ABŞ-ın Apellyasiya məhkəməsi Türkiyə bankı “Xalqbank”ın İrana yardım etmək və ABŞ sanksiyalarından yayınmaq ittihamı ilə mühakimə oluna biləcəyini bildirib. ABŞ Dairə Apellyasiya Məhkəməsi həmçinin bildirib ki, Xarici Suveren Toxunulmazlıq Qanunun tələbləri bankı bu ittihamlardan qorusa da, həmin banka qarşı irəli sürülənlər biznes istisnasına aiddir. Məhkəmənin ittihamında vurğulanır ki, “Banka qarşı ittihamlar kommersiya fəaliyyəti istisnası dairəsinə aiddir”. İddiaya görə, “Xalqbank”ın neft gəlirlərini qızıla, sonra isə İran adından nağd pula çevirməkdə və neft gəlirlərinin köçürülməsinə haqq qazandırmaq üçün saxta ərzaq tədarüklərini sənədləşdirməkdə ittiham ediblər. Prokurorlar həmçinin bildiriblər ki, bank İrana gizli şəkildə 20 milyard dollar köçürməyə kömək edib. (Mənbə)

Əslində ABŞ Məhkəməsinin “Xalqbank”a qarşı iddiası 2012-2016-cı illərdəki maliyyə əməliyyatlarını nəzərdə tutur, həmin dövrdə Qərbin İrana qarşı ilk sanksiya paketi tətbiq edilirdi.

Faktyoxla Lab. İranla aramsız maliyyə xidmətləri,  ticari sövdələşmələr aparan, bank əməliyyatları həyata keçirən Ermənistan banklarının mövcudluğunu, habelə İranın bir nömrəli ticarət tərəfdaşı olan Ermənistanın ticarət, maliyyə, bank qurumlarının sanksiyalarının ilk və sonrakı mərhələsində beynəlxalq maliyyə monitorinqinə cəlb edilib-edilmədiyini araşdırıb.  


Ümumiyyətlə, maraq və şübhə doğuran bir  gerçəklik var, hər il müxtəlif dövlətlərin maliyyə-bank sistemi haqqında dəyərləndirmələr aparan Avropa Şurasının Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və yaxud İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), eləcə də beynəlxaql bank icması Ermənistanın bank və qeyri-bank təşkilatlarının pul əməliyyatlarını niyə dərindən tədqiq etməyib?

Axı, Ermənistanda ən iri banklardan biri İran kapitalı əsasında işləyən, nizamnamə kapitalı Tehranın dini-biznes icmasına məxsus “Mellat Bank” 25 ilə yaxındır ki, bu ölkənin bank bazarında hegemonluq edir. 1995-ci ildən Ermənistanda fəaliyyətə başlayan bankın ən ali səviyyədə İran hakimiyyəti tərəfindən (Seyid Musəvi Xomeyni) dəstəkləndiyi məlumdur. 

Bu barədə bir qədər sonra daha detallı fikir yürüdəcəyik. İlk olaraq, İrana qarşı sanksiyalar paketinin nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyə çalışaq.

Məlum olduğu kimi İrana qarşı Qərb tərəfindən 2 sanksiya zərfi qəbul edilib. İlk dəfə 2007-ci ildə BMT çərçivəsində tətbiq olunan sanksiyalar İranın neft, qızıl və sənaye məhsullarının alışına qadağalarla yanaşı, maliyyə-bank sektorlarında da məhdudiyyətləri nəzərdə tuturdu. 

ABŞ və Avropa Birliyi isə Tehrana qarşı daha sərt məhdudiyyətlər tətbiq edərək 10-larla bank və digər firmaları sanksiyaya məruz qoydu.  

2015-ci ildə İran ilə BMT Təhlükəsizlik Şurasının arasında Tehranın nüvə fəaliyyətlərinin tənzimlənməsi və nəzarəti altında olan saziş imzalanmışdı. İran həmin sazişin şərtlərini yerinə yetrimədiyinə görə, keçmiş ABŞ presidenti Donald Tramp tərəfindən rəsmi Vaşinqton 2018-ci il mayın 8-də birtərəfli qaydada sazişdən çıxaraq İrana qarşı sanksiyaların bərpasına dair bəyanala çıxış etdi. 2018-ci il avqustun əvvəlində qüvvəyə minən yeni sanksiyalar sənədi İranın beynəlxalq neft ixracına və sənaye məhsullarnın ixracına məhdudiyyətin tətbiqini nəzərdə tutdu. Bu qərara müxtəlif müddəalar üzrə qoşulan Avropa İttifaqı ölkələri Yenilənmiş Bloklama Nizamnaməsinin həyata keçirilməsi çərçivəsində İranın nüvə ilə bağlı öhdəliklərinə hörmət etdiyi müddətdə əməkdaşlığa sadiq qalacağını bildirdi. İran bu öhdəliklərə əməl etmədiyi təqdirdə Aİ-nin beynəlxalq ticarəti məhdudlaşdırmaq yönündə addımlar atacağı bəyan edildi


Avropa Birliyi İranın konstruktiv mövqe nümayiş etdirmədiyini nəzərə alaraq 2019-cu ilin əvvəllərində İrana qarşı sanksiyalarla bağlı ABŞ-ın qərarına qoşuldu.

Beləliklə, ağır sanksiyalar rejimində İran-Ermənistan iqtisadi əlaqələri bir çox region ölkələri ilə aparılan iqtisadi-ticari münasibətlərdən fərqli olaraq daha da genişlənmiş, beynəlxalq sanksiyalardan irəli gələn bir sıra sövdələşmələrin məhdudlaşdırılmasını zəruri etsə də, bu tələblərə məhəl qoyulmayıb.

İran və Ermənistan faktiki olaraq hər 2 sanksiya dönəmində maliyyə əməliyyatlarında xüsusi fəallıq nümayiş etdirib. ABŞ-ın sanksiyalarının birinci mərhələsində M.Əhmədinejadın hakimiyyəti dövründə banklar erməni biznes qrupları ilə sıx əlaqələrdə olub. Dünyanın ən nüfuzlu media orqanlarından olan “Reuters” 2012-ci ilin avqust ayında dərc etdiyi yazıda qeyd edirdi ki, İran bank sanksiyalarından yan keçmək üçün Ermənistana üz tutb.

İran hələ 2010-cu ildən qeyri-leqal pul vəsaitlərini yerləşdirmək üçün Ermənistanda bank fəaliyyətini genişləndirməyə çalışıb. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan həmkarı Mahmud Əhmədinejadla bu barədə asanca anlaşıblar. “Reuters” qeyd edir ki, beynəlxalq təcridin gücləndiyi və İranın bankçılıq sektorunun bütün dünyada təftiş edildiyi vaxtlarda Ermənistana səmtlənməsi ciddi suallar yaradır. Ermənistan rəsmiləri İranla qeyri-qanuni bank əlaqələrini təkzib edirdi, ancaq əlaqələrin davamı azmış kmi İrəvan İranla yeni maliyyə institutlarını açırdı. Həmin dövrlərdə 574 milyon dollar aktivi olan erməni bankı “ACBA Credit Agricole Bank” İranla ortaqlıq edib. 

Qərb dövlətlərini uzun müddət narahat edən digər bir Bank İranın İrəvandakı filialı kimi fəaliyyət göstərən “Bank Mellat İran” (“Bank Mellat”) olub. BMT Təhlükəsizlik Şurasının sanksiyalar paketində problemli maliyyə strukturu kimi göstərilən “Bank Mellat” ın terrorizmə və çirkli pulların dövriyyəsinə dəstək verməsi barədə hətta BMT-nin qətnaməsində də fikirlər yer alıb. Bu bankın ən aktiv maliyyə portfellərinin Ermənistan və Suriyada formalaşması həqiqətən də çox ciddi siqnallar verir. Hər iki ölkənin qanunsuz silah ticarəti və terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulmasında geniş poliqona çevrilməsi heç kimə sirr deyil. Məhz bu baxımdan BMT Qətnaməsində deyilir ki, son yeddi il ərzində “Bank Mellat” İranın nüvə, raket və müdafiə müəssisələri üçün yüz milyonlarla dollarlıq əməliyyatları gerçəkləşdirib.

Ermənistan Mərkəzi Bankının nümayəndəsi Meliksetyan çəkinmədən bildirib ki, “Bank Mellat”ın ABŞ, Avropa və digər maliyyə bazarları ilə əlaqəsi kəsilib və digər erməni bankları ilə praktiki olaraq heç bir işi yoxdur. Guya bankın “SWIFT” sistemindən ayrıldığı üçün pul köçürmələri dayanıb, maliyyələşmə apara bilmir. Ancaq “SWIFT” ödəmə sisteminə baxdıqda, “Bank Mellat”ın əvvəlki tək bütün maliyyə əməliyyatlarına açıq olduğunu görmək mümkündür. 

Erməni mediası da etiraf edir ki, Tehranın Qərb ölkələrindən beynəlxalq təcridinin artdığı bir vaxtda bir çox pulköçürmə əməliyyatlarını Ermənistanın “ACBA Credit Agricole Bank”ı “Mellat İran”ın Ermənistan filialının flaqmanları olubdur. Maraqlıdır ki, Vaşinqton 2012-ci ildə dünya hökümətlərinə açıq şəkildə bəyan edirdi ki, ABŞ tərəfindən sanksiya tətbiq edilən İran firmaları ilə ticarət quran ölkələr onun “qara siyahısı”na düşə bilər. Beynəlxalq iqtisadi cinayət hallarına yol verildiyi halda, “ACBA Bank”ın və “Bank Mellat”ın yerləşdiyi İrəvan hökuməti niyə diqqətdən kənarda qaldı?

Bu mövzuda diqqətçəkən digər bir məqam isə erməni biznesini həmin illərdə əllərində cəmləşdirən korrupsiner Serj Sarkisyan və yaxın ətrafının bu “çiçəklənən biznes”ində “Mellat İran”ın da həvəslə rol almasıdır. “Arsax” Elektrik stansiyasına sərmayə qoyan bu bank bu cür layihələrlə Qarabağa da “maliyyə yardımları” edib. 

 Etibarlı mənbələr və kəşfiyyat məlumatları tərəfindən bankın dəfələrlə Xankəndindəki separatçı rejimə gizli pul köçürmələr barədə açıqlamalar da bunu təsdiq edir. Bu baxımdan, “Mellat İran”ın Qarabağda terrorizmi maliyyələşdirməsinə heç bir şübhə qalmır. Sözügedən bank həm İrəvanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində çirkli pulların yuyulması sxemini qururaq, terrorizmə və qanunsuz silah biznesinə maliyyə ayırmaları ilə məşğul olub.

İrandan idarə edilən bu “biznes” layihələri əsasında ərzaq və məişət malları kimi aktlaşdırılan məhsullar əslində mənşəyi şübhə doğuran təhlükəli malar olub, İrandan gələn həmin malların etiketi dəyişdirilərək sənaye məhsulu adı altında Rusiya və Avropa bazarlarında Ermənistan malı kimi satılıb. Bu prosesdə maliyyə vasitəçisi “Mellat Bank” və “Markel” QSC olub. Hazırda ABŞ tərəfindən həmin təşkilatların qara siyahıya salındığına dair məlumatlar var. 


İranın Azərbaycanın işğal edilmiş ərazilərindəki təbii sərvətlərin istismarı və dünya bazarına çıxarılması barəsində neçə illədir məlumatlar səngiməyir və Tehran hakimiyyəti bu faktları inkar etməyib. İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların qızıl, civə, obsidian, oniks, pefirtoid, listvenit mişar daşı, üzlük daşı, gil, pemza, əqiq, mişar daşı, soda üçün əhəng daşı, molibden, mərmər, qranit, kirəc, tulus tuf, xalsedon, sink, mis,və digər təbii sərvətləri, mebel sənayesi üçün tələb olunan xammal İranın üzərindən satılması və bunun qarşılığında qondarma Dağlıq Qarabağın büdcəsinin maliyyələşdirilməsi kimsəyə sirr deyil.

Məsələ ondadır ki, İrəvan və Tehran erməni lobbisinin maliyyə dəstəyi ilə Qarabağa ünvanlanan pulları da ermənilərin sosial yaşayışı adı altında silah biznesinə yönləndirib. Bu əməliyyatlar “İran Mellat Bankı”nın İrəvan şöbəsinin rəhbəri Seyid Qulamreza Musavini birbaşa xeyir-duası ilə aparılıb. Və Bankın qondarma rejimə maliyyə yardımlarını dilindən qaçırdığına görə, İrəvan filialının şöbə müdiri Hraçya Ovanisyan “bank sirrini yaydığına” görə cinayət məsuliyyətinə cəlb edilib. 

2004-cü ildə ABŞ-ın Maliyyə Mazirliyinin İranla bağlı hazırlanmış xüsusi hesabatında qeyd olunurdu ki, Tehran rejimi neft-qaz və digər iqtisadi resurslarından əldə etdiyi gəlirlərin böyük hissəsini Yaxın Şərq ölkələrində “İran İslam İnqilabı” ideyalarının həyata keçirilməsi məqsədlərinə yönəldir. Əslində bu niyyətlərin arxasında terror şəbəkələrinə silah və maliyyə dəstəyi dayanır.  


Tehran rejimi beynəlxalq iqtisadi sanksiyalarla üz-üzə qaldığı bütün dövrlərdə İrana məxsus maliyyə sektorunun leqallaşdırılması istiqamətində İrəvandakı bank sektoru öndə dayanıb. AKBA-Kredit Aqrikol, Anelik Bank, Ararat Bank, ArdşinBank, ArmebiznesBank, ArmSvisBank, Biblos Bank, İnekBank, KonversBank, Mellat Bank, PanarmenianBank, Promotey Bank, Rietumu Bank və digər banklar "çirkli pullar”ın və "embarqo”ya məruz qalmış maliyyə vəsaitlərinin leqal status qazanması üçün gərgin rəqabət aparırlar. Onu da nəzərə alsaq ki, Dağlıq Qarabağda yüzə yaxın İran şirkəti qanunsuz olaraq fəaliyyət göstərib və onların apardıqları maliyyə əməliyyatları birbaşa erməni bankları və müştərək bank qurumları tərəfindən həyata keçirilib. İranın Qarabağın sərvətlərini talan edən “Mona Qrup”, “Kankar”, “Süleymani”, “Arya Filiz Nab”, “Araz Mühacir Ticarət”, “Aftab”, “Arazfud”, “Pəyan-e Saderat”, “Firuznejat”, “Kaimifa”, “Armen”, “Kraun”, “AMO Kimya”, “Səba Saha”, “Petrocəm”, “Derəxşan”, “Şahsuvari”, “Elivoud”, “Tirkaran”, “Şadan”, “Sunesar”, “Növcavan qardaşları”, “Şahinans”, “Roberto”, “Paknam”, “Trakliyan”, “Zakeri”, “Alfapetrolium”, “Edko” və digər onlarla şirkəti (onların sırasında ermənilərlə müştərək müəssisələr daha çoxdur) Qarabağda “işlədiyi” dövrdə ticari gəlirlərdən əldə edilən pul köçürmələrini Ermənistan bankları vasitəsilə həyata keçiriblər. Bütün bunların hər bir detalı ayrı-ayrılıqda beynəlxalq iqtisadi cinayətkarlıq halları deməkdir.

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti 2012-ci ilin mart ayında bəyan edirdi ki, İranın sanksiyalar səbəbindən (birinci sanksiya paketi nəzərdə tutulur) qlobal banklararası məlumatötürmə sistemi ilə əlaqəsi kəsiləcək. Beynəlxaql ödəniş sistemi olan “SWIFT” şəbəkəsi Qərbin maliyyə sanksiyalarına məruz qalan İran banklarının bağlanması ilə bağlı Aİ direktivlərinə əməl etməyə hazır olduğunu açıqlamış, bu sistemə qoşulmuş xarici ölkə banklarının Aİ qaydalarına əməl etməyə borclu olduğunu xəbərdar etmişdi. Reallıq isə göstərir ki, Ermənistandakı banklar İranla maliyyə əməliyatlarını davam etdirmişdir

Beləliklə, Xankəndindəki banklara köçürülən pullar silah və narkotik biznesinə yönəldilib. Bu cür göz önündə olan aşkar çirkli pulların yuyulduğu və silah qaçaqmalçılığının maliyyələşdirilməsinə, terrorizmə maliyyə dəstəyinin həyata keçirilməsinə uzun illər Qərb niyə susqun qalıb? Axı, bu “Monveyal” konvensiyasının tələblərinin ayaq altına alınmasıdır. Demək Azərbaycan öz ərazilərini işğaldan azad etməsə idi, bu cür beynəlxaql cinayətkarlıq yenə də davam edəcəkdi.

Ermənistandan İrana pul köçürmələrində iştirak edən bir çox bankın ödəniş sistemlərindən rahat istifadə etdiyi aşkar görünməkdədir. Həmin pulların mənşəyi, hansı ünvana nə məqsədlə köçürüldüyü isə təəssüf ki, araşdırılmır. Maraqlıdır ki, İranda ermənilərin böyük biznes sahələri, maliyyə xidmətləri olmadığı halda həmin pulların hansı məqsədlə köçürülməsi şübhə doğurmaya bilməz. Pul köçürmələrin aparılmasında daha çox Rusiyanın ödəniş sistemləri yer alır. 


Onların sırasında isə “Western Union” beynəlxalq ödəniş sisteminin yer alması isə daha çox suallar doğurur. Sağlam maliyyə vasitəçiliyinin təmin olunmasını və çirkli pulların yuyulmasına qarşı beynəlxaql konvensiyanın tələblərini bütün ölkələr qarşısında bir nömrəli şərt kimi qoyan dünya maliyyə instututlarının gözü qarşısında bunların baş verməsi həqiqətən də təəccüb yaradır.

Yuxarıda adları qeyd edilən ödəniş şirkətlərinin əksəriyyəti Azərbaycan hökumətinin dəfələrlə xəbərdarlıq və beynəlxaql təşkilatlara müraciətlərinə baxmayaraq uzun illər Xankəndində beynəlxalq ödəniş sistemlərinin fəaliyyətini təmin etməklə mənşəyi şübhə doğuran böyükhəcmli pulköçürmələri həyata keçirib.

Bu prosesdə xüsusi fəallıq nümayiş etdirən “Moneygram” pulköçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə Azərbaycan Mərkəzi Bankı da bir neçə dəfə bəyanat verib. Necə ola bilər ki, 2008-ci ildən “Moneygram”la əməkdaşlığı dayandırmış Azərbaycan dövlətinin bu şirkətin çirkli maliyyə əməliyatları barədə xəbərdarlıqları Avropada, Amerikada eşidilməyib? Yaxud, “Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “Sigue Money Transfer” kimi ödəniş sistemlərinə qadağa qoyan Azərbaycan hökumətinin bu addımlarından sonra onların Qarabağda geniş meydan açması beynəlxalq maliyyə-bank icmasınnı gözündən neçə yayınıb? 

İndi isə İrana qarşı ikinci sanksiyalar paketi dövründə Ermənistanın maliyyə qurumlarının Tehranla əlaqələrinə diqqət edək. Bu sanksiya mərhələsi Paşinyan hökuməti dövrünə təsadüf edir. Məsələ ondadır ki, Nikol Paşinyan da sələfi Serjik Sarqsyan kimi İrana qarşı sanksiyalara əhəmiyyət verməyərək İranla qadağan edilmiş sənaye sahələri üzrə əməkdaşlığı davam etdirib.

Rusiyanın nüfuzlu “Eurasianet” media orqanı hələ 2019-cu ilin sentyabr ayında ABŞ-ın İrana qarşı sanksiyalarının kəskinləşdiyi vaxtlarda qeyd edirdi ki, ABŞ-la isti münasibətlərə can atan Paşinyan hökuməti ticarətdə lider olan cənub qonşusu ilə “əlaqələri kəsmək” üçün müxtəlif hiyləgərliyə əl atıb. ABŞ-ın o vaxtkı milli təhlükəsizlik müşaviri Con Boltonun İrəvana səfərindən sonra erməni bank-maliyyə qurumları bir müddət imitasiya ilə məşğul olub. Ermənistandakı banklar İranla biznesini əvəvlki qaydada davam etdirib. “Mellat Bank”, “İnecobank” və “Byblos Bank Armenia” bank xidmətlərindən istifadəni donduracağına dair ictimaiyyətə yalan açıqlamalar verib. Bu bəyanatlar kağız üzərində qalıb, İran şirkətləri ilə erməni biznes dairələri işbirliyində olub. Bunun nəticəsində 2019-cu ildə İranın Ermənistana idxalı 30% artıb. 2019-cu ilin sonlarında Nikol Paşinyan daha irəli gedərək bəyan edib ki, Ermənistan İrana qarşı siyasətində “dəyişiklik etməyə ehtiyac” görmür. Beləliklə, ticarətin qan damarı hesab edilən banklar bu prosesdə daha da fəallaşıb. 

İranda İbrahim Rəisi hökumətinin ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırma təşəbbüslərinin puça çıxmasından sonra Tehranın artan anti-Qərb siyasəti fonunda İrəvana daha çox yaxınlaşması aşkardır. İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə ticarət dövriyyəsinin 1 milyard dollara çatdırmağı hədəflədiklərini və enerji əməkdaşlığını artırılmasına çalışacaqlarını bildirib. Həmçinin, yeni infrastrukturlara sərmayə qoyuluşları müzakirə edilib.

Nəticə: Qərbin gözləri qarşısında Ermənistan sansiyalaşdırılmış İranla sənaye-maliyyə-bank xidmətlərini daha da genişləndirməkdədir. Türkiyənin “Xalqbank”a qarşı mühakimə tələb edən ABŞ-ın Apellyasiya Məhkəməsinin, yaxud digər beynəlxalq bank-hüquq icmasının isə Ermənistan-İran gizli işbirliyinin birbaşa iştirakçısı olan 10-dan artıq bank və maliyyə qurumlarına qarşı səssiz qalması kifayət qədər şübhəli siyasi motivlərdən xəbər verir.