“Bu ilin 5 ayında ölkəyə xaricdən 31 220 ədəd avtomobil gətirilib və bunun cəmi 29 ədədi müasir, ekoloji cəhətdən təmiz, elektriklə işləyən avtomobillərdir”. Bu açıqlama ilə REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli öz feysbuk səhifəsində çıxış edib. İqtisadçının fikrincə bu göstərici Azərbaycanın “yaşıl iqtisadiyyat” qurmaq planını şübhə altına salır.
Faktyoxla Lab.Natiq Cəfərlinin bu açıqlamasının reallıqla uyğun olub-olmadığını yoxlayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatları iqtisadçının dedikləri ilə qismən üst-üstə düşür.
Cədvəldən də göründüyü kimi, ilin əvvəlindən etibarən, yanvar-may ayları ərzində Azərbaycana yalnız elektriklə işləyən 29 nəqliyyat vasitəsi, 3719 ədəd həm elektriklə, həm də daxili yanma mühərriki ilə işləyən hibrid avtomobil idxal olunub. Hibrid avtomobillərin ekoloji təmizliyi təmiz elektomobillərlə müqayisə edilə bilər. Benzin və dizel avtomobillərindən isə dəfələrlə yüksəkdir.
Qeyd edək ki, Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi vəzifəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəddə əksini tapıb. Sənəddə indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi məsələsi qarşıya vəzifə qoyulub. Həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsinin ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəyi qeyd edilib.
Bu kurs artıq özünü dövlətin stimullaşdırmaq siyasətində göstərir. Belə ki, Azərbaycana idxal olunan elektromobillər üçün aksiz vergisi və əlavə dəyər vergisi ləğv edilib. Ekspertlər əlavə olaraq 15 faiz gömrük rüsumunun ləğv edilməsi təklifini də fəal şəkildə təbliğ edirlər.
Elektriklə işləyən nəqliyyat vasitələrinin tətbiqi üçün infrastrukturun formalaşması da az əhəmiyyət daşımır. 2021-ci ilin sonunadək Azərbaycanda bir çox yanacaqdoldurma məntəqəsində elektromobillər üçün enerji doldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bir neçə il ərzində ölkədə elektrik nəqliyyatı üçün lazım olan infrastrukturun qurulması nəzərdə tutulub. 2021-ci il ərzində SOCAR Petroleum-un qırx yanacaqdoldurma məntəqəsi elektromobilərin enerji təminatı üçün yenidən təchiz ediləcək.
Azərbaycana kiçik həcmli elektromobillərin idxalı ilə dövlətin “yaşıl iqtisadiyyat” planının əlaqələndirilməsinə gəlincə, bu yanaşma məntiqli deyil. Məsələ burasındadır ki, avtomobil satıcıları və fərdlər bu və ya digər məhsulu əsasən iqtisadi məqsədəuyğunluq prinsipinə və mövcud iqtisadi vəziyyətə əsaslanaraq idxal edirlər. Bu istiqamətdə isə məlumdur ki, koronavirus pandemiyası ilə əlaqədar təkcə Azərbaycanda deyil, ümumiyyətlə dünyada vəziyyət pisləşib.
Azərbaycanda iqtisadi vəziyyət: koronavirus pandemiyasından əvvəl və sonra. Mənbə: Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu.
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır. Bankın hesabatında qeyd olunur ki, 2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi böyüməni dəstəkləyəcək, lakin bu, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dövlət xərclərinin artması ilə şərtlənəcək. Yüksək neft qiymətlərinin maliyyə kəsirini azaldacağını və cari əməliyyatlar hesabın profisitə qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır. 2021-ci ildən sonra böyük struktur islahatları olmadan iqtisadi dirçəlişin sürətinin neft hasilatındakı uzunmüddətli bərpa və gözlənilən fiskal siyasətin sərtləşdirilməsi nəticəsində orta səviyyədə olacağı ehtimal edilir".
Belə bir şəraitdə, aydındır ki, qiyməti karbon yanacağı ilə işləyən ənənəvi avtomobillərdən əhəmiyyətli dərəcədə yüksək olan elektromobillərin hətta dövlət stimullaşdırması nəticəsində belə ticarət cəlbediciliyini itirir. Bu cür avtomobillərin elektrik enerjisinin nisbi ucuzluğu səbəbindən benzinlə və dizellə işləyən avtombillərlə müqayisədə daha sərfəli olmasına dair irəli sürülən dəlil qüsursuz deyil. Çünki iqlimdən asılı olaraq həm sərnişin bölməsinin istiləşməsi, həm də soyudulması əlavə enerji istehlakı tələb edir.
Elektromobillərin müsbət və mənfi cəhətlərini müzakirə edərkən başqa bir vacib faktoru nəzərdən qaçırırıq. Doğrudanmı, bu cür nəqliyyat vasitələri ətraf mühitin qorunması baxımından xilas yoludur?
Mütəxəssislərin fikrincə, akkumulyatorla işləyən nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmizliyi bir qədər şübhəlidir. Bunun səbəbi elektrik enerjisinin generatorlardan (əsasən istilik elektrik stansiyalarından) yaşayış məntəqələrinə, daha sonra paylayıcı şəbəkələr daxilində (cəmi 15-20%) daşınması zamanı itkilər nəzərə alınmaqla, elektromobillərin qiyabi olaraq “yanması ”dır. Bu mənada hidrogen mühərrikli – fuel cell electric vehicle (FCEV) avtomobillər ekoloji cəhətdən daha çox təmiz hesab olunur. Əslində bu avtomobillərin iki mühərriki var. Biri yanacaq - hidrogen yandırır və akkumulyatorları doldurur, ikincisi - elektrik, akkumulyatorlarla işləyir və avtomobili hərəkətə gətirir.
Bəzi mütəxəssislərin fikrincə, bu cür "hidrogen" avtomobillər nəqliyyat vasitələrini tamamilə (99,6%) neft asılılığından azad edə bilər. Bütün dünyada avtomobil parkının tam şəkildə elektromobillərlə əvəzlənməsi isə (onların "yanacağının" - mənşəyi nəzərə alınmaqla) bu asılılığı yalnız 25 % azalda bilər.
Bir daha qeyd edək ki, Azərbaycan dövlətinin elan etdiyi “yaşıl iqtisadiyyat” kursunu ölkəyə az sayda elektromobil idxalı ilə bağlayaraq tənqid etmək cəhdi obyektiv deyil. Təbii ki, heç bir iqtisadi model yalnız nəqliyyat vasitələrinə istinadən qiymətləndirilə bilməz. Bu şox sadədir və iqtisadçı Cəfərlinin bunu bilməməsi inandırıcı deyil.
Faktyoxla Lab. bu qənaətə gəlib ki, iqtisadçının açıqlaması faktlarla manipulyasiya cəhdidir.