İqtisadçı-hüquqşünas Əkrəm Həsənov Azərbaycanda rəqabət mühitinin vəziyyətini şərh edərkən bildirib ki, liberal və rəqabətli iqtisadiyyatın təmin edilməsində bir sıra problemlər mövcuddur. Mütəxəssis bunu Rəqabət Məcəlləsinin qəbul edilməməsi ilə əlaqələndirib.
Sitat: “Ümumiyyətlə, Rəqabət Məcəlləsi qəbul olunmalıdır, ancaq icrası mümkün olmayan müddəalardan ibarət olmamalıdır. Mənasız qanunlar qəbul edirlər və icra mexanizmi olmur, sonra da deyirlər ki, buna yerli şərait yoxdur. Əgər keyfiyyətli Rəqabət Məcəlləsi qəbul olunsa, orada rəqabət mühitinin pozulmasına görə sanksiyalar, məsuliyyət ciddi şəkildə əksini tapsa, bu halda əlbəttə ki, ölkədə rəqabət mühit güclənəcək. Sadəcə, yaxşı olardı ki, millət vəkili bildirərdi ki, hansı şərait yoxdur. Mən bilirəm ki, hansı şərait yoxdur”.
Əkrəm Həsənov həmçinin “Cebhe.info” xəbər saytına açıqlamasında onu da bildirib ki, ölkəmizdə “Antiinhisar fəaliyyəti haqqında”, “Rəqabət haqqında” Qanunlar olsa da sənədlər bərbaddır. Sitat: “Savadsız yazılıb, keyfiyyəti aşağıdır, mexanizmlər nəzərdə tutulmayıb. Rəqabət Məcəlləsi də bu şəkildə olsa, onda onun qəbul olunması ilə heç nə dəyişməyəcək. Azərbaycanda əsas problem ondadır ki, qanunvericilik fəaliyyətini tənzimləyən, koordinasiya edən bir elmi mərkəz yoxdur. Kim necə istəyir yazır, nə də elmə söykənir. Bazar iqtisadiyyatı 3 sütuna söykənir. Birincisi, ölkədə mülkiyyət hüququnun müdafiəsi, ikincisi öhdəliklərin icrası, üçüncüsü sağlam rəqabətdir. Bunlardan biri belə yoxdursa, heç bir iqtisadi inkişaf olmayacaq. Beş il öncə bundan əvvəl ölkə iqtisadiyyatının inkişafı ilə bağlı strateji xəritələr qəbul olunmuşdu. Onlar hanı, nə oldu? Heç biri icra olunmadı, heç bir xeyri olmadı. Çünki qanunlar işlməyən yerdə istənilən proqram, xəritə qəbul edə bilərsiz, ancaq gerçəkləşməyəcək, heç bir xeyri olmayacaq”.
Faktyoxla Lab. İqtisadçı-hüquqşünas Əkrəm Həsənov iddialarını araşdırıb. “Azərbaycanda rəqabət mühitinin vəziyyəti necədir?” “Ölkəmizdə azad rəqabət imkanları məhduddurmu?” suallarına aydınlıq gətirməyə çalışıb.
Mövcud vəziyyəti təhlil etdikdə Azərbaycanda kifayət qədər geniş biznes mühitinin, azad rəqabət meydanının mövcud olmasını görə bilərik. Son illərdə aparılan islahatlar sayəsində Azərbaycanda biznes subyektlərinin qeydə alınmasının asanlaşdırılması, lisenziyaların tamamilə ləğv edilməsi, vergi yoxlamalarının minimallaşdırılması, “bir pəncərə” sisteminin “ASAN Hökumət” sisteminə inteqrasiya olunması, haqsız rəqabətə səbəb olan halların aradan qaldırılması üçün liberal bazar mexanizmlərinin tətbiqi və digər tədbirlər rəqabətliliyin geniş təminatından xəbər verir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) biznes və azad rəqabət mühtinə dair dünya ölkələrinin vəziyyəti ilə bağlı apardığı iqtisadi araşdırma-təhlil hesabatından da aydın görünür ki, Azərbaycanda rəqabətin təmin edilməsi sahəsində institisional islahatlar və iqtisadi stimulların, qanunvericiliyin təkmilləşdirilməsinin, təşviqedici qərarların qəbul edilməsinin mühüm səmərələri olmuşdur. Mənbə: (www.oecd.org)
Hər bir ölkənin rəqabət mühitini müəyyən edən ən mühüm fundamental göstəricisi qlobal rəqabətlilik əmsalıdır. Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik Hesabatı-2019”da Azərbaycandakı rəqabət mühiti qiymətləndirilib və Azərbaycan əvvəlki hesabatla müqayisədə 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutubdur. (Mənbə: countryeconomy.com)
Qlobal Rəqabətlilik İndeksini müəyyən edən əksər istiqamətlərdə əldə edilmiş müsbət nəticələr birbaşa biznesə və rəqabət mühitinə hesablanmış islahatlarla bağlıdır. Hesabat 12 istiqaməti əks etdirməklə iqtisadi və sosial sferanın bütün sahələrini əhatə edir. İnstitutlar, infrastruktur, informasiya texnologiyaları, makroiqtisadi vəziyyət, səhiyyə, təhsil, istehlak məhsulları bazarı, əmək bazarı, maliyyə sistemi, bazar həcminin genişliyi, biznesin dinamikliyi və innovasiya kimi istiqamətləri özündə əks etdirir. Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqedə qərarlaşıb. (Mənbə: azranking.az )
Rəqabət mühitinin ən mühüm faktorlarından biri də ticarət və gömrük siyasətini özündə əks etdirən “əmtəə bazarı” göstəricisidir. Bu inikator ölkə daxili rəqabət və ticarət açıqlığını hesablayır. Göstəricinin hesablanma istiqamətləri bazarlarda inhisarçılıq və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik, qeyri-tarif tənzimləmə tədbirləri, ticarət tarifləri və sərhəd keçid məntəqələrində gömrük rəsmiləşdirilməsinin çevikliyindən ibarətdir. Azərbaycan “əmtəə bazarı” göstəricisi üzrə 14 pillə irəliləyərək yuxarıda göstərilən parametrlər üzrə yüksək bal əldə edib. Yaxud, rəqabətliliyi müəyyən edən digər mühüm göstəricilər - “biznesin dinamikliyi” və “innovasiya” üzrə də Azərbaycan müvafiq olaraq 8 və 3 pillə irəliləyib. Bu da onu təsdiq edir ki, sahibkarlıq risklərinin tənzimlənməsi, ölkə üzrə müflisləşmə, biznesə başlamaq üçün sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri, tədqiqat institutlarının sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında yüksək bal əldə etmiş reytinqə malikdir. Yalnız biznesin dinamikliyi üzrə Azərbaycan 141 ölkə arasında 31-ci mövqedə qərarlaşıb. (Mənbə)
Dünyanın nüfuzlu beyin mərkəzlərindən olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplayıb. Hesabata görə, Azərbaycan Avropa regionunda 45 ölkə arasında 23-cü yerdədir, onun ümumi balı regional orta göstəriciyə bərabər, dünya üzrə orta göstəricidən yüksəkdir. (Mənbə)
Qeyd edək ki, iqtisadi azadlıq siyasəti yüksək qiymətləndirilən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şəraitin mövcudluğu ilə fərqlənir. Belə əlverişli mühit iqtisadi artım və ictimai rifahın yüksəlməsinə əhəmiyyətli dəstək verən amil kimi çıxış edir. “İqtisadi Azadlıq İndeksi” investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.
Biznes mühitini qiymətləndirən ən önəmli hesabatlardan olan Dünya Bankının “Doing Business” hesabatında son illərdə ölkəmizdə reallaşan islahatlar vurğulanaraq, nümunəvi islahatlar kimi nəzərə alınır. Ötən ilin dekabr ayında isə Dünya Bankının Daxili Audit strukturları tərəfindən aparılmış müfəssəl diaqnostika nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatındakı mövqeyi daha da yaxşılaşıb. Məsələn, Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında 10 ən islahatçı ölkə sırasında yer alıb. Hesabatda ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 28-ci yerdə qərarlaşıb ki, bu da əksər postsovet, Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə ölkələrin mövqeyindən daha yaxşı göstəricidir. (Mənbə: doingbusiness.org)
Azad rəqabətin digər bir mühüm göstəricisi maliyyəyə çıxış və biznesin kredit resursları ilə təminatında ədalətliliyin təmin edilməsidir. Azərbaycanda aparılan islahatlar bu istiqamətdə də əhəmiyyətli müsbət dəyişikliklərin baş verməsinə səbəb olub. Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 30 iyun 2020-ci il tarixindən sahibkarların istifadəsinə verilib. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradıb. Kredit üçün müraciət sistemi sahibkar tərəfindən izlənə bilən rəqəmsal həllə söykənir. (Mənbə)
Rəqabətin səmərəlilyini müəyyən edən fundamental faktorlardan biri də xarici şirkətlərin fəaliyyətinin əlverişliliyidir. Münbit investisiya iqliminin nəticəsidir ki, son illərdə Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayı artmaqda davam edir. Məsələn, 2021-ci ötən 9 ayında 16.499 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Yəni aktiv biznes təmsilçilərinin artım nisbəti 8 faizdən çoxdur. Dövlət qeydiyyatına alınan xarici investisiyalı hüquqi şəxslərin 35,7%-i Türkiyə, 14,3%-i İran, 11,6%-i Gürcüstan, 5,4%-i Pakistan, 4,5%-i Çin, 3,6%-i Şri-Lanka və 2,7%-i Rusiya investisiyalı vergi ödəyiciləridir. (Mənbə)
Eyni zamanda, rəqabət və biznes azadlığının göstəricilərindən biri sahibkarların inam və etibar indeksini ölçən biznes sorğularıdır. “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının nəticələrinə diqqət etdikdə görə bilərik ki, xarici şirkətlərin ölkəmizdəki investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında rəyləri normaldır. Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən aparılmış həmin sorğunun iştirakçısı olan Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkətin nümayəndələrinin 68%-i Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Xarici şirkətlərin 57%-i Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər. (Mənbə)
Göründüyü kimi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməməsinə baxmayaraq, azad bazar və rəqabət imkanları üçün geniş meydan mövcuddur.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Rəqabət Məcəlləsinin qəbul edilməsində ən böyük iradəni məhz hökumət özü göstərməkdədir. Dövlət rəqabət mühitini təmin edən elə bir mükəmməl və təkmil sənəd qəbul etmək istəyir ki, burada ən qabaqcıl ölkələrin təcrübəsi ilə bağlı bütün detallar öz əksini tapsın. Ona görə də, neçə ildir ki, iqtisadi bloka aid olan və müvafiq hökumət komissiyası bu layihə üzərində geniş təfərrüatlı işlər aparır və çalışır ki, bu sənəddə ölkəmizin orta və uzunmüddətli iqtisadi artım şərtləri nəzərə alınsın. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, Rəqabət Məcəlləsinin üzərində işlər son tamamlanma mərhələsindədir və sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir. Bu isə onu deməyə əsas verir ki, Məcəllə yaxın vaxtlarda mütləq qəbul ediləcəkdir. (Mənbə)
Ə.Həsənov iddia edir ki, ölkədə normal məhkəmə sistemi də azad rəqabətə mane olur. Sitat: “Hansısa qanun pozulanda, vərtəndaş məhkəməyə müraciət etdikdə, məhkəmə onun haqqını tanısın. Bunun da olması üçün millət vəkilləri gərək normal, o cümlədən məhkəmə sisteminə aid qanunlar qəbul etsinlər. Deputatlar normal hakimlər təyin etməlidir. Xatırladım ki, Apellyasiya Məhkəmələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Milli Məclisin razılığı ilə təyin edilir. Gərək qanun qəbul edilsin ki, biz də məhkəməyə deyək, bu qanun tətbiq edilmir”.
Məlumdur ki, ölkəmizdə aparılan islahatların ən mühüm prioritetlərindən biri də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, ədalət hüququnun ən şəffaf qaydada təmin edilməsidir. Dövlət başçısının 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında fərmanına uyğun olaraq məhkəmə-hüquq sistemində müasir innovativ yanaşmaların tətbiqi, vətəndaşlarla iş mexanizminin yenidən formalaşdırılması barədə müvafiq qurumalara tapşırıqlar verilib. Həmin sənədin icrası istiqamətində konkret işlər görülüb, xüsusilə də biznesin maraqlarının qorunması məqsədilə ixtisaslaşmış yeni regional kommersiya məhkəmələri yaradılıbdır. 2020-ci ilin yanvar ayından Kommersiya məhkəmələri fəaliyyətə başlayıb və biznesin iddialarının təmin edilməsi üçün ən geniş hüquqi meydan və ədalət düsturu yaranıb. Artıq sahibkarlıq subyektləri məhkəməyə getmədən onlayn qaydada hansısa iqtisadi mübahisələrə dair öz iddialarını təqdim edirlər və ixtisaslaçmış bu məhkəmələrdə sahibkarların işinə baxılması prosesi ən şəffaf şəkildə aparılır. Bu məhkəmələr birbaşa Qərb ölkələrinin sahibkarlıq sektorunun mənafeyinin qorunması sahəsindəki təcrübəsini təmin edən mükəmməl model hesab edilir və bunu həmin sahə üzrə peşəkar mütəxəssislərin yanaşmalarından da görmıək mümkündür. (Mənbə)
İslahatlar çərçivəsində digər addımlar atılıb, xeyli müddətdir ki, “Elektron Məhkəmə” sistemi qurulub. Məhkəmə qərarlarınını açıqlığının təmin edilməsi məqsədilə bu qurumların “ASAN Hökumət” sisteminə inteqrasiya olunması nəzərdə tutulub. Ötən müddətdə 96 məhkəmə orqanının 21 növ xidməti “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edilib. (Mənbə)
Məhkəmə-hüquq sistemində aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Avropa Şurasının ədalət mühakiməsinə dair müsabiqəsində iştirak edən Azərbaycan “Məhkəmənin nəbzi: idarəetmədə inqilab” adlı layihədə uğur qazanıb, respublikamız məhkəmə sistemindəki nailiyyətlərinə görə “Ədliyyənin kristal tərəzisi” mükafatına layiq görülübdür. (Mənbə)
Dünya Bankının “Doing Business 2020” hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub. (Mənbə)
Göründüyü kimi Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməməsinə baxmayaraq, azad bazar və rəqabət imkanları üçün geniş meydan mövcuddur. Rəqabət Məcəlləsinin qəbul edilməsində ən böyük iradəni məhz hökumət özü göstərməkdədir. Dövlət rəqabət mühitini təmin edən elə bir mükəmməl və təkmil sənəd qəbul etmək istəyir ki, burada ən qabaqcıl ölkələrin təcrübəsi ilə bağlı bütün detallar öz əksini tapsın. Ölkəmizdə biznesin maraqlarını qoruyan, azad rəqabətlə bağlı meydana çıxan mübahisələrin ədalətli həllini təmin edən iqtisadi məhkəmə sistemi qurulmaqdadır.
Nəticə: Ə.Həsənovun bu barədə iddiaları populizm göstəriciləridir və faktlara əsaslanmır.