“Real” Partiyasının sədri İlqar Məmmədov işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində inşa olunmuş “Ağıllı kənd”  layihəsindən video-reportaj təqdim edərək Böyük Qayıdışın ilk müjdəsini özünəməxsus tərzdə tənqid edib. Onun qənaətinə görə, “Ağlıılı kənd” layihəsi müasir model deyil, rəqəmsal həbsxanadır. Sitat:“Bu layihə dövlətin insanların fərdi həyatı üzərində totalitar nəzarəti qurmaq üçün həyata keçirdiyi eksperimentdir. Hər yerdə insanları üzdən tanıyan kameralar, hətta evin içində hərəkətlilik yoxdursa evin enerji təzhizatını mərkəzləşdirilmiş qaydada söndürə biləcək proqramlar, xüsusi idaretmə mərkəzləri yaradılıb. Burada yaradılmış situasiya mərkəzləri vasitəsilə kənd sakini olmayan yad insanların maşınla daxil olması əngəllənir, yaxud həyəacan siqnalı vasitəsilə xəbərdarlıq edilərək kəndə girişi yoxlanılır. Ağalı kəndi yeni totalitarizmin sınağıdır, Qarabağa Böyük Qayıdışın modeli ola bilməz”. 

Faktyoxla Lab. bu iddiaları araşdırıb.

Əvvəla, ondan başlayaq ki, "ağıllı kənd", "ağıllı şəhər" modelləri smart və rəqəmsal texnologiyaların, 4-cü sənaye inqilabının ən son alətləri olan süni intellektual idarəetmənin tətbiqi dünyada sürətli inkişafın ən başlıca tələbidir, bu gün rəqəmsal texnologiyalar bəşəriyyətin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. BMT 2015-ci ildə bu modelləri dayanıqlı və rəqabətli şəhərsalma baxımından ən mükəmməl model seçib. Bütün inkişaf etmiş dövlətlər hazırda şəhərsalma planlaşdırmasını məhz smart texnologiyalar üzərində qurur.  Hazırda 20-dən çox ölkə müasir şəhərsalma planlarını “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına əsasən qurub. Avropa Birliyi bu cür layihələrə xüsusi önəm verir. Yeri gəlmişkən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) MDB ölkələrində də ilk olan Azərbaycanın “Ağıllı kənd”konsepsiyasının bəyənərək bu modelin digər dövlətlərdə icra edilməsi üçün ölkəmizin təcrübəsindən istifadə ediləcəyini bəyan edib. (Mənbə)

Konsepsiya üç komponenti – ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes mühitini özündə  birləşdirir. “Ağıllı kənd” layihələrinin həyata keçirilməsində əsas məqsədlərdən biri həyatı rahatlaşdırmaq, vaxt itkisinin aradın qaldırmaq, xərcləri azaltmaqdır. Həmçinin, vətəndaşların dövlət xidmətlərinə çıxışı birbaşa təmin olunur. Zəngilanın Ağalı kəndində də tam izolyasiya olunmuş bütün evlərin isitmə və soyutma, daxili mühəndis- kommunikasiya sistemləri, eləcə də küçələrin işıqlandırılması, kommunakasiyaları ağıllı texnologiyalar əsasında, Günəş və külək enerji panelləri məntəqəsi təminatı üzərində qurulub və xatırladaq ki, həmin xidmətlər üçün sərf edilən istismar xərcləri hazırkı adi evlərlə müqayisədə 3-4 dəfə azdır.
Vətəndaşların dövlət orqanlarının əməkdaşları ilə təmaslarını, yəni məmur ünsiyyətini azaltmaq məqsədilə “ASAN xidmət” və DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi yaradılıb və bütün xidmətlər şəffaf qaydada qurulacaq. Həmçinin, vətəndaşın rahatlığı üçün xidmətlər onun evinin qarşısında göstəriləcək. Kənd sakinləri “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.


"Ağıllı texnologiyalar"ın tətbiqi həmçinin, biznesin və vətəndaşların işini asanlaşdırır, xərclərində qənaət yaradır, gəlirlərini artırır. Yəni bu modelin əsas fəlsəfəsi birbaşa insanların asan və rahat həyat şəraitlərinin qurulmasına xidmət edir. Dünyanın böyük meqapolislərində - Paris, Şanxay, Moskva, Dubay, Pekin və digərlərində “ağıllı” parkinqlər , “ağıllı prospekt”lər yaradılır və xüsusi rəqəmsal işıqlandırma və videonəzarət sistemi vasitəsilə ictimai sabitliyə nəzarət imkanları artırılır. Hazırda Avropada bu smart texnologiyaların köməyilə terror aktları zamanı cinayətkarın şəxsiyyətini bir neçə dəqiqəyə müəyyən edirlər.
Əgər bu texniki yeniliklər, rəqəmsal texnologiyalar müasirliyə işarə deyil, rəqəmsal həbxsanadırsa, demək onda ABŞ, Yaponiya, Çin, Böyük Britaniya, Kanada, Almaniya, Sinqapur, Norveç, İsveçrə, İsrail və digər ölkələr insanların şəxsi azadlığını əlindən almaq, total nəzarət niyyəti güdürlər. Demək bu sadalanan dövlətlər ən totalitar, rəqəmsal həbsxana dövlətləridilər? Və yaxud, əgər bu, dövlətin insanların fərdi həyatı üzərində totalitar eksperimentidirsə, demək ABŞ, Kanada, Avropa Birliyi neçə illərdir ki, öz vətəndaşları üzərində eksperimentlə məşğuldurlar?

İ.Məmmədov iddia edir ki, bu konsepsiya xarici təcrübə öyrənilmədən, xarici ekspertlərin məsləhəti olmadan icra olunub. 

Dəqiqləşdirək: Zəngilanda bu layihənin təməli qoyulmazdan əvvəl bu konsepsiyanın icrası üçün Azərbaycanda müxtəlif dövlət qurumlarının rəhbər və ekspertlərindən ibarət işçi qrup və alt işçi qruplara isə nüfuzlu xarici ekspertlər cəlb edilib. Konsepsiya Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Sinqapur, Cənubi Koreya, Hindistan, BƏƏ və digər ölkələrin qabaqcıl təcrübəsi əsasında hazırlanıb. 

İlqar Məmmədovun video-müraciətində toxunduğu digər məsələ isə sözün əsl mənasında məyusedicidir. O mənada ki, bir siyasətçi məlumatı olmadığı mövzu haqda bu qədər təhrifedici, yanlış və əsassız məlumat verir, izləyicilərini, tərəfdaşlarını aldadır. O, yaşayış məntəqələri və sosial obyektlər, inzibati binalardan kənardakı ərazilərdə insanların izlənəcəyini, daim müşahidə kameraları altında saxlanılacağını iddia edir və hazırladığı reportajda da bunu bir neçə dəfə təkrar təqdim edir. REAL sədri Bakıdan 300 km yol qət edərək Ağalı kəndinə gedib, gəzib və anlamayıb ki, “Ağıllı kənd”dəki  xüsusi müşahidə cihazları və sərbəst hərəkət edən mərkəzləşdirilmiş skaner texnikası ərazidə əsas etibarilə kənd təsərrüfatı məqsədləri üçün quraşdırılıb. Axı, Ağalı kəndindəki smart texnologiyaların bütün imkanları və hansı məqsədlərə xidmət etdiyi barədə kifayət qədər rəsmi informasiya mənbələrində də məlumatlar verilib. Həmin süni intellekt proqramlar kənd təsərrüfatı əkinlərində aparılan aqrar əməliyyatları səmərəli şəkildə idarə etmək, məhsulun yetişdirilməsi zamanı ortaya çıxa biləcək problemləri vaxtında aşkarlamaq, iqlim stansiyaları vasitəsilə bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etmək, suvarmanı planlı şəkildə aparmaq, hava məlumatlarını əldə etmək, həmçinin dron texnologiyaları əsasında bütöv təsərrüfat sistemini izləməyə xidmət edir. Bütün bu texnoloji təbiqlərin arxasında isə yüksək məhsuldarlığın əldə olunması məqsədi güdülür. (Mənbə)


Burada yaşayan insanların izlənməsi, süni intellekt vasitəsilə nəzarətdə saxlanılması kimi məntiqsiz fikri gəldikdə isə, bildirək ki, ərazidəki müşahidə kameraları isə bu bölgənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Nəzərə alsaq ki, Zəngilan rayonu, Qazax rayonu kimi 3 dövlətin sərhəddində yerləşir və xüsusilə də ilk yaşayış məntəqəsi olacaq Ağalı kəndi Ermənistanla sərhədə yaxındır, daha geniş izahata ehtiyac qalmaz. Əgər İlqar Məmmədov bunun da izahını istəyirsə, deyirik: Nə qədər ki, terror dövləti olan Ermənistan var, demək erməni terrorçularının müxtəlif vaxtlarda törətdiyi təxribatların, terror aktlarının yenidən təkrarlanmayacağına təminat yoxdur. Belədirsə, bu kimi hallara qarşı daha güclü, etibarlı və müasir təhlükəsizliyin təmin olunması məqsədilə  sözügedən ərazilərdə izləyici kamera və xüsusi rəqəmsal nəzarət postlarının olması labüddür. Çünki bütün bu tədbirlərin arxasında “Ağıllı kənd”in sakinlərinin və bu ərazidə kənd təsərrüfatı, müxtəlif biznes fəaliyyətləri ilə məşğul olacaq insanların təhlükəsizliyi dayanır. Azərbaycan dövlətinin öz vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnu təmin etməsi dayanır.

“Real” Partiyasının sədri onu da iddia edir ki, hökumət Ağalı kəndində mövcud layihənin icrasında iştirak edən şirkətləri və layihənin maliyyə dəyərini gizlədir, heç bir məlumat vermir.

İzah edirik: “Ağıllı kənd” layihəsinin icrasına başlandığı ilk gündən tikinti, quraşdırma, texnologiyalar və digər işlərə cəlb olunmuş şirkətlərin adı, tenderlər və digər zəruri məlumatlar ictimaiyyətə təqdim edilib. Layihədə tikinti işlərini Azərbaycanın tikinti layihələrində zəngin təcrübəsi olan “AS Group İnvestment' MMC, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları yerinə yetirib. Xarici şirkətlərdən  Çinin “Huawei” şirkəti layihədə innovativ ağıllı infastrukturun qurulmasında yaxından iştirak edib. (Mənbə
Kənd təsərrüfatı sahəsində smart tipli fermaların qurulmasında İsrail və İtaliya şirkətləri cəlb olunub. Quruculuq və alternativ enerji istiqamətində isə qardaş Türkiyənin şirkətləri yaxından iştirak edib. Bu ərazidə alternativ enerjinin bir çox mənbələrindən əldə edən günəş və su enerjisindən yararlanmaqla Azərbaycanda ilk dəfə “Arximed” qurğusundan istifadə olunur ki, onun da müəllifi qardaş Türkiyənin şirkətləridir. Bu layihənin icrası zamanı bütün tenderlərlə bağlı məlumatlar da media orqanlarında dərc edilib.
Maliyyə vəsaitinin həcminə gəlincə, layihə üzrə təkcə “Ağıllı kənd” salınmayıb, bu ərazidə ən müasir yollar çəkilib, smart və rəqəmsal işıq, su, qaz, rabitə  xətləri qurulub, elektrik stansiyaları, qazpaylayıcı şəbəkələri quraşdırılıb, sosial infrastrukturlar yaradılıb, məktəb, xəstəxana, mədəniyyət və idman obyektləri, inzibati binalar inşa edilib. Bu qədər geniş həcmli işlərə isə cəmi 62,8 milyon manat (proqnoza nisbətən 1 milyon manat və ya 1,6 faiz az) xərcləndiyi əks olunub. Həmin xərc istiqamətləri barədə məlumatlar isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunda və Hesablama Palatasının rəyində öz əksini tapıbdır. 

Beləliklə,

  • - Real sədri heç bir məlumatı olmadığı mövzu haqda danışır, modelin tam mahiyyətini anlamadan yalan məlumat verir.
  • - Onun “bu konsepsiya xarici təcrübə öyrənilmədən, xarici ekspertlərin məsləhəti olmadan icra olunub” iddiası tam yalandır.
  • - “Rəqəmsal həbsxana” haqda dedikləri isə gülünc və əsassızdır. Əgər bu texniki yeniliklər, rəqəmsal texnologiyalar müasirliyə işarə deyil, rəqəmsal həbxsanadırsa, demək onda ABŞ, Yaponiya, Çin, Böyük Britaniya, Kanada, Almaniya, Sinqapur, Norveç, İsveçrə, İsrail və digər ölkələr totalitar, ən böyük rəqəmsal həbsxana dövlətləridilər?
  • - Hökumətin Ağalı kəndində mövcud layihənin icrasında iştirak edən şirkətləri və layihənin maliyyə dəyərini gizlətməsi, məlumat verməməsi haqda iddia da yalandır. Layihəyə 62,8 milyon manat xərclənib və həmin xərc istiqamətləri barədə məlumatlar isə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunda və Hesablama Palatasının rəyində öz əksini tapıb