Axtarış

Select theme:

Kərimlinin trolları Esvatiniyə qarşı niyə qərəzlidirlər

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Esvatini Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunun etimadnaməsini qəbul etməsi xaricdəki müəyyən dairələrin, xüsusilə AXCP düşərgəsinə bağlı şəxslərin növbəti əsassız “hücumlarına” səbəb olub. Dırnaqarası müxalifətçilərin 17 min kvadratkilometr ərazisi və 1,2 milyon əhalisi olan bu Krallığın Azərbaycanla diplomatik təmaslarını gözdən salmağa cəhd ediblər.

Onların iddialarına görə, bu ölkə dünyadan təcrid olunub, ağır sosial-humanitar böhran keçirir və Azərbaycanın belə bir dövlətlə əlaqələr qurması məqsədəuyğun deyil.

Faktyoxla bu iddialara faktlarla aydınlıq gətirib.

Əvvəla qeyd edək ki, Esvatini Azərbaycanda rezident səfirlik (daimi bina və işçi heyəti olan ofis) açmayıb.

Sözügedən Sibusisive Mnqomezulu, Esvatininin iqamətgahı Brüsseldə yerləşən və eyni zamanda Azərbaycan üzrə akkreditə olunmuş qeyri-rezident səfiridir. Yəni o, ölkəmizə yalnız etimadnaməsini təqdim etmək və rəsmi görüşlər üçün gəlib. Mətbuatda yayılan xəbərdə qeyd olunur ki, Prezident İlham Əliyev Esvatini Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunun etimadnaməsini qəbul edib. Lakin bu xəbər Esvatininin Bakıda fiziki səfirlik binası (rezident səfirlik) açması demək deyil. Diplomatik qaydalara görə bu prosedur belədir:

Rezident və qeyri-rezident səfir fərqi

  • Rezident səfir: Səfir daimi olaraq Bakıda yaşayır və burada onun rəsmi səfirlik binası var.
  • Qeyri-rezident səfir: Səfir başqa bir ölkədə (çox vaxt Esvatini üçün bu Brüssel, Moskva və ya Ankara olur) oturur, lakin eyni zamanda Azərbaycan üzrə də səfir təyin edilir. O, ildə bir neçə dəfə və ya xüsusi tədbirlər üçün Bakıya gəlir.

Yayılan xəbərlərdə məhz "təyinatın rəsmiləşməsi" mərasimi əks olunub. Bir səfir (istər rezident olsun, istərsə də qeyri-rezident) fəaliyyətə başlamazdan əvvəl dövlət başçısına öz etimadnaməsini təqdim etməlidir.

  • Esvatininin səfiri Mnqomezulu Sibusisive rəsmi olaraq Azərbaycan üzrə səfir statusunu bu görüşdən sonra qazandı.
  • Amma onun əsas ofisi və daimi iş yeri hazırda Brüsseldə (Belçika) yerləşir. Esvatininin Bakıda ayrıca səfirlik binası yoxdur.

Müxalifətçilərin "Esvatini Krallığı Azərbaycanda səfirlik açıb" cümləsi texniki baxımdan yanlışdır. Səfirlik açmaq — bina kirayələmək, bayraq asmaq və orada daimi diplomatik heyət yerləşdirmək deməkdir. Esvatini isə sadəcə səfir təyin edib.

KİV-də çox vaxt "Səfir etimadnaməsini təqdim etdi" xəbəri "Səfirlik açıldı" kimi başa düşülür.

Onu da qeyd edək ki, Esvatini Krallığının Azərbaycanda Səfirlik açması və ya səfir təyin etməsi, ümumiyyətlə hansısa ölkənin Azərbaycanda  diplomatik korpusunu qurmasını Azərbaycan dövləti müəyyən etmir. Bu, həmin dövlətin özünün şəxsi qərarıdır. Lakin burada bir ciddi məqam da var ki, heç bir dövlət digər ölkədə birtərəfli qərarla səfirlik aça bilməz. 1961-ci il Vyana Konvensiyasının 2-ci maddəsinə görə, dövlətlər arasında diplomatik münasibətlərin qurulması və daimi nümayəndəliklərin (səfirliklərin) açılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.

Bəllidir ki, cəbhəçilər bu yanaşma ilə Esvatini Krallığını aşağılamağa, onun dünya siyasi sistemindəki rolunu heçə endirməyə çalışır. Kiçik ərazili bir ölkənin Azərbaycana səfir təyin etməsini "utancverici" hal kimi təqdim etmək, ən azı müasir dünya düzənindən xəbərsiz olmaqdır. 

Diplomatik etika və dövlət iradəsi

Dövlətləri ərazi və əhali sayına görə qruplaşdırıb gözdən salmaq, Azərbaycanla siyasi-diplomatik münasibətlər quran ölkələri rişxənd hədəfinə çevirmək qeyri-etik davranışın və siyasi qərəzin bariz nümunəsidir. Dünya siyasətində ölkələri aşağılamaq, onların inteqrasiya iradəsinə qarşı çıxmaq əslində ikrahdoğurucu bir haldır.

Əvvəla, onu qeyd edək ki, Esvatininin Azərbaycanda diplomatik fəaliyyətini genişləndirməsi və səfir təyin etməsi həmin dövlətin öz suveren qərarıdır. Beynəlxalq hüquqda səfirlik həm də "Elçilik" deməkdir. Bu, xoşniyyətlə və ali məramlarla qapı açmaq, əməkdaşlıq körpüləri qurmaq mədəniyyətidir. Bunu başa düşməyənlərin nəinki siyasi dünyagörüşü, hətta milli maraqlara sadiqliyi də ciddi şübhə doğurur.

Azərbaycan üçün hər bir beynəlxalq səs, hər bir tərəfdaş dövlət önəmlidir. Esvatininin xüsusilə beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək bu əlaqələrin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut edir. 

Strateji tərəfdaşlığın tarixi və beynəlxalq müstəvidə siyasi dəstək

Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasındakı ikitərəfli münasibətlərin tarixi yeni deyil: bu əlaqələrin təməli 16 il əvvəl, 7 yanvar 2010-cu il tarixində qoyulub. Ötən müddət ərzində diplomatik əlaqələr Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi vasitəsilə mütəşəkkil şəkildə nizamlanıb, eyni zamanda Esvatinidə nümayəndəmiz akkreditə olunub. Krallığın rəhbər şəxslərinin ölkəmizə həyata keçirilən çoxsaylı səfərləri çərçivəsində tərəflər arasında mühüm siyasi-iqtisadi müzakirələr aparılıb. istinad

Beynəlxalq tribunalarda “kiçik dövlət” faktoru yoxdur

Esvatini Krallığı Qoşulmama Hərəkatının (QH) fəal üzvü kimi, ən ali beynəlxalq tribunlarda Azərbaycanın milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edib. Xüsusilə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prinsipial məsələlərdə rəsmi Mbabane hər zaman ölkəmizin xeyrinə ədalətli mövqe nümayiş etdirib:

  • Vətən Müharibəsi dövründə dəstək: 9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən QH nazirlərinin iclasında, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və mülki əhalini hədəf alması kəskin şəkildə pislənilib. Esvatininin də imza atdığı Xüsusi Bəyannamə həmin dövrdə Azərbaycanın diplomatik cəbhədəki mühüm uğurlarından biri idi.
  • BMT Təhlükəsizlik Şurasındakı qətiyyət: 19 oktyabr 2020-ci il tarixində BMT TŞ-nin qapalı məsləhətləşmələrində Azərbaycanın maraqlarına zidd olan bəyanat layihəsinin qəbul edilmək cəhdinin qarşısı məhz Esvatininin də daxil olduğu QH ölkələrinin prinsipiallığı sayəsində alınıb. TŞ qətnamələrinə istinad etməyən həmin sənədin bloklanmasında Esvatininin nümayiş etdirdiyi siyasi iradə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

Yeri gəlmişkən, ABŞ və İsraillə müharibə aparan İranın heç bir əsas olmadan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum etməsi dünya miqyasında kəskin narazılıq və etirazlara səbəb olmuşdur. Baş verən hadisə ilə bağlı olaraq, çoxsaylı ölkələr və təşkilatlar İranın hücumunu pisləyən və Azərbaycana dəstək ifadə edən bəyanatlarla çıxış etmişdilər. Afrika ölkələrindən dəstək bəyanatı yayan dövlətlərdən biri də Esvatini olub.

Qlobal şəbəkə və diplomatik nüfuz

Esvatini Krallığı Afrikada kiçik dövlət olsa da, beynəlxalq birlik tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Ölkə BMT, Afrika Birliyi, COMESA və SADC kimi nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Krallığın Vaşinqton, London, Brüssel, Taypey və Kuala-Lumpur kimi dünya mərkəzlərində diplomatik nümayəndəliklərinin olması onun xarici siyasətinin geniş miqyasından xəbər verir. (istinad)

Esvatininin diplomatik tərəfdaşları sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İsrail, Yaponiya, İsveçrəTürkiyə kimi nəhəng dövlətlərin yer alması, bu ölkənin qlobal siyasi çəkisini göstərir. Belə bir diplomatik şəbəkəyə malik olan ölkənin Azərbaycanla münasibətləri inkişaf etdirməsi və Bakıya səfir təyin etməsi hər iki tərəf üçün strateji dividend deməkdir.

Dünyanın aparıcı dövlətlərinin rəsmi tərəfdaş saydığı bir krallığı "əhəmiyyətsiz" adlandırmaq, ən azı Azərbaycanın xarici siyasət strategiyasını dərk etməməkdir. Əgər bu ölkəni ABŞ, Çin və Türkiyə kimi güclərlə yaxın əlaqələr birləşdirirsə, demək rəsmi Bakının da bu istiqamətdəki diplomatik addımları milli maraqlara tam cavab verir.

Sosial-iqtisadi göstəricilər: manipulyasiya və real statistika

Cəbhəçilərin Esvatinidəki sosial-iqtisadi vəziyyət barədə tirajladığı rəqəmlər nəinki köhnəlmiş məlumatlara əsaslanır, həm də ölkəni qəsdən gözdən salmaq məqsədi güdür. Statistik göstəricilər bu iddiaların tamamilə feyk olduğunu sübut edir:

Esvatini Krallığı tolerantlıq və savadlılıq göstəricilərinə görə regionda fərqlənən ölkələrdən biridir. 1,2 milyonluq əhalinin 85 faizi xristian, 5 faizi müsəlman, 10 faizi isə digər inanclara sitayiş edir. Ölkədə təhsilə verilən önəm öz bəhrəsini verməkdədir: əhalinin 88%-ə yaxını yazıb-oxumaq bacarığına malikdir.

Ömür uzunluğu ilə bağlı iddialara gəldikdə, "insanların 40 yaşına çatmadan ölməsi" barədə fikirlər tamamilə cəfəngiyatdır. Müasir səhiyyə islahatları nəticəsində hazırda bu göstərici 57,2-60 yaş aralığındadır. insamer

Bu ölkədə iqtisadi rifah: bir çox nəhəng dövlətdən daha yaxşı mövqe

Beynəlxalq institutların (Worldometers, IMF) son hesabatlarına əsasən, Esvatini "aşağı-orta gəlirli ölkə" kimi təsnif edilir. Adambaşına düşən milli gəlirin 4300-4400 dollar olması bu kiçik krallığı bir çox tanınmış dövlətlə müqayisədə daha üstün mövqeyə çıxarır:

  • Müqayisəli fakt: Adambaşına düşən ÜDM həcminə görə Esvatini dünya sıralamasında Hindistan, Filippin, Misir, Vyetnam kimi ölkələrdən daha yaxşı vəziyyətdədir. 
  • Regional status: Esvatini bu göstərici ilə Afrika qitəsinin ən yaxşı ilk 15 ölkəsi sırasındadır və 60-dan çox dünya dövlətini geridə qoyur.

Səhiyyə: HİV-lə mübarizədə qlobal uğur modeli

Cəbhəçilərin bu ölkədə əhalinin 50%-nin HİV daşıyıcısı olması barədə iddiası da heç bir tibbi fakta söykənmir. Əksinə, Esvatini son illərdə bu istiqamətdə kəskin irəliləyiş əldə edən nadir ölkələrdəndir:

  • Statistik eniş: 2010-cu ildə illik yeni yoluxma sayı 14.000 idisə, 2024-cü ildə bu rəqəm 7000-ə qədər azalıb. Bu, ümumi əhalinin cəmi 0,3%-i deməkdir.
  • 2030 hədəfi: Ümumdünya Səhiyyə Təşkilatı və CDC-nin hesabatlarına görə, Esvatini 2030-cu ilə qədər "sıfır yoluxma" statusuna çatmaq yolunda regionun lideridir.

Nəticə: Saxta təbliğat və siyasi məsuliyyətsizlik

Göründüyü kimi, Esvatini yoxsul və yoluxucu xəstəliklər yuvası deyil, iqtisadi-siyasi islahatlar aparan və dünya birliyinə inteqrasiya edən bir dövlətdir. Qeyd edilən təbəqədən olan "müxalifətçilər" sırf Azərbaycanın xarici siyasət uğurlarını həzm edə bilmədikləri üçün bu ölkəni aşağılamağa, onun beynəlxalq imicinə ləkə salmağa çalışırlar.

Dünya siyasətində ərazi və əhalisinə görə ölkələri aşağılamaq, qlobal sosial-iqtisadi və siyasi inteqrasiya proseslərinə qoşulmaq iradəsinə qarşı çıxmaq, yürütdüyü siyasəti heçə saymaq özü utancverici və ikrahdoğurucu haldır.

Uydurma rəqəmlərlə aparılan bu cür qarayaxma kampaniyası siyasi mədəniyyət çərçivəsini aşmaqla yanaşı, ciddi hüquqi və etik məsuliyyət yaradır. Reallıqdan uzaq olan bu feyk təşviqat üslubu Əli Kərimli düşərgəsinə aid şəxslərin köhnəlməyən, lakin artıq ifşa olunmuş dəst-xəttidir.

Oxşar məqalələr: