Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin açılış mərasimində çıxışı zamanı Qoşulmama Hərəkatının keçmiş sədri qismində Azərbaycanın 120 ölkə ilə birlikdə “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanlarına və bu sahədə Avropa İttifaqı (Aİ) ilə körpülərin qurulmasına çalışdığına diqqət çəkib. Azərbaycanın Aİ-nin 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandığını və inkişafda olan kiçik ada dövlətlərinin də "yaşıl koalisiya"ya qoşulması məqsədilə xüsusi fondun yaradılmasının planlaşdırıldığını xatırladıb. mənbə

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası- COP29-a ev sahibliyi edən dövlət kimi böyük məsuliyyəti üzərinə götürərək “yaşıl enerji” ailəsinin bütün üzvlərini bir platformaya qoşmaq təşəbbüskarlığı nümayiş etdirir və bu baxımdan ada dövlətlərinin də bu koalisiyada  yer almasına iqtisadi və siyasi dəstəyə ehtiyac vardır.
Lakin, məsələ ondadır ki, bir çoxları bu humanizm və qlobal həmrəylik çağırışını tam tərsinə anlayaraq Azərbaycanın ada dövlətlərinə, ələxsus da Yeni Kaledoniyaya maliyyə yardımı göstərəcəyi kimi qələmə verməyə çalışıblar.

AXCP sədri Əli Kərimli ada dövlətlərinə dəstəyi ölkənin pullarını kənara çıxarmaq cəhdi kimi ittiham səsləndirib. 


Çingiz Sultansoy adlı sosial media fəalı da bu təşəbbüsü sanki Yeni Kaledoniyaya pul və ianə məqsədi güddüyünü iddia etdi. 

Sosial mediada daha çox saxta xəbərlər yayması ilə tanınan "Hamam Times" səhifəsi isə bu məlumatla bağlı caps hazırlayaraq, paylaşıb. 

 Digər sosial media statuslarında da bu cür fikirlərə, eləcə də sözügedən ada dövləti ilə Azərbaycanın iqtisadi-sosial imkanları arasında müqayisələrə rast gəlmək mümkündür.

Faktyoxla Lab. bu ittihamlara aydınlıq gətirməyə çalışıb.

Humanizm və qlobal həmrəylik çağırışını tam tərsinə anlayanların saxta iddiasına Azərbaycanın ada dövlətlərinə, ələxsus da Yeni Kaledoniyaya maliyyə yardımı göstərəcəyi kimi qələmə verməyə çalışdıqları məsələyə aydınlıq gətirək. Yəni COP-la bağlı maliyyə təminatı necə həll olunacaq?

COP29 olduqca iddialı yeni iqlim maliyyəsini dünya ölkələrini səfərbər etməyə və bu maliyyə öhdəliyini layiqincə yerinə yetirməyə dəvət edən yeni fürsətdir, qlobal “yaşıl ailə” üçün imkanların bir araya gətirilməsidir.  COP29-un ana şüarı da lider ölkələri 2025-ci ilə qədər hər il 100 milyard ABŞ dolları məbləğində mövcud öhdəliyi əvəz etməklə yeni iqlim maliyyəsi məqsədini təmin etməkdir. Bu baxımdam inkişaf etmiş ölkələr iqlimə həssas olan digər ölkələrə aşağı emissiyalı, iqlimə davamlı gələcəyə keçid üçün lazım olan səviyyədə dəstək verməyə borcludur. Bu, möhkəm və davamlı gələcək təmin etmək üçün qarşısıalınmaz öhdəlik, təcili ehtiyac və maliyyələşdirməni genişləndirmək qlobal çağırışdır, kollektiv maliyyə təminatıdır. COP strategiyasında, BMT-nin  İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında nəzərdə tutulmuş hədəflərdən biridir. mənbə

Azərbaycanın müəllifi olduğu “Yaşıl tədbirlər” strategiyasının da ana hədəfi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin etmək və mümkün qədər qısa müddətdə tətbiqetmə yolu ilə Yaşıl İqlim Fondunu tam şəkildə işə salmaq üçün bütün mənbələrin səfərbər olunmasıdır. Azərbaycanın beynəlxalq COP icmasına təqdim etdiyi strateji konseptdə 1,5°C hədəfinə nail olmaq üçün bütün bəşəriyyətin mənəvi borcu üstlənməsi əsas trend hesab olunur. COP29 Sədrliyinin Planına əsasən, mükəmməl "Yaşıl Yol Xəritəsi - 2025"-ci ilədək iqlim elmi sahəsində ən son məlumatlar əsasında orta və uzun müddətli uyğunlaşma ehtiyaclarını müəyyənləşdirən Milli Uyğunlaşma Planını (NAP) hazırlanması nəzərdə tutulub ki, bu da Azərbaycanın planetar təşəbbüskarlığını nümunəsidir. Yaxud Azərbaycan Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsini dəstəkləyərək qlobal COP ailəsini bütün maliyyələşmələrdə dürüst və hesabatlı olmağa dəvət edirmənbə

Ona görə də, 100 milyard dollarlıq maliyyəni beynəlxalq COP ailəsinin öhdəliyi olduğundan bunu Azərbaycan deyil, BMT səviyyəsində bəyan olunmuş qlobal alyans ödəyəcək. 

Bu tədbir, eyni zamanda Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına və xarici investorlar tərəfindən “yaşıl maliyyələşmə”nin cəlb edilməsinə yol açacaq. istinad

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu qlobal ehtiyaclara əsaslanaraq bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayişinə çağırıb. Bildirib ki, "COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır”. istinad

Göründüyü kimi COP29-a Sədr ölkə kimi Azərbaycanın əsas siyasi iradəsi bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki yanaşmaya fokuslanıb: Birincisi, iddialı milli planlar əsasında beynəlxalq koalisiyanı maliyyə öhdəliklərinə riayət etməyə və şəffaflığa sadiqliyini təmin etməyə çağırışdır. İkinci istiqamət isə ambisiyaları gerçək fəaliyyətə çevirmək, iqlim dəyişmələri ilə mübarizədə həmrəyliyi maksimum səviyyədə qorumaqdır. istinad

COP29-un Gündəliyində əks olunmuş ali qlobal prinsip və hədəflər

Azərbaycan COP29-un Sədri kimi COP Gündəliyinin fundamental əsaslarını təşkil edən bütün öhdəliklərə həssaslıqla və ciddi intizamla yanaşır. COP Gündəliyinin əsas hədəf istiqamətlərindən biri inkişaf etməkdə olan ölkələrə və yerli xalqlara maliyyə axınının artırılması, alyans üzvlərinin həmin ölkələrə maliyyə dəstəklərinin səfərbər olunması missiyasıdır.
COP-un gündəliyinin əsasını təşkil edən bir sıra öhdəliklər müəyyən olunub ki, bura təbiətin mühafizəsi və bərpası, inkişaf etməkdə olan ölkələrə və yerli xalqlara maliyyə axınının artırılması, NDCs (Milli səviyyədə müəyyən edilmiş öhdəliklər) iqlim maliyyəsinin yaradılması, kiçik və orta biznesin inkişafı və s. məsələləri qeyd etmək olar. Qlobal çağırış kimi müəyyən edilmiş əsas hədəflərdən biri NDCs (Milli səviyyədə müəyyən edilmiş öhdəliklər) öhdəliyidir. Bu fəaliyyət planı BMT səviyyəsində bütün COP ailəsi qarşısında qoyulmuş məsuliyyət və öhdəlikdir

Həmin öhdəliyin, yəni iqlim maliyyəsinin yaradılması və təmin edilməsi beynəlxalq COP icmasının illərdir ki, üzərinə götürdüyü hüquqi çərçivədir, Paris Sazişin 4.2-ci maddəsində qarşıya qoyulmuş tələbdir. Həmin maddədə vurğulandığı kimi “hər bir tərəf nail olmaq istədiyi milli səviyyədə müəyyən edilmiş ardıcıl töhfələr planlarını hazırlayacaq, təqdim edəcək və davamlı icra edəcək”.

Ancaq təəssüf ki, COP28-in sazişi qlobal danışıqlarda əsas problem olan inkişaf etməkdə olan ölkələrə maliyyə yardımına dair irəliləyişi ehtiva etmədi. Beynəlxalq səviyyədə də etiraf olunur ki, indiyə qədər keçirilən COP sazişlərində bu tələb icra olunmayıb. Fransanın “lesechos.fr” portalında “Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya “COP-a üçlük sədrliyinə başlayıblar” adlı məqalədə də vurğulanır ki, qeyd edilən ölkələrə maliyyə yardımı məhz Bakıda keçiriləcək COP29-un əsas mövzusu olacaq. istinad

Beləliklə, Azərbaycan NDCs prinsipinə sadiqliyini nümayiş etdirərək "COP29 ilində" töhfəverici planlar hazırlayaraq gerçəkləşdirməyə çalışır, həmin töhfələrdən yararlanmaq hər bir tərəf kimi ada dövlətlərinin haqqıdır, Azərbaycan da bu haqqı, bu missiyanı vicdanla, ləyaqətlə yerinə yetirmək əzmindədir.

Eləcə də COP-un ən ümdə prinsiplərindən biri olan ekoloji sektorlara “yaşıl enerji”yə sərmayə qoyuluşlarını artırmaq və bu ümdə prosesdə kiçik və orta biznesi cəlb etmək, onların bu sahəyə marağını artırmaq üçün müxtəlif təşviqedici alətlərin tətbiqində də Azərbaycan fəal və olduqca çalışqandır. Bir neçə gün əvvəl dövlət başçısının müvafiq fərmanına əsasən, COP29 çərçivəsində iş və xidmətlərin göstərilməsinə görə, biznes subyektləri gəlir vergisi və ƏDV-dən azad olunub. istinad
Bu, qlobal COP ailəsi ilə birgə çalışan investorlar, yaşıl sərmayə layihələrində yer alan kiçik və orta biznes üçün bir nümunədir, digər ölkələr də ekoloji vergilərin tətbiqində bu təşəbbüskarlığa istinad edə bilər.

Beləliklə, Azərbaycan Prezidenti COP29-un Gündəliyində əks olunmuş ali qlobal prinsip və hədəflərə söykənərək ada dövlətlərinə dəstəyi də ön plana çəkir, inkişaf etmiş ölkələri bu məsələyə də diqqət ayırmağı, COP konsepsiyasına uyğun olaraq bu istiqamətdə işi əlaqələndirməyə çağırır.

İndi isə Yeni Kaledoniyanın Azərbaycanla müqayisədə daha varlı və inkişaf etmiş, əhalisinin isə yüksək rifaha malik olması barədə iddiaların nə dərəcədə əsaslı olub-olmamasına baxaq.

Əslində vəziyyət necədir?
Fransa müstəmləkəsindən çıxmağa çalışan Yeni Kaledoniyanın 2019-cü il siyahıyalınmasına görə, əhalisi 270 min nəfərdir. Əhalinin 41,2%-i yerli kanaklar, 24,1%-i avropalılar (fransızlar), 8,3%-i isə vuallisians və futuniyalılardır. Əhalinin qalan hissəsi Tahiti, İndoneziya, Vyetnam, Nivanuatu, digər Asiya və gətirilmiş başqa mənşəli xalqlardır. mənbə


Yeni Kaledoniyanın iqtisadiyyatının əsasını dəmir filizləri və “yaşıl qızıl” adlandırılan nikel ehtiyatları təşkil edir. Bu bölgə dünya üzrə nikel ehtiyatlarının təxminən 10%-ni özündə cəmləyib. Qiymətləndirmələrə əsasən, adada təxminən 7,1 milyon ton nikel var. İllik istehsal təxminən 100-107 min ton təşkil edir, nikel istehsalına görə dünyada beşinci yerdə dayanır. Nikeldən başqa, bu ada ölkənin turizm və “yaşıl enerji” resursları əhəmiyyətli yer tutur. mənbə
Bütün bu resurslar isə siyasi hakimiyyətlə yanaşı, Avropadan gəlmiş ali irqin, yəni Fransa aristokratiyasının əlində cəmləşib və təxminən 110 min nəfər yerli xalq olan kanaklar və 80 minə yaxın Asiyadan gəlmələr sadəcə ucuz işçi qüvvəsidir. Fransanın immiqrasiya siyasəti nəticəsində ötən əsrin 60-cı illərindən sonra adaya daha çox axın edən avropalı kapitalistlər müəssisələr quraraq yerli əhalini özləri üçün ucuz işçi qüvvəsinə çevirməyi bacarmış və iqtisadiyyatın bütün sahələrində üstünlüklərini daha da möhkəmləndirmişlər. mənbə
Arxipelaqın iqtisadiyyatının əsas ağırlıq mərkəzi və dayanıqlı sütunu olan nikel sənayesi tamamilə Fransa konqlomeratlarının inhisarındadır. Bu sənaye zonasını 3 əsas nikel şirkəti - “Koniambo Nickel SAS” (KNS), “Prony Resources New Caledonia” (PRNC) və “Societe Le Nickel” (SLN) ələ keçirib. mənbə

“Koniambo Nickel SAS” şirkətinin idarə heyətinin bütün üzvləri və səhmdarları fransız və digər avropalı sənayeçilərdir. “Glencore” Holdinqə daxil olan bu müəssisənin tabeliyində olan zavodların illik gücü 60.000 ton filizin hasilatı və emalını aparmağa qadirdir. Kaledoniyanın şimal əyalətində mədənlərə sahibdir.



“Prony Resources New Caledonia”nın səhmdarları da qeyri-xalqların nümayəndələridir. Şirkətin istehsal və emal edərək satdığı nikel və kobaltdan elektromobillərin və digər nəqliyyat vasitələrinin litium batareyalarında istifadə olunur. Şirkətin idarə heyətində 30-a yaxın millətin nümayəndəsi olmasına baxmayaraq, bir nəfər də olsun kanaklıya rast gəlinmir. mənbə
2022-ci ildən şirkətin yeni prezidenti kanadalı, əslən Haiti milliyyətindən olan Beatriç Pierredir və onun da kanak xalqına heç bir aiddiyatı yoxdur. Uzun illər Çilidə “Altonorte” metallurgiya zavodunu idarə edib. mənbə
Kaledoniyanın nikel sənayesinin 3-cü iri səhmdarı olan “Societe Le Nickel” isə avropalı iri əmtəə treyderi “Trafigura” ilə birlikdə bir neçə səhmdarın əlində cəmləşmiş fransız mədən konqlomeratı “Eramet”ə məxsusdur. 


Şirkətin baş direktoru Guliam Kurek təkcə Kaledoniyada deyil, Seneqal və digər Fransa təsirində olan ölkələrdə nəhəng nikel və filiz mədənləri şəbəkəsinin sahibidir. Onun sənaye obyektlərinə ağır minerallar zavodu,  elektrik stansiyası, dəmir yolu və logistika xətləri, liman və anbar obyektləri daxildir. mənbə

Nikel Fransanın “Üçlük” konqlo-monopolizmi tərəfindən Avropa və dünya bazarlarına çıxarılır ki, “yaşıl qızıl” Yaponiya, Almaniya, Fransa və digər iri sənaye və avtomobil müəssisələrinin tələbatının əhəmiyyətli hissəsini təmin edir. Dünyada elektrik avtomobillərinin akkumulyatorları, günəş panelləri, polad və digər gündəlik əşyaların istehsalı üçün lazım olan kritik metal hazırda dünya ehtiyatlarının 20-30 %-ni təmin edir. “Tesla” hazırda nikel alıcıları sırasında ön planda dayananlardan biridir.
Beləliklə, dünyada elektrikli avtomobillərin akkumulyatorları və digər sənaye sahələri üçün istifadə edilən nikelin dünyada beşinci ən böyük ehtiyatına malik olan, 2023-cü ildə hasil edilmiş nikelin həcminə görə, qlobal bazarda 3-cü yerdə qərar tutan Yeni Kaledoniyanın iqtisadiyyatının ağırlıq mərkəzi və milli sütunu olan filiz zonaları tamamilə fransız və onların partnyorlarının inhisarındadır. Amma mədənlərdə çalışan 13.000 fəhlənin demək olar ki, böyük əksəriyyəti kanaklıdır. mənbə
Bir ton nikelin qiyməti dünya birjalarında təxminən 20.000 dollardır.
London Metal Birjasında nikelin qiyməti hazırda 21-22 min dollar civarındadır. Bu o deməkdir ki, il ərzində 100 min tondan çox nikel satan fransızlar bu metaldan ildə ən azı 2 milyard dollar qazanırlar. 2022-ci ildə Yeni Kaledoniyanın ixracı 2,87 milyard dollar təşkil edib. İxracda əsas mallar nikel qarışığı olan dəmir filiz ərintiləri 1,39 milyard dollara, təmiz nikel filizi 825 milyon dollara, nikel qarışıqları 586 milyon dollara, xam nikel isə 13 milyon dollara bərabər olub. Yəni, bu metaldan əldə olunmuş gəlirlərin məbləği 2,5 milyard dollara yaxındır. mənbə

Yeni Kaledoniya iqtisadiyyatının ikinci ən böyük sektoru olan turizm də xarici investorların, yəni fransızların əlindədir. Arxipelaqa il ərzində təxminən 150 min turist səfər edir. Yaponiya, Yeni Zellandiya, Avstraliya, Vanuatu, Fici və Uollis adalarına birbaşa uçuşlar həyata keçirilir. Ölkədə “Hilton”, “Mariott” , “Intercontinental” kimi beynəlxalq səviyyədə tanınmış hotelləri mövcuddur. Dünyanın ən böyük iki kruiz gəmisi şirkəti Yeni Kaledoniyaya səyahət edir. “Aircalin” Yeni Kaledoniyanın beynəlxalq hava yolu şirkəti 11 istiqamətə uçuşlar həyata keçirir. Nəticədə adaya xarici turistlərin xərclədiyi pullardan böyük valyutalar daxil olur. mənbə
Kiçik ada ölkəsində balıqçılıq, akvakultura və dəniz infrastrukturunu inkişafı da əsas hədəflərdəndir. Noumea limanı həcm baxımından Fransanın xarici ərazilərindəki ən böyük limanıdır və hər il 4,5 milyon tondan çox yük keçir. Bu da böyük gəlirlər deməkdir.

 
Bu ölkə haqqında məlumata malik olmayıb, lakin özlərini ekspert kimi təqdim edənlərin diqqətinə bir faktı da çatdırırıq ki, bu ölkədə azad biznes və ticarətlə məşğul olmaq üçün adanın öz qanunları işləmir, investisiya, sahibkarlıq, biznesin qeydiyyatı, vergi rejimi, idxal və iqtisadi fəaliyyətlə bağlı icazələr Fransanın müvafiq qanunları və Ticarət Məcəlləsi ilə tənzimlənir. Ona görə də, yerli kanakların MMC, Səhmdar Cəmiyyəti və digər müəssisələr təsis etməsi olduqca çətindir. Şirkətlərin yerli reyestrini Yeni Kaledoniyanın Ticarət və Sənaye Palatası idarə etsə də, Parisin inzibati qanunları çərçivəsində nizamlanır. mənbə
Ona görə də, yerli xalqın iri sahibkarlıq fəaliyyəti demək olar ki, sıfır səviyyəsindədir. Məqsəd ölkənin milli sərvətləri və iqtisadi aktivləri üzərində mütləq nəzarəti saxlamaq, fransızlara məxsus iri korporasiyalar, sənaye və turizm şirkətlərinin total inhisarçılığını möhkəmləndirmək və sərvətləri daha asan yollarla xaricə çıxartmaqdır.  
Ölkəyə yatırılan birbaşa xarici sərmayələrin həcmi ÜDM-in 7,2 faizini təşkil edir ki, bu da 700 milyon dollar deməkdir. Yəni Fransa və yaxın tərəfdaşları il ərzində bu ölkədən 2,7 milyard dollar dəyərində nikel və dəmir filizləri çıxarır, əvəzində cəmi 700 milyon dollar sərmayə yatırırlar
Həmin investisayalar isə fransızları öz sənaye müəssisələrini modernləşdirmək, turizm və hotellərinin sayını artırmaq, gəmi və təyyarə parkını təzələmək, bərpa olunan enerji infrastrukturları yaratmaq üçün xərclənir. Yəni birbaşa Kanak xalqının biznes imkanları və kiçik ailə təsərrüfatlarını, sosial layihələri əhatə etmir.

Azərbaycan oxucuları üçün təqdim olunan ÜDM-in yüksək göstəricisinin yaranma səbəbinə baxaq. 

Yeni Kaledoniyanın iqtisadiyyatının məcmu dəyəri, yəni illik ÜDM-in həcmi 10,4 milyard dollar təşkil edir. Bu, 270 min nəfərlik əhali üzrə böldükdə adambaşına 37 min milli məhsul deməkdir.
Aylıq əməkhaqqının ən yüksək məbləği 391 min frank ( 1 ABŞ dolları =109 YK frankı) və ya 3587 dollar, ən aşağı maaş 54 min frank və ya 495 dollardır. Əhalinin 50 faizi 75 min frank və ya 688 dollar alır. mənbə


Adanın ana makroiqtisadi göstəriciləri ilk baxışdan belə təəssürat yaradır ki, 10 milyard dollar ÜDM-i adambaşına düşən 37 min milli gəliri və ən yüksək – 3587  dollar əməkhaqqı alanların sayəsində Yeni Kaledoniyada yaşayan insanlar dünyada ən yaxşı iqtisadi və sosial rifahla təmin olunublar. Hətta Kanak xalqının hər biri adambaşına düşən ÜDM-in məbləğinə görə, dünyanın ikinci iqtisadiyyatı olan Çindən (adambaşına düşən ÜDM 13,4 min dollar), eləcə də ən inkişaf etmiş ölkələrdən Yaponiya (33,2 min dollar), Braziliya (11,3 min dollar), Küveyt (31,7), Cənubi Koreya (34,1 min), İspaniya (34 min), Polşa (23,1 min), Portuqaliya (28,9 min), Çexiya (29,8 min), Səudiyyə Ərəbistanı (33 min) və Avropa İttifaqının digər15-dən çox ölkəsinin vətəndaşlarından da yaxşı yaşayır. mənbə
Ancaq bu, qətiyyən belə deyil. Bir daha təkrar edirik ki, yürüdülən müstəmləkəşilik siyasəti nəticəsində ada ölkədə kəskin iqtisadi və sosial bərabərsizlik hökm sürməkdədir. Yerli Kanak xalqına adambaşına düşməli olan 37 min dollar ÜDM-in 10 faizi də verilmir. Yaxud, bir nəfərə hesablanan 2200 dollar orta aylıq əməkhaqqının təxminən 12-13 faizi kanakların özünə çatır. Ən yüksək 3587 dollar maaş isə bütövlüklə fransız və Avropa nəsilli zəngin sosial qrupların əlində cəmləşib. Belə ki, dövlət idaretmə, hüquq-mühafizə, milli təhlükəsizlik, sənaye, turizm, enerji, maliyyə, bank, sığorta, nəqliyyat, rabitə, gömrük, ticarət və aparıcı sahələrdə ən yaxşı vəzifələrdə mütləq olaraq fransızlar təmsil olunurlar və ən yüksək maaşlar da bu sahələrdə cəmləşib. Xüsüsilə də  mədənçıxarma, hotelçilik, gəmiçilik və restoran xidmətinin sahibi olan avropalıların gəlirləri daha yüksəkdir. Bu isə milli gəlir və məşğulluq təminatındakı kəskin bərabərsizlik ölkədə əməkhaqqının da paylanmasında kəskin fərqi göstərir.

Bunun üçün orta və median əməkhaqqının bütün sosial qruplar üzrə təsnifatına diqqət yetirək.

Əhalinin

5 faizi 163 min frank və 1495 dollar

10 faizi, yəni 27 min nəfəri 128 min frank və ya 1174 dollar,

20 faizi, yəni 54 min nəfəri 454 dollar,

65 faizi, yəni 270 min nəfərin 175 min nəfəri isə 49,5 min - 128 min frank (454-1050 dollar) arasında əməkhaqqı alır ki, onların da mütləq coxu 49 min frank alanlardır.

Ölkə əhalisinin 40 faizini kanak xalqı, 35 faizini isə digər asiyalı xalqlar təşkil etdiyini nəzərə alsaq, yerdə qalan 25 faiz, yəni 68 min əhali avropalılar və fransızlardır. Ən aşağı maaş alan təbəqə də məhz Kanaklar və digər aşağı sosial qruplardır. Onların ən yaxşı maaş alanları 49 min frank və ya 454 dollara çalışanlardır. Yerli xalqın yarısı hətta ən aşağı 22 min frank və ya 203 dollara bərabər olan minimum əməkhaqqı əsasında çalışırlar. mənbə
Bütün bu səbəblərdən ölkənin milli gəlirinin tərkibində kəskin fərq və sosial bərabərsizlik mövcuddur. Numeada ev təsərrüfatlarının ən yoxsul 10%-i olan yerli Kanak xalqı və Asiyadan gətirilmiş digər yoxsul xalqlarla müqayisədə ən zəngin 10% olan fransızlar arasında orta hesabla gəlirlərin bölüşdürülməsində 13 dəfə fərq var. Yəni, fransızlar 3000-4000 dollar qazanırsa, Kanaklara və gəlmə asiyalılara çatan milli gəlir 250-300 dollar arasında dəyişir. mənbə
Bundan əlavə, Fransa hakimiyyəti bütün dövlət və inzibati strukturları, özəl sektoru tam ələ keçirdiyindən ölkədə məşğulluqda da onların gəlirləri daha yüksəkdir. Kanak xalqının isə məşğulluğu çox aşağıdır, bunun nəticəsidir ki, onların ölkə üzrə işsizlik səviyyəsi 38% təşkil edir. mənbə
Fransa bu ərazidə özünün inhisarçı və zorakı iqtisadi qanunlarını tətbiq edir, azad biznesin və ticarətin inkişafına, idxal-ixrac treyderlərinin sərbəst fəaliyyətinə mane olur. Ölkədə azad sahibkarlığı itaət altında saxlayır və özünün ağır ticarət qaydalarını tətbiq edir. Nəticədə ölkədə azad rəqabət və ticarət mühiti olmadığından, daxili bazar tamamilə bir neçə fransız inhisarçının əlində cəmləşdiyindən Yeni Kaledoniyada mal və xidmətlərin dəyəri bahalaşır. Mövcud bazar qiymətləri müqabilində əhalinin böyük əksəriyyətinin real gəlirləri aylıq xərclərini ödəməyə imkan vermir.
Belə ki, 4 nəfərlik bir ailənin icarəyə götürdüyü mənzilin aylıq kirayəsi 1629- 3922 dollara bərabərdir ki, orta aylıq haqqı ilə bu xərci qarşılamaq mümkün deyil. Kirayəsiz mənzillərin, yəni fərdi evlərin aylıq xərcləri 822- 2471 dollar təşkil edir ki, evi olmayanların aylıq maaşı yalnız bu xərci ödəməyə çatır.  


İstehlak xərcləri üzrə hesablamalara əsasən, bir ailənin təkcə aylıq qida xərcləri 1637 dollara bərabərdir. Bu isə ölkədə əhalinin 65 faizindən çoxunun (orta-media əməkhaqqı alanların xüsusi çəkisi) aylıq gəlirlərinin ərzaq xərclərini ödəməyə yetmədiyini göstərir.
Şəhər nəqliyyatı da çox bahadır, aylıq xərclər 143 dollar təşkil edir. Bir ailədə təkcə nəqliyyat üçün 600 dollara yaxın pul lazımdır. mənbə
Ərzaq qiymətləri də çox bahadır. Mərkəzi rayonda adi nahar menyusu (içki daxil olmaqla) 4000 frank (37 dollar), “Fast food” 1200 frank (11 dollar), 2 litrlik “Coca-Cola” 350 frank (3,2 dollar), 500 qr sümüksüz toyuq döş əti 927 frank (9 dollar), 1 litr süd 110 frank və ya 1 dollar, 12 yumurta 1016 frank və ya 1,1 dollara bərabərdir. 1 kq alma almaq üçün 400 frank və ya 3,6 dollar, 1 kq kartof  üçün 300 frank və ya 2,8 dollar tələb olunur. Çörək 129 frank və ya 1,2 dollardır. mənbə
Kaledoniyada əkinə yararlı torpaq ehtiyatları azdır, münbit torpaqlar isə Fransa konqlomeratlarının əlində olduğundan yerli qida istehsalı inkişaf edə bilmir və daxili bazarda ucuz mal təminatının qarşısı alınır. Təkcə cörəyin qiyməti Azərbaycan puluna çevirdikdə 2 manatdan bahadır.
Kommunal xidmətlərin 1 aylıq xərcləri (istilik, işıq, qaz) 1 nəfər üçün 45 m2 mənzil üzrə 15.000 frank və ya 145 dollardır. İnternet 8 mbps (1 ay) 5000 frank (45 dollar), mobil danışığın 1 dəqiqəsinin tarifi 50 frank (40 sent və ya 70 qəpik) təşkil edir.
Məişət əşyaları da hədsiz dərəcədə bahadır. Televizor, paltaryuyan maşın, kompüter, müxtəlif radiotexnika avadanlıqları Azərbaycanla nisbətdə 4 dəfədən çox bahadır. Geyimlərdən isə 1 cüt cins şalvar 12.000 frank və ya 110 dollardır. Mağazalarda adi 1 dəst yay paltarının qiyməti 15.000 frank və ya 1400 dollardır. 1 cüt idman və yaxud kişi üçün dəri ayaqqabı 15.000 frank (140 dollar) dəyərindədir. 
İctimai nəqliyyatda aylıq biletin dəyəri 8,170 frank təşkil edir ki, bu da 78 dollara bərabərdir. Gündəlik 2 və ya aylıq 60 gedişi nəzərə aldıqda bir gedişin qiyməti 1,3 dollar (2,2 AZN) təşkil edir. mənbə

Arxipelaqda təhsil, səhiyyə xidmətləri, infrastruktur təminatları və digər adi həyat standartları da avropalılar və Kanak xalqı arasında fərqli şəkildə təmin olunub. Fransa və Avropa əsilli sosial qruplar üçün təhsil və səhiyyə imkanları daha yaxşı təmin edildiyi halda yerli xalq mütləq savadsızlığa düçar edilib. Kanakların elm və təhsilə inteqrasiyası demək olar ki, yox səviyyəsindədir. mənbə
Kanakların yalnız 3%-i orta təhsildən sonrakı təhsilə davam edir, kütləvi savadsızlıq daha da dərin xarakter almaqdadır.  
Səhiyyə sistemi də ağ və ali irqə xidmət edir. Bunun nəticəsidir ki, yerli xalq səhiyyə xidmətləri ilə əhatə olunmadğından dözülməz sanitar şəraitdə yaşayır, yoluxucu xəstəliklər artır, sarı qızdırma, hepatit A, hepatit B, qrip, qızılca, parotit, məxmərək, quduzluq və ya tif qızdırması geniş yayıldığından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bölgədə yoluxucu xəstəliklər riskinin yüksək olması barədə çağırış edərək səhiyyə orqanlarını xəstəliklərin qarşısını almağa və peyvəndləmə aparmağa səsləyib. Ancaq dərman olmadığından bu risklər hər zaman qalır.  ÜST və ABŞ vətəndaşlara bu bölgəyə səfər etməyin risk olması barədə xəbərdarlıqlar edir. Maraqlıdır ki, həmin xəstəliklər avropalıların məskunlaşdığı lüks yaşayış yerlərində və paytaxtda yoxdur, risklər qeyri-avropalıların məskunlaşdığı ərazilərdə mövcuddur. Bu amil də onu göstərir ki, adaya nəzarət edən Parisin səhiyyə orqanlarını qeyri-avropalıların sağlamlığı düşündürmür. mənbə
Beləliklə, savadsızlıq, zəruri sosial xidmətlərdən məhrum olmaq Kanakları ali fransız cəmiyyətindən təcrid edir, işsizlik və yoxsulluq artır.

 
Nəticədə bu ağır sosial durum insanları müxtəlif cinayətlərə sövq edir. Yeni Kaledoniya həbsxanalarında məhbusların 90%-i Kanaklardır, onların yarısından çoxu 25 yaşdan aşağı gənclər və yeniyetmələrdir.
Fransa hökuməti isə bu ağır sosial-kriminal vəziyyət haqqında məlumatların toplanması və dərc edilməsinə ciddi nəzarət edir, insanların siyasi, iqtisadi, sosial və ictimai hüquqları barədə real təsəvvür yaradılmasının qarşısını alır

Yekun olaraq:

- Azərbaycan Prezidenti hədsiz dərəcədə dəqiq iqtisadi fəhmi ilə “ada dövlətlərinə dəstək olaq” dedikdə, həm də son 170 ildə Fransanın Yeni Kaledoniyada qəddarlıqla həyata keçirdiyi və indiyə qədər heç kimin cəsarət edib dilə gətirə bilmədiyi iqtisadi soyqırım siyasətinin acı gerçəklikləri barədə təsəvvür yaradan mesajlar verir. Onun təkzibolunmaz dəlilləri və arqumentləri beynəlxalq iqtisadi koalisiyanı Kanak xalqının həqiqi iqtisadi həyat tərzi, acınacaqlı sosial durumuna laqeyd qalmamağa dəvət edən qlobal çağırışdır;

- Azərbaycan Prezidenti tərəfindən irəli sürülən bu təklif Yeni Kaledoniyanın həqiqi sakinlərinin “yaşıl enerji”yə keçiddə beynəlxalq birliklə bir yerdə olmağa və dünya yaşıl ailəsinin üzvü kimi layiqli həyat qurmalarına kömək etməyə səsləyən həmrəyliyik manifestidir;

- Polineziya ölkələrinə dəstək hansısa siyasi-iqtisadi niyyət güdmür, peşəkarlıq və yüksək diplomatik etika çərçivəsində həyata keçirilən qlobal həmrəylik nümunəsidir. Bu, həm Qoşulmama Hərəkətatına rəhbərliyi dövründə üstlənmiş missiya, həm də hazırda COP29-un Sədri kimi Azərbaycanın “yaşıl həmrəylik” prisiplərindən irəli gələn mənəvi borcdur.

- Bu humanist diplomatik jest bilmədikləri, məlumatları olmadıqları mövzudan danışan, saxta statistika ilə ictimai fikri çaşdıran şəxslərin dərk edəcəyi mövzu deyil;

- Yeni Kaledoniyada 2700-2750, 3000 və daha çox maaş alanlar mütləq olaraq Fransa əsilli məmur və sənaye-biznes qruplarının üzvləri olan sosial təbəqələrdir;

- Ada ölkənin milli sərvətlərinin təxminən 15 faizi onların özlərinə xərclənir və Paris buranı həqiqi koloniya kimi istismar edir;

- Azərbaycan Prezidenti COP29-un Gündəliyində əks olunmuş ali qlobal prinsip və hədəflərə söykənərək ada dövlətlərinə dəstəyi də ön plana çəkir, inkişaf etmiş ölkələri bu məsələyə də diqqət ayırmağı, COP konsepsiyasına uyğun olaraq bu istiqamətdə işi əlaqələndirməyə çağırır.

- 100 milyard dollarlıq maliyyəni beynəlxalq COP ailəsinin öhdəliyi olduğundan bunu Azərbaycan deyil, BMT səviyyəsində bəyan olunmuş qlobal alyans ödəyəcək.