“Toplum” TV-nin məlumatında bildirilir ki, Azərbaycanda anti-Qərb siyasəti güclənəndən sonra hakimiyyətin Rusiya və Asiya ölkələri ilə iqtisadi əlaqələrində sürətli yüksəliş müşahidə olunmaqdadır. Eləcə də, ərəb ölkələri ilə iqtisadi-maliyyə təmasları güclənib, Azərbaycandan bu region ölkələrinə pul axınları və sərmayələr xeyli artıb.
“Toplum” TV-nin təqdimatından belə təsəvvür yaranır ki, Azərbaycan Qərb ölkələri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə iqtisadi əlaqələri arxa plana keçirərək birbaşa Şərq ölkələri ilə əməkdaşlıq kursu götürüb.
Faktyoxla Lab. bu mövzunu araşdırıb.
Əvvəlcə Azərbaycanın iqtisadi tərəfdaşları olan ölkələrlə ticari münasibətlərinə diqqət edək.
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 77 milyon dollar isə idxalın payına düşüb. Əmtəə dövriyyəsində 5 milyard 566 milyon dollarlıq müsbət saldo yaranıb.
Qeyd edilən dövrdə Azərbaycanın qarşılıqlı ticari əməliyyatlar apardığı ölkələrin sayı 176-ya bərabər olub. Bu dövrdə respublikamızın toplam ixracının 1,5 milyard dolları və ya 6,4 faizi MDB ölkələrinin, 15,2 milyard dolları və ya 62,7 faizi Avropa İttifaqı (Aİ) ölkələrinin, qalan 7,5 milyard dollar və ya 31 faizi digər region ölkələrinin payına düşüb. Yəni Azərbaycanın ümumi ixrac balansının 2/3-i Aİ regionu ölkələrinə aiddir. Rusiya və digər MDB ölkələr də daxil olmaqla onların cəmi payı umumi ixracın 1/15-nə bərəbərdir.
Ticarət dövriyyəsində ayrıca hər bir ölkənin payına gəldikdə, ilk yerdə Aİ-nin əsas iqtisadi güclərindən biri olan İtaliya gəlir. Sonrakı yerlərdə Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya, İsrail, Gürcüstan, Bolqarısatn, Portuqaliya, Böyük Britaniya və s. ölkələr qərarlaşır. Yəni ilk 15-likdə yer alan dövlətlərin 9-u Qərb ölkələridir. Türkiyə, Rusiya və Çin istisna olmaqla (hər 3 ölkə Azərbaycanın illərdir ki, ənənəvi ticari patnyoru, əsas bazar iştirakçısıdır) digər ölkələr də Azərbaycanla 20 ildən artıqdır ki, eyni dinamika üzrə iqtisadi əlaqaləri davam etdirir. (Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. Xarici Ticarətinin Gömrük Statistikası. 01.01.2024 – 30.11.2024. Səh 6-28 )
Eyni dövrün bir il əvvəlki statistikasına diqqət edək: 2023-cü ilin 11 ayında Azərbaycanən MDB, Avropa İttifaqı, Asiya və digər region ölkələri ilə mal mübadiləsinin həcm və dinamikasına baxaq. İlk 15-lik ölkələri sırasında yenə də Aİ ölkəsi olan İtaliya, sonrakı yerləri ənənəvi olaraq Türkiyə, Rusiya və Çin bölüşür. Sonrakı yerlərdəki ölkələrin böyük əksəriyyəti Aİ dövlətləridir, ancaq onların əksəriyyəti 2024-cü ildəkindən aşağıda qərar tutub. Yəni son bir ildə Azərbaycanla bu Qərb ölkələrinin ticari münasibətləri daha çox artıb. Hətta Mərkəzi Asiya ölkəsi olan Türkmənistan ötən il 15-likdə yer alsa da, son bir ildə bu qrupa daxil ola bilməyib. Eləcə də digər MDB, Asiya, Yaxın Şərq, Körfəz ölkələri xarici ticarətdə əsas iddialı olan qrupdan kənarda qalıb. (Mənbə: Dövlət Gömrük Komitəsi. Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası. 01.01.2023 – 30.11.2023. Səh 5-35)
İndi isə maliyyə və pul axınları ilə bağlı məsələyə aydınlıq gətirək.
“Toplum TV”nin iddiasına görə, Azərbaycandan son bir ildə xarici ölkələrə, xüsusilə də Asiya və körfəz dövlətləri istiqamətinə yönələn kapital axınlarının həcmi artıb. “Rəsmi statistikaya görə, 2024-cü ilin 9 ayı ərzində Azərbaycandan xaricə sərmayə olaraq çıxarılan vəsaitlərin həcmi 2 dəfəyə yaxın azalaraq 1,4 milyarda dollara ensə də, Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) axan pulların həcmi 5,5 dəfə artıb. 2023-cü ilin yanvar-sentyabr aylarında BƏƏ-yə yönəldilən birbaşa investisiyaların həcmi 79 milyon dollar təşkil etmişdisə, 2024-cü ilin eyni dövründə 431 milyon dollardan çox olub”.
Burada da böyük yanlışlığa yol verilir, mövzuya birtərəfli və qərəzli yanaşma əsasında qeyri-obyektiv rəy yaradıldığını görmək çətin deyil.
Əvvəla, Azərbaycandan xaricə sərmayə olaraq çıxarılan vəsaitlərin həcminin 1,4 milyard dollar olması böyük kapital axını demək deyil. Hər bir ölkə bir-birinin iqtisadiyyatına investisiya yatırır və bu, iqtisadiyyatın qanunauyğunluğudur. Çünki həmin sərmayələrin qoyulduğu sahələr bir neçə ildən sonra divident gətirir və bundan həmin ölkə böyük qazanc götürür.
İkincisi, Azərbaycana xarici ölkələr tərəfindən hər il milyard dollarla sərmayə yatırılır və ölkəyə daxil olan investisiya ölkədən çıxan sərmayəni üstələyir. Məsələn, 2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektorlarına ümumilikdə 4,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb ki, bu göstərici ilə Azərbaycandan xaricə çıxan investisiyaları (1,4 milyard dollar) 3 dəfədən çox üstələyib. Bu dövrdə kapitalın repatriasiyası, yəni geri dönüşü 4,8 milyard dollara bərabər olub. Yəni müxtəlif əməliyyatlar və köçürmələr üzrə kapitalın geri qayıdışı da xeyli artıb. istinad
Üçüncüsü, Azərbaycan Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) deyil, qarşı tərəf Azərbaycanda daha çox kapital yönəldib. BƏƏ son 1 ildə Azərbaycanın “yaşıl enerji” sektoruna çoxsaylı layihələr üzrə 100 milyon dollarla investisyalar yatırıb. 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Stansiyanın tikintisinə 262 milyon dollar dəyərində sərmayə yatırılıb. istinad
Bunun ardınca Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 2024-cü il iyunun 4-də 3 “yaşıl enerji” layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb. Sazişə əsasən, BƏƏ investorları ölkəmizdə 2 Günəş Elektrik Stansiyasını və 1 Külək enerjisi layihəsini icra edəcək. Həmin investisiya müqavilələrinin dəyəri 1 milyard dollardan çoxdur.
Həmçinin, 2024-cü il yanvarın 9-da Azərbaycana səfər edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan özü ilə böyük bir investor icmasını Bakıya gətirib və səfər çərçivəsində Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin gücləndirilməsinə dair mühüm sazişlər imzalanıb. Bu sənədlər də Azərbaycana yüz milyonlarla investisiyanı nəzərdə tutur.
Dördüncüsü, Azərbaycanın ərəb ölkələri, o cümlədən BƏƏ ilə kapital sahəsində əməkdaşlığının artması Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) çərçivəsində əldə edilmiş razılaşmalardan qaynaqlanır. Bir neçə ay öncə Bakıda keçirilən 2-ci Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası iqtisadi forumu çərçivəsində imzalanan Anlaşma Memorandumu da məhz qarşılıqlı kapital axınlarının artırılmasını nəzərdə tutur.
Göründüyü kimi, Azərbaycan BƏƏ-nə yox, qarşı tərəf Azərbaycana böyükhəcmli investisiyalar qoymaqdadır, özü də 7-8 dəfə daha çox dəyərində investisiya layihələri icra edilir.
“Toplum TV-nin Azərbaycandan Özbəkistana birbaşa investisiyaların həcminin 5,5 dəfə artaraq 14,4 milyon dollardan 79,3 milyon dollara yüksəlməsi barədə deyilənlər də birtərəfli və qərəzli yanaşmaya, savasızlıqdan doğan mühakiməyə əsaslanır.
Azərbaycan bu ölkəyə sərmayələri birtərəfli yatırmır, eyni siyasət üzrə Özbəkistan da Azərbaycana sərmayələr qoyur. Belə ki, hər iki türk dövləti öz aralarında birbaşa sərmayələri artırmaq üçün Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti təsis ediblər. Nizamnamə kapitalı hər iki tərəfin maliyyəsi ilə formalaşdırılan və 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı investisiyaları təşviq etməkdədir. Yəni Özbəkistana 79,3 milyon dollarlıq sərmayəni məhz bu İnvestisiya Şirkəti yönəldib. Birgə öhdəliyə əsasən, İnvestisiya Şirkəti eyni həcmlərdə kapitalı Azərbaycana yönəldəcək.
Yeri gəlmişkən, bu siyasət digər türk dövlətləri ilə də eyni qaydada həyata keçirilməkdədir. Azərbaycan və Qırğızıstan arasında sərmayələri təşviq etmək üçün Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb. Bu fond da bərabər şəkildə hər iki ölkəyə investisiya qoyuluşlarını təmin edəcək.
Həmçinin Qazaxıstan və Azərbaycan kapital portfeli 300 milyon dollar dəyərində investisiya fondu yaradacaq. Fond hər iki dövlətin iqtisadi maraqlarına uyğun layihələri maliyyələşdirəcək, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə iqtisadiyyatlarının müxtəlif sektorlarında prioritet layihələrin maliyyələşdirilməsini təmin edəcək.
Ümumilikdə, türk dövlətləri öz aralarında kapital yatırımlarını təmin etmək üçün Türk İnvestisiya Fondu yaradıb və noyabr ayından fəaliyyətə başlayıb. Nizamnamə kapitalı hələlik 500 milyon dollar təşkil edən Fond türk ölkələrində prioritet layihələri həyata keçirəcək.
Rəsmi statistikadan da göründüyü kimi Azərbaycan digər ölkələrə - Gürcüstan, Birləşmiş Krallıq və s. dövlətlərə də sərmayə yatırır. Eləcə də, Azərbaycana ən çox kapital yatıran ölkələr sırasında Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa əsas yer tutur ki, onların yarısından çoxu Qərb ölkələridir. Yəni Qərblə sərmayə əməkdaşlığı zəifləyib fikri kökündən səhvdir.
Ümumiyyətlə, Azərbaycan sərmayədar ölkə kimi çıxış etməklə yanaşı, sərmayələri cəlb edən dövlət kimi tarazlı siyasət yürüdür. Azərbaycan Aİ ölkələri ilə də qarşılıqlı sərmayə layihələrinə imza atır. Məsələn, cari ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon olan alüminium içki qutusu istehsal edən yeni zavod tikiləcək. Bu investisya layihəsinin dəyəri 211 milyon dollar təşkil edir. istinad
Çinin “BYD Company Limited” şirkəti ilə tərəfdaşlıq sazişinə əsasən, BYD ilkin olaraq layihəyə 34 milyon dollar ayırıb, əlavə dəyərli layihələrə daha 60 milyon dollar sərmayə qoyulmasını planlaşdırır. Yaxud, İsrailin “BioPharmax” şirkəti ilə əməkdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında dəyəri 45 milyon avro olan əczaçılıq zavodunun tikintisi layihəsinin icrasına başlanıb. Türkiyənin “Demirören” şirkəti Laçında kiçik su elektrik stansiyalarına 15 milyon dollar, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatıracaq.
Yekun olaraq, deyə bilərik ki, Azərbaycan müxtəlif ölkələrə sərmayə və kapital axınları həyata keçirsə də, ölkəyə daxil olan kapitalın və pul axınlarının həcmi xarici ölkələrə yönəldilən kapitalın həcmindən kifayət qədər çoxdur.
Beləliklə, yuxarıdakı rəsmi statistika və faktların hər biri Azərbaycanın bütün iqtisadi tərəfdaşları ilə ticari və investisya sahəsində eyni, tarazlı əlaqələr qurduğunu təsdiqləyir.
Bu fakt və arqumentlərin hər biri “Toplum TV”-nin iddialarının yalan və manipulyasiya xarakterli olduğunu göstərir.