Ötən həftə, İsrailin 2 ədəd gözəgörünməz-qırıcı F-35 təyyarəsinin Azərbaycana gətirməsi haqda məlumat xarici medianın əsas mövzusu olub. Böyük Britaniyada fəaliyyət göstərən Elaph ərəbdilli xəbər saytının məlumatı olmasına baxmayaraq, əksər xarici media OC-MEDIA-nın yaydığı məlumata istinad edib.
Həmin xəbərdə deyilir ki, İsrail HHQ-nin 2 F-35 təyyarəsi Bakıya eniş edib. Bu haqda Böyük Britaniyada fəaliyyət göstərən "Elaph" ərəbdilli xəbər saytı məlumat yayıb. Ərəb saytı isə yüksəkçinli İsrail məmurlarına istinad edib.
Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.
Əvvəlcə OC-Media haqda qısa arayış. OC Media (Open Caucasus Media) Şimali və Cənubi Qafqaz regionundan xəbərlər, şərhlər, araşdırmalar və multimedia materialları dərc edən platformadır. 2017-ci ildə jurnalistlər Dominik K Cagara və Maryam Nikuradze tərəfindən yaradılıb. Hazırda saytda ingilis və rus dillərində materiallar dərc edilir.
Sayt üç qafqaz ölkəsindən, habelə mübahisəli (saytın haqqımızda bölməsində məhz belə yazılıb) Abxaziya, Dağlıq Qarabağ (belə bir ərazi artıq mövcud deyil) və Cənubi Osetiyadan xəbərlər hazırlayıb, yayır. Saytın donorları Böyük Britaniya XİN, Friedrich-Ebert-Stiftung, Açıq Cəmiyyət Fondu (Soros), Milli Demokratiya İnstitutu (NED) Avropa Dempkratiya Fondu, Çexiyanın Gürcüstandakı səfirliyi, Thomson Fondu, Reuters və bir neçə xırda fondlardır.
Sayt “haqqımızda” bölümündə yazır: Bizim dəyərlər: Biz jurnalistika etikası prinsiplərini qoruyuruq. Biz həqiqəti yazırıq, ədalətliyik, sülh istəyirik, inkluzivliyin tərəfdarıyıq, əməkdaşlıqda maraqlıyıq.
Saytın bioqrafiyası, fəaliyyəti peşəkar media qurum kimi fəaliyyət göstərdiyinə heç bir şübhə yeri qoymur.
Amma hazırda söhbət açdığımız məqalə “haqqımızda” qeyd edilən prinsiplərlə daban-dabana ziddir.
Digər məqamlara diqqət yetirək.
Məqalə bu cümlələrlə başlayır: “İsrailin 2 F-35 gözəgörünməz- qırıcısı həmişəlik olaraq Azərbaycanda yerləşdirilib. Bu haqda Böyük Britaniyanın “Elaph” ərəbdilli saytı yüksəkçinli İsrail hərbçilərinə istinadla məlumat verir”. Beləliklə, Böyük Britaniyanın ərəb saytı –bir, adının çəkilməsini istəməyən, naməlum İsrail hərbçiləri-ikinci qeyri-dəqiq, peşəkarlıqdan uzaq mənbə.
Ən maraqlısı, özünü peşəkar sayan saytın etiraflarıdır. Məqalədə qeyd olunur ki, OC Media ərəb saytının yaydığı hesabatın dəqiqliyini yoxlamaq mümkün olmadı. Maraqlıdır ki, bu tələskənlik, dəqiqləşdirmə olmadan çevik məlumat yaymaq nəyə və kimə lazımdır? Axı, bu peşəkarlıq deyil.
Və bundan sonra uzaq 2012-ci ildə Foreign Policy-nin məlumatına istinad edilir və deyilir ki, o vaxt 4 yüksəkçinli diplomat və hərbi kəşfiyyatçı bildirib ki, Azərbaycan İsrail və ABŞ-a hərbi bazalardan yararlanmaq icazə verilib. Bundan başqa Wikileaks-ə istinadən 2009-cu ildə yayılmış ABŞ səfirliyinin teleqramı xatırlanır və Azərbaycanla bu ölkələrin sıx əməkdaşlığı qeyd olunur.
Məqalənin sonunda isə “OC Media İsrail müdafiə qüvvələrinə xəbərin şərhi üçün müraciət edib” cümləsi var. Bu da ciddi media qurumunun bir yazıda buraxdığı üçüncü böyük səhv.
Və bu qeyri-dəqiq məlumatlarla dolu yazının müəllifi Baş redaktor Robin Fabbro-dur. Baş redaktor Robin Fabbro-nun qələmə aldığı bu məlumat əslində Britaniyada fəaliyyət göstərən ərəb saytının məlumatına istinadən hazırlanmış adi xəbər olmalı idi. Lakin peşəkar jurnalistikada iki stilin- xəbər çatdırmaq (başqa bir mınbəyə istinad etməklə) və müəllifin təxəyülünün məhsulunu birləşdirmək qəbul olunan yanaşma deyil. Xüsusən də belə bir qeyri-rəsmi mənbələrə istinadən xəbər hazırlayıb, sonda müəllifin imzası əlavə etmək peşə etikasına ziddir. Cənab Fabrro isə ötən il heç bir əsas olmadan, ciddi arqument gətirilmədən, Hadrutda quraşdırlma güllənmə səhnəsi haqda erməni tərəfinin hazırladığı məlumatı qələmə almış və rəhbərlik etdiyi saytda yaymışdı. Həmin videonun qurama olması isə dəfələrlə sübut olunub. Özünə peşəkar deyən sayt belə yanlışlığa yol verməməlidir.
OC-MEDIA-nın istinad etdiyi ərəbdilli “Elaph” saytı şirkəti Böyük Britaniyada yerləşir və səudiyyəli biznesmen Osman Əl-Omeyr tərəfindən təsis edilib. Bu sayt Səudiyyə ilə yanaşı bir çox ərəb ölkələrində qadağan olunub. Qeyd edilən “Elaph special: İsrail və Azərbaycan İrana qarşı eyni səngərdə” məqaləsinin müəllifi Məcid əl-Həlabi tanınmış İsrailli jurnalistdir, milliyyətcə druzdur.
Həmin məqalədə isə qeyd olunur ki, İranın Azərbaycanla sərhəddə həyata keçirdiyi “Xeybərin Fatehi” təlimi və digər hər hansı müdaxilə olarsa, həm havadan, həm də qurudan istənilən hücumun qarşısını almaqla müttəfiqinin yanında olacaq. Bundan başqa məqalədə 2016-cı ildən bəri İsraillə Azərbaycan arasında reallaşan uğurlu hərbi əməkdaşlıq haqda söz açılır. Məqalənin sonunda həmin məşhur dəqiqləşdirilməmiş məlumat verilib: “Mənbə qeyd edir ki, Azərbaycanda daimi əsaslarla 2 F-35 təyyarəsi mövcuddur, lazım gələrsə qırıcıların sayı artırıla bilər”.
Gəlin araşdıraq görək ki, ümumiyyətlə F-35-lər Azərbaycanın nəyinə lazımdır?
F-35 - aviasiya tarixindəki ən iddialı proqram olan JSF (Joint Strike Fighter, "Vahid döyüş təyyarəsi") layihəsi çərçivəsində yaradılan beşinci nəsil çoxfunksiyalı görünməyən döyüş təyyarəsi ailəsidir. Təyyarənin əsas yaradıcısı və istehsalçısı Amerikanın aerokosmik nəhəngi olan Lockheed Martin şirkətidir. Qırıcı-bombardmançı olan F-35-in maliyyələşdirilməsində ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Norveç, Danimarka və İtaliya iştirak edib. Hazırda çox az sayda ölkənin ordularında mövcuddur.
Təyyarənin indiyə qədər 3 seriyası buraxılıb. Bunlar F-35A, F-35B və F-35C-dirlər. Təyyarədə AFAR AN/APG-81 çoxfunksiyalı radiolokasiya sistemi quraşdırılıb. O, havadakı hədəflərlə yanaşı, yerüstü hədəfləri də aşkar etməyə qadirdir. Təyyarənin maksimal sürəti 1700 km/saatdır. F-35C maksimal formada 2520 kilometr qət edə bilər. S-35-dən fərqli olaraq, F-35C maksimum 18200 metr hündürlüyü qalxa bilir. F-35C-nin hazırkı qiyməti 93,3 milyon dollardır.
İsrailə gəldikdə isə bu ölkənin HHQ verdiyi məlumata görə, sonuncu partiya təyyarələr F-35I (ADİR) Nevatim Aviabazasına 2019-cu ildə daxil olub. Bu, 3 qırıcı, 2020-ci ildən etibarən İsrail HHQ-nin 116-cı eskadrilyasına daxil edilib. Jewish Press-in məlumatına görə, 2010-cu ildə bağlanan müqaviləyə əsasən Lockheed Martin İsrail HHQ-nə 27 qırıcı göndərib. 2024-cü ilə kimi say 50-ə çatdırılacaq. Hərbi mənbələrin məlumatına görə, ABŞ MN Konqresə “Xarici hərbi satışlar” proqramı çərçivəsində 25 F-35A versiyalı təyyarə satdığı ahqda məlumat verib. Bu alqı-satıqdan ABŞ dövləti 15,2 mlrd dollar qazanıb. (mənbə)
Təyyarələrin qiymətləri olduqca yüksək olduğu üçün dəfələrlə tərəfdaş şirkətlər və dövlətlər arasında anlaşılmazlıq və narazılıq yarandığı haqda mediada məlumatlar gedib. Belə olan halda İsrailin Azərbaycana 2 təyyarə bağışlaması real görünmür. Bunun bir neçə səbəbi var.
Əvvəla, Müdafiə Nazirliyi belə bir məlumatın doğru olmadığını bildirib. Məsələ ilə bağlı Bizim.Media-ya danışan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov sözügedən məlumatın doğru olmadığını bildirib:
“Müdafiə Nazirliyi tərəfindən hələlik bu barədə rəsmi açıqlama nəzərdə tutulmayıb. Bu formada müxtəlif məlumatlar yayılır, lakin bunlar təxribat xarakterlidir”.
İkincisi, Azərbaycan hər hansı ölkədən nə alacağını heç vaxt gizlətməyib və gizlətmir və heç kim Azərbaycanın daxili işlərinə qarışa bilməz. Ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov medaiaya açıqlamasında bildirib ki, ümumiyyətlə, “F-35” qırıcı təyyarələrini almaq bizim nəyimizə lazımdır? “Azərbaycan Rusiya və İranla müharibə aparacaq? Bəlkə gələcəkdə lazım olsa, ala bilərik. O zamanda bunu heç kim bizə qadağan edə bilməz. Azərbaycan qardaş Pakistandan “JF-17” qırıcı təyyarələr alacaq. Onların alınması ilə bağlı danışıq olub və bunu gizlətmədik”.
Üçüncüsü, belə böyük silahın gizlədilməsinin qeyri-mümkünlüyüdür. Ötən il, müharibə vaxtı Prezident İlham Əliyevin “CNN International”a müsahibəsində Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarələri haqda fikirlərini xatırlayaq. Prezident Azərbaycan xalqına müraciətində də xarici jurnalistlərin bu haqda verdikləri suala aydınlıq gətirib:
“Demək olar ki, hər gün mən müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin açın. Görmürsünüz, F-16-lar nə edirlər? Gedib baxın, görün ki, havadadır, ya yerdədirlər. Hər kəs bilir ki, onlar yerdədir və özü də buraya təlimlər üçün gəlib. Onlar müharibə başlayanda Azərbaycanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıb. Bir də ki, əgər Azərbaycana qarşı kənardan aqressiya olarsa, onlar həmin F-16-ları görəcəklər. Cəmi 5-6 təyyarə aeroportda qalıb. Bunu hər dəfə sual verirlər. Halbuki sual verilməlidir ki, nə üçün Ermənistana silah verirsən? (Mənbə: Euronews)
Yani müasir texnologiyaların bu qədər inkişaf etdiyi bir dövrdə adi silahları belə gizlətmək, saxlamaq mümkün deyil, o ki qala 2 bombardımançı- qırıcını. Bunu aşkar etmək üçün radarlar, peyklər, digər izləmə texnikaları var. Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İran tərəfə müraciət etdi: @Hansısa əyalət mollası ağzını açıb nəsə deyir. Bu olmaz. Yaxud da guya burada İsrail hərbi bazaları var. Hardadır o hərbi bazalar?! İşğaldan azad edilmiş ərazilər hələ ki boşdur və orada heç kim yaşamır. Azərbaycan vətəndaşı o torpaqlara getmək üçün icazə almalıdır. Bəs o zaman İsrail hardadır?! İran Ermənistanın uduzmasını həzm edə bilmir. İran Naxçıvanla Azərbaycanın arasının açılmasını istəmir. Azərbaycanı bir növ asılı saxlamaq istəyir. Amma o olmayacaq. Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil".
Dördüncüsü, Azərbaycan müstəqillik əldə edəndən bəri, Türkiyə HHQ-nin 5 F-16 təlim təyyarəsi və 10 noyabr razılaşmasına əsasən bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlılarıı istisna olmaqla, heç bir ölkənin nə hərbi bazası, nə silahlıları, nə təyyarəsi bu ölkədə olmayıb.
Sonda OC-Mediaya istinadla bağlı maraqlı bir məqamı qeyd etmək istərdik.
Türkiyədə, İranın şiə yayılmacılığı siyasətinə köklənmiş, siyasi fiqur, jurnalist kimi tanınan, İsrail əleyhinə yayımlanan Qüds TV-nin baş direktoru Nurəddin Şirin qatı iranpərəst var. Qüds Günü tədbirlərində İran və Hizbullahın təbliğatını apardığı üçün 8 il həbs cəzasına məhkum edilən N. Şirin nəşr etdirdiyi “İstiqlal”, “Tövhid”, “Şəhadət” dərgilərində və “Salam” qəzetində hər zaman İran İslam İnqilabını, Xumeynini öyən fikirlər dilə gətirib. Yalancı tövhid əhli, Qüdsü ancaq bir ticari əmtəə nişanı kimi görən Nureddin Şirin Qumdan aldığı tezislərlə Türkiyəyə, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir. Və son günlərdə İranla Azərbaycan arasında yaranan müvəqqəti gərginlikdən sui-istifadə edən, qızışdırıcı mövqe sərgiləyən media nümayəndələri arasında N. Şirin daha çox sezilir. Nə ilə? Heç bir əsaslandırlmış fakta istinad etmədən iftira yağdırmaq, böhtan atmaqla. Kimlərə? Məsələn, sonuncu verilişində N. Şirin “Xarici media” deyə dayanmadan oc-media.org saytına istinad etdi.
Məhz bu yazıya. Foto-scrinə diqqət etsəniz məhz yuxarıda qeyd etdiyimiz fake-xəbər qonaqlara nümayiş etdirilir.
İndi özünüz düşünün, “terrorist PKK – nın rəhbəri Abdullah Öcalan sərbəst buraxılmalıdır”- deyən N.Şirinin Gürcüstanda Soros Fondunun yaratdığı bir saytı əsas mənbə kimi təqdim etməsi nə anlama gəlir?
OC-Media ilə iranpərəst jurnalistin fikirləri hansı halda üst-üstə düşə bilər? Cavab çox sadədir.
Nəticə: OC-Medianın Böyük Britaniyanın ərəbdilli saytına istinadən yaydığı məlumat əsaslı deyil, heç bir fakta istinad edilmədən yayılıb. Yazı qərəzlidir və mənbəyə istinad etmədən yayıldığı üçün qeyri-peşəkar hazırlanıb. Azərbaycanda İsrail təyyarələrinin mövcudluğu haqda məlumat saxtadır.