“Azadlıq” radiosunun Azərbaycanın xarici borcu ilə bağlı hazırladığı videosüjetdə bildirilir ki, Azərbaycan son illərdə xarici borclar almaqla ölkənin borc yükünü artırır. Hökumət hər dəfə xaricdən borc alanda vətəndaşın ayağına yazılan məbləğ də artır. Qeyd edilir ki, hazırda adambaşına 655 dollar, yəni 1113.5 AZN xarici borc düşür. Bu, 2023-cü il yanvarın 1-nə olan göstəricidir.
Materialda o da iddia olunur ki, Azərbaycan qarşıdakı illərdə xarici borclanmanı artıracaq və 2030-cu ilə kimi 40-50 milyard dollar borc götürülməsi planlaşdırılır.  

Faktyoxla Lab. bu iddiaların doğru olub-olmamasını araşdırıb.

Ölkəmizdə  2023-cü il yanvarın 1-nə olan rəqəmə əsasən, xarici borcun ÜDM-ə nisbəti 8,6 faiz təşkil edib. 2018-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin icrası sayəsində xarici borcun əhəmiyyətli şəkildə azaldılmasına nail olunub. 5 il əvvəl xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faiz təşkil etdiyi halda hazırda bu rəqəm 2,5 dəfə azaldılaraq 8,6 faizə salınıb. Hazırda xarici borcun məbləği təxminən 6,7 milyard dollar təşkil edir, Bu, adambaşına (6,7 milyard : 10,2 milyon nəfər = 656 ) 656 dollar deməkdir. mənbə

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində isə xarici borcun (Strategiya çərçivəsi. Səh 17) qarşıdakı illər üzrə 7-7,1 milyard dollardan yuxarı olmaması hədəflənib. Belə ki, 2023-cü ildə xarici borcun ÜDM-də nisbətinin 11,1%, 2024-cü ildə 11%, 2025-ci ildə isə 10,7 % nisbətində olması müəyyən edilib. Bu o deməkdir ki, borc növbəti illərdə həm xarici valyuta ifadəsi ilə, həm də faiz göstərici ilə azalacaqdır.  
Həmin sənəddə o da qeyd ounur ki, xarici dövlət borcunun 2025-ci ilin sonunda 7,1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 10,7 faizi həcmində saxlanılması ilə bağlı strateji məqsədlər 2025-ci ildən sonra da milli hədəf kimi diqqətdə saxlanılacaq, 2025-2030-cu illərdə xarici dövlət borcunun ÜDM-ə nisbətinin 10%-dən aşağı salınmasına nail olunacaqdır. istinad
Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində (“Prioritet 1.2. Daxili və xarici təsirlərə dayanıqlıq”) xarici dövlət borcunun dayanıqlıq səviyyəsinin qorunması, dövlət şirkətlərinin borclanmalarına nəzarət gücləndirilməsi və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsinin təşkili başlıca istiqamətlərdən biridir.

 

“Azadlıq” radiosunun Azərbaycan Prezidentinin Almaniya iş adamları ilə görüşdə borcla bağlı səsləndirdiyi fikirləri konteksdən çıxararaq ölkəmizin yaxın onillikdə 40-50 milyard dollar xarici borc götürməsi barədə təqdimatı isə savadsızlığın göstəricisi və spekulyasiya nümunəsidir. Prezident İlham Əliyev həmin görüşdə bildirib ki, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub. Sitat: “Biz nisbətən bu yaxınlarda qəbul edilmiş 2030-cu il strategiyasına əsasən ölkəmizin qarşısında duran strateji hədəflərimiz üçün borc alacağıq və bu strategiyanın həyata keçirilməsi üçün toplayacağımız minimal məbləğ 40-50 milyard ABŞ dolları olacaq. Başqa sözlə, texnoloji keçidlə əlaqəli məsələlərlə bağlı borc almağa davam edəcəyik, eyni zamanda, gələcək iqtisadi planlarımızı əsas etibarilə öz ehtiyatlarımıza əsaslanaraq quracağıq”. mənbə
Söhbət  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən gedir, həmin strategiyanın həyata keçirilməsi üçün toplanacaq minimal 40-50 milyard dollar məbləğində vəsait dedikdə xarici borc deyil, ölkəmizin özünün milli gəlir resursları, texnoloji proqramların icrası üçün büdcə və özəl investisiyaları, dövlət vəsaitləri, büdcədən ayrılan daxili borclar və s. nəzərdə tutulur. Həmin texnoloji keçidə il ərzində təkcə büdcədən 4-5 milyard manat dövlət investisiyaları nəzərdə tutulur.  

Sözsüz ki, Azərbaycan həmin strategiyaya əsasən, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində texnoloji layihələr üçün borc kreditləri də cəlb edəcək. Borc strategiyasına əsasən, hər il təxminən 1 milyard manat  borc alınması nəzərdə tutulur, məsələn 2022-ci ildə bu rəqəm 976,3 milyon manat təşkil edib.

Hər il 1 milyard manat borcun qaytarılmasını nəzərə alsaq, borclanma tam mütənasiblik təşkil edir və qarşıdakı illərdə borcun həcmi sabit qalacaq, üstəlik azalacaq. Yuxarıda da vurğuladıq ki, “Milli Prioritetlər” sənədində xarici dövlət borcunun dayanıqlı səviyyəsi qorunması başlıca məqsədlərdən biridir.  Ona görə də, Azərbaycanın 2030-cu ilə qədər 40-50 milyard dollar xarici borc götürəcəyinə və adambaşına düşən borcun artacağına dair iddiaların heç bir əsası yoxdur. 
BMT-nin proqnozlarına görə, 2030-cu ildə Azərbaycan əhalisinin sayı 10,68 milyon nəfərə çatacaq. istinad

Azərbaycanda 2030-cu ilə qədər xarici borcun isə təxminən 7 milyard dollar həcmində saxlanılması nəzərdə tutulur. Bu o deməkdir ki, həmin dövrdə adambaşına düşən xarici borc (7 milyard:10,68 milyon nəfər = 654 dolar) 654 dollar olacaq, indikindən də az. Nəzərə alsaq ki, 2030-cu ildə əhalinin gəlirləri, orta aylıq əməkhaqqı xeyli artacaq və nisbi dəyər etibarilə adambaşına düşən borcun dəyəri də ən azı 2 dəfə azalacaq.

Bütün bu qeyd etdiklərimizdən sonra region və dünya ölkələrində xarici borcun vəziyyəti, mövcud statistika və s. göstəricilərə nəzər yetirərək Azərbaycan və digər dövlətlər arasındakı fərqə baxaq.

Qeyd edək ki, borc parametrləri ilə bağlı dəyərləndirmə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı maliyyə institutlarının kriteriyalarına əsasən müəyyən edilir. Beynəlxalq fiskal qaydalara əsasən, borcun təhlükəli olmasını müəyyən edən bir neçə mühüm faktor mövcuddur.
Birincisi, borcun ÜDM-ə nisbətidir. Dövlət borcunun ÜDM-ə nisbəti 50%-dən yuxarı olduqda təhlükəli, 60%-dan yüksək olduqda isə daha təhlükəli hədd hesab edilir.
Dünya ölkələrinin əksəriyyətində xarici borcun ÜDM-ə nisbəti 40 %-dən yüksəkdir. Dünyada çox az ölkə var ki, borcun ÜDM-ə nisbəti 10 %-dən aşağıdır. Onların sırasında Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinə görə, ən yaxşı vəziyyətdə olan ölkələr sırasındadır.

 
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın yerləşdiyi region dövlətlərində, MDB məkanı və digər ölkələrdə xarici dövlət borcu ÜDM-in 40 faizindən çoxdur. Cənubi Qafqaz ölkələrindən Gürcüstanda xarici borc 25 milyard dolar olmaqla ÜDM-in 38 faizinə, Ermənistanda isə 10,6 milyard dollar olmaqla ÜDM-in 51-52 faizinə bərabərdir.
Adambaşına düşən xarici borc Gürcüstanda (25 milyard: 3,7 milyon nəfər=6,7 min) 6,7 min dollar, Ermənistanda (10,8 milyard: 2,9 milyon = 3,8 ) 3,8 min dollar təşkil edir. Yuxarıda vurğuladıq ki, Azərbaycanın adambaşına düşən xarici borcu 656 dollardır. Yəni, Cənubi Qafqazda adambaşına düşən ümumi 11,1 min dollar xarici borcun cəmi 6,7 %-i Azərbaycanın payına, qalan 93,3 faizi iki ölkənin payına düşür.
Müqayisənin bu məqamında Ermənistanın dövlət borcunun hər il sürətlə artmasını da vurğulamaq yerinə düşərdi. Təkcə 2022-ci ildə borc 1 milyard 412 milyon dollar artaraq 9,2 milyard dollardan 10,6 milyard dollara yüksəlib. istinad

2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan iqtisadi-maliyyə islahatları adı altında imitasiya edərək ölkənin iqtisadi- maliyyə öhdəliklərini daha da ağırlaşdırıb, ölkəni yüksək borclanmaya məruz qoyub. 2018-ci ildə dövlət borcu 6,9 milyarda, 2019-ci ildə 7,3 milyard dollara, 2020-ci ildə 7,7 milyard dollara, 2021-ci ildə 9,2 milyard dollara, 2022-ci ildə isə 10,6 milyarda yüksəlib. Paşinyanın komandası ölkənin borcunu son 4 ildə 4 milyard dollar və yaxud 62 faiz artırıb. istinad



İkincisi, xarici borcun təhlükəli həddə olmasını müəyyən edən başlıca amillərdən biri ölkənin strateji valyuta-qızıl ehtiyatlarının borca mütənasiblik əmsalıdır. Borcun həcmi ehtiyatlardan çox olduqda bu, həmin ölkənin milli iqtisadi təhlükəsizliyini təhdid altına salır.
2023-cü il yanvarın 1-ə olan göstəriciyə görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 58 milyard dollar təşkil edib. Bu o deməkdir ki,valyuta rezervlərimiz xarici borcdan 8,7 dəfə çoxdur. Yəni, Azərbaycan rezervlərinin cəmi 11,5 faizini xərcləməklə borcu bu gün sıfırlaya bilər. mənbə

Dünyada ölkələrinin böyük əksəriyyətinin isə strateji ehtiyatları xarici borcundan bir neçə dəfə azdır. Hətta elə ölkələr var ki, məcmu qızıl-valyuta ehtiyatlarını 100 faiz satsa belə, borclarını bağlaya bilmir. Məsələn, Gürcüstanda strateji ehtiyatlarının həcmi 4,9 milyard dollar təşkil edir ki, bu da xarici borcdan 5,2 dəfə azdır. istinad
Ermənistanın strateji rezervlərinin həcmi 2022-ci ilin dekabr ayında 4103 dollara bərabər olub. Xarici borc (10,6 mlrd dollar) beynəlxalq valyuta rezervlərini 2,6 dəfə üstələyir. istinad

İndi isə, dünyanın ən güclü iqtisadiyyatı hesab edilən, “Azadlıq” radiosunu maliyyələşdirən ABŞ-da və Azərbaycanda xarici borcun mühüm parametrlər üzrə müqayisəsini verək.

ABŞ-da  xarici borcun ÜDM-ə nisbəti 128 % təşkil edir. 2023-cü ilin fevral ayında Birləşmiş Ştatların dövlət borcu 31,5  trilyon dollara çatıbdır. Bu, olduqca təhlükəli rəqəmdir, dünya iqtisadi institutlarının fəlakətli hədd hesab etdiyi xətti də keçməkdir. Mövcud göstərici ilə Amerika “qırmızı xətti” bir neçə dəfə keçibdir. mənbə

Amerikada əhalinin sayı 336 milyon nəfər olmasını nəzərə alsaq, adambaşına düşən borcun məbləği (31,5 trilyon dollar:336 milyon = 93,8 min) təxminən 94 min dollar edir.
Amerikada isə orta aylıq əməkhaqı 4585 dollara bərabərdir, adambaşına düşən xarici borc 94 min dollar olduğundan borcu qaytarmaq üçün 24 aylıq iş günü -əməkhaqqı tələb olunur. Yəni, ölkəmizdə borcu sıfırlamaq üçün təxminən adambaşına bir aylıq əməkhaqqı  kifayət edir, ancaq Amerikada 2 il vaxt lazımdır.
ABŞ-nin strateji valyuta ehtiyatları da borcundan dəfələrlə azdır. 2022-ci ilin məlumatına görə, rezervlər 242 milyard dollardır. Birləşmiş Ştatlar Valyuta rezervlərinin həcminə görə, Hindistan, Tayvan (Çin),  Honk-Konq(Çin), Sinqapur kimi dövlətlərdən xeyli geridədir. istinad
Beləliklə, ABŞ-nin xarici borcu (31,5 trilyon dollar) strateji valyuta ehtiyatlarından düz 130 dəfə çoxdur və bütün rezervlərini satsa belə borclarının 0,8 faizini ödəyə bilər. ABŞ isə bütün rezervlərini satsa belə yenə 99,2 faiz borcu qalır.

 

ABŞ-ın hazırda ÜDM-nin həcmi 25 trilyon dollardır. Yəni, xarici borcdan 6,5 trilyon dollar az. Bu o deməkdir ki, ölkənin bütün iqtisadi resurslarının, dövriyyə vəsaitlərinin, bir sözlə, maddi kapital dəyərinin ümumi məbləği də borcu bağlamağa çatmır.  mənbə
Eləcə də, ABŞ-ın Federal büdcəsi 2023-cü ildə 6,2 trilyon dollar müəyyən edilib. Bu rəqəm xarici borcdan 5 dəfə azdır.  mənbə
Faktiki olaraq son 40 ildə ABŞ hökuməti büdcə kəsirini borc hesabına maliyyələşdirir. 1980-ci ildə 908 milyard dollar borcu olan ölkə 1982-ci ildə 1,142 trilyon, 2022-ci ildə 30,8 trilyon dollar borc yığıb. istinad
2023-cü ildə isə daha 1,6 trilyon dollar borc almaqla borc astronomik həddə (31,4 trilyon dollar) çıxıb. Yəni, son 42 ildə borc 35 dəfə artıb.
İqtisadi göstəricilərə, statistikaya və "beyin mərkəzlərinin" məlumatlarına əsaslanaraq demək olar ki, dünyanın "supergücü"nün az qala dünya ölkələrinin yarısına borcu var. mənbə

Çoxlarında belə təsəvvür formalaşlıb ki, Amerikanın dünya iqtisadiyyatında güc olmasının əsas səbəbi yerli resurslar və hər il yaranan əlavə dəyərdir. Bu, belə deyil, ABŞ iqtisadiyyatının pul-kredit və maliyyə ehtiyaclarının böyük bir qismi xarici kreditlərin və borc qiymətli kağızların üzərində qurulub. ABŞ-ın büdcəsi, maliyyə planları, iqtisadi proqramları da xarici borcdan qaynaqlanır. Vaşinqton hökuməti illik cari xərcləri maliyyələşdirmək, əməkhaqqı, pensiya, sosial ödəmələri, təhsil, səhiyyə, elm, müdafiə, hüquq-mühafizə və digər maliyyə öhdəliklərini təmin etmək üçün özünün daxili maliyyə potensialı ilə yanaşı, xaricdən cəlb etdiyi borc vəsaitlərinə bel bağlayır. Çünki borclar dayansa, demək bu ölkənin öhdəliklərinin icrasında da problemlər yaranacaq.

ABŞ-ın hər il səxavətlə sağa-sola xərclədiyi yardım və ianələrin, sosial ayırmaların, müxtəlif ölkələrə, o cümlədən Ermənistana və Qarabağdakı erməni icmasına ayırdığı qrant və yardımların maliyyə qaynağının da bir hissəsi xarici borc vəsaitləridir. Bu gün Ukraynaya ayrılan çoxmilyardlıq maliyyə ayırmalarının da kökündə borc kreditinin payı az deyil. ABŞ hər il 10-larla ölkədən borc alaraq həmin pulların bir qismini müxtəlif ölkələrə ayırmaqla səxavətli imic formalaşdırır.

Ancaq bu borcların necə geri qaytarılacağı sual altındadır, çünki strateji rezervləri və büdcə gəlirləri 31,5 trilyon dolları geri qaytarmağa imkan vermir. Ona görə də, Birləşmiş Ştatlar xarici ölkələrə olan borclarını sənaye malları, qiymətli kağızlar, texnologiyalar, eləcə də hərbi sənaye malları ilə əvəz etməyə çalışır. Xüsusilə də ərəb fondlarına və ərəb ölkələrinə olan borclar son illərdə müasir hərbi sənaye məhsulları hesabına əvəzləşdirilir. Astronomik borc yükünü minimallaşdırmaq üçün 20,30, 50 il, bəlkə də daha çox müddət lazımdır.

Beləliklə,   

  • Statistikaya görə, Azərbaycanda son 5 ildə borcun hər il azalması dinamikası qeydə alınmaqdadır.
  • Azərbaycanın 2030-cu ilə qədər 40-50 milyard dollar xarici borc götürəcəyinə və adambaşına düşən borcun artacağına dair iddiaların heç bir əsası yoxdur.
  • Ölkəmizin yaxın onillikdə 40-50 milyard dollar xarici borc götürməsi barədə təqdimatı isə savadsızlığın göstəricisi və spekulyasiya nümunəsidir.
  • “Azadlıq” radiosu əsas donoru olan ABŞ-dakı xarici borclarla bağlı araşdırma yazısı hazırlayıb, vəziyyətin necə acınacaqlı olduğunu göstərə bilsə, daha çox faydası olar, nəinki, Azərbaycanla bağlı dezinformasiya yaymaq.
  • Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 58 milyard dollar təşkil edib. Bu o deməkdir ki,valyuta rezervlərimiz xarici borcdan 8,7 dəfə çoxdur. Yəni, Azərbaycan rezervlərinin cəmi 11,5 faizini xərcləməklə borcu bu gün sıfırlaya bilər.