XX əsrin 80- ci illərində İranda baş verən İslam İnqilabı Türkiyədə ölkənin qurucusu Mustafa Kamal Atatürkə, onun qurduğu dünyəvi dövlətə nifrət edən bəzi radikal islamçıları ayağa qaldırdı. Onların ürəyində ümid çırağı yandıran Fransadan müəyyən qüvvələrin birbaşa dəstəyi ilə Xumeyninin hakimiyyətə gəlməsi idi. Bu insanların ortodoks sünni olduqları halda, fundemantalist şiə İslam düşüncəsinin təsiri altına düşəcəklərini düşünənlər var idi. Belə düşüncədə olan qruplaşmalardan birinin rəhbəri isə heç şübhəsiz özünə “Qüds” televiziyası açıb bütün günü həmin telekanal vasitəsi ilə qardaş ölkədə Türkiyə, Azərbaycan əleyhinə, İran hakimiyyətinin isə lehinə təbliğat aparan Nureddin Şahindir. Bizə, həm onun, həm Əli Bulaçın, həm Atasoy Müftüoğlunun İran İslam İnqilabından əvvəl kimin yanında olması, inqilabçı markisist qüvvələrlə necə yaxın olmaları heç maraqlı deyil. Bizə maraqlı olan Atasoy Müftüoğlundan və Əli Bulaçdan fərqli olaraq, Nureddin Şirinin Papadan daha çox katolik olmağa cəhd göstərməsi, bu, əmmaməsiz mollanın illərdir İranla ciddi münasibətlər içində olması və maliyyəsini də Türkiyədə məzhəb fərqliliklərindən qaynaqlanan dini qarşıdurmalar yaratmaq üçün aldığı açıq-aşkar bəlli olmasına rəğmən, fəaliyyətini sərbəst davam etdirməsidir. beləsinə reaksiya verilməməsidir.
Fakyoxla Lab. olaraq son günlərdə ölkəmiz haqqında efirdən əndazəni aşan çıxışlar edən Nureddin Şirin haqqında araşdırma apardıq.
Əvvəlcə onu qeyd edək ki, Nurəddin Şirin 28 fevral 1997 – ci il tarixində Ankarada baş nazir Nəcməddin Ərbakanın istefasına səbəb olan dövlət çevrilişinə cəhddən etibarən ictimaiyyət tərəfindən İranın şiə yayılmacılığı siyasətinə köklənmiş, siyasi fiqur və jurnalist kimi tanınan birisidir. 1997 -ci ildə Ankarada (Sincan) keçirilən Qüds Günü tədbirlərində İran və Hizbullahın təbliğatını apardığı üçün 8 il həbs cəzasına məhkum edilən Şirin nəşr etdirdiyi “İstiqlal”, “Tövhid”, “Şəhadət” dərgilərində və “Salam” qəzetində hər zaman İran İslam İnqilabını, Xumeynini öyən fikirlər dilə gəirib. Qeyd etdik artıq, o, İsrail əleyhinə yayımlanan Qüds TV-nin baş direktorudur. Yalancı tövhid əhli, Qüdsü ancaq bir ticari əmtəə nişanı kimi görən Nureddin Şirin Qumdan aldığı tezislərlə Türkiyəyə, Azərbaycana qarşı əsassız fikirlər səsləndirir:
1. 2009 – cu ildə Azərbaycan İstanbuldakı Baş Konsulluğu qarşısında mətbuat üçün açıqlama verən Nurettin Şirin, öz avanturist bəyanatlarını səsləndirərək, İlham Əliyevin Fələstində 1500 müsəlmanın ölümündən və 5000 insanın yaralanmasından məsul olan Şimon Peresi ölkəsinə dəvət etməsindən hiddətləndiyini bildirmişdi.
Bundan da əvvəl, hələ 2010 – cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bağlı ağlına və ağzına gələni yazan Nureddin Şirin "Azərbaycanda diktatorluq, İslam düşmənçiliyi və milliyyətçiliyin utanç mənzərəsi" adlı yazısında aşağıdaki hərzə və hədyanları dilə gətirmişdi:
Sitat: Sionistlərin Türkiyənin sionist rejimə qarşı tənqidi və reaktiv münasibətlərinə qarşı Türkiyəyə qarşı açdıqları kartlardan biri də "erməni soyqırımı" kartı idi. İsrailli millət vəkilləri və ABŞ -dakı yəhudi lobbiləri, Türkiyəni cəzalandırmaq üçün davamlı olaraq Türkiyəyə qarşı irəli sürülən "erməni soyqırımı" iddialarına cavab olaraq Türkiyəni bir daha dəstəkləməyəcəklərini bildirdilər. Türkiyənin Ermənistanla bağlı bəzi siyasi təşəbbüslərinə reaksiya olaraq qondarma baxımdan Bakıda bir Türk məscidini bağlayacaq qədər aşağı olan İlham Əliyev Erməni soyqırımını Türkiyəyə qarşı kart açan qatil sionistləri öpüb qucaqlaması nə mənaya gəlir?.."
2. 2011 – ci ildə isə Velfecr adlanan, İrana yaxınlığı ilə bilinən sayta istinadən Əhli – Beyt xəbər agentliyi Nureddin Şirinin “Ey zalim Aliyev, bekle bizi” adlı yazısını paylaşmışdı. Bu yazıda özü kimi, Azərbaycanda da Qum tezisləri ilə hərəkət edən, müxtəlif qüvvələr tərəfindən isə dünyaya siyasi məhbus, vicdan məhbusu kimi təqdim olunan İslam Partiyasının üzvlərinin həbsinə görə Azərbaycanı, onun dövlət başçısını təhdid edir, bu həbslərin Azərbaycana baha başa gələcəyini yazırdı. Bütün bunları yazarkən müəllif düşünməyə belə cəhd göstərmirdi ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, artıq bu ölkədə müstəqilliyin ilk illərindəki kimi müəyyən boşluqların mövcudluğundan istifadə edərək İran ideologiya maşınının oyunlarını oynamaq mümkün deyil. Türkiyədəki inançlı insanların düşüncəsini qarışdırmaq məqsədi ilə güya Azərbaycan hicab problemi, din və vicdan azadlığı ilə bağlı problemlərin mövcudluğunu dilə gətirmək, bu haqda danışanların həbs olunduğunu iddia etmək… Və dalınca da “Onlar ”zillət bizdən uzaqdır!” deyə ayağa qalxıb Kərbəla ruhunu canlandıran qəhrəmanlardır..!” kimi çeynənmiş cümlələri işlətmişdir.
Tanış mənzərədir, elə deyilmi? Müsəlman Hərəkatı qeydiyyatdan keçməmiş, qondarma qurumun rəhbəri Hacı Taleh də hansısa İran ayətullasının qarşısında eyni fikirləri səsləndirmişdi. Xatırlayırıq!
İstanbuldakı Baş Konsulluğumuz önündə keçirilən aksiyalarda səsləndirdiyi fikirlər, maliyyəsi İrandan gələn elektron KİV – lərdə haqqımızda yazdığı yazılar, televiziyalarda tez – tez Cahit Kılıçla və digər özü yaşında travmalı insanlarla Azərbaycan əleyhinə, hətta bəzən Türkiyə əleyhinə danışması, bütün bunlar “Yeni Şafak” qəzetinin yazarı İsmail Kılıçaslanın dediyi kimi Nurettin Şirin kimi "cizgi film karikaturaları"nın İrana sadiqlik nümayiş etdirmələri üçün sonuncu şanslarıdır və "İran İslam İnqilabına heyran olan faydalı fədailər" missiyasını yerinə yetirmək düşüncəsindən irəli gəlir. Nureddin Şirinə görə İran, bütün dünyada məzlum müsəlmanları dəstəkləyən, çörəklərini onlarla bölüşən, imperializmə qarşı mübarizə aparan, Bosniyadan Arakana, Qafqazdan Afrikaya qədər bütün məzlumların qoruyucusu olan bir dövlətdir. Təsəvvür edirsinizmi? İran və yuxarıda qeyd edilənlər.
Kılıçaslanın yazdığı yazının başlığı isə bu iransevərə verilən ən gözəl cavabdır: "Nə İranmış, arxadaş?"
Əgər, Nureddin Şirinin II Qarabağ Müharibəsində Azərbaycanı dəstəkləyən bircə açıqlamasını eşitmiş olsaydıq, bir yazısını oxumuş olsaydıq, o zaman onun səmimiyyətinə bir damcı belə olsa inanardıq. Amma, qazanılan şanlı zəfərdən bir ay sonra, Türkiyə və Azərbaycan prezidentlərinin birgə izlədikləri Zəfər paradından cəmi bir həftə öncə mühafizəkar, İrana yaxınlığı ilə bilinən TV5 telekanalında yayınlanan “Buluşma Nöqtəsi” proqramında, Mehmet Ali Kayacının suallarını cavablandıran N.Şirin bu savaşın, Pakistan ilə İranın dəstəyi sayəsində qazanıldığını irəli sürərək, son Qarabağ savaşında İranın müharibədə hərbi baxımdan birbaşa iştirak etdiyini vurğulamasını da xatırlayırıq.
Sizi bilmirik, amma biz, Qasım Süleymaninin 15 iyul 2016 – cı il tarixində qardaş ölkədə baş verən çevriliş cəhdi sırasında Türkiyə prezidentinə dəstəyi ilə bağlı iddialarını oxuduqdan sonra belə sərsəm açıqlamalar verdiyinə qətiyyən təəccüblənmədik.
Artıq bir neçə gündür baş direktoru olduğu Qüds telekanalından Azərbaycan əleyhinə olduqca sərt, yersiz ittihamlarla dolu çıxışlarının şahidi oluruq. Yazdığı, pozduğu, dediyi, dəlil kimi göstərdiyi hər məlumatı öz savadsızlığını sübut etmək üçün istifadə edən Nureddin Şirinin “xarici mətbuat yazır” deyə səsləndirdiyi materiallara diqqət yetirək:
1.“Xarici media” deyə dayanmadan istinad edilən oc-media.org saytının yazarları arasında kifayət qədər İrana, Ermənistana yaxın olan şəxslər mövcuddur.
Saytın ana xətti haqqımızda bölməsində güya Cənubi Qafqaz regionundan isti xəbərlərin verilməsi kimi qeyd olunsa da, bu saytın Soros Fondunun Açıq Media İnstitutunun törəmə saytı və ya Gürcüstan filialı olması heç kimdə şübhə doğurmur. İddiamızı doğrulayan bir neçə məqam var. Bir zamanlar Türkiyədə Agos qəzetində çalışmış, II Qarabağ Savaşında Aris Nalçı, Alin Özinyanla ağız – ağıza verib Azərbaycan haqqında ağzına gələni danışan, Meydan Tv – nin ingilis dili bölməsinin redaktoru Arzu Qeybullanın, Hacı Talehə yaxınlığı ilə bilinən bloger Rövşən Məmmədlinin, həmçinin, “Hərbi qənimətlər parkı” açıldıqdan sonra öz sifətini gizlədə bilməyən Bəhruz Səmədovun bu saytda çalışması bunlardan biridir. İndi özünüz düşünün, “terrorist PKK – nın rəhbəri Abdullah Öcalan sərbəst buraxılmalıdır”- deyən N.Şirinin Gürcüstanda Soros Fondunun yaratdığı bir saytı əsas mənbə kimi təqdim etməsi nə anlama gəlir?
İstinad kimi söylədiyi faktlardan biri isə budur .
Həmin yazının sonunda bir qeyd diqqətimizi çəkdi: "İsrail Müdafiə Nazirliyinin də fikirlərini dərc etməyə hazırıq". Bu nə deməkdir, sizcə? Bu o deməkdir ki, yazı qərəzli və birtərəfli hazırlanıb və sadəcə təxayül məhsuludur.
Digər fakt. “Qüds” TV – də Nurettin Şirinin xarici media kimi təqdim etdiyi ikinci mənbə USAK-dır (Beynəlxalq Strateji Araşdırmalar Qurumu). USAK 2004 – 2016 – cı illər arasında fəaliyyət göstərmiş beyin mərkəzidir, 2016- cı ilin 23 iyulunda ölkədə fövqəladə vəziyyət elan olunduqdan sonra bağlanıb. Həm yerli, həm də beynəlxalq səviyyədə siyasət, hüquq, iqtisadiyyat, təhlükəsizlik və sosial elmlər sahələrində fəaliyyət göstərmiş olan təşkilatın rəhbəri prof. Sedat Laçiner də hal – hazırda həbsdədir. Azərbaycan – İsrail münasibətləri ilə bağlı ingilis dilində, amma Türkiyədə qeydiyyatda olan bir saytda dərc olunan məqaləni götürüb xarici məqalə kimi təqdim etmək ancaq Nureddin Şirinin beyninin məhsulu ola bilərdi. “Nəyin strateji ortaqlığı?” – deyə sual verən Qüds telekanalının baş direktorunun düşüncəsinə görə, biz strateji baxımdan İsrail ilə əməkdaşlıq edə bilmərik, ancaq bu, jurnalist-iranşünasın rəhbər adlandırdığı şəxs isə İslam inqilabından əvvəl ABŞ rəsmiləri ilə gizli sövdələşmələrə gedə bilər?
2. Nureddin Şirin tez – tez Reuters, AP kimi dünyanın nüfuzlu media orqanlarına istinad edərək İsrailin Azərbaycan üzərindən İrana qarşı hansısa fəaliyyətlər həyata keçirdiyini bildirir. Bu məsələ ilə bağlı hələ iki il bundan öncə Yeni Müsavat qəzetində bir araşdırma yayınlanmışdı.
Araşdırmada “Qərb mətbuatında ortaya çıxan iddialardan belə çıxır ki, Azərbaycan hələ uzun illər əvvəl İsrail və ABŞ-ın İrana qarşı kəşfiyyat fəaliyyətlərini həyata keçirdiyi mərkəzlərdən biri olub” deyə iddia irəli sürülmüşdü. Bildirilirdi ki, hələ 7 il əvvəl bu günlərdə “Röyters” agentliyi “kəşfiyyat mənbələrinə” istinadla İsrailin İrana qarşı hücumda Azərbaycan ərazilərindən istifadə edəcəyi haqda xəbər yaymışdı. O zaman bu xəbər bütün dünyada ajiotaja səbəb oldu. Təbii ki, iddialar təkzib olundu. Ancaq sonradan məlum oldu ki, bu xəbərlərin ortaya çıxmasının əsas səbəbi o zamankı Vaşinqton Administrasiyası ilə İsrail hakimiyyəti arasındakı ixtilaflar olub. Yəni Obama komandası bu cür xəbərlərlə İsrail baş naziri Netanyahunun özbaşına hərəkətlərini cəzalandırmaq istəyib.”- şəklində fikirlər mövcuddur. Heç kimə sirr deyil ki, necə İranın dünyada, o cümlədən elə Türkiyədə məhz Nureddin Şirinin də başında dayandığı informasiya ruporları mövcuddur, eləcə də başqa ölkələr də əllərində informasiya agentliklərini, KİV – ləri hazır saxlayırlar ki, lazım olanda informasiya qarşıdurmasında yararlansınlar. Sonradan təkzib olunan xəbərlər haqqında isə ümumiyyətlə danışmağa belə dəyməz. Belə faktdan yalnız Qüds telekanalının baş direktoru kimi təmənnalı jurnalistlər və əmr qulları istifadə edə bilər.
“Alın sizə Qərb mediasının xəbərləri” – deyən N. Şirin tam əsassız olan bu informasiyalarla cəmiyyətdə sadəcə çaşğınlıq yaratmaq məqsədi güdür.