"Facebook"-da Azərbaycanda yeni cərimə növünün tətbiq ediləcəyi ilə bağlı iddialar yayılıb. İddiaya görə, vətəndaşın çıxarışında (kupça) qeyd olunmayan ərazilərdə, yəni öz qapısının ağzında gül əkməsi və ya maşın saxlaması cərimə ilə nəticələnəcək.

Faktyoxla qeyd edilən iddiaları araşdırıb.
Cərimələrlə bağlı yeni qanun layihəsi var?
Məlumdur ki, hər hansı cərimənin tətbiqi qanunvericilik çərçivəsində, Milli Məclis tərəfindən qəbul edilən dəyişikliklər əsasında həyata keçirilir. Hazırda parlamentə bu mövzuda hər hansı yeni qanun layihəsi və ya təşəbbüs daxil olmayıb.
Mülkiyyət hüququ və mövcud qanunvericilik
Vətəndaşın daşınmaz əmlak çıxarışında (kupça) ona məxsus olan sahənin cizgiləri dəqiq əks olunur. Çıxarışa daxil olmayan ərazilər (küçə, yol kənarı, səki) dövlətin və ya bələdiyyənin mülkiyyəti hesab olunur. Bu ərazilərin özbaşına zəbt edilməsi ilə bağlı hüquqi tənzimləmələr artıq 20-30 ildir ki, qüvvədədir:
- Azərbaycan Respublikasının Konstitusiyası (Maddə 13): Mülkiyyətin toxunulmazlığını və növlərini (dövlət, xüsusi, bələdiyyə) müəyyən edir.
- Torpaq Məcəlləsi (Maddə 110): Torpaq sahələrinin özbaşına tutulması və qanunsuz tikinti aparılmasına görə məsuliyyət nəzərdə tutur.
- İnzibati Xətalar Məcəlləsi (Maddə 247): Torpaqdan təyinatı üzrə istifadə edilməməsinə görə fiziki şəxslər üçün 300 manat, vəzifəli şəxslər üçün 600 manat, hüquqi şəxslər üçün isə 3000 manat cərimə müəyyən edir.
- Cinayət Məcəlləsi (Maddə 188): Mülkiyyət hüququ olmadan torpaq sahəsini özbaşına tutma və ya tikinti aparma hallarına görə daha ağır cəzalar (cərimə, azadlığın məhdudlaşdırılması və ya məhrum edilməsi) nəzərdə tutur.
Evin qarşısında avtomobil saxlanılması: Qadağa varmı?
Vətəndaşın öz evinin qarşısında avtomobil saxlaması ilə bağlı birbaşa qadağa yoxdur. Lakin iki mühüm məqam nəzərə alınmalıdır:
- Hərəkətə maneə yaradılmamalıdır: Əgər avtomobil yolu daraldırsa, piyadaların və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olursa, bu, yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması sayılır. İnzibati Xətalar Məcəlləsinin 0.10-cu maddəsinə əsasən, belə pozuntulara görə fiziki şəxslər 80-100 manat məbləğində cərimə oluna bilər.
- Ərazinin zəbt edilməsi: Vətəndaşın dövlət və ya bələdiyyə torpağını (məsələn, səki və ya yol kənarını) hasarlayaraq qaraj, xüsusi dayanacaq və ya digər konstruksiyalarla özününküləşdirməsi qanunla qadağandır.
Ekspert rəyi
Hüquqşünas Şamil Paşayev və nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edirlər ki, ümumişlək ərazilərin məhdudlaşdırılması həm inzibati, həm də cinayət məsuliyyəti yaradır.

Bu cür hallar yeni deyil və bütün sivil ölkələrdə (o cümlədən MDB və Avropa İttifaqı ölkələrində) bənzər hüquqi praktikalar tətbiq olunur.
Torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma hesab olunur. MDB ölkələrində və Rusiyada bu hallarla bağlı sərt tədbirlər və cərimələr mövcuddur.

Eləcə də, Avropa və digər region ölkələrində oxşar praktikalardan istifadə olunur. Avropa İttifaqı ölkələrinin yurisdiksiyalarında dövlət və ya bələdiyyə torpağını qanunsuz ələkeçirmə cinayət yolu ilə əraziyə qanunsuz daxil olma və ya yaşayış yerinin pozulması kimi təsbit olunur.

Nəticə: Vətəndaşların yol hərəkəti qaydalarını pozmadan öz evlərinin qarşısında maşın saxlaması qadağan edilmir. Dövlət ərazilərinin qanunsuz zəbt edilməsinə görə tətbiq edilən cəzalar isə yeni deyil, illərdir qüvvədə olan hüquqi normadır. Beləliklə, sosial mediada yayılan “super yeni cərimə gəlir” iddiaları tamamilə əsassızdır.