AXCP iqtisadi siyasət komissiyasının sədri Nemət Əliyev ölkədə ərzaq məhsullarının bahalaşması, qiymət artımında xarici və daxili amillərin təsiri, hökumətin dayanıqlı sabit qiymət bazarını formalaşdırmaq üçün yerli istehsalın xüsusi payının artırılması barədə planları və bu istiqamətdə digər nəzərdə tutulan məsələlərə münasibət bildirib. N.Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirinin formalaşdırılması və 100%-lik lokalizasiyaya, yəni istehsal üçün lazım olan bütün xammal və komponentlərin ölkədə tədarükünün təşkili barədə fikirlərinə qarşı çıxaraq guya bu imkanların mövcud olmadığını iddia edir.
N.Əliyev deyir ki, Azərbaycana idxal olunan ərzaq mallarının bahalaşmasının səbəbi qlobal bazar amili deyil, korrupsiya, monopoliya və iqtisadi idaretmə buraxılmış səhvlərdir. (Mənbə)
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
Hazırda dünyanın 150-dən çox ölkəsi ərzaq mallarını idxal edir, o cümlədən Cənubi Koreya, İsrail, Yaponiya, İtaliya, Yeni Zellandiya kimi inkişaf etmiş dövlətlər 50-dən çox adda ərzaq malları idxal edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2021-ci ilə dair hesabatına əsasən, qlobal ərzaq mallarının qiymət indeksləri ötən il 28,1% bahalaşıb, idxal ərzağından asılı olan bütün ölkələrdə qiymətlər isə 28-31 faiz artıb. (Mənbə: www.fao.org)
Demək, N.Əliyevin qənaətinə görə, Cənubi Koreya, İsrail, Yaponiya, İtaliya, Yeni Zellandiya, Hollandiya və s. ölkələrdə ərzaq mallarının bahalaşmasının səbəbi də qlobal bazar faktoru deyil, korrupsiya, monopoliyadır?
N.Əliyev iddia edir ki, lokalizasiyası təmin edilmiş yerli malların bahalaşma faizi idxal mallarına nisbətən daha böyükdür. Sitat:“Ötən ilin noyabr aynda xaricdən gətirilən günəbaxan yağları 41% bahalaşdığı halda, yerli günəbaxan yağları 50% bahalaşıb. Noyabrda idxal olunan qarğıdalı yağları 23% bahalaşıbsa, yerli qarğıdalı yağları 33% bahalaşıb. Əcnəbi ölkələrdən gətirilən qatılaşdırılmış südün qiyməti 12%, Azərbaycan istehsalı olan həmin südün qiyməti isə 25% artıb. İdxal etdiyimiz tomat sousunda hazırlanan balıq konservləri 8%, yerli balıq konservləri isə 24%-ə yaxın bahalaşıb”.
Gəlin 2021-ci ildəki qlobal ticarət indekslərinə baxaq və duru yağlardan tutumuş süd və konservlərin qiymətlərindəki fərqi axtarmağa çalışaq.
2021-ci ildə dənli bitkilərlə yanaşı, yağların, günəbaxan və zeytun yağının da xeyli bahalaşdığını görmək olar. Son bir ildə günəbaxan yağının qiymətləri iki dəfə artıb ki, buna səbəb güclü tələbat və günəbaxan toxumu ehtiyatlarının tükənməsi olub. Quru hava şəraiti 2020-ci ildə günəbaxan məhsuldarlığına mənfi təsir göstərib, 2021-ci ildə isə iqtisadi canlanmanın bərpası tələbatın artmasına və son nəticədə qiymətlərin artmasını şərtləndirib. 2020-ci ildə günəbaxan yağının orta qiyməti bir ton üçün 795 dollar təşkil etdiyi halda 2021-ci ilin ilk altı ayında bu qiymət 1321 dollara çatıb. Eyni dövrdə soya yağının maya dəyəri 785 dollardan (bir ton) 1112 dollara, palma yağının qiyməti 645 dollardan 955 dollara yüksəlib. Bu isə o deməkdir ki, günəbaxan yağı ərzaq inflyasiyasını sürətləndirən əsas qida mallarından birinə çevrilib. (Mənbə: globaltrademag.com)
Beləliklə, 2021-ci ildə duru yağların və konservlərin ən azı 40 fazi bahalaşmasının Azərbaycana təsirləri qaçılmaz olduğundan heç kim idxal mallarının qiymət artımını inkar edə bilməz. Necə ki, hökumət rəsmiləri bunu açıq şəkildə etiraf edirlər.
Nemət Əliyev elə hesab edir ki, hansısa ölkədən Azərbaycan idxal edilən məhsul, məsələn, kərə yağı Belarusda 6 dollar təşkil edirsə, daxili bazarda satışa çıxarıldıqda həmin qiymətə uyğun, yəni 10-12 manat qiymət indeksi müəyyənləşməlidir. Qitisadiyyatdan azacıq məlumatı olan da bilir ki, məhsulun alış qiymətinin üzərinə idxal rüsumları, nəqliyyat-logistika, daşınma xərcləri, vergi və s. xərclər əlavə edildikdə qiymət ən azı 30-40 faiz artır. Üstəlik, həmin məhsulun topdansatış bazalarından pərakəndə satış sahələrinə, market və ticarət mağazalarına çatdırılmasından sonra yekun qiymət üstəlik 10 faiz bahalaşır. Bu, təbii bazar amilləridir və burada monopoliya, süni qiymət artımı və s. iddiaların heç bir məntiqi və iqtisadi əsası yoxdur.
AXCP-nin komissiya sədrinin yerli istehsal məhsullarının qiymətlərinin idxal mallarına nisbətən daha çox bahalaşması barədə fikirlərə gəlincə...
Bu gün elektron resurslar o qədər şaxələnib ki, bütün ticarət subyektləri öz mallarını gün ərzində elektron satış platformaları əsasında müştəriyə təqdim edir. Bunu ələxüsus da son illərdə qida malları təchizatçılarının davamlı olaraq e-satış ünvanlarında görmək mümkündür. Məsələn, ərzaq mallarının satış cədvəllərinin daim yeniləndiyi “Araz market” şəbəkəsində həm yerli, həm də xarici ölkələrin eyni qida mallarının müqayisəsini izləmək olar.
Eləcə də “Bravo” mağazalarında həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymət fərqlərini elektron satış paltformalarında asan şəkildə ayırd etmək çətin deyil. Həmin qiymət tablosu vasitəsilə duru yağların istehsalçısı olan “Azərsun Holdinq”in “Final”, “Gülüm” “Möcüzə” və s. məhsulları ilə Türkiyənin, İspaniya və İtaliyanın günəbaxan və qarğıdalı yağı arasında fərqi də seçmək mümkündür. Həmin malların qiymət artımları fazi nisbəti Azərbaycanın istehsal məhsullardan ən azı 15 fazi yüksəkdir. (Mənbə)
AXCP-nin eksperti qeyd edir ki, 100% lokalizasiya, yəni məhsul istehsalı üçün lazım olan bütün komponentlərin ölkə daxilində istehsalının təşkil olunması ucuzlaşma yarada bilməz. Fikrini belə əsaslandırır ki, bir zamanlar Xaçmaz konserv zavodu, yaxud da, İmişli şəkər zavodu istismara buraxıldığı zaman şəkər və konservlərin qiymətləri birdən-birə 25-30% bahalaşdı? (Mənbə: azadliq.info).
Araşdıraq.
Birincisi, həmin müəssisələrin, yəni, Xaçmazdakı Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavodu istifadə verildiyi dövrdə bazardalı konservlərin və şəhər tozunun qiymətləri 25-30% bahalaşmamışdır. Hər iki müəssisənin səhmdarı olan “Azərsun Holdinq” şirkəti davamlı olaraq məhsullarının çeşidlərini və qiymət cədvəllərini müxtəlif sosial media vasitələrində, eyni zamanda, özünün elektron resurslarında təqdim edir. (Mənbə)
Bu Holdinqin satış sistemi mağazaları olan “Bazarstore”nin qiymət cədvəllərinə baxmaqla idxal mallarının öz istehsal etdiyi məhsulların qiymətləri arasındakı fərqi görmək olar. Yəni, internet resursları gündəlik izləməklə, Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavodunun məhsulları ilə xaricdən gətirilən eyniadlı malların qiymət müqayisəsini ayırd etmək mümkündür. Qafqaz Konserv Zavodunun istehsal etdiyi ət və müxtəlif hazır yemək konservləri, mürəbbələr, cem və pürelər, kompot, turşu və tomat pastasının qiymətləri Türkiyə, Rusiya, Belarus, İtaliya, İspaniya və s. ölkələrdən gətirilmiş mallardan ən azı 30 faiz ucuzdur. Məsələn, yerli istehsal olan 1 litrlik “Yurdum” günəbaxan yağı “Bazarstore” mağazalarında 4 manar 09 qəpik, Türkiyənin “Komili” və yaxud “Kırlangıc” günəbaxan yağı 7 manat 90 qəpikdir. Eləcə də, “Azərsun”un istehsal etdiyi “Final” və “Möcüzə” qarğıdalı yağı “Komili” və “Kırlangıc” markasına nisbətən 22 faiz ucuzdur. (Mənbə)
Eləcə də, İmişli Şəkər Zavodunun istehsal etdiyi qənd və şəkər tozunun qiyməti xaricdən gətirilən eyni mallara nisbətən 15 faiz ucuzdur. Bu müqayisəni digər məhsullar üzrə də uzatmaq olar.
Ancaq məsələ ondadır ki, həm Qafqaz Konserv Zavodu, həm də İmişli Şəkər Zavodunun istehsal etdikləri məhsulların böyük bir qismi 100% lokalizasiya olunmayıb. Yəni məhsul istehsalı üçün lazım olan komponentlərin bir hissəsi xaricdən idxal edilir. Məsələn, ət konservləri və digər bu cür məhsulların hazırlanması üçün mal əti əsas etibarilə xaricdən idxal olunur. (Mənbə)
Göründüyü kimi, Xaçmazda yerləşən Qafqaz Konserv Zavodunun istehsal gücünün hələ də kiçik bir hissəsi idxaldan asılıdır, ancaq buna baxmayaraq, bazar qiymətlərini tənzimləyə bilir.
Eləcə də İmişli Şəkər Zavodunun da idxaldan asılılığı vardır. 2006-cı ildən fəaliyyət göstərən Cənubi Qafqazın ən iri müəssisəsi olan İmişli Şəkər Zavodu da 100 faiz lokalizasiya imkanlarına malik deyil. İllik istehsal gücü qənd və şəkər tozu ilə birlikdə 350 min tona bərabər olan müəssisə xammalın yarısından çoxunu xaricdən idxal edir. Bu məhsullar həm çuğundurdan, həm də şəkər qamışından əldə olunur. Zavod yerli istehsalçıların əkdiyi şəkər çuğunduru hesabına istehsalın təxminən 50-55 faizini təmin edir, çünki əkin sahələri 14 min hektara bərabərdir, əkin sahələri ən azı 30-40 min hektara çatdırılmalıdır ki, xaricdən xammal gətirilməsin. Eyni zamanda, şəkər istehsalı üçün lazım olan melas da idxal edilir. Bu səbəbdən il ərzinə on min tonlarla şəkər qamışı Braziliyadan idxal olunur. Müqayisə üçün qeyd edək ki, regionun ən iri şəkər məhsulları üzrə təchizatçıları olan Ukrayna və Rusiyada isə şəkər çuğunduru əkini sahələrinin həcmi o qədər genişdir ki, fermerlərin yığıb təhvil verdiyi məhsulu yerli zavodlar çatdıra bilmir. Bizdə isə Zavodun çuğundur və xammal təminatı problemi var. (Mənbə)
Göründüyü kimi Azərbaycanda ən nəhəng istehsal müəssisələri hələ də tamamilə 100 faiz yerli xammalla təchiz olunmayıb, müxtəlif mal qrupları üzrə idxal komponentlərindən asılılıq qalmaqdadır. Bu amil isə sözsüz ki, qlobal bazarlarda əmtəələrin bahalaşması zamanı yerli istehsala bilavasitə öz təsirlərini göstərir. İqtisadiyyat naziri də bunu aydın şəkildə izah edir. Sitat: “Son bir ildə baş verən bu artımlar daxili bazarda idxal olunan bütün məhsulların satış qiymətlərində özünü göstərir. Eyni zamanda, idxal olunan xammal komponentlərinin qiymət artımı səbəbindən daxildə istehsal olunan yerli məhsulların da satış qiymətləri yüksəlməyə başlayıb. Təəssüf ki, bizim də bu sahədə idxaldan asılı komponentlərimiz mövcuddur. Bir çox məhsulların daxili dəyər zənciri hələlik tam şəkildə formalaşmayıb. Məhsulun maya dəyərini formalaşdıran bir sıra xərclərin - daşınma, enerji, xammal və s. artması da nəzərə alınmalıdır”. (Mənbə)
Azərbaycanda çox az sayda istehsal müəssisəsi var ki, 100% lokalizasiya əsasında fəaliyyət göstərə bilir, iri müəssisələrin, ələxsus da qida sənayesində, şərabçılıq və süd emalını nəzərə almasaq, əksəriyyəti yenə də məhsul istehsalı üçün lazım olan komponentlərin bir hissəsini xaricdən alır. Bu baxımdan istehsalın lokalizasiyası qiymət siyasətində həlledici rol oynayır. Nazir Mikayıl Cabbarov da bu kimi məsələləri yaxşı qiymətləndirə bildiyindən istehsal olunan məhsulların xammal zəncirinin daxili bazarda tədarükünün təşkilini təklif edir. Bu təbii haldır. Kim yerli istehsal məhsulunun daha ucuz olmasını, ümumiyyətlə bazarda ucuzlaşmanın yaranmasını istəməz ki?
AXCP-nin komitə sədri iddia edir ki, Azərbaycanda ÜDM-in adambaşına düşən həcmi göstəricisi isə 44% azalaraq 7594 dollardan 4272 dollara qədər azalıb.
İqtisadiyyatdan az-çox anlayışı olanlara məlumdur ki, hər bir ölkədə istehsal olunan mal və xidmətlərin illik toplam dəyər ifadəsi olan ümumi daxili məhsulu (ÜDM) həmin ölkənin milli hesablaşmalar sistemi, milli pul vahidi ilə ifadə edilir. Çünki həmin mal və xidmətlər xarici valyuta ilə deyil, milli valyuta ilə dəyər qazanır. Dünyada elə bir ölkə varmı ki, öz milli istehsalının dəyərini milli valyutası ilə deyil, başqa dövlətin valyutası ilə hesablasın? Təsəvvür edirsiniz, misal üçün, Yaponiya milli məhsul istehsalını Uruqvay pesosu, yaxud Hondurasın lempirası və ya ərəb dinarı ilə dəyərləndirsin? Almaniya milli istehsal balansını gürcü larisi, yaxud Çin yuanı ilə hesablayır? Azərbaycanda da milli hesablaşmalar sistemi mili valyuta ilə ölçüldüyündən istehsalın və digər iqtisadi-sosial göstəricilərin dəyər ifadəsi dollarla müəyyən edilə bilməz.
N.Əliyev işarə etdiyi adambaşına düşən 7594 dollar ÜDM dedikdə 2014-cü ildəki rəqəmi nəzərdə tutur və həmin vaxt 1 manat=dolar 0,78 AZN olduğundan hər nəfərə düşən milli məhsul 5920 AZN təşkil edirdi.
İndi nə alınır? Diqqət yetirsək görərik ki, son 6-7 ildə adambaşına düşən ÜDM nominal ifadədə hər il təxminən 700-800 manat artıb və 2021-ci ildə adambaşına düşən ÜDM 9269,3 manata bərabər olmuşdur. Yəni ÜDM 44 faiz azalmayıb, 55 faiz artıb. Bu isə 30 illik müstəqillik tarixində hər nəfərə düşən ən yüksək milli məhsulun dəyər ifadəsidir. (Mənbə)
AXCP-nin komissiya sədri nə yazıq ki, bu sadə və adi düsturu hesablaya bilmir.
Onu da nəzərə almaq gərəkdir ki, dünya ölkələrinin əksəriyyəti 2020-ci ildə ağır pandemiya nəticəsində azalmış iqtisadi artımı və milli məhsulun itirilmiş 10 milyard dollarla ölçülən dəyərini 2021-ci ildən 2 il əvvəlki, yəni artımla başa vurduqları 2019-cu il səviyyəsinə çatdıra bilməyibdir. Cəmi bir neçə ölkə ÜDM-in fiziki həcmini 2019-ci ildəki artım həddinə çatdırıb. Ancaq Azərbaycan iqtisadi aktivliyi daha sürətli bərpa edərək 2020-ci ildə itirdiyi 7,2 milyard manat dəyərində ümumi daxili məhsulun həcmini nəinki 2019-cu ildəki 81,6 milyard manat həddinə çatdırmağa nail oldu, hətta 11 milyard manat artıraraq 92 milyard 857,7 milyon manata yüksəltdi. Bu, 5,6 faiz artım olmaqla ÜDM istehsalının müstəqilik tarixinin son 30 ilində ən yüksək əlavə dəyər deməkdir. (Mənbə)
Yəni faktiki olaraq ÜDM-in həcmi 100 milyard manata yaxınlaşıb və 2022-ci ildə gözlənilən 5 faizlik artım proqnozu özünü doğrultuğu təqdirdə Azərbaycanda ÜDM istehsalı 101 milyard manatı da ötmüş olacaqdır.
Nəticə: AXCP-nin komissiya sədri həm faktları, konkret rəqəmləri açıq-aşkar təhrif edir, həm də heç bir əsası olmayan fərziyyələri ilə manipulyasiya etməklə, cəmiyyətdə süni ajoyaj yaratmağa çalışır.