“Azadlıq” radiosu işğaldan azad olunmuş torpaqlara qayıdışla bağlı növbəti video-süjetini yayıb. Bu reportajda da belə təsəvvür yaradılmağa çalışılır ki, işğaldan azad edilmiş ərazilərin əvvəlki sakinləri artıq öz doğma yurdlarına qayıtmaqda həvəsli deyillər, çünki Qarabağ iqtisadi rayonunda yaşayış üçün şərait, iş və digər həyati vacib şərtlər mövcud deyil. Məsələ burasındadır ki, bu video, “Azadlıq” radiosunun ilk demoralizasiya təxribatı deyil. Radionun 9 sentyabr 2021-ci ildə paylaşdığı material da,  25 oktyabr 2021-ci ildə efirə verilmiş digər reportaj da (“Zəngilana qayıdışın detalları hələ açıqlanmayıb”) da eyni qəbildəndir.  

9 sentyabr 2021-ci ildə yayımlanan Şuşaya qayıtmaq istəyənlər: "Azı 800-1000 manatlıq iş olmalıdır" sərlövhəli video-süjetdə 66 yaşlı Sevil Hümmətova adlı sakin bildirir ki, Şuşaya qayıtmaq üçün hazırlıq görür. Ancaq o, inşa olunan yeni yaşayış binasında yaşamaq istəmir, çünki vaxtilə 2 ev, 3 otaqlı mənzil qoyub gəlib. Bu səbəbdən də S.Hümmətova torpaq, yəni həyət evi istəyir. Digər sakinlər deyirlər ki, Şuşaya qayıtdıqda dolanışıq üçün azı 800-1000 manatlıq iş lazımdır. Sevda Muradova 10 nəfərlik ailə üzvlərinin yaşaması üçün azı 2000 manat lazım olduğunu deyir. Qeyd edir ki, indi iş barədə danışan yoxdur. Ətrabə Muradova adlı şuşalı xanım isə xarici dil üzrə təhsil alan oğlunun turizm sahəsində çalışmaq istəyini deyir. Onun düşüncəsinə görə, Şuşa turizm mərkəzi olacaq, oğlu üçün iş olarsa işləri asanlaşardı. Reportajda Ətrabə Muradovanın fikirləri diktor mətni ilə belə tamamlanır: “Şuşaya qayıtmağın mənası yoxdur”.

25 oktyabr 2021-ci ildə efirə verilmiş “Zəngilana qayıdışın detalları hələ açıqlanmayıb” adlı video-süjetdə isə  Zəngilan rayonun Ağalı kəndindən olan 51 yaşlı Rahib Dünyamalıyevin “Gərək bizi də başa düşsünlər. Dolanışıq olmayandan sonra necə dolanacağıq? Burda yenə öz ailəmizi saxlaya bilirik. İş-güc olmayandan sonra gedib, orda necə ailəmizi saxlayacağıq?”-fikirləri səslənir.   

Maraqlıdır ki, oxşar fikirlərə, yəni, işğaldan azad olunmuş torpaqlarda görülən irimiqyaslı işləri müxaliffikirlilərin də görməzdən gəlmələrinin şahidi olmuşuq. İlqar Məmmədov, Qubad İbadoğlu, Əli Kərimli, Vahid Məhərrəmli və digərləri ayrı-ayrı vaxtlarda “Ağıllı kənd”ə qayıdışı və Qarabağda məskunlaşma tədbirlərini gözdən salan, neqativ arqumentlərlə dolu təqdimatlarla çıxış ediblər. 

Faktyoxla Lab. radionun hazırladığı video-süjetlərdə səslənən fikirlərə, iddialara aydınlıq gətirməyə çalışıb.

Əvvəlcə qeyd edək ki, Novruz bayramı ərəfəsində paylaşılan video-süjet bu kanalda 22 noyabr 2022-ci il tarixində yayımlanıb. Yəni, köhnə kadrlardı, sadəcə yeni məlumat kimi təqdim ediblər.  

Biz, əsl gerçəklikləri, həmin bölgənin sakinlərinin öz doğma evlərinə səbirsizliklə qayıtmaq istəyini təsvir edən, konkret faktlara əsaslanan videosüjet, kadr və reportajları təqdim edə bilərik. 
Misal üçün, 2021-ci ilə qədər Tərtərdə yaşayan bir qrup şuşalının hazırda öz doğma şəhərində çalışdıqlarını xatırlayaq. Onlar həm də müharibədən sonrakı “Qayıdışın” ilk şanslı nümayəndələri, işğaldan azad olunmuş şəhərin ilk sakinləridilər. Bundan başqa Şuşanın 50 sakininin doğma şəhərlərinə ilk səfəri zamanı fikir və təəssüratlarından da müşahidə etmək olar ki, onların hər biri dövlətin fasiləsiz apardığı inşaat işləri tamamlanan kimi köç hazırlıqlarına başlamaq niyyətindədirlər. 


Bunu keçmiş məcburi köçkün və qaçqınlar arasında keçirilən sorğular da sübut edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciətlərdən məlum olur ki, onların mütləq əksəriyyəti doğma torpaqlarına qayıtmaq niyyətindədir.
İndiyədək 688 mindən çox insan sorğuda iştirak edərək geri qayıtmaq istəyini bildirib.
Biz, həmçinin, “Böyük Qayıdış”ın ilk müjdəsi olan Ağalı kəndinin timsalında bu gerçəkliyi görə bilərik. İndiyədək bu yaşayış kompleksindən Azərbaycan mediası tərəfindən onlarla videoreportajlar yayımlanıb, bu kənddə yaradılmış şərait, müxtəlif sosial xidmət və iş yerləri, insanların əhval-ruhiyyəsi, işgüzarlıq, məşğulluq və s. bütün gerçəkliklər canlı olaraq ictimaiyyətə təqdim olunub. 





Şuşa şəhərində görülən işlərə gəlincə, son 2 il ərzində sosial infrastruktur obyektləri inşa olunaraq istifadəyə verilib, bir çox yaşayış binalarının tikintisi yekunlaşmaq üzrədir. Cəmi bir il yarım müddətdə Şuşada aparılan tikinti-quruculuq işlərinin tempi isə bu qayıdışın 2023-cü ildə gerçəkləşəcəyini deməyə əsas verir. Şəhərdə ilk yaşayış kompleksinin inşasına 2022-ci ilin ortalarından başlanılıb, 23 binadan ibarət 3,4,5 mərtəbəli kompleksdə 450 mənzilin tikintisi nəzərdə tutulub. Plana əsasən, həmin mənzillər 2023-cü ilin sonuna qədər istifadəyə verilməlidir. 450 mənzil 450 ailə, təxminən 2000 nəfər insan deməkdir. (video)

Şuşada 960 şagirdlik 1 saylı məktəbin bərpası da tamamlanmaq üzrədir. 2023-cü ilin yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur. Burada ən azı 70-80 müəllim işlə təmin olunacaq. Demək sentyabrın 15-ə qədər məktəbə 900-dən çox şagird və 70 müəlim gələcəksə onlar yaşayış evləri ilə də təmin olunacaq. Bir ailədə orta hesabla 2 şagird olmasını nəzərə alsaq, demək yaxın 4-5 ayda Şuşaya ən azı 450 ailə köçəcək. (video)

Hökumət Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə qayıdan sakinlərin ailə təsərrüfatları yaratmasını, kiçik və fərdi sahibkarlıqla məşğul olmalarını da stimullaşdırmaq üçün müxtəlif vergi, sosial, iqtisadi güzəştlər paketi tətbiq edir. 2023-cü il yanvarın 1-dən etibarən bu bölgədə çalışanların əməkhaqqından vergi tutulmur, maaşlarına əlavələr olunur. Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanununda edilmiş dəyişikliklərə əsasən, bu bölgədə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunub. mənbə

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə işləməyə gedən ali və orta təhsilli müxtəlif peşə sahiblərinə 2023-cü ildən həm də birdəfəlik ödənişlər verilməsi nəzərdə tutulub. “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər (peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan şəxslər) bu güzəşti əldə edəcəklər. Həmçinin, bu şəxslərə əlavə məzuniyyət hüququ veriləcək, onlar aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, hər il 600 manat birdəfəlik müavinət alacaqlar.  mənbə

“İşğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair” I Dövlət Proqramında ən prioritet məsələlərdən biri də məhz bu ərazilərə qayıdan insanların sürətli məskunlaşması, məşğulluğu, torpaq payı əldə edərək təsərrüfatla məşğul olmalarının təmin edilməsidir. mənbə

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında da (4-cü bənd. “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”) 2 başlıca xətt - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya əsas hədəfdir. Bu bölgənin sakinlərinin yeni ərazilərdə layiqli yaşayışının və rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlığının təmin edilməsi, məşğulluğu Milli Prioritetlərin ana xəttini təşkil edir. mənbə

Bu əraziyə 200-dən çox ailənin köçməsindən sonra isə böyük əksəriyyətinin məşğulluğu təmin olunub, onlar kənddə inşa edilmiş məktəb, səhiyyə müəssisəsi, bağça, tibb məntəqəsi, “ASAN” Xidmət, “DOST” mərkəzi, bank, mağazalar, iaşə obyektlərində iş tapıblar, kiçik və orta bizneslə məşğul olmaq üçün zəruri şərait yaradılıb. “Ağıllı kənd” layihəsi çərçivəsində burada yaşayan ailələrin mikro bizneslə məşğul olması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin icrası nəzərdə tutulur.



Yəni, ortada konkret model, uğurlu təcrübə və konkret nəticə vardır, bu məşğulluq strategiyası Şuşa şəhərində yüzlərlə insanın işlə təmin olunmasını nəzərdə tutur. 

Şuşada 6 ədəd 35 kv-luq yarımstansiya da yekunlaşmaqdadır. Hər yarımstansiyada ən azı 10-12 nəfərin işlə təmin ediləcəyini nəzərə alsaq, təkcə bu sahə üzrə 70 nəfərə iş veriləcək. Bundan başqa, inşasının yarısından çoxu yekunlaşmış 96 çarpayılıq müasir xəstəxanada onlarla həkim, tibb bacısı işləyəcək. Şəhərdəki digər tibb məntəqələrində də xeyli sayda tibb işçisi çalışacaq.



Şuşaya qayıdanların işlə təminatı da paralel şəkildə həyata keçiriləcəkdir. Necə ki, Zəngilanın “Ağıllı” kənd layihəsi çərçivəsində özəl investisiya və məşğulluq layihələrində yüzlərlə insan işlə təmin edilib, 500-dən çox vakant iş yeri təklif olunub. istinad

Yeri gəlmişkən, Şuşada məşğulluq üçün də işlərə ötən ildən imkanlar yaradılıb, Şuşa Dövlət Qoruğunda mütəxəssis vakansiyası ilə bağlı bir neçə dəfə elan verilib. mənbə
Bu şəhərdə xadimə vəzifəsi üçün aylıq 600 manat maaş təklif olunur. Hazırda da aprel ayının ortalarına qədər Şuşada bir neçə peşə və ixtisas üzrə iş yerləri qalmaqdadır.
Hətta Şuşa Dövlət Qoruğunda 2300 manat məbləğində maaş təklif edilən videoqraf vakansiyası olub. 2023 -cü ilin yanvar ayında Şuşada işləmək üçün işçi vakansiyaları elan olunub və bura bir neçə sahəni əhatə edən kadrların tələb olunmasını görə bilərik. Yəni, Şuşada iş var, özünə güvənən və öz peşəsini mənimsəmiş, bacarıqlı işçi üçün hər zaman ehtiyac qalmaqdadır.

“Azadlıq radiosu”na danışan soydaşlarımızın fikirlərinə gəldikdə, cəmi 3 min hektar ərazisi olan Şuşa şəhərində geniş torpaq və 0,5 ha həyətyanı sahə istəyən Sevil Hümmətova unudur ki, Şuşa turizm və mədəniyyət şəhəri kimi qurulur, şəhər ərazisi Dövlət Qoruğu elan edilib, bütün tikinti işləri Şuşanın memarlığına uyğun aparılır. Yaşayış binaları ilə bərabər, sosial obyektlər, xidmət və turizm kompleksləri də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin elan etdiyi tender əsasında tikilir. Yəni, kimsə sovet dövründəki kimi istədiyi tərzdə plansız ev inşası arzusu ilə yaşamamalıdır. Şuşa şəhərinin bərpası, yenidən qurulması, öyrənilməsi, inkişafı, iqtisadi imkanları, tarixi, mədəni, turizm və istirahət potensialından istifadə Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə əsasən həyata keçirilir. Ona görə də, Şuşaya əkin-biçin, sənaye, kommersiya müəssisəsi statusundan deyil, mədəniyyət abidəsi və turizm irsi nöqteyi-nəzərdən yanaşmaq lazımdır.  

Göründüyü kimi dövlət Şuşaya, digər ərazilərə geri dönən insanların yaşayış komlekslərini və ən müasir sosial infrastruktur obyektlərinin inşa etməklə, paralel şəkildə onların layiqli iş yerləri ilə təmin edilməsini də əsas vəzifəsi hesab edir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Almaniyada səfəri zamanı aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə qayıdışla bağlı bir daha bəyan etdi ki, müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb.“Planımız yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır”.

Yeri gəlmişkən, “Azadlıq radiosu”nun qayıdışla bağlı hazırladığı ilk reportaja münasibət heç də birmənalı olmamış, bu reportajı izləyən soydaşlarımız haqlı iradlarını bildirmişlər.  

Həmin reportajda “Azadlıq Radiosu” Rizvan Bədəlov adlı bir şuşalıdan evinə qayıdıb-qayıtmayacağı haqda münasibət öyrənmişdi. R.Bədəlov bildirib ki, dövlət ona Şuşada itirdiyi 400 kvadratmetrlik evi, 50 sot torpağını qaytarandan sonra fikirləşər ki, getsin, getməsin. Sitat: “Məsələn, mənim övladım burada, Bakıda işləyir. İndi o Şuşaya gedəndən sonra savadına, sənətinə görə iş olacaq?! Yoxsa burada, Bakıda gəlib “kvartirant” qalacaq?! Bundan sonra gedim çadırda yaşayım?! Sözün açığı, həvəsim yoxdur”.

Bir daha təkrar edirik ki, jurnalistika prinsiplərinə görə, belə həssas məsələlərdə bir nəfəri yüz minlərlə insanın əvəzindən danışdırmaq peşə davranışlarına, peşəkar media prinsiplərinə ziddir. Balans üçün eyni prosesin iştirakçısı olan 4-5 nəfəri danışdırmaq gərək idi ki, ümumi mənzərəni oxucu, dinləyici özü dəyərləndirib, nəticə çıxarsın.

Deməli, “Azadlıq” radiosuna real vəziyyəti təqdim etmək yox, məhz Qərbdəki emissarların sifarişi ilə bircə nəfər Rizvan Bədəlov kimi bədbin düşüncəli birini tapıb danışdırmaq lazım gəlib. Onun müsahibəsindən sonra başqa heç bir qarabağlı danışdırlmır, yalnız onun qeyri-adekvat fikirləri ödənişli sosial şəbəkə səhifələrindən on minlərlə şəxsə çatımlı olaraq tirajlanır. Məqsəd aydındır!

Nəticə:

♦“Azadlıq radiosu”-nun torpaqlardan məcburi köçkün düşmüş digər insanların rəyini (mini sorğu) öyrənmədən, rəsmi mənbələrdən cavab almadan, yalnız 2-3 sakinin fikrinə əsasən reportaj hazırlaması jurnalistlərin peşə davranış qaydalarına ziddir.

♦ Reportajlarda müsahiblərin fikirlərinin konteksdən çıxarılması, səslənən fikirlərin tamamilə fərqli formilirovkada verilməsi müşahidə olunur.

♦ “Azadlıq” radiosunun hazırladığı reportajlarda 2 məsələ qabardılaraq soyaşlarımızın geri dönüşü üçün atılan irimiqyaslı addımlar gözdən salınlır

♦ Radionun niyyəti azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin apardığı yenidənqurma və məskunlaşma tədbirlərini gözdən salmaq, keçmiş məcburi köçkünlərin geri dönüş ruhunu sındırmaq və onların guya geri qayıtmaq istəmədiklərinə dair rəy yaratmaqdır.