaq toxumalarının quruluşunda iştirak edir və dəri sağlamlığı üçün faydalıdır.
Rusiya Qida İstehsalçıları İttifaqının vitse-prezidenti Vitali Zinçenko vurğulayır ki, palma yağları məşhurluğuna görə ilk növbədə tərkibinə və süd yağlarını əlavə edən almitik turşu xüsusiyyətinə borcludur.
Professor Sergey Şapovalov da deyir ki, palma yağının tərkibində ana südündə olan palmitik turşu var. Bu isə ana südünün qəbulundan başlayaraq bizi bütün ömrümüz boyu müşayiət edir: “Buna görə də palma yağı sərbəst şəkildə süd yağı əvəzedicilərinə əlavə oluna və həm süd, həm də süd məhsullarında istifadə edilə bilər”.
İngilis alimlərin araşdırması nə qədər təşviş yaradırsa, rusiyalı alimin dedikləri bir o qədər “narahat olmayın” əsası verir. Təbii ki, müqayisə etmək və nəticə çıxartmağı hər kəsin öz öhdəsinə buraxaq.
Yekunda “palma yağı” haqda formalaşan 4 mifi və şərhini diqqətə çatdıraq:
Birincisi, iddia olunur ki, palma yağı həzm olunmur, çünki ərimə temperaturu insan bədəninin temperaturundan yüksəkdir. Alimlər isə sübut ediblər ki, bu iddianın heç bir əsası yoxdur. Çünki yağlar insan orqanizmində temperaturun təsiri altında həzm olunmur.
İkincisi, tez-tez belə bir fikir irəli sürülür ki, palma yağı yalnız yoxsul ölkələrə verilir və inkişaf etmiş ölkələrdə ondan istifadə qadağandır. Amma bu iddia yanlışdır, çünki istehsal olunan ümumi palma yağının 10%-dən çoxu Avropa İttifaqı ölkələrində qida sənayesi tərəfindən istifadə olunur.
Üçüncüsü, palma yağının yalnız ağır sənayedə və sabun istehsalında istifadə oluna biləcəyinə dair geniş yayılmış fikir formalaşıb. Əslində, bitki yağlarının və heyvan yağlarının tətbiq dairəsi çox genişdir və heç bir halda qida sənayesindəki faydalarına zidd deyil.
Dördüncüsü, bəzən palma yağının ağacın gövdəsindən alındığı iddia edilir. Palma yağı palma meyvəsinin “ətli hissə”sindən hazırlandığından, bu iddia da doğru deyil.