Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyət, daxili bazarda qida mallarının qiymətlərinin tənzimlənməsi ilə bağlı hökuməti ittiham edən fikirlər səsləndirib.
Sitat: “Hər il deyildiyi kimi guya daxili istehsalı artırıb idxaldan aslılığı azaltmaq lazımdır. Bunu orta məktəbdə “iqtisadiyyatın əsasları”nı oxuyan şagirdlər də bilir. Başa düşülməlidir ki, aqrar sektor o zaman inkişaf edər ki, ölkədə məmur sahibkarlığı yoxdur, əvəzində sağlam rəqabət mühiti, sahibkarların hüquq, vəzifə bərabərliyi mövcuddur. Hər dəfə dünya miqyasında 1-2 faiz qiymət artımı Azərbaycan 20-30 faiz bahalaşma ilə müşahidə edilir. Cəmiyyətə izah etmək lazımdır ki, niyə qonşu ölkələrlə idxal olunan eyni məhsullar Azərbaycanda 50-60 faiz daha bahadır? (Mənbə)
Faktyoxla Lab. olaraq N. Bəydəmirlinin fikilərini araşdırdıq.
Bu açıqlamaya ayınlıq gətirmək üçün ilk növbədə aqrar sahədə məhsul istehsalının həcmi, daxili bazarın qida məhsulları ilə təminatında yerli istehsalın payı və digər məqamlara nəzər salmalıyıq.
Son illərdə kənd təsərrüfatı məhsullarının hər il orta hesabla 3-4 faiz artımı baş verir. 2021-ci ildə kənd təsərrüfatında məhsul istehsalının dəyəri 9,1 milyard manatdan çox olmaqla 3,4 faiz artımla qeydə alınıb. Məhsulun 4 milyard 652,4 milyon manatı heyvandarlıq, 4 milyard 511,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Belə ki, heyvandarlıqda artım 2,8 faiz, bitkiçilikdə 4 faiz təşkil edib. (Mənbə)
Məhz aqrar sahədə istehsal həcminin artmasının nəticəsidir ki, 2021-ci ildə ölkəmizin qeyri-neft ixracı 47 %-dən çox artıb ki, ixracın strukturunda əsas xüsusi payı qeyri-neft sənayesi və kənd təsərrüfatı malları təşkil edir. (Mənbə)
Əgər aqrar sahədə irəliləyiş olmasaydı, ixrac necə arta bilərdi?
Cənab Bəydəmirli olduqca sadə misallardan, müqayisələrdən nəticə çıxara bilmirsə, bu, onun iqtisadi savadının orta məktəb şagirdi səviyyəsindən də aşağı olduğunu göstərir.
Əvvəla, dünya miqyasında qiymət artımı faizləri ilə Azərbaycandakı bahalaşma faizləri arasında kəskin fərq olması, idxal olunan eyni məhsulların ölkəmizdə 50-60 faiz daha baha satılması barədə N.Bəydəmirlinin iddiaları da həqiqəti əks etdirmir. Gəlin diqqət edək, ötən il qlobal bazarda ərzaq malları neçə faiz bahalaşıb, Azərbaycanda neçə faiz.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2021-ci ildə dünya ərzaq qiymətləri orta hesabla 28,1 faiz artıb. Bu son illərin ən böyük bahalaşması sayılır. Taxıl qiymətləri 2012-ci ildən bəri rekord həddə çataraq 27,2 faiz bahalaşıb. Qarğıdalı və buğdanın maya dəyəri müvafiq olaraq 44,1 faiz və 31,3 faiz artıb. Digər ərzaq növləri ilə müqayisədə bitki yağları və şəkər daha çox bahalaşıb. Kərə yağının qiymətləri illik müqayisədə 65,8 faiz (rekord həddə), şəkərin qiyməti isə 37,5 faiz (2016-cı ildən bəri ən yüksək) artıb. Süd məhsulları 16,9 faiz, ət məhsulları 12,7 faiz bahalaşıb. Həmçinin, qoyun əti, mal əti və toyuq ətində də qiymət artımları baş veribdir. (Mənbə)
Heç bir ölkə özünün zəruri ərzaq məhsullarına olan tələbatını 100 % daxili imkanlar hesabına təmin etmək iqtidarından olmadığından bu və ya digər formada idxaldan asılı vəziyyətdə qalır. Bu baxımdan dünya bazarında baş verən mənfi hallar qlobal qida zəncirinin üzvü olan bütün ölkələrin daxili bazarlarında qiymətlərin formalaşmasına birmənalı şəkildə təsir edir. Azərbaycanın bu proseslərdən kənarda qalmasını düşünmək sadəlöhvlük olardı. Lakin regionun əksər ölkələrində qlobal bahalaşma dalğasının fəsadları Azərbaycandan da ağır təsirlər göstərib. Məsələn, yaxın region ölkələrindən Qazaxıstanda ərzaq məhsulları ötən il 9,9 %, Ukraynada 10,8 %, Rusiyada 10,62 %, Özbəkistanda 13 %, Gürcüstanda 15,6 %, Ermənistanda 12,8 faiz bahalaşıb. (Mənbə)
Azərbaycanda 2021-ci ildə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması ümumilikdə 5,8 faiz təşkil edib. Ərzaq inflyasiyası 8,1 faizə bərabər olub ki, inflyasiyanın təqribən 60 %-i birbaşa idxal inflyasiyasının payına düşüb. Yəni, ölkəmizdə qiymət artımlarının böyük bir qismi dünya bazarındakı bahalaşmadan doğub. (Mənbə)
Beləliklə, ərzaq qiymətlərinin artım tempi digər region ölkələri ilə müqayisədə 2-3 dəfə aşağı olub. Göründüyü kimi, Bəydəmirlinin ölkəmizdə malların bahalaşmasının dünya ölkələri ilə müqayisədə 10 dəfə artıq olması barədə fikirləri tamamilə əsassızdır.
N.Bəydəmirli iddia edir ki, Azərbaycan hökuməti uzun illərdir ki, Rusiyadan 4, 5-ci sort buğda gətirir və bunu daha da baha qiymətə qeydiyyata salaraq dövlət büdcəsini mənimsəyirlər.
Birincisi, buğdanı hökumət yox, idxalla məşğul olan sahibkarlar gətirir. Buğda idxalı üçün vəsait də dövlət büdcəsindən deyil, ayrı-ayrı tədarükçü şirkətlərin öz vəsaitləri hesabına həyata keçirilir. İdxal olunan buğdanın qiyməti, nəqliyyat-logistika, daşınma xərclərini də ticarət partnyorları müəyyən edir, dövlət bu proseslərə qarışmır. Belə olan halda “büdcənin mənimsənilməsi” fikri olduqca gülünc iddiadır.
Buğdanın keyfiyyətinin aşağı olmasına, 4-cü, 5-ci sort olmasına gəlincə, bu da absurd və gülüncdür. Çünki ölkəyə idxal olunan buğda Taxıl Fondu tərəfindən müəyyən edilmiş normativlərə cavab vermədiyi halda qəbul olunmur, çörəkbişirməyə yaramır, nəmlik dərəcəsi aşağı olduğundan xarab olur. Belə olan halda hansı un dəyirmanı, çörəkbişirmə müəssisəsinin sahibi aşağı sort buğda tədarük edərək milyonlarla manat sərmayəsini batırar, ziyana düşər?
Ən əsası isə odur ki, müvafiq orqanlar ərzaqlıq buğdanın laborator müayinəsi nəticəsində məhsulun keyfiyyətini yoxlayır. Bir neçə dəfə ərzaqlıq buğda məhsulunda keyfiyyət göstəriciləri normativlərə cavab vermədiyindən qadağan olunub. (Mənbə)
Bəydəmirli Rusiya-Ukrayna müharibəsinə də şərh verərək vurğulayır ki, bu münaqişə iqtisadi cəhətdən ciddi narahatlıq doğurur. Sitat: “Çünki idxalımızın 14 faizindən çoxu Rusiya məhsullarıdır. Nəqliyyat- logistik problem yarandıqda məhsulların qiyməti artır. Eyni zamanda, Rusiya özündən asılı ölkələri daha da asılı hala salmaq üçün iqtisadi-ticari müharibələr aparır. Məlumdur ki, 2022-ci ilə girəndən (?-red.) çörəyin, unun qiyməti bahalaşıb. Dünya bazarına 30 faiz ixrac buğdası çıxaran Ukraynanın qara dəniz hövzəsində müharibə getdiyindən problemlər aktuallaşır. Buna görə də bizim kimi idxaldan aslı olan ölkələr qiymət bahalaşmasından əziyyət çəkir”.
Aydın məsələdir ki, istənilən ölkədə müharibə və fors-major hallar həmin ölkə ilə ticarət əlaqələri olan bütün dövlətlərə təsir edir. Ukrayna təxminən 140 ölkə ilə idxal-ixrac aparır və bu müharibə bütün ticarət partnyorlarına təsir edəcək, Azərbaycan da təbii ki, istisna deyil.
Bəydəmirli bu mövzuda da yanlışlığa yol verir. Ən azı onu qeyd edək ki, Azərbaycanın Ukraynadan buğda alması barədə fikri yanlışdır. Çünki, Azərbaycan Ukraynadan buğda və taxıl məhsulları almır.
Nəticə: Keçmiş deputat, iş adamı Nazim Bəydəmirlinin vaxtilə dəstək olduğu sayta müsahibəsində ciddi yalnışlıqlara yol verib. Əvvəla, Bəydəmirlinin 4-5-cü sort buğda məhsulunun idxalı barədə iddiları tamamilə əsassız, məlumatsız diletantın populist çıxışıdır. Bundan başqa, real qida bazarındakı qiymət tariflərini məqsədli şəkildə şişirtməklə insanlar arasında süni ajiotaj yaratmağa cəhd göstərib. Ən acınacaqlısı budur ki, özünü iqtisadçı kimi təqdim edən Nazim Bəydəmirli bu iddiaları səsləndirərkən bəzi hallarda iqtisadi sahədə orta məktəb şagirdi qədər biliyinin olmadığını nümayiş etdirib.