“AĞ Partiya”nın feysbuk səhifəsində partiyanın sədr müavini Kamran Məmmədlinin hökuməti 2024-cü ilin yanvar-may aylarında ümumi daxili məhsulu (ÜDM) saxtalaşdırmaqda ittiham edən paylaşımı yayılıb. K.Məmmədli bildirir ki, rəsmi statistikada ÜDM-in ötən 5 ayda 4,2% artması əks edilsə də rəqəmlərdə şübhə yaradan fərqlər var. Sitat: “Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon  manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox ümumi daxili məhsul istehsal olunduğunu açıqlayıb. Ancaq DSK-nin rəsmi məlumatında 2023-cü ilin yanvar-may aylarında ölkədə 49 milyard 580 milyon manatlıq məhsul istehsalı qeyd olunub. Yəni, 2024-cü ilin 5 ayında əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə 1 milyard və yaxud 3% azalma var”. 


K.Məmmədli ilə yanaşı, “Real” Partiyasının katibi Natiq Cəfərli və aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmli də oxşar statuslar paylaşaraq Dövlət Statistika Komitəsinin rəsmi rəqəmlərini şübhə altına almağa, hökuməti ÜDM-lə bağlı sosial-iqtisadi göstəriciləri şişirtməkdə ittiham etməyə çalışıblar.
N.Cəfərli 2024-cü ilin yanvar-aprelində ÜDM-in 38,1 milyard manat, 2023-cü ilin eyni dövründə isə 39,9 milyard manat təşkil etdiyini bildirərək hökuməti 4,3%-lik artıma görə izahat verməsini tələb edib, ancaq yazdıqlarının səhv olduğunu anladığından “Facebook” səhifəsindən bu paylaşımı silmək məcburiyyətində qalıb.
Ancaq V.Məhərrəmli statusunu silməyib, onun ölkə iqtisadiyyatının get-gedə kiçildiyi, cari ilin yanvar-aprel aylarında iqtisadiyyatda 4,5% azalma olduğuna dair paylaşımı olduğu kimi qalır


V.Məhərrəmli ilə bərabər, “Turan” İnformasiya agentliyi də 2024-cü ilin ilk 4  ayında Azərbaycan iqtisadiyyatında 4,5% azalma olmasında dair yalan xəbərlər yayaraq Statistika Komitəsin makroiqtisadi göstəriciləri şişirtməkdə ittiham edib.

 

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında 2024-cü ilin yanvar-aprel aylarında ölkədə neftin hasilatının 5,7% azalmasına baxmayaraq, ÜDM-in ümumi 4,3%, qeyri-neft ÜDM-nin 7,7% artdığı əks olunub. istinad
DSK-nı ittiham edən həmin məlumatları yayanlar belə bir arqumentə əsaslanırlar ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə ÜDM-in həcmi 38 milyard 181,9 milyon manat olub ki, bu da 2023-cü ilin eyni dövründə istehsal olunmuş 39 milyard 986,5 milyon manatdan azdır.
İqtisadiyyat elmindən normal biliyi və savadı olanlara məlumdur ki, ümumi daxili məhsulun hesablanması dünya praktikasında, o cümlədən də Azərbaycanda qəbul edilmiş standartlara uyğun olaraq müqayisəli qiymətlərlə hesablanır  və makroiqtisadi göstəricilərin əvvəlki dövrlə müqayisəsi nominal göstəricilər əsasında aparılmır, real göstəriclərə əsaslanır.
ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir. ÜDM müvafiq dövr ərzində ölkədə istehsal olunan məhsul və xidmətlərin dəyəri ilə ölçülür və iqtisadiyyatın bütün sahələrində yaranan əlavə dəyərin cəminə bərabərdir. ÜDM-in artım sürəti hesablanarkən faktiki qiymətlərlə ÜDM əvvəlki ildəki qiymətlərə uyğun həcmi bölünmür. Artım və ya azalma nisbəti müqayisəli qiymətlərlə ifadə edilmiş ÜDM-in həcminin əvvəlki ilin faktiki qiymətlərlə həcminə bölünməsi ilə hesablanır.



Bəzi iqtisadçılar ÜDM-in hesablanmasında nominal dəyər yanaşmasına istinad edir. Nominal ÜDM-də mal və xidmətlərin dəyər göstəricisi bazar qiymətindən və istehsalın eyni səviyyədə qalmasına baxmayaraq, inflyasiya amili şəraitinə görə əlavə dəyər artır. Bu isə ÜDM-i ölçmək üçün qeyri-səhih və əsl nəticəni müəyyən etməyə imkan vermir. Nominal ÜDM məhsulun qiymət dəyişikliklərindən asılı olur, inflyasiya və deflyasiya nəticəsində məhsulun qiyməti qalxıb-düşdüyündən nominal ÜDM də artıb-azalır.
Real ÜDM isə mal və xidmətlərin istehsal həcmindəki dəyişiklik nəticəsində dəyər artır, müqayisə oluna dövrlər üzrə ÜDM-in həcmi isə əvvəlki dövrün qiymətləri əsasında hesablanır. Bu baxımdan bütün dünya statistikasında və elmi-iqtisadi tədqiqatlarda düzgün və nəticə əsaslı iqtisadi hesablama metodologiyası kimi real ÜDM düsturuna istinad olunur. istinad


Eləcə də bütün beynəlxalq maliyyə institutları və xarici reytinq agentlikləri, elmi-iqtisadi mərkəzlər də ÜDM-in artması və ya azalmasını hesablayarkən beynəlxalq hesablama standartları kimi qəbul edilən müqayisəli qiymətlər, yəni real ÜDM metodologiyasına söykənir.
Bu deyilənləri sadə misallarla izah etməyə çalışaq. Əvvəlcə, ÜDM-in nominal dəyərini hesablayaq.
Məsələn, 2022-ci ildə ( il şərtidir-red.) ölkədə 2 növ məhsul: A və B məhsulları istehsal edilib. A məhsulundan 100 ədəd, B məhsulundan isə 200 ədəd istehsal olunub. A məhsulunun bazar qiyməti 30 manat, B məhsulu isə 20 manat pul vahidinə bərabərdir. Beləliklə, 2022-ci ildə yekun olaraq ÜDM-in dəyəri (100 * 30 AZN+ 200 * 20 AZN = 7000) 7 min manata bərabər olur. 2023-cü ildə də eyni həcmdə A və B məhsulu istehsal olunur, ancaq həmin il 10% inflasiya baş veridyi üçün məhsulun nominal dəyəri artır. Belə ki, 100 ədəd məhsulun 30 manat pul vahidi 10 %-lik inflyasiya nəticəsində 33 manata (və yaxud 20 manatlıq məhsulun dəyəri 22 manat olur) bərabər olur. Nəticədə yekun olaraq ÜDM-in növbəti ildə nominal dəyəri (100 * 33 + 200 * 22 = 7700) 7700 manat təşkil edir. Gördüyümüz kimi ölkədə heç bir məhsul istehsalı artmayıb, sadəcə inflyasiya sayəsində ÜDM artıb. Bu isə ÜDM-in real artımı yox, inflyasiyanın böyüməsi hesabına yaranan nominal artımdır. Real ÜDM 7000 manatdır, 700 manat isə inflyasiyanın yaratdığı izafi dəyərdir. Ona görə də bu cür hesablama üsulu dünya statistika institutları tərəfindən səhv düstur kimi qəbul olunur.

İndi isə ÜDM-in real dəyərini hesablayaq. Bunun üçün yenə də nümunəyə müraciət edək. Məsələn, 2022-cü ildə 100 ədəd A məhsulu, 200 ədəd B məhsulu istehsal olunub, 2023-cü ildə də 100 ədəd A, 200 ədəd B məhsulu istehsal edilib. Hər iki məhsulun 2022-ci ildə qiyməti 30 və 20 AZN təşkil etsə də, 2023-cü ildə qiymətlər 32 və 22 pul vahidi təşkil edib. Beləliklə, ÜDM-in real dəyəri (100 * 32 +200 * 22 = 7600) 7600 AZN pul vahidinə bərabər olur. Yuxarıdakı nominal hesablamada ÜDM 7700 AZN olduğundan belə təəssürat yaranar ki, 2023-cü ildə ÜDM 100 manat azalıb. Ancaq real ÜDM əvvəlki ildə 7000 manat olduğundan ÜDM 100 AZN azalmayıb, əksinə 600 AZN böyüyüb. Əgər biz 2023-cü ildə 5 faiz təşkil etmiş inflyasiyanı nəzərə alaraq köhnə düsturla, yəni nominal üsulla hesablama aparsaq onda ÜDM (100 * 33,6 +200 * 23,1 AZN = 7980) 7980 pul vahidi təşkil edərdi və 600 AZN yox, 980 AZN artmış olardı. Beynəlxalq metodologiya bunu qəbul etmədiyindən real ÜDM-in dəyəri 600 AZN-ə bərabər qəbul olunur.
Göründüyü kimi bütün dünyada məhsulun real qiymətini və əsl iqtisadi artımı müəyyən etmək üçün real ÜDM-in hesablanması metodologiyasından istifadə olunur. Real ÜDM hesablanarkən əvvəlki ilin baza rəqəmi kimi ölkədə yaradılan mal və xidmətlərin qiymətləri və son dəyəri götürülür, inflyasiyanın yaratdığı dəyər isə nəzərə alınmır. Ona görə də Azərbaycanın Dövlət Statistika Komitəsi ÜDM-i real ÜDM metodologiyası ilə hesablayır.
Bütün qeyd edilən elmi-iqtisadi metodologiyaya əsaslanaraq, Azərbaycanda 2024-cü ilin yanvar-aprel, yaxud yanvar-may aylarında ÜDM-in 2023-cü ilin eyni dövrləri ilə müqayisədə hansı səbəbdən artmasının iqtisadi izahını da verək.
2023-cü ilin yanvar-may aylarında ÜDM-in nominal dəyəri həmin 5 aylıq dövrün ikirəqəmli (13 faiz) inflyasiyası hesabına böyüyərək 49,5 milyard manat olub. istinad
2024-cü ilin 5 ayında isə ölkəmizdə inflyasiya isə cəmi 0,6 faiz təşkil edib. istinad
Cari ilin yanvar-may aylarında ÜDM-in həcmi isə 48,026 milyard manata bərabər olub. istinad
Ötən ilin 5 ayında 49,5 milyardlıq ÜDM-in nominal baxımdan təxminən 2,5 milyard manata yaxın inflyasiyanın hesabına artıb, real dəyər 44 milyard manatdan bir qədər çoxdur. 2024-cü ilin 5 ayında isə 48 milyard manatlıq ÜDM-in təxminən 250 milyon manatı inflyasiyanın yaratdığı dəyərdir. ÜDM-in real artımını bazis dəyər məbləği ilə hesablayırlar və ötənilki 49,5 milyard manat bazis üçün ölçmə mənbəyi deyil.
Beləliklə, ÜDM-in real dəyəri son bir ilin 5 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə baza rəqəminə əsasən 2 milyard manat və ya 4,2 faiz artıb.
Müqayisəni bir başqa nümunə əsasında aparaq
. Azərbaycanda 2002-2022-cü illərdə ÜDM-in nominal həcmi 6,2 milyard dollardan 78,7 milyard dollara və ya 133,8 milyard manata çatıb. Bu, dollar ifadəsi ilə 12,5 dəfə, manat ifadəsi ilə 22 dəfə artım deməkdir. istinad


Ancaq bu, fiziki və real iqtisadi böyümə, ÜDM-in real artımı deyil və Azərbaycan hökuməti həmin 20 illik inkişaf mərhələsində ölkəmizin iqtisadi artımını 22 dəfə deyil, real ÜDM-ə əsaslanaraq 4 dəfə böyüdüyünü dövlət statistikasında rəsmiləşdirib. istinad

Əgər hökumət qurumları beynəlxalq praktikada əsas meyar və vahid ölçmə metodologiyası kimi qəbul edilmiş ÜDM-in müqayisəli qiymətlər əsasında (real artım) hesablanmasından kənara çıxaraq, nominal ölçmə üsuluna istinad etsəydi, o zaman rəsmi dövlət statistikasında iqtisadi artımın 20 ildə 22 dəfə artması rəsmiləşmiş olardı. İqtisadi qanunauyğunluq və iqtisadiyyat elminin metodologiyası buna imkan vermədiyindən əsl ölçmə düsturuna istinad olunmaqla real ÜDM-in 4 dəfə artımı qeyd olunur.
Yaxud, qeyd edilən illərdə adambaşına düşən nominal ÜDM-in məbləği 769 dollardan 7798 dollara yüksəlib. Əgər populizmə yol verərək real artımı yox, nominal həcm düsturunu götürsək o zaman əhalinin hər nəfərinə düşən ÜDM-in 20 ildə 10,2 dəfə artdığını deyə bilərik.

 Amma bu, beynəlxalq normativlərə zidd olduğundan real ölçmə qaydasına istinad olunur və adambaşına düşən ÜDM-in real artımı 2,9 dəfə təşkil edib. istinad

Yeri gəlmişkən, iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov da sözügedən mövzuda xaltura edənlərə məsələnin mahiyyəti barədə alim və mütəxəssis kimi elmi-iqtisadi izahını verərək onların səhvlərini ifşa edib. Professor  ÜDM-lə bağlı savadsız müqayisə aparanlara iqtisadiyyatın əlifbasından belə xəbəri olmadığından başa düşmədikləri iqtisadi mövzudan yazmamağı məsləhət görüb.

 

Beləliklə,

- bəzi iqtisadçıların 2023-cü ilin yanvar-aprel, yanvar-may ayları ərzində istehsal edilmiş ÜDM-in real həcminin 2024-cü ilin eyni dövrləri ilə müqayisədə azalması barədə iddiaları tamamilə səhvdir;

 - İqtisad elminin ali prinsipləri olan beynəlxalq hesablama qaydalarını bilməyən, ancaq özlərini iqtisadçı, mütəxəssis hesab edən bu şəxslərin Azərbaycanda iqtisadi artımın azalmasına dair rəy formalaşdırması savadsızlığın, yaxud da qərəzli şəkildə müsbət nəticələri gözdən salmaq niyyətinin təzahürləridir.