“Azadlıq” radiosu keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə köçürülməsi haqda hazırladığı reportajda bu prosesin ədalətsiz qaydada aparıldığını, yataqxanalarda çətin şəraitdə yaşayanların kənarda qaldığını iddia edilir. “Füzuliyə köç kimlərin köçüdür? Onları Qarabağa niyə aparmırlar?” adlı videosüjetdə iddia olunur ki, Füzuli şəhərində bir neçə gün əvvəl istifadəyə verilmiş mənzillərə köçənlər arasında ayrı-seçkiliyə yol verilib, Bakıdakı yataqxanalarda məskunlaşmış daha çox ehtiyacı olan ailələr kənarda qalıblar.
Faktyoxla Lab. “Azadlıq” radiosunun hazırladığı video-reportajda səslənən iddialara aydınlıq gətirməyə çalışıb.
Reportajın əvvəlində “Azadlıq” radiosunun müxbiri Füzuli şəhərinə qayıdanların işlə təmin olunub-olunmayacaqları barədə sorğu aparır. Sualın bu cür qoyuluşu əslində radionun məqsədinin məcburi köçkünləri öz dədə-baba torpaqlarına qaytarılması haqda sevinclərini bölüşmək, xoş sözlərini eşitmək deyil, hökumət tərəfindən Füzuliyə qayıdacaq sakinlərin iş yerləri ilə təmin edilməməsinə dair mənfi rəy yaratmaq olduğu açıq sezilir. Ancaq sakinlərin əksəriyyətinin dürüst və səmimi cavabı qeyd edilən məqsədli təxribatı heçə çıxarır. Tibb işçisi, ticarətçi və s. peşə sahibləri olan sakinlərin fikirləri təsdiq edir ki, onları hələlik iş deyil, doğma torpaqlarına qovuşmaq maraqlandırır, iş haqqında sonra düşünəcəklər və hökumətin işlə bağlı addımlar atacağına inanırlar.
“Azadlıq” radiosu bu təxribatçı tryukdan bir şey çıxmadığını anladığı üçün başqa bir məqsədyönlü və çirkin varianta əl atır. Koroğlu Rəhimov küçəsində yerləşən keçmiş “doğum evi”ndə müvəqqəti məskunlaşmış “füzulililərin” “acınacaqlı həyat səhnələrini” qabartmaqla hökumətin onlara qarşı laqeydliyi barədə təsəvvür yaratmağa çalışır.
Burada xüsusi qeyd ediləsi məqam odur ki, “Azadlıq” radiosu keçmiş məcburi köçkünlərin növbəti qrupunun Füzuli şəhərinə köçürülməsi prosesindən (oktyabr ayı) hazırladığı reportaja yay aylarında çəkilmiş kadrları əlavə edərək tənqidi süjet hazırlayıb.
Belə ki, “Azadlıq” radiosunun hazırladığı video materialda görüntülənən bu şəxslərə report.az-ın dərc etdiyi bu məlumatda da rast gəlirik.
Demək, “Azadlıq” radiosu video-reportajın ilk hissəsini 13 oktyabr 2023-cü ildə baş tutan köçdən hazırlayıb.
Radionun video-reportajında isə görüntülənən kadrlarda isə havanın çox isti olduğunu təsdiqləyən məqamlar var.
Yataqxananın sakinlərinin qoluaçıq geyimlərdə olmaları,
ağacların yarpaqlarının saralmaması (ən azı oktyabr ayına xas deyil)
və yataqxana sakininin evində çəkiliş edərkən televizorda nümayiş olunan serialın Türkiyənin “Kanal7”-də avqust-sentyabr aylarında yayımlandığını nəzərə alsaq
“Azadlıq” radiosunun spekulyasiyaya yol verdiyini və fərqli zamanlarda aparılan çəkilişləri yeni video-süjet kimi yaydığını görmüş olarıq.
Maraqlıdır ki, radio bu cür hərəkətlərə əvvəllər də yol verib. 2022-ci ilin noyabr ayında hazırlanan materialı təkrar mart ayında yeni reportaj kimi yayımlamışdırlar.
Müsahibə götürülən “ füzulilərin” kimliyinə gəldikdə radio əməkdaşlarının doğrudan da saxtakarlığa yol verdiklərini bir daha şahidi oluruq.
Reportajdan bəlli olur ki, radionun əməkdaşı yalnız 2 nəfərlə həmsöhbət ola bilib.
Onlardan biri Alidə Məhərrəmova adlı şəxs Füzuliyə köçənlərin sırasında onun adının olmamasından gileylənir, qan təzyiqinin qalxmasında belə hökuməti ittiham edir.
Digər narazı şəxs Aidə Vəlişova (“Azadlıq” onu Aidə Əliyeva kimi təqdim edir-red.) ilk cümləsindən övlad böyüdüb əsgərliyə yola saldığına görə dövlətə minnətlə başlayır, sonra hökuməti uzun illərdir burada yaşadığına görə günakhar çıxarmağa çalışır.
“Azadlıq” radiosunun müxbiri K.Rəhimovdakı yataqxanadan başqa “etirazçı” tapa bilmədiyindən obyektivi başqa ünvana – Dərnəgüldəki yataqxanaya yönəldir. Radio əməkdaşı burada da cəmi bir nəfəri danışdıra bilir, 71 yaşlı Füzulidən olan məcburi köçkün Gülbahar Almuradova da eyni məzmunlu şikayəti çatdırır, əvvəllər çadırlarda yaşadıqları məşəqqətli günlərdən sonra qismən normal olan bu yataqxanaya köçürülməsini sanki narazılıqla qarşılayır. Danışığından isə hiss olunur ki, narazılığı ailəsinin Füzuliyə ilk qayıdanlar arasında olmaması ilə bağlıdır.
Bəs, əsl həqiqət necədir, dövlət həqiqətənmi köçürülmə prosesində “ayrı-seçkiliyə” yol verib?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin həmin videosüjetlə bağlı apardığı araşdırmadan məlum olur ki, köçürülmədən kənarda qaldıqları iddia edilən şəxslərin ittihamları tamamilə əsassızdır, danışanların fikirlərinin bir çoxu yalandır.
"Reportajda əks etdirilən Koroğlu Rəhimov küçəsi, 824/835 ünvanında yerləşən keçmiş “doğum evi”nin binasının zirzəmisində ümumiyyətlə məcburi köçkün ailəsi yoxdur. Həmin ünvanda müvəqqəti məskunlaşmış qaçqın ailələri 5 il əvvəl, 2018-ci ilin iyul ayında Qaradağ rayonunda salınmış “Qobu Park” yaşayış kompleksinə köçürülüblər. Yataqxanda cəmi 4 ailə qalıb ki, onların da qaçqınlıq statusu yoxdur. Buna görə də onlara Məcburi Köçkünlərin Müvəqqəti Yerləşdirilməsi Fondundan yaşayış sahəsi, yəni ev verilməyib. Həmin 4 ailədən 2-si Ağdam işğal olunmamışdan qabaq Mahrızlı kəndindən Bakıya köçənlərdilər.
Qalan 2 ailədən birincisi - “Azadlıq” radiosuna müsahibəsində ev davası edən Məhərrəmova Alidə Əhəd qızı isə Ermənistanın Amasiya rayonundandır, 2007-ci ilədək Abşeron rayonunda daimi qeydiyyatda olub, sonra Xocalı rayonuna qeydiyyata düşüb. Hazırda isə onun məcburi köçkünlük statusu yoxdur".
Narazlıq edən digər şəxs Vəlişova Aidə Kömək qızı isə Beyləqan rayonunun sakinidir, orada daimi qeydiyyatdadır. Yəni məcburi köçkün deyil.
Reportajdakı başqa ünvandakı (Dərnəgül) yataqxanada Almuradova Gülbahar isə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən olan məcburi köçkündür. Onun ailəsi Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşıb və Əbdürrəhmanlı kəndində hələ evlər inşa edilməyib, bu kənd yenidən qurulanda Gülbahar xanım da qayıdacaq.
Qeyd etməliyik ki, “Azadlıq” radiosunun müxtəlif dövrlərdə hazırladığı süjetlərdə qabartdığı “problemlərin” heç biri təsdiqini tapmayıb. Radionun növbəti reportajı da Azərbaycan dövlətinə qarşı yönəlmiş açıq böhtan kampaniyasının bir hissəsidir.
“Azadlıq radiosu”nun qayıdışla bağlı hazırladığı 4 reportaj: “Şuşaya qayıtmağın mənası yoxdur”
“Azadlıq” radiosunun köçürülmə prosesində ədalətlilik prinsipinin pozulması, “daha çətin şəraitdə” yaşayanları deyil, digərlərinin daha tez köçürüldüyü barədə ittihamları da süni ajiotaj yaratmağa, təxribata, keçmiş məcburi köçünlər arasında ədavət salmağa, uğurla davam etdirilən Böyük Qayıdış prosesinin ahəngdar gedişinə kölgə salmağa xidmət edir. Bu cür saxtakarlığı, oyunbazlığı isə “Azadlıq” radiosu öz çirkin təşviqatlarına daxil edərək dövlətin bu istiqamətdə həyata keçirdiyi məntiqli siyasətinə qarşı istifadə etməyə çalışır.
Beləliklə,
- “Azadlıq” radiosunun Koroğlu Rəhimov küçəsində yerləşən keçmiş “doğum evi”ndən hazırladığı reportajda adı hallanan 2 narazı ailənin heç biri Füzuli rayonunun sakini deyil.
- Digər ünvandan çəkilən videoda danışan Gülbahar Almuradova isə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndindən olan məcburi köçkündür. Füzuliyə qayıdanlar isə həmin kəndin sakinləri yox, şəhər sakinlərdir. G.Almuradovanın ailəsi Yuxarı Əbdürrəhmanlı kəndi bərpa edildiyi zaman bütün kənd sakinləri kimi eyni vaxtda geri dönəcəkdir.
- “Azadlıq” radiosunun köçürülmə prosesində obyektivliyin və şəffaflığın təmin edilməməsi görüntüsü yaratmaq niyyətləri məqsədli və qərəzli şəkildə bu prosesi qaralamağa hesablanıb.