“Azadlıq” radiosu iddia edir ki, növbəti dəfə Ordu, təminat, pensiya, xidmət müddəti və əlaqəli digər mövzularda material hazırlayıb.
Faktyoxla Lab. radionun Ordu ilə bağlı hazırladığı materialda səslənən iddialarına aydınlıq gətirməyə çalışıb.
1.“Azadlıq” radiosu iddia edir ki müharibə başa çatdığından qarşıdakı dövrlərdə ordu quruculuğuna diqqət azalacaq, Orduda əvvəlki qədər hərbçinin olmasına ehtiyac qalmayacaq. Sitat: Azərbaycan rəsmiləri tez-tez Qarabağ münaqişəsinin başa çatdığını dilə gətirirlər. Bu baxımdan, indiki durumda orduda gərəyindən çox hərbçi olmasına ehtiyac yoxdur. Belə bir şəraitdə hökumətin hərbi qulluqçuların sayını artırmağa yönəlik addımları daha çox son 3 il ərzində baş verən hərbi əməliyyatlardakı itkilərin yerini doldurmaqla bağlı ola bilər”.
Əvvəla, erməni xislətini tanıyanlar anlayır ki, Ermənistan üzərində qazanılan tam qələbə, erməni revanşiziminin və erməni istəklərinin birdəfəlik bitməsi demək deyil. 30 illik müharibənin başa çatması Azərbaycan Ordusunda illərdir davam edən ordu quruculuğu prosesinin prioritetliyinin arxa plana keçməsi, hərbi kontingentin sıralarının azaldılması və ölkənin hərbi-müdafiə potensialının artmasına hərbi-büdcə xərclərinin həcminin aşağı salınması anlamına gəlmir.
2022-ci il 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Prezident İlham Əliyev bildirdi ki, müasir silahların, texnikaların alınması, yeni hərbi birləşmələrin yaradılması bundan sonra da əsas diqqətdə saxlanılacaq: Sitat: “Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”. istinad
Bu səbəbdən son 3 ildə dövlət büdcəsindən hərbi-təhlükəsizlik sahəsində ayrılan xərclərin məbləği və 2024-cü ildə nəzərdə tutulan həmin xərclərin həcmi Ordu quruculuğunun ən başlıca hədəf prioriteti olduğunu təsdiqləyir. Belə ki, 2021-ci ildə büdcədən ayrılan müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği 4 milyard 585 milyon manat, 2022-ci ildə 5 milyard 84 milyon manat, 2023-cü 6 milyard 54 milyard manat təşkil edib.
mənbə1 mənbə2 mənbə3
Bu artan dinamika sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrinin heyətinin son 3 ildə say və təminatının daha da yaxşılaşdırılması, yeni hərbi birləşmələrin yaradılması və müasir silahların, texnikaların alınmasının yüksəlməsinin bariz göstəricisidir.
2024-cü ildə isə xüsusi təyinatlı alışlar üzrə xərclər istisna olmaqla, müdafiə və milli təhlükəsizlik xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin həcmi 6 milyard 421 milyon manat təşkil edir ki, bu da 2023-cü illə müqayisədə 366,2 milyon manat və ya 6 faiz çoxdur. mənbə
Həmin artan hərbi xərclərin hesabına Azərbaycan Silahlı Qüvvələrinin həm hərbi siması daha da qüdrətlənib, həm də daha müasir hərbi texnika arsenalları yaradılıb. Zəfərdən sonra Silahlı Qüvvələrin tərkibində tamamilə yeni struktur olan Komando Təlim Mərkəzi formalaşdırılıb. 2021-ci il dekabrın 24-də Hadrutda yüksək təlim keçmiş hərbçilərin cəmləşdiyi ilk Komando Briqadası fəaliyyətə başlayıb. mənbə
2022-ci il iyunun 26-da isə Kəlbəcərdə yeni Komando hərbi hissəsinin açılışı olub.
Ən çətin və mürəkkəb situasiyalarda istənilən hərbi vəzifəni icra etməyə qadir olan peşəkar hərbçilərdən ibarət olan Komando Briqadasının digər ərazilərdə də yaradılması işləri davam etdirilir.
Bunun ardınca 2022-ci il fevralın 9-da azad edilən ərazilərdə ən müasir və nümunəvi yeni hərbi hissənin istifadəyə verilməsi Azərbaycan Ordusunun döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasından müstəsna əhəmiyyət kəsb edir.
Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi daha geniş vüsət alıb. Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub.
Eyni zamanda, Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparılıb və Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, Əməliyyat (Komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırılıb.
Vətən müharibəsində əldə edilmiş təcrübələrə əsasən qoşunların idarəedilməsi ilə bağlı Azərbaycan Ordusunun qoşun növləri komandanlıqlarında Döyüşü İdarəetmə mərkəzləri və onların tabeliyində olan bölmələrdə döyüşü idarəetmə qrupları yaradılıb, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işləri təşkil edilib.
Habelə, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə qısa müddətdə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib. Vətən müharibəsindən sonrakı müddət ərzində ümumilikdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilib, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın inşası davam etdirilir.
Eləcə də, Xocavənddə ən müasir və son texnologiyalara əsaslanan Hərbi Hospital istifadəyə verilib.
Göründüyü kimi Azərbaycan Silahlı Qüvvələrinin say tərkibi azalmağa doğru getmir və gələcəkdə çox sayda hərbi qulluqçulara ehtiyac qalmayacağına dair iddialar həqiqəti əks etdirmir. Əksinə, Azərbaycan Ordusunda peşəkar və hərbi ixtisaslı kadr bazasının genişləndirilməsi, müasir hərbi birliklər, xüsusi döyüş qabiliyyətinə malik strukturlarların yaradılması hesabına hərbi kontingentin sayı da artmağa doğru gedir.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi ölkəmizin artan imkanları ölkəmizin hərbi gücünün daha da möhkəmlənməsinə yönəldilir. Sitat: “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq”. mənbə
Vətən mühariubəsində qazanılmış qələbədə böyük payı olan Xüsusi təyinatlıların strukturu, sayı və təminatı da həm genişlənir, həm də daha modernləşir. Xüsusi təyinatlıların ən çətin və çevik əməliyyatları aparmaq iqtidarında olan yeni hərbi birləşmələri yaradılır.
Bundan başqa, Ordunun gələcək kadr təminatı ən müasir standartlara əsaslanır və hərbi mütəxəssislər hazırlayan təhsil müəssisələrinə diqqət daha da gücləndirilir. Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollecin yaradılması da məhz qarşıdakı dövrdə daha peşəkar, xüsusi ixtisaslı hərbi kadrların hazırlanması, Ordunun tamamilə müasir hərbiyyənin standartlarına uyğunlaşdırılması ilə bağlı hərbi strategiyanın tərkib hissəsidir. Habelə,“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən, 2024-2025-ci tədris ilindən başlayaraq təhsil alacaq hərbi təhsil müəssisələrinin kursantlarına birdəfəlik ödənişlərin və aylıq 150 manat məbləğində təqaüdün təsis edilməsi də milli ordu quruculuğunun yeni təməl prinsiplərinə xidmət edir.
Həmçinin, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçmiş bütün hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsinə maliyyə dəstəyi verəcək, yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Bu hərbçilərə dövlətin xüsusi sosial qayğıının ifadəsidir. mənbə
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Ali Baş Komandan bir daha bəyan etdi ki, ordu quruculuğu gələcək illərdə birinci nömrəli vəzifə olaraq qalacaq. Sitat :“Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq”. mənbə
Beləliklə,“Azadlıq” radiosunun iddiasına əksinə olaraq, Azərbaycan Ordusunun bütün istiqamətlər üzrə hazırlıq və təchizatı əvvəlkindən də güclü olacaq, dövlətin orduya diqqət və qayğı daha da artırılacaq, çevik, peşəkar və nümunəvi Ordu quruculuğu ilə bağlı dövlət siyasəti milli təhlükəsizliyin ən ana hədəfi kimi ilk yerlərdən birini tutacaqdır.
2. “Azadlıq” radiosunun digər iddiası ondan ibarətdir ki, hərbçilərin pensiya yaşı artırılır və 2024-cü ildən qüvvəyə minəcək hərbi qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində hərbçilərin pensiyaya çıxma şərtləri çətinləşəcək.
Yeni dəyişikliklər, birmənalı olaraq hərbiçilərin pensiyaya çıxma hüquqlarını və şərtlərini, eləcə də gələcək sosial təminatlarını pozmur və çətinləşdirmir, əksinə, onların pensiyaya çıxmaq hüququnu qorumaq və daha da yaxşılaşdırmaq üçün sosial normaların əmsalları artırılır.
“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 13-cü və 20-ci maddələrinə (Pensiyaların məbləğləri) əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında əlavə olunurdu. Onlar 25 il stajla çıxdıqda pensiya 60 faizlə hesablanırdı.
Yeni dəyişiklikdən sonra isə təminat xərcləri 5 faiz artmış olacaq və onlar pensiya çıxdıqda 65 faiz təminat xərc hesablanacaq, nəticədə hərbi qulluqçuların sosial rifahı daha da yaxşılaşacaq. Habelə, 25 ildən yuxarı hərbi xidmətin hər ilinə görə, təminat xərcinin əmsalı digər qurumlarda 2 faiz olmasına baxmayaraq, hərbi qulluqçular üçün 3 faiz əmsalla götürüləcək. Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da pensiyasına həmin dövrün hər ili üçün 1 faiz əlavə əmsal hesablanacaq. Nəticədə indiki məbləğlə götürdükdə onun pensiyasında ən azı 250-300 manat fərq olacaq. mənbə
Bundan başqa, dəyişikliklərə əsasən, 2024-cü il yanvarın 1-dək xidmət müddətinin ən azı 17 il tamam olan hərbçilər 20 il tamam olduqda pensiyaya çıxa biləcəklər. Yəni, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi nəzərdə tutulub. mənbə
3. Digər bir məqam hərbi xidmətkeçmədə yaş həddi ilə bağlıdır. Sözügedən Qanunun 39.1.2-ci maddəsinə əsasən, (Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi) həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün son yaş həddi 45 yaş nəzərdə tutulub.
Milli Məclisdə 2-ci oxunuşda təsdiq edilən “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarıa dəyişikliklərə əsasən, yaş həddinin 48-ə qaldırılması nəzərdə tutulur. mənbə
Ancaq bu, məcburi xarakter daşımır, həmin hərbi qulluqçu istəsə 45, 46 yaşlarında da ehtiyata buraxıla bilər, ancaq onlar əlavə olaraq 2-3 il orduda xidmətlə bağlı müqavilə bağlamaqla pensiya təminatı xərcinin məbləğini də artırmış olurlar. Yəni, dəyişikliyin əsas məğzi daha çox sosial məzmun daşıyır və hərbçilər üçün üstünlüklər yaradır.
4. Sosial mediada təhrif edilən və ictimaiyyətə yanlış təqdim edilən məsələlərdən biri zabitlərin ehtiyata buraxılması müddətinin 5 ildən 10 ilə qaldırılmasıdır. Əslində belə bir dəyişiklik yoxdur, müddət olduğu kimi qalır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41-ci maddəsinin 9-cu (Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma) bəndinə əsasən, zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər ehtiyata buraxıla bilər. Yəni, mövcud və yeni qanunvericilikdə ehtiyata buraxılma müddəti 10 il olduğu kimi saxlanılır, heç bir dəyişiklik edilmir.
mənbə1 mənbə2
5. Hərbçilərlə bağlı dəyişikliklərdən biri də hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsidir. Bəllidir ki, 2012-ci ilə qədər bu işi hərbi komissarlıqlar, 2012-ci ildən sonra isə onların bazasında yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirdi.
Prezident İlham Əliyevin “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanına əsasən, 2024-cü ildən etibarən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılacaq. mənbə
Bu məqsədlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna da dəyişiklik ediləcək. Bütün bu proseslər isə elektron sistem üzərindən keçiriləcək və təbii ki, əsas məqsəd şəffaflığın təmin edilməsidir.
6. “Azadlıq” və digər qərəzli mövqe nümayiş etdirən mediada hərbçilərin sosial müdafiəsi ilə bağlı digər fikir müharibə bitəndən sonra hərbi qulluqçuların sosial durumunun yaxşılaşmaq əvəzinə, pisləşməsi, onların maaşlarının hesablama qaydasının dəyişməsi nəticəsində əməkhaqlarının azalması ilə bağlıdır.
Bu cür fikirlər də qərəz xarakterlidir, dövlətin hərbi qulluqçulara olan sosial diqqətini və qayğısını əks istiqamətdə təqdim edərək təxribat məqsədi daşıyır.
Vətən müharibəsindən sonra ardıcıl olaraq bütün hərbi qulluqçuların maaşları və təminat xərcləri artırılıb. İlk növbədə, 2021-ci ilin mart ayından etibarən, hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin ödənilməsi təmin edilib. Belə ki, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhəddində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Dövlət başçısının “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamına əsasən, Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.
Hərbçilərə qarşı bu sosial qayğının davamı olaraq Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları 2024-cü il yanvarın 1-dən etibarən, 20 faiz artırılacaq. mənbə
Həmçinin, dövlət müharibə veteranlarının sosial və hüquqi müdafiəsinin təmin edilməsi istiqamətində ən zəruri təminatları yaradıb. Hərbi qulluqçunun hər biri aldığı xəsarət ona əlilliyin müəyyən edilməsinə əsas vermədiyi halda 2.750 manat, yüngül xəsarət aldığı zaman isə 550 manat sığorta ödənişi həyata keçirilir. Onlar özünüməşğulluq proqramında növbədənkənar təmin olunurlar, müxtəlif sektorlarda, xüsusilə də nəqliyyat, iaşə, ticarət sahələrində qeyd-şərtsiz işlə təmin olunublar və müxtəlif güzəştləri vardır. Onların ailə üzvləri isə sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilir.
Hökumət Vətən müharibəsi iştirakçılarının ipoteka yükü altına girməsini məqbul hesab etmir, onların birbaşa dövlətin sosial dəstəyi ilə ev, mənzil problemini özü həll edir, bütün icra hakimiyyətlərinə müharibə veteranlarının növbəlilik əsasında mənzil, fərdi ev və torpaq sahəsi ilə təmin edilməsi işlər görür.
Müharibə əlillərinə ilk növbədə, birdəfəlik sığorta ödənişi həyata keçirilir. I dərəcə əlilliyə görə 8.800 manat, II dərəcəyə görə 6.600 manat, III dərəcəyə görə 4.400 manat sığorta ödənilir. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - I dərəcə üzrə 220 manat, II dərəcə üzrə 180 manat, III dərəcə üzrə 120 manat məbləğində aylıq müavinət alırlar. Üstəlik, müharibə əlillərinə I qrup üzrə 400 manat, II qrup üzrə 350 manat, III qrup üzrə 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü verilir. Həmçinin, onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir.
Müharibə əlilləri növbəliliik qaydasında pulsuz olaraq nəqliyyat vasitəsi ilə təmin olunurlar. Onların uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azaddırlar.
Müharibə əlilləri üçün vergi və əmək, digər fəaliyyət sahələri üzrə qanunvericlikdə bir sıra güzəştlər nəzərdə tutulub. Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, müharibə veteranı adı almış fiziki şəxslər hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirin 400 manat məbləğində hissəsi vergidən azad olunur.
Bütün bunlarla bərabər, 44 günlük müharibədən bütün şəhid aiələri mənzillə təmin olunub, ailə üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunub, hər şəhid ailəsi 11 min manat sığorta haqqı verilib, əlavə olaraq Heydər Əliyev Fondu tərəfindən 10 min manat birdəfəlik yardım verilib. Şəhid ailələri üçün ödənilən aylıq müavinətin məbləği 600 manata qaldırılıb. Ailə başçısını itirmiş hərbi qulluqçunun övladlarının hər birinə onun aylıq hərbi məvacibinin 50 faizi nisbətində təminat xərci ödənilir.
Yuxarıda sadaladıqlarımız Vətən müharibəsində iştirak etmiş hərbçilərə və müharibə iştirakçılarına, şəhid ailələri və qazilərə, eləcə də hazırda hərbi xidmətini davam etdirən zabit və hərbi qulluqçulara dövlətin ən yüksək qayğısının sosial ifadəsidir.
Göründüyü kimi, “Azadlıq” radiosunun müharibə başa çatdıqdan sonra Azərbaycanda ordu quruculuğuna diqqətin azalması, hərbçilərin əməkhaqları və təminat xərclərinin azalması, əmək və hərbi qanunverciliyə edilən dəyişikliklər nəticəsində onların pensiya çıxma şərtlərinin çətinləşməsi, gələcək sosial təminatlarının və sosial-məişət şəraitinin pisləşməsi barədə fikirlərin hər biri yalandır və dövlətin Ordu ilə bağlı həyata keçirdiyi siyasəti gözdən salmağa xidmət edir.