“REAL” Partiyasının sədri İlqar Məmmədov və ADR hərəkatının rəhbəri Qubad İbadoğlu pərakəndə satışda ərzağa və dərmanlara 18 faizlik əlavə dəyər vergisi (ƏDV) ləğv edilməsi, yaxud aşağı salınması barədə təşəbbüslə çıxış edib.
Faktyoxla Lab. hər iki siyasətçinin fikirlərini araşdırıb.

İbadoğlu iddia edir ki, ƏDV-nin azaldılması hökümətin əsas təbliğat vasitəsi olan qeyri-neft gəlirlərinin artımına kölgə sala bilər. 

Birincisi, ƏDV təbliğat-təşviqat məsələsi deyil, fiskal yığımlara fundamental büdcə gəlirlərinin əsas mənbəyidir. Büdcə-fiskal siyasətdə ƏDV birbaşa ümumi dövlət gəlirlərinin xüsusi əhəmiyyətli hissəsini təşkil edir. ƏDV-nin ləğv edilməsi büdcə gəlirlərində dayanıqlı tarazlığın pozulmasına səbəb ola bilər. Cari ilin iyun ayında 2022-ci ilin dürüstləşdirilmiş büdcəsində vergi-gömrük  gəlirləriinn payı artırıldıqdan sonra Dövlət Vergi Xidməti üzrə gəlirlər 11,7 milyard manat, Gömrük Komitəsi üzrə gəlirlər isə 4,6 milyard manat proqnozlaşdırılıb. Bu iki fiskal orqanının birgə yığım proqnozu 16,3 milyard manatdan artıqdır, ƏDV proqnozu isə 5,7 milyard manata bərabərdir. (Mənbə) Bu o deməkdir ki, vergi və gömrüyün ümumi gəlirlərində ƏDV-nin payı 35 faiz təşkil edir. Beləliklə, həmin vəsaitin ölkənin xəzinə resursları üçün hansı maliyyə gücünə malik olması aydınlaşır.

Büdcədə ƏDV-nin minimallaşdırılması hansı hallara yol aça bilər? Son 2 ildə büdcə ilinin sonunda xəzinədə təxminən 1,2-1,5 milyard manat profisit, xəzinə qalığı yaranır. Bəzi iqtisadçılar məhz həmin profisiti əsas gətirərək ƏDV-nin azaldılması fikrini irəli sürürlər. İndi gəlin real olaraq fiskal tarazlığın vəziyyətinə baxaq, əgər həmin profisitə güvənərək ƏDV-nin minimallaşdırsaq, (5,7 milyard – 1,5 = 4,2 milyard) ilin sonunda büdcədə ən azı 4 milyard manat kəsir yaranmış olacaq. Nəticədə büdcədə nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək faktiki mümkün olmayacaq, büdcə tarazlığı pozulacaq. Belə olan halda hökumət ya xarici borclanmaya getməlidir, yaxud da xərcləri ixtisar etməlidir. Sosial sahəni kənara qoysaq, bura təhsil, səhiyyə, hərbi təhlükəsizlik, müdafiə, iqtisadi inkişaf, infrastruktur, investisiya, kənd təsərrüfatı və s. sahələrin hər birində yüz milyonlarla manat “qayçılanmadan” söhbət gedər. Beləliklə, ölkə iqtisadiyyatının dayanıqlılığı pozulur, hər il artan xərclərin birdən-birə kəskin aşağı düşməsi fonunda bütün sahələrdə maliyyə təminatları relsdən çıxır.
İkincisi, İbadoğlunun iddia etdiyi kimi qeyri-neft gəlirlərinin artımının mənbəyini qiymətlərin bahalaşması və bu sahədən ƏDV-nin daha çox daxil olması təşkil etmir. Çünki, ƏDV və digər vergi növləri birbaşa iqtisadi artımın və biznesin fəallığının, şəffaflığın, “qara mühasibatlığın” qarşısının alınması sayəsində artır. 
Beləliklə, Q.İbadoğlunun ƏDV-nin təyinatı barədə fikirləri qeyri-ciddi olmaqla, iqtisadi reallığa əsaslanmır. 
ƏDV ilə bağlı ən optimist, düzgün və rasional yanaşma isə Vergi orqanına məxsusdur. Vergi Xidməti tərəfindən müntəzəm olaraq ƏDV yükünün aşağı salınması siyasəti yürüdülür. Bunun nəticəsidir ki, son illərdə ƏDV-dən kifayət qədər azadolma var. İndiyə qədər istehlak bazarını əhatə edən müxtəlif mal qruplarının idxalı və satışı ƏDV-dən azad edilib. Son illərdə illik dövriyyəsi yüz milyonlarla manata bərabər olan bir sıra sahələrə ƏDV güzəştləri edilib ki, bu faktiki olaraq ƏDV-nin geri ödənişi deməkdir. 

Bundan başqa, dövlət müxtəlif kanallarla vətəndaşlara ƏDV-nin geri qaytarılmasını təmin edir. 2 ildən artıqdır ki, tətbiq olunan ƏDV geri al” layihəsi (2020-ci ilin may ayı) çərçivəsində vətəndaşlar tərəfindən supermarketlərdə, müxtəlif ticarət və iaşə obyektlərində alış-veriş zamanı ödənilmiş pulların təxminən 214 milyon manatı ƏDV şəklində onların özlərinə geri qaytarılıb. (Mənbə) Hazırda Vergi Məcəlləsinə dəyişiklilkər layihəsi müzakirə edilir və 2023-cü ildən Məcəlləyə nəzərdə tutulan dəyişikliyə (165.5-ci maddə) əsasən, ticarət və iaşə mərkəzlərində aparılan əməliyyatlar zamanı vətəndaşlara geri qaytarılan ƏDV-nin 15 faizdən 20 faizə qaldırılması nəzərdə tutulub. 
Bundan əlavə, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, növbəti ildən özəl tibb müəssisələrində çalışan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin də geri qaytarılması da nəzərdə tutulur. Bu qədər güzəşt və ƏDV stimullarına baxmayaraq, hökumət, ƏDV-nin dərəcəsinin azaldılmasına, differensial ƏDV-yə keçidə də hazırdır.

Q.İbadoğlu hökumətin sosial sahəyə laqeyd qalması barədə ittihamlarına da diqqət yetirək: Sitat: ADR Partiyası hökümətə çatdırır ki, dövlətin başlıca sosial funksiyası ehtiyacı olanlar qarşısında öhdəliklərini yerinə yetirməkdir”.
Azərbaycan hökumətinin başlıca prioritetləri sırasında əhalinin etibarlı və dayanıqlı sosial müdafiəsi dayanır ki, bunun ən bariz nümunəsi büdcə xərclərinin az qala yarısı, təxminən 46,4 faizi sosial bölmələrə yönəldilir. Həmin xərclərin 50 faizindən çoxu isə birbaşa sosial müdafiə və sosial təminat təyinatlı xərclərdir. Avropa Birliyi və OECD ölkələrində büdcə xərclərində sosial xərclərin xüsusi çəkisi 22-27 faiz təşkil etdiyi halda, Azərbaycanda həmin xərc tutumunun 46,4 faiz təşkil etməsi dövlətin sosial funksiyalarına sadiqliyinin və xüsusi diqqətinin nümunəsidir. (Mənbə)

Q.İbadoğlu deyir ki, hökümət xüsusilə də ərzaq və dərmanların əhəmiyyətli dərəcədə bahalaşdığını  nəzərə alaraq  aztəminatlılara ünvanlı sosial yardım etməli, pensiya, təqaüd və müavinətləri artırmalı, müxtəlif kateqoriyadan olan işsizlərə aylıq sığorta haqqı ödəməlidir.

Azərbaycan hökuməti ünvanlı sosial yardım siyasətini 10 ildən artıqdır ki, həyata keçirir, 2022-ci ildə həmin yardımı əldə edənlərin məbləği məhz qlobal trendlərdən doğan bahalaşma tendensiyası nəzərə alınaraq 30 faizə yaxın artırıldı. Hazırda isə həmin yardımın məbləği 360 manat təşkil edir ki, bu, son bir ildə 38%-dən çox artım deməkdir. Eyni zamanda, 2022-ci ili dövlət büdcəsində ən böyük artım sosial sahəni əhatə etmiş, büdcənin artan xərclərinin təxminən 92 faizi məhz həmin sahəyə yönəldildi. Belə ki, cari ildə büdcənin sosial xərcləri 13,5 faiz artılaraq 46.4 faizə çatdırıldı ki, bu da 1 milyard 650 milyon manat artım deməkdir. (Mənbə)
Həmin artımlar isə məhz dünya bazarlarında bahalaşn ərzaq mallarının Azərbaycana təsirləri nəzərə alarınaq əməkhaqqı, pensiya, təqaüd və müxtəlif kateqoriyadan olan şəxslərin müavinətlərinin artırılmasına yönəldildi. Bunu 2022-ci ilin birinci yarısında dövlət büdcəsinin xərclərində sosial xərclərin artım dinamikasında da görmək mümkündür. Cari ilin ötən 6 ayı ərzində büdcədən sosialyönümlü xərclərə (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) 5 milyard 799,8 milyon manat vəsait sərf edilib ki, bu da büdcəsinin faktiki xərclərinin 44,8 faizini təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 688 milyon manat və ya 13,5 faiz çoxdur. (Mənbə)

ADR Partiyasının anti-inflyasiya tədbirləri və iqtisadi stimulların və təşəbbüskarlığın artırılması, bazar alətlərinin tətbiqinin genişləndirilməsi,  iqtisadiyyatın liberallaşdırılması sahəsində islahatların aparılmaması barədə iddiları da yanlışdır. Çünki, hökümət bu prosesə hələ 2022-ci ilin mart aylarından start verib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Qərarına əsasən, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılması və əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin inflyasiya artımı şəraitində qorunması istiqamətində Tədbirlər Planı əsasında icra edir. Həmin Planın mühüm nəticələrindən biri Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Qərarıdır. Qərara əsasən, yem və yem əlavələri ƏDV-dən azad edilib. Bu güzəşt 73 adda yem məhsuluna aiddir ki, həmin güzəşt paketinin 80 faizi quş əti, yumurta, mal əti, süd və yağ istehsalını əhatə edir

Göründüyü kimi hökumət anti-inflyasiya tədbirləri çərçivəsində minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin həmin məhsulların yerli istehsalçılarının stimullaşdırılması, bir sıra xammalın idxalının ƏDV-dən azad edilməsi, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində addımlar atılmaqdadır.

 Nəticə:

- İlqar Məmmədovun iqtisadiyyatdan, ələxsus da vergi-büdcə kimi ağır mövzularda yetərli qədər biliyinin olmaması sözsüz ki, onun bu cür qeyri-ciddi təkliflərlə çıxış etməsinə rəvac verə bilər. Ancaq iqtisadçı Q.İbadoğlunun bu mövzuda manipulyasiya etməsi təəccüb doğurur.

- Q.İbadoğlu ziddiyyətli müqayisə aparır, gah ƏDV-nin ləğv edilməsini təklif edir, gah da bu vergidən azadolmanı düzgün institutsional yanaşma hesab etmir. Eləcə də, qeyd edir ki, ƏDV-nin götürülməsi bazarlarda hökmran mövqeyə malik olan şirkətlərinin korporativ maraqlarına uyğun ola bilər, nəticədə dövlətin ƏDV-dən itirdiyi hissə ticarət əlavələrinin artımı yolu ilə mənimsənilə bilər. Göründüyü kimi bu iqtisadçı-siyasətçinin bu mövzuda konkret təklifi və fikri yoxdur. ƏDV-nin azaldılmasını təklif etdiyi halda, bunun iri marketlərin mənafeyinə xidmət etdiyini deyir. Özü də bilmir ki, ƏDV-nin minimallaşdırılması necə və hansı mexanizmlərlə həyata keçirilə bilər.