Avropa İttifaqı son illərdə uşaqlar üçün sosial şəbəkələrə tətbiq edilən ən sərt məhdudiyyətlərdən birinə hazırlaşır. Avropa Komissiyası artıq bu yay uşaqların “Instagram”, “TikTok” və digər sosial media platformalarına müəyyən yaşa qədər girişini qadağan edən qanun layihəsini təqdim edə bilər.
Mümkün təşəbbüs barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Kopenhagendə keçirilən Süni İntellekt və Uşaqlar üzrə Avropa Sammitində bildirib.

Brüssel yeni qaydaları Aİ ölkələrinin təzyiqi fonunda müzakirə edir: Fransa, İspaniya, Yunanıstan və Danimarka uşaqları asılılıq yaradan və təşvişi artıran platformalardan qorumağı getdikcə daha aktiv şəkildə tələb edirlər. Bundan əvvəl Avropa Parlamenti onlayn xidmətlərə çıxış üçün vahid rəqəmsal minimum yaş ideyasını dəstəkləmişdi.
Fon der Lyayen qeyd edib ki, texnologiyalar böyük sürətlə inkişaf edir və uşaqlıq və yeniyetməlik dövrünün demək olar ki, bütün tərəflərinə nüfuz edir. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, sosial şəbəkələrə giriş üçün minimum yaş həddinin müzakirəsini daha təxirə salmaq olmaz.
Avropa Komissiyası artıq internetdə uşaqların təhlükəsizliyi üzrə müstəqil ekspert qrupu yaradıb. Mütəxəssislər asılılıq, sosial təşviş və yetkinlik yaşına çatmayanlar üçün digər risklərə qarşı mümkün tədbirləri qiymətləndirəcəklər. Fon der Lyayen vurğulayıb ki, qrupun nəticələrini qabaqlamaq istəmir, lakin sosial şəbəkələrə çıxışın təxirə salınması ideyasına baxılmasını zəruri hesab edir. Nəticələrdən asılı olaraq Brüssel artıq bu yay hüquqi təklif irəli sürə bilər.
Müddətlər Fransa üçün də vacibdir. Gözlənilir ki, sentyabr ayında ölkədə “Instagram”, “TikTok” və digər platformaları 15 yaşdan kiçik istifadəçiləri bloklamağa, həmçinin qeyd olunan yaşdan kiçik uşaqların artıq yaradılmış hesablarını dondurmağa məcbur edəcək qanun qüvvəyə minəcək. Fransa hakimiyyəti artıq bir neçə aydır ki, öz rəqəmsal yetkinlik qanununu təşviq edir, lakin Brüssel milli qadağaların qaydalar və texniki tələblər baxımından fərqlənməməsi səbəbilə bütün Aİ daxili bazarı üçün vahid yanaşmanı qoruyub saxlamağa çalışır.

Əsas texniki problem yaşın yoxlanılması ilə bağlıdır. Platformalara istifadəçinin xidmətə giriş üçün minimum yaşa çatdığını təsdiqləmək üçün etibarlı formatın vacibliyi bildirilir. Avropa Komissiyası artıq Aİ ölkələrinə “Aİ-nin rəqəmsal COVID-sertifikatı” modeli əsasında yaradılmış yaş yoxlama proqramını tövsiyə edib, lakin bir neçə hökumət bu ideyanı ehtiyatla qarşılayıb. Kiber-təhlükəsizlik ekspertləri də mümkün boşluqlar barədə xəbərdarlıq ediblər və tədqiqatçıların sözlərinə görə, istifadəyə buraxılmış edilmiş yaş yoxlama tətbiqindəki boşluqlar səbəbindən 2 dəqiqədən az müddətdə yan keçmək mümkün olub.
Avropa daha sərt tənzimləmə yolunda birinci deyil. Avstraliya artıq uşaqların sosial şəbəkələrə girişinə ciddi nəzarət tətbiq edib, oxşar tədbirlər İndoneziyada da peyda olub.
Aİ-nin özündə isə “Instagram” və “Snapchat” Rəqəmsal Xidmətlər Aktı (DSA) üzrə yoxlamaya düşüb: Brüssel platformaların yetkinlik yaşına çatmayanları kifayət qədər qoruyub-qorumadığını araşdırır. “Snapchat”-a qarşı ayrıca araşdırma artıq istifadəçilərin yaşının zəif yoxlanılmasına toxunub. Paralel olaraq, Avropa İttifaqı gələcək Rəqəmsal Ədalət Aktı (Digital Fairness Act) çərçivəsində bəzi asılılıq yaradan dizayn elementlərinin qadağan edilməsini nəzərdən keçirir.

Fon der Lyayen etiraf edib ki, davamlı dəyişikliklər bir gecədə baş vermir, lakin xəbərdarlıq edib: lənglik rəqəmsal risklərin bədəlini yenidən bütöv bir uşaq nəslinin üzərinə qoyacaq.