Axtarış

Select theme:

Cənubi Qafqazın iqtisadi proqnozları: Manipulyasiya və reallıq

“Azadlıq qəzeti” feysbuk səhifəsi Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) bu günlərdə dərc edilmiş “aprel hesabatları”nda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ikillik inkişaf proqnozları üzərində manipulyasiya edərək yanlış təsəvvür yaratmağa çalışıb. Məqsəd, növbəti iki il ərzində Azərbaycanı region dövlətləri arasında ən aşağı artım tempi ilə qarşılaşacaq ölkə kimi təqdim etməkdir.

Qeyd edilənlərin nə dərəcədə əsaslı olmasını dəqiqləşdirmək üçün hər iki qurumun hesabatlarına diqqət yetirək.

Dünya Bankı (World Bank)Beynəlxalq Valyuta Fondu (IMF) həqiqətən də 2024-2026-cı illər üçün Mərkəzi Asiya və Qafqaz regionunda iqtisadi artımın zəifləyəcəyi barədə xəbərdarlıq ediblər. eurasianet

“Eurasianet”-dəki məqalə və beynəlxalq maliyyə qurumlarının 2026-cı ilin aprel ayı üçün ən son hesabatlarına əsasən, vəziyyətin qısa xülasəsi belədir:

Əsas səbəblər

Dünya Bankı iqtisadi artımın yavaşımasını bir neçə qlobal və regional faktorla əlaqələndirir:

  • Geosiyasi gərginlik: Yaxın Şərqdəki münaqişələr (məsələn, İsrail-İran gərginliyi) və Ukraynadakı müharibənin davam etməsi.
  • Ticarət parçalanması: Qlobal ticarət zəncirlərindəki qırılmalar və yeni tariflər.
  • Rusiya faktoru: Rusiyada iqtisadi artımın kəskin zəifləyərək 0.8%-ə düşməsi gözlənilir. Bu, region ölkələrinə daxil olan pul köçürmələrinin və ticarət həcminin azalması deməkdir.

Proqnozlar (rəqəmlərlə)

  • Ümumi Region: Avropa və Mərkəzi Asiya üzrə iqtisadi artımın 2026-cı ildə 2.1%-ə qədər geriləyəcəyi gözlənilir (2024-cü ildəki 4%-lə müqayisədə ciddi azalmadır).
  • Mərkəzi Asiya: Qazaxıstanda neft hasilatının stabilləşməsi fonunda regionda orta artım tempinin 4.9% civarında olacağı təxmin edilir.
  • Azərbaycan: Maraqlıdır ki, bəzi hesabatlarda Azərbaycanın bu trenddən qismən kənarda qalaraq mülayim artımını qoruyacağı qeyd olunur, lakin ümumi regional risklər hələ də qalmaqdadır.

Xatırladaq ki, “Azadlıq qəzeti” feysbuk səhifəsinin istinad etdiyi “Eurasianet” Corc Sorosun Açıq Cəmiyyət Fondu tərəfindən maliyyələşir.

İndi isə Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) bu günlərdə dərc edilmiş “aprel hesabatları”nda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ikiillik inkişaf proqnozlarının şərhinə baxaq.

Mərkəzi Asiya və Qafqazda iqtisadi dinamika

Dünya Bankının tədqiqat qrupunun fikrincə, Mərkəzi Asiya bölgəsində Qırğızıstan yaxın 2 ildə ən kəskin enişi yaşayacaq; belə ki, 2025-ci ildəki 11,1%-lik artımdan sonra əlavə dəyər 2027-ci ildə 2 dəfə azalaraq 5,8%-ə düşəcək. Bu bölgədə Qazaxıstan istisna olmaqla, bütün ölkələrdə əlavə dəyərin illik artımında azalmalar davam edəcək.

Ümumilikdə, Mərkəzi Asiya regionunda orta inkişaf tempi 2025-ci ildə 7% təşkil etdiyi halda, 2027-ci ildə təxminən 50% azalma ilə 4,7%-ə enəcək. Bunun səbəbi kimi geosiyasi gərginliklər, ticarət parçalanması və s. faktorların iqtisadi artıma mane olacağı göstərilir. Körfəz bölgəsindəki mövcud qeyri-müəyyənlik nə qədər uzun sürərsə, Mərkəzi Asiya və Qafqaz dövlətlərinin iqtisadiyyatına təzyiq bir o qədər artacaq.

DB-nin hesabatında Cənubi Qafqaz regionu üçün də oxşar ssenarilər irəli sürülür. Təhlillərə əsasən, uzun müddətdir regionda yüksək iqtisadi artım nümayiş etdirən Gürcüstan iqtisadiyyatı artıq öz "parlaqlığını" itirir və geriləmə ciddi rəqəmlərlə özünü göstərir. Eləcə də Ermənistanın iqtisadi göstəriciləri Gürcüstandakı ssenarini təkrarlamaqdadır. Azərbaycanda isə sabit dinamika qorunub saxlanılacaq.

Müqayisəli təhlil - artim templəri

Dünya Bankının hazırladığı cədvəl (Europe & Central Asia Economic Update, Səh. 22) əsasında müqayisəyə baxaq: 2025-ci ildə Ermənistanda 7,2%, Gürcüstanda 7,5%, Azərbaycanda isə 1,4% artım qeydə alınıb. Lakin növbəti illərdə bu mənzərə kəskin şəkildə dəyişir:

  • Ermənistan: 2026-cı ildə ÜDM artımı 5,3%, 2027-ci ildə 5,1% gözlənilir. Yəni ÜDM-in artım tempi 7,2%-dən 5,1%-ə düşəcək ki, bu da 31%-lik azalma deməkdir.
  • Gürcüstan: 2026-cı ildə artım 5%, gələn il isə 5,5% proqnozlaşdırılır. Bu, 2025-ci ildəki 7,5%-lik artımın 40%-ə yaxın azalması deməkdir.
  • Azərbaycan: ÜDM artımı 2026-cı ildə 2%, 2027-ci ildə isə 1,8% proqnozlaşdırılır. Bu, 2025-ci ilin göstəricisi (1,4%) ilə müqayisədə ölkəmizdə ÜDM-in artım tempinin cari ildə 48%, 2027-ci ildə isə 44% yüksəlməsi deməkdir.

İlkin nəticə: Azərbaycanda artım tempi zəifləmir, əksinə, proqnozlar müsbət dinamikanın artacağını göstərir. Ermənistan və Gürcüstanda isə illik əlavə dəyər istehsalında 35-40% itki gözlənilir.

Xarici faktorlar və "re-export" məsələsi

Cənubi Qafqazdakı bu proseslərin başlıca səbəbi Rusiya, İran və ərəb regionundan kapital axınının, pul köçürmələrinin və miqrantların azalması, həmçinin təkrar ixracın (re-export) azalmasıdır.

DB-nin hesabatından (səh. 35) məlum olur ki, son 3 ildə (2023-2025) regiondakı artım əsasən Rusiyadan miqrant axını (İT sektoru) və “re-export” sayəsində ixracın süni artımı hesabına baş verib. Bu amillər birbaşa Ermənistan və Gürcüstana aiddir. [caucasuswatch]

Hətta ABŞ hökuməti Ermənistanın rus mallarını sanksiyalardan qorumaq üçün gizli ixrac yollarından istifadə etdiyini bildirib. Cim O'Brayen Ermənistanı sanksiyalardan yan keçməyə kömək edən ölkələrdən biri adlandırıb. [ukranews] Məhz "re-export"un zəifləməsi səbəbindən Ermənistandakı süni ÜDM artımı proqnozlarda göstərildiyi kimi 2 dəfəyə yaxın düşəcək. [news.am]

BVF-nin “Aprel hesabatı” və Azərbaycanın Liderliyi

Beynəlxalq Valyuta Fondunun "Müharibə dövründə Qlobal İqtisadiyyat" (Global Economy in the Shadow of War, April 2026) hesabatına görə, Yaxın Şərq və Mərkəzi Asiyada artım templəri regiondakı münaqişələrin təsiri ilə kəskin düşəcək.

Hesabatda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində iqtisadi zəifləmənin başlıca səbəbləri kimi qlobal bazarlarda tədarük və logistika zəncirlərinin pozulması, Avropa və digər qitə ölkələri ilə ticarət və investisiya əlaqələrinin zəifləməsi, habelə enerji və xammal qiymətlərindəki kəskin dalğalanmalar göstərilir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar region dövlətlərinin iqtisadi dövriyyələrində azalmaların yaranacağı proqnozlaşdırılır. BVF də DB kimi Cənubi Qafqazda Rusiya faktorunun (investisiya və maliyyə amilləri) mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bunun Moskvadan xammal və resurs asılılığı yüksək olan ölkələrdə daha qabarıq nəzərə çarpacağını bildirir. [imf]

BVF-nin Ermənistanla bağlı proqnozları Dünya Bankının gözləntiləri ilə üst-üstə düşür. Belə ki, 2026-cı ildə bu ölkədə ÜDM artım tempinin 30%-dən çox azalaraq 5,3%-ə düşəcəyi gözlənilir. [imf.org/arm] BVF Gürcüstanda da bənzər azalmanın baş verəcəyini fərz edir və bu prosesdə Rusiya ilə yanaşı İran amilinin təsirlərini də istisna etmir.

Fond Azərbaycanda isə ÜDM artımını 2026-cı ildə 2,2%, 2027-ci ildə isə 2,5% səviyyəsində proqnozlaşdırır. Bu, BVF-nin yanvar hesabatı ilə müqayisədə təxminən 0,1 faiz-bəndlik müsbət artım deməkdir. Valyuta Fondunun proqnozlarına əsasən, 2028–2031-ci illərdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyacaq və ildə orta hesabla 2,5% artacaq. [mənbə]

Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə inkişaf proqnozlarını təhlil etdikdə aydın olur ki, müvəqqəti faiz nisbətlərindən asılı olmayaraq, konkret artım əmsalına görə Azərbaycan və Qazaxıstan davamlı olaraq əlavə dəyər yaratmaqda liderliyini qoruyacaq. ÜDM-in artımında əsas rolu rəqəmlərin yüksəkliyi deyil, onların dayanıqlılığı və sabit dinamikası oynayacaq. Bu baxımdan, 2,5%-lik davamlı artım tempinin ÜDM-ə ötürücülük gücünü nəzərə aldıqda, Azərbaycan Cənubi Qafqazda, Qazaxıstan isə öz regionunda ən stabil inkişaf dinamikası nümayiş etdirən ölkələr olacaq.

Bunu mövcud nominal ÜDM həcmləri əsasında da aydın müşahidə etmək mümkündür. Hazırda Azərbaycanda (2026-cı il yanvarın 1-nə olan göstəricilərə əsasən) ÜDM-in həcmi dollar ifadəsi ilə 76,4 milyard təşkil edir. Bu rəqəm Gürcüstan və Ermənistanın birgə ÜDM-indən (iki ölkənin birlikdə 63 milyard dollar) 13,4 milyard dollar çoxdur. Beləliklə, Azərbaycan təkbaşına Cənubi Qafqaz iqtisadiyyatının təxminən 62%-nə sahibdir.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2026-cı və 2027-ci il proqnozlarına istinadən apardığımız hesablamalar göstərir ki, cari ilin sonunda Ermənistanda ÜDM 5,3% artacağı təqdirdə, əlavə dəyərin həcmi 30 milyard dollara çatacaq. 2027-ci ildə isə 5,1%-lik artım ssenarisi ilə bu rəqəmin 32 milyard dollara yüksələcəyi gözlənilir.

Gürcüstanda isə nominal ÜDM-in həcmi hazırda təxminən 34-35 milyard dollar təşkil edir. [tradingeconomics] DB və BVF-nin yenilənmiş proqnozlarına əsasən, 2026-cı il üzrə gözlənilən 5%-lik artımı nəzərə alsaq, ÜDM ilin sonunda 36,7-37 milyard dollar, 2027-ci ildə isə 5,5%-lik artım ehtimalı ilə 39-40 milyard dollar səviyyəsinə çata bilər.

Azərbaycanda mövcud 76,4 milyard dollarlıq həcmi nəzərə alsaq, cari ilin sonunda 2%-lik artım iqtisadiyyatın nominal ifadədə 1,4 milyard dollar böyüməsi və əlavə dəyərin 78 milyard dollara çatması deməkdir. 2027-ci ildə daha 2%-lik artım tempi üzrə hesabladıqda isə ÜDM 1,5-1,6 milyard dollar da artaraq 80 milyard dollar həddini ötəcək.

Beləliklə, 2027-ci ilin yekununda hər üç Cənubi Qafqaz ölkəsinin iqtisadi potensialını müqayisə etdikdə Azərbaycan təqribən 80 milyard dollar, Gürcüstan 40 milyard dollar, Ermənistan isə 32 milyard dollar həcmində iqtisadiyyata malik olacaq. Bu proqnoz-ssenariyə əsasən, Cənubi Qafqazın toplam iqtisadi həcmi təxminən 150 milyard dollar təşkil edəcək ki, bunun da 80 milyard dolları, yəni bölgə iqtisadiyyatının 62-63%-i yenə də Azərbaycanda cəmləşəcək.

Hazırda dünya ölkələrinin nominal ÜDM reytinqində Azərbaycan 88-ci, Gürcüstan 108-ci, Ermənistan isə 118-ci yerdə qərarlaşıb. [worldometers] 2027-ci ildə nominal artımın yenilənməsindən sonra Azərbaycanın bu siyahıda daha irəli pillələrə yüksələcəyi, Gürcüstan və Ermənistanın isə mövcud mövqelərində qalacağı proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, 2030-cu ilin sonuna Azərbaycanda ÜDM-in nominal həcmi 171,522 milyard manat (100,895 milyard ABŞ dolları) təşkil edəcək ki, bu da adambaşına düşən ÜDM-in 10,8 min dollara çatması deməkdir.

Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan 2030-cu ildə ÜDM-in həcminə görə Cənubi Qafqazda aparıcı iqtisadi güc mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.

Azərbaycan Hökumətinin hazırladığı inkişaf ssenariləri

Azərbaycan hökumətinin hazırladığı inkişaf ssenariləri DB və BVF-nin proqnozları ilə müqayisədə daha nikbindir və 2026–2027-ci illərlə yanaşı, 2030-cu ilə qədər olan strateji dövrü də əhatə edir. Bir neçə gün əvvəl ictimaiyyətə təqdim edilən ortamüddətli dövrə dair yeni inkişaf ssenarilərinə əsasən, 2027-ci ilin sonuna ölkəmizdə ÜDM-in real artımı 3,3% olmaqla, əlavə dəyərin həcminin 139 milyard manata (dollar ifadəsi ilə 81,8 milyard dollar) çatacağı gözlənilir. Bu, beynəlxalq maliyyə qurumlarının proqnozları ilə müqayisədə nominal ifadədə ən azı 2 milyard dollar daha çox ÜDM deməkdir.

2030-cu ildə isə ÜDM-in dəyərinin 166,9 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3%, 2030-cu ildə isə 3,5% olacağı fərz edilir. Qeyri-neft/qaz sektoru inkişafın başlıca drayveri kimi çıxış edərək hər il orta hesabla 4,2% artacaq. Xüsusilə, qeyri-neft ÜDM-nin artım tempinin 2027-ci ildə 4,3%, 2028-2029-cu illərdə 4,2%, 2030-cu ildə isə 4,1% təşkil edəcəyi gözlənilir.

 

[mənbə]

Bununla da ÜDM-də qeyri-neft-qaz sektorunun payı 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildə isə 81,8%-ə yüksələcək. Beləliklə, 2030-cu ildə yaranacaq 166,9 milyard manatlıq (98,2 milyard dollar) ÜDM-in 136,5 milyard manatını (80,4 milyard dollar) məhz qeyri-neft sektoru təşkil edəcək.

Proqnozlara görə, 2027-ci ildə əsas kapitala investisiya qoyuluşlarında 5,6%, ortamüddətli dövrdə isə orta illik 2,1% artım qeydə alınacaq. Kapital yatırımlarının strukturundakı dəyişikliklər fonunda 2026-cı ildən 2028-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən vəsaitlərin də artacağı proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, cari il üzrə 5,5% səviyyəsində gözlənilən orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,6%-ə düşəcək.

[mənbə]

Beləliklə, Azərbaycanın ÜDM-nin nominal dəyəri 2030-cu ildə dollar ifadəsi ilə 98,2 milyard dollara bərabər olacaq. Əgər Gürcüstan və Ermənistanda iqtisadi artım DB və BVF-nin proqnozlaşdırdığı 5%-lik templə davam edərsə, 2028–2030-cu illərdə həmin ölkələrin ÜDM-i Azərbaycandan əhəmiyyətli dərəcədə aşağı qalacaq. Belə ki, bu ssenari ilə 2030-cu ildə Ermənistanın ÜDM-i 37–38 milyard dollara, Gürcüstanınkı isə 46–48 milyard dollara çata bilər. Nəticədə, Azərbaycan 100 milyard dollara yaxınlaşan ÜDM həcmi ilə Cənubi Qafqazda mütləq iqtisadi liderliyini qoruyacaq.

Ölkənin milli gücünü əks etdirən digər mühüm göstərici olan dövlət büdcəsinin həcminə görə də Azərbaycan regionda birincidir. Azərbaycanda 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41,7 milyard manat (təxminən 24 milyard dollar) məbləğində təsdiq edilib. Müqayisə üçün qeyd edək ki, 2026-cı ildə Ermənistanın dövlət büdcəsi 3,9 trilyon dram (9,4 milyard dollar), Gürcüstanın büdcə xərcləri isə 13,5 milyard dollar səviyyəsindədir.

Bu rəqəmlərdən görünür ki, Cənubi Qafqazda formalaşan toplam 48 milyard dollarlıq büdcə xərclərinin 24 milyard dolları və ya 51,5%-i məhz Azərbaycanın payına düşür. Bu fakt bölgədəki iqtisadi-fiskal resursların böyük bir qisminin ölkəmizdə cəmləşdiyini təsdiqləyir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Gürcüstan və Ermənistanın dövlət büdcələrinin təxminən 20–25%-i xarici maliyyə qaynaqları və ya borclanma hesabına təmin edilir.

Yaxın 4 ildə fiskal güc baxımından Azərbaycan öz üstünlüyünü daha da möhkəmləndirəcək. 2027-ci il üçün icmal büdcənin gəlirləri 2026-cı ilin göstəricisindən 6,9% çox olmaqla 48 milyard 64 milyon manat, ortamüddətli dövrün sonuna isə 19,6% artımla 53 milyard 799,9 milyon manat (32 milyard dollar) proqnozlaşdırılır. 2030-cu ildə qeyri-neft-qaz gəlirlərinin büdcə gəlirlərindəki payı 2027-ci illə müqayisədə 8,1 faiz-bənd artaraq 69,1%-ə çatacaq.

Eyni zamanda, 2027-ci il üçün dövlət büdcəsinin xərcləri 42,2 milyard manat, ortamüddətli dövrün sonuna isə 44 milyard 450 milyon manat səviyyəsində nəzərdə tutulur.

[mənbə]

Dövlətin iqtisadi müstəqilliyini və maliyyə immunitetini sığortalayan ən başlıca amil isə strateji valyuta ehtiyatlarıdır. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxındır. Müqayisə üçün, Ermənistanda bu göstərici 5,5 milyard dollar, Gürcüstanda isə 6,299 milyard dollar təşkil edir.

Yaxın 4 ildə Azərbaycanın strateji valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artması gözlənilir. Təkcə Dövlət Neft Fondunun aktivlərinin, büdcə transfertinin mərhələli şəkildə azaldılması və effektiv idarəetmə gəlirləri hesabına 78 milyard dollara çatması hədəflənir. Mərkəzi Bankın rezervləri ilə birlikdə ölkənin ümumi strateji ehtiyatlarının 100 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılır. Nəticədə Azərbaycan həm nominal ÜDM həcminə, həm büdcə-maliyyə imkanlarına, həm də strateji valyuta rezervlərinə görə 2030-cu ildə Cənubi Qafqazdakı dominant mövqeyini tamamilə möhkəmləndirmiş olacaq.

Yekun: "Azadlıq qəzeti" feysbuk səhifəsi hesabatlardakı rəqəmləri təhrif edərək Azərbaycanı regionun ən zəif ölkəsi kimi təqdim etməsi heç bir iqtisadi əsasa söykənməyən növbəti manipulyasiyadır. Rəqəmlər göstərir ki, Azərbaycan həm nominal ÜDM, həm strateji rezervlər, həm də büdcə imkanlarına görə regionun mütləq lideridir.

Oxşar məqalələr: