İran və Ermənistan arasında münasibətlərin hansı dərəcədə olması hər kəsə bəllidir. 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlayan və Qarabağ bölgəsini terrorçuların yuvasına çevirən kasıb və iqtisadi imkanları hədsiz dərəcədə zəif olan Ermənistanın ayaq üstündə dayanmasında İranın əvəzsiz xidmətləri olub. İran İslam Respublikasının tanınmış “İRİB News” Agentliyinin Beynəlxalq Xidmətinin İrəvan müxbiri Corc İbrahimi bu mövzuda apardığı araşdırma yazısında qeyd edir ki, Ermənistan keçmiş Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra onun İranla əlaqələri siyasi, iqtisadi və mədəni baxımdan genişləndi və nəticədə İrəvanın sosial-iqtisadi həyatı İranın sayəsində nizamlandı. İran hökumətinin xüsusi diqqəti sayəsində Ermənistanın iqtisadiyyatı iranlı iş adamları üçün geniş meydana çevrildi. Sitat: “Ermənistanda İran şirkətlərinin, elə də müştərək müəssisələrin sayı sürətlə artdı. İqtisadi İnkişaf Nazirliyinin rəsmi məlumatlarında Ermənistanda İran kapitallı 5300 şirkət fəaliyyət göstərdiyi bildirilir ki, bu da Ermənistanda qeydiyyatdan keçmiş xarici şirkətlərin 36,6%-ni təşkil edir. Ermənistandakı İran şirkətləri və ya iki ölkə arasında müştərək müəssisələr əsasən tikinti, ticarət, turizm, nəqliyyat, tekstil, mühəndislik və kənd təsərrüfatı xidmətləri sahələrində fəaliyyət göstərirlər. Lakin Türkiyə ilə Ermənistan arasında yaranan siyasi problemlərdən sonra, ötən ildən Türkiyə istehsalı olan malların idxalına qadağa qoyub. Bu öz növbəsində da ixrac malları ilə İran şirkətilərinin Ermənistandakı fəaliyyətinin genişləndirməsinə səbəb olub”. (Mənbə)

Faktyoxla Lab. “İRİB News” Agentliyinin Beynəlxalq Xidmətinin İrəvan müxbiri Corc İbrahiminin iddialarını araşdırıb.

Ermənistanla İran arasında münasibətlər müstəqilliyin ilk günlərindən 1991-ci il dekabrın 25-də İran İslam Respublikasının Ermənistanın müstəqilliyini rəsmən tanıdığı vaxtdan qurulub. Keçmiş sovet hökumətinin dotasiyaları hesabına yaşamağa öyrəşmiş Ermənistanın müstəqil ölkə kimi özünü təmin etməyə iqtisadi resursları olmadığından Tehran ilk gündən ermənilər üçün “çörək ağacı” olub. Demək olar ki, ermənilərin ərzaq və qida, yanacaq, enerji, məişət və geyimlə təmin olunmasının böyük hissəsini İran öz üzərinə götürüb, dəstəyini əsirgəməyib.

Ermənistanın iqtisadi tədqiqat mərkəzlərinin nümayəndələri açıq etiraf edirlər ki, sovetlər dağılandan sonra ağır böhran illərində Ermənistana İrandan ilk növbədə zəruri mallar gətirilirdi ki, bu da əhalinin aclığının qarşısını alırdı. Ermənistan bazarına ilk daxil olan ölkə İran idi. Ərzaqla yanaşı, yuyucu tozlardan tutmuş geniş çeşiddə məişət kimyası, lak və boyaların istehsalı üçün xammala həmişə böyük tələbat olub. (Mənbə)

1992-2018-ci illər ərzində Ermənistanla İran arasında 180-dən çox iqtisadi sənəd imzalanıb ki, onun da böyük bir hissəsi məhz İranın rahatlıqla öz ticarətini qurmasını ehtiva edir. 1996-cı ildə İranı Ermənistanla birləşdirən Araz çayı üzərində körpünün tikintisi, 2005-ci ildə Puşkin aşırımında istilik elektrik stansiyalarının, 2007-ci ilin oktyabrında Mehri-Şvanidzor-Tsav-Daravan yolunun tikintisi İranın maliyyəsi ilə baş tutub. Sanksiyaların tətbiq olunmadığı həmin dövrlərdə neft-qaz satışından yaxşı valyuta qazanana İran həmin pulların bir hissəsini səxavətlə ermənilərə xərcləyir, işıq, qazı az qala havayı verirdi. Hətta Azərbaycanın işğal olunmuş əraziləri- Hadrut, Qırmızı Bazar, Xocavəndin bir çox yaşayış sahələri İran qazı ilə təmin olunurdu. İran iqtisadi icması Ermənistanda sonsuz səlahiyyətlərə malik olub, elə indi də mövcuddur.

Ermənistan İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin təqdim etdiyi məlumatlara görə, 2019-cu il yanvarın 1-nə Ermənistanda İran kapitallı 5301 şirkət, əsasən də fərdi sahibkarlar qeydiyyatdan keçib: bu rəqəm qeydiyyatdan keçmiş xarici şirkətlərin ümumi sayının 36,6%-ni təşkil edir. Ermənistanda. Ermənistanda İran kapitalı olan iri şirkətlər İT, emal sənayesi, tikinti və daşınmaz əmlak, ticarət, kənd təsərrüfatı, turizm və nəqliyyat sahələrini təmsil edir. (Mənbə)

Ermənistan digər ölkələrlə münasibətdə İranla gömrük rejimini asanlaşdırmaqla ərzaq mallarının böyük axınını təmin edib. Erməni bazarının böyük bir hissəsi uzun illərdir ki, İranın kartof, pomidor, kələm, xiyar, alma, tomat pastası, alma şirəsi, süd və süd məhsulları, çərəz və digər məhsullarından asılı vəziyyətdədir. Sənaye məhsullarının siyahısında isə dərmanlar, akkumulyatorlar, geyim, kimyəvi maddələr, yuyucu tozlar xüsusi yer tutur. Eyni zamanda, sanksiyalardan sonra ərzaq qıtlığı yaşayan İran ermənilərin mal əti, mineral su, digər qazlı içkilər, şokolad, kakao malları ixracı üçün imkanlar açılıb. (Mənbə)

Hətta İran beynəlxalq sanksiyaların ilk dövründə (2007-2012-ci illərdə) Ermənistanda bank fəaliyyətini genişləndirərək bir neçə erməni bankında öz kapitalını yerləşdirməyi təmin edib. Ermənistanın “ACBA Credit Agricole Bank”ının nizamnamə kapitalında kifayət qədər pay əldə edən İranlı bankirlər bu yolla Ermənistan iqtisadiyyatını maliyyələşdiriblər. Hərçənd ACBA-nın icraçı direktoru Stepan Qişyan bu əməkdaşlığı təkzib etsə də, BMT-nin ekspertləri, eləcə də Qərb diplomatları sözügedən bankın İranla əlaqəsi olduğunu təsdiqləyib.

İranın Mellat Bankının Ermənistan filialı isə aşıq-aşkar ağır sanksiyalara, Qərbin xəbərdarlıqlarına məhəl qoymayaraq, çirkli biznesin geniş vüsət aldığı sahələrdən tutmuş qeyri-leqal silah biznesinə qədər maliyyələşmə aparıb. Hətta Ermənistan Mərkəzi Bankının maliyyə kəşfiyyatı departamentinin rəis müavini Arakel Meliksetyan da İran bankının ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbindən fəaliyyətini azaltsa belə İrəvanda bir çox sahələrə kapital qoymasını etiraf edib.  İran İxrac Bankı da öz fəallığı ilə digər banklardan geri qalmayıb. Bu bank İran-Ermənistan yüksək gərginlikli elektrik verilişi xəttində tikinti işlərini maliyyələşdirməklə qaranlqıda qalan erməni regionlarını xilas edib. (Mənbə)

2000-ci ilinin əvvəllərinə qədər Ermənistanda energetika, mədən sənayesi kompleksini, dəmir yollarını inhisarına alımış Rusiyadan sonra yerdə qalan bərbad iqtisadi resursları hərəkətə gətirmək üçün İran canfəşanlıqla səylərini artırıb. Bu sırada maliyyə qaynağı olan İran banklarına da geniş səlahiyyətlər verilib, hətta erməni banklarının görmədiyi monetar güzəştləri İran Bankları əldə edə bilib.

 
İran regionda bütün layihələrdən kənarda qalmış və dalana dirənmiş Ermənistan üçün nəfəslik rolunu oynamış və hətta erməni şirkətlərinin xarici bazarlara çıxışı üçün əlindən gələni edib. Tehranda təşkil edilən sərgi-konfranslarda da erməni şirkətlərinin stendlərini xüsusi zövqlə irəli çəkib, iş adamlarına təqdim etməkdə də məqsəd erməni mallarını satışını təşviq etməkdən ibarət olub. Məsələ ondadır ki, Ermənistan şirkətlərinə məxsus alkoqollu içkilər, donuz ətindən hazırlanmış qida malları Tehran sərgilərində iri reklam lövhələrində yerləşdirilib. Məsələn, Tehranda keçirilən “Armenia Expo 2016” sərgisində təmsil edilən 70-dən çox erməni şirkətinin təxminən 10-u məhz həmin “haram məhsulları” nümayiş etdirib. Halbuki İslam respublikasında dövlət səviyyəsində bu cür malların istehlakı və təşviqi birməanlı şəkildə qadağan  edilib. (Mənbə)


Maraqlıdır ki, Qərbin ağır sanksiyalar tətəbiq etdiyi, anti-demokrtaik rejim kimi tanıdığı və siyasi-iqtisadi əlaqələrdən imtina etdiyi İranla münasibətlər özünü Qərbyönümlü və demokratik reformator kimi təqdim etməyə çalışan Paşinyanın hakimiyyətə gəlməsindən sonra daha da hərarətlənib. Nikol hökuməti Qərbin iradəsinin əleyhinə çıxaraq sanksiyalaşdırılmış və iqtisadi blokadaya alınmış İranı ən yaxın strateji müttəfiqi kimi irəliyə çıxardı. Erməni iqtisadçıları da bildirirlər ki, Qərb İranla təmasa mane olsa belə, artıq buna qarşı vərdiş və üsullar formalaşıb. Ermənistan sanksiyalara baxmayaraq, özünəməxsus kanalları işə salıb. Hətta hökumət daxilində də deyirlər ki, sanksiyaların bizə aiddiyyatı yoxdur. Xüsusilə də bank fəaliyyəti növlərinə praktiki olaraq heç bir qadağa qoyulmayıb. (Mənbə)

Paşinyanın 2018-ci ilin sentyabrında Nyu-Yorkda Həsən Ruhani ilə görüşdə iqtisadi sədəqə dilənərək tənəzzül keçirən sənaye sahələrinə sərmayə qoymalarını xahiş etməsi də dolayısı ilə Qərbin iradəsinə qarşı adımlar hesab edilə bilər. Sonrakı danışıqlarda da tərəflər maneəsiz ticarəti böyüdəcəklərini bəyan etdilər və İran və Ermənistan qarşılıqlı ticarətin həcmini 400 milyon dollardan 1 milyard dollara çatdırmaq barədə razılığa gəldi. İranın İqtisadiyyat naziri Fərhad Dejpasand bildirib ki, 2021-ci ilin yarısında  Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 224 milyon dollar təşkil edib. 2020-ci ilin birinci yarısında (yanvar-iyun) Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 177 milyon dollar təşkil edib (26,6% artım). İlin sonuna dövriyyənin 450 milyon dolları aşacağı gözlənilir. Nikol Paşinyanın İran prezidenti İbrahim Rayislə avqustun 5-də görüşü zamanı dövriyyənin 2 dəfə artırılması üçün özünün qardaş ölkəsi hesab etdiyi İrandan daha böyük iqtisadi stimullar gözlədiyini bildirib. (Mənbə


Ermənistan və İran 2021-ci ilin may ayında nəqliyyat və tranzit yükdaşımaları sahəsində memorandum imzalayıb və sənəd İranın Ermənistanda sənaye qəsəbəsinin salınması, logistika infrastrukturunun təkmilləşdirilməsi, yüklərin daşınması prosedurlarının sadələşdirilməsi və tənzimlənməsi, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər, o cümlədən tarifləri aşağı salınmasını nəzərdə tutur. (Mənbə)
İranın Ermənistandakı səfiri Abbas Zoxuri iki ölkə arasında ticarət dövriyyəsinin artdığını deyib və əmin edib ki, sərmayələrin artırılması üçün İran-Ermənistan sərhədində azad iqtisadi zonalarının imkanlarından istifadə edilməsini zəruri hesab edib.
Hazırda Ermənistanla bir sıra sahələrdə birgə müəssisələr açmaqda maraqlı olan İran tikinti, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, zərgərlik, avtomobillər üçün elektrik akkumulyatorlarının istehsalı üçün yollar arayır. (Mənbə). Bu isə ona işarə edir ki, Tehranın bölgədə ticarət daşınmaları tranzitləri üzərində “inhisarını” möhkəmləndirmək və Ermənistan ərazisini özünün siyasi-iqtisadi maraqları naminə nəzarətdə saxlamaq məqsədi güdür. Hər bir çirkli və ədalətsiz biznesin çiçəklənmə dövrü olduğu kimi tənəzzül dövrü də olar, bu, iqtisadi oyun qaydalarının şərtidir. İndiyə qədər ögey Ermənistana özünün doğma qardaşı kimi yardımlarını əsirgəməyən İran indi özü çətin dövrlər yaşadığından qardaş payını da azaldıb. İranın hazırda yaşadğı ağır iqtisadi sıxıntılar Ermənistanın da iqtisadi vəziyyətini pisləşdirməkdədir. İrana tətbiq edilən sanksiyalar səbəbindən iqtisadi böhranın başlanması və ölkənin maliyyə rezervlərinin azalması Ermənistanda həyata keçirilməsi nəzərdə tutulan layihələrin maliyyələşdirilməsini, eyni zamanda sərmayə planlarını da təxirə salıb. Əvvəlki illərdə erməni iqtisadiyyatına sərmayə qoymaqda canfəşanlıq edən İran şirkətləri artıq son 2 ildə ümumiyyətlə pul sıxıntısı ilə üzləşiblər. Məsələn, Ermənistana xarici investisiyalar 2021-ci ilin birinci yarısında cəmi 285 milyon dollar təşkil edib ki, onun da əsas hissəsi Çin və Rusiya sərmayələri təşkil edib. İran sərmayələri cəmi bir neçə milyon dollar civarındadır. (Mənbə)

İran şirkətləri digər layihələrdə də maliyyə qıtlığı yaşadığından fəaliyyətini dondurmaq məcburiyyətində qalmaqdadır. Ermənistan hökumətinin “iqtisadiyyatda yeni nəfəs” adlandıraraq səbirsizliklə gözlədiyi “Armoil” neft emalı zavodunun aylardır ki, yubanması isə Paşinyan kabinetini əməlli-başlı məyus edib. Hələ 2015-ci ildə təməli qoyulan bu müəssisənin 2021-ci ilin iyun ayında təmtəraqla açılışına hazırlaşdığı Ermənistan ictimaiyyəti çox keçmədi ki, məyus oldu, İranın ən iri layihələrindən biri gerçəkləşmədi. Neft-kimya zavodu maşın yağı və bitum istehsalını nəzərdə tutan zavodun tikintisi hələ 2019-cu ildə başa çatıb, lakin bir sıra problemlərə görə istehsala başlaya bilmir. “Armoil” QSC-nin baş direktoru Alfred Abedi “Armİnfo”-ya müsahibəsində bildirib ki, Paşinyan hökuməti də sanki çarəsiz qalıb. Ermənistanın Ekologiya Nazirliyinin Yerin təkinin yoxlanılması üzrə işçi qrupunun zavodun ətraf mühitə ağır zərbə vuracağına dair rəyindən sonra hər şey bərbad oldu. Hökumət ekspertiza rəyinin həqiqəti əks etdirmədiyini və zavodun investorlarını şirnikləndirmək üçün bir sıra vədlər versə də donmuş nöqtədən tərpəniş olmayıb. Hətta avqust ayında Ermənistan hökuməti “Armoil” QSC-yə vergi və gömrük güzəştlərinin verilməsi barədə qərar qəbul edib. Nikol Paşinyan “Armoil” QSC-nin iqtisadi fəaliyyətini öyrənmək üçün idarələrarası işçi qrupu yaradıb. Lakin ekoloqlar və QHT-lərin təşviqatından sonra həmin ərazinin sakinləri də müəssisənin bağlanması ilə bağlı kampaniyaya qoşulub ki, bu da vəziyyəti daha da pisləşdirib. (Mənbə)

Ermənistan gözləyirdi ki, istehsal gücü ildə 15 min ton maşın yağı və 5 min ton bitum təşkil edən zavodun məhsulu xarici bazarlara çıxacaq və Asiya, Avropa bazarlarından valyuta axacaq. Hətta Paşinyan sevinclə bildirmişdi ki, “Armoil” zavodunun işə düşməsi İranla ticarət dövriyyəsini iki dəfə artırmağa imkan verəcək. Ancaq böyük arxayınlıqla gözlədiyi bu investisiya layihəsinin reallaşacağına olan ümidlər isə tamam itib. Hətta layihənin investoru, erməni əsilli iranlı iş adamı, İran, BƏƏ və digər ölkələrdə neft emalı zavodları olan Henrix Der Qukasyan da “Armoli” zavodunun tikintisi üçün xərclədiyi 23 milyon dollardan çox pulun batdığını etiraf edib. Ekoloji problemlər, xaricdəki yaşıllar partiyasının təzyiqləri və digər amillər səbəbindən zavodu işə salmağın mümkün olmadığını etiraf edən D.Qukasyan sərmayəsinin boşa çıxmasından təəssüflənərək zavodun açılmayacağına da işarə edib: “Erməni olduğum üçün vətənimdə əlimdən gələni etdim, amma təəssüf ki, alınmadı və indi başa düşürəm ki, alınmamalı idi”. (Mənbə)