“Meydan TV”nin yaydığı məlumatda iddia edir ki, Cənubi Qafqaz regionunda suyun qiymətinin ən baha olduğu ölkə Azərbaycandır. Suyun qiyməti digər iki ölkədə - Gürcüstan və Ermənistanda bizimlə müqayisədə xeyli ucuzdur.
Faktyoxla Lab. “Meydan TV”nin yenə də ənənəsinə sadiq qalaraq yanlış informasiya yaydığını, rəqəmlər üzərində manipulyasiya etdiyini müəyyənləşdirib. Həmin araşdırmanı təqdim edirik.
Ermənistan Kommunal Təsərrüfatların Tənzimlənməsi Komissiyasının su təsərüfatını idarə edən “Veolia Dzhur” QSC-yə verilən abonent qrupu üzrə təsdiqlədiyi 2025-ci il üçün tariflərinə əsasən, bu ölkədə təminatsız istehlakçılar üçün (əhali qrupu) suyun tarifi 180 dram, digər kateqoriyalar üçün isə 1 kubmetr üçün 200,42 dram səviyyəsində müəyyən edilib.
Bir dram 0,00254 dollar və ya 1 dollar 395 dramdır. 200 dram isə (200*0,00254 = 0,50.8 ) 0,51 dollar edir. Azərbaycan manatına çevirdikdə 87 qəpik deməkdir. Yəni Ermənistanda əhali qrupuna satılan 1 k.metr suyun hazırkı tarifi Azərbaycan pul vahidi ilə 87 qəpiyə bərabərdir. Əgər qeyri-əhali qrupu və digər abonentlər üçün tarif 208,4 dram təşkil edirsə, bu, rəqəm Azərbaycan pul vahidi ilə təxmini 90 qəpik deməkdir.
Azərbaycanda tariflərə gəlincə, əhali qrupu üzrə 2 tarif mövcuddur. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün suyun tarifi 70 qəpik və tullantı sularının axıdılması xidmətinin tarifi 30 qəpik, respublikanın digər şəhər və rayonları üzrə isə su 60, kanaliziasiya xidmətləri 30 qəpikdir. Beləliklə, əhali abonentləri üzrə respublikada orta tarif 90 qəpikdir. Yəni Ermənistandakı orta tariflə təxmini eynidir.
Eyni situasiya qonşu Gürcüstanda da hökm sürür. Bu ölkədə suyun tarifləri differensial qaydada tənzimlənir. Su təchizatı və kanalizasiya sistemləri xidmətləri tarifləri şəhər və rayonlar üzrə fərqlidir. Məsələn, paytaxt Tbilisi və Mtsxeta şəhərləri üçün yaşayış sahəsi üçün xidmətin dəyəri sayğac olmadan sabit tarif üzrə adambaşına 4,5 laridir (2,60 qəpik). Sayğac olan əhali abonentləri uçün tarif isə 1 k.metr üçün 0,5 lari (30 qəpik) təşkil edir.
Gürcüstanda qeyri-əhali qrupu, yəni təşkilatlar və kommersiya sektoru üçün tariflər isə 1 k.metr üçün 8,8 lari (5,1 manat) müəyyənləşib. Rustavi şəhərində isə əhali qrupu üzrə tarif 0,5 lari, təşkilat və kommersiya sektoru üçün 6,5 laridir. mənbə
Suyun orta tarifi təkcə əhali qrupu üzrə deyil, həm də qeyri-əhali qrupu üzrə müəyyən edildiyindən hər iki qrupun ümumiləşdirilmiş yekun tarifi hesablanır.
Bütün ölkələrdə sudan istifadə edənlərin təxminən yarısı qeyri-əhali qrupu hesab edilir. Bu prinsipə əsaslandıqda, əhali və qeyri-əhali qruplarının birgə vahid orta tarifinə görə, Azərbaycanda qiymət Gürcüstanda 2 dəfə ucuzdur.
Yuxarıda vurğuladıq ki, Gürcüstanda (Tbilisi və Mtsxeta) əhali abonentləri uçün tarif 0,5 lari, qeyri-əhali qrupu üzrə 8,8 laridir. Hər iki qrupu üzrə yekun tarif (0,5+8,8=9,3) 9,3 lari edir. Hər iki abonent qrupunun orta tarif isə (9,3/2=4,65) 4,65 laridir (2,7 manat).
Azərbaycanda əhali qrupu üzrə orta tarif 0,90 qəpik, qeyri-əhali qrupu üzrə 1 su və tullantı sularının axıdılması üzrə birlikdə 2 manat təşkil edir.
Əhali və qeyri əhali qrupunun birgə yekun qiyməti 2,9 AZN, orta tarif isə (2,9/2=1,45) 1 manat 45 qəpikdirsə, demək Gürcüstanda orta tarif Azərbaycandan 2 dəfəyə yaxın yüksəkdir. Ermənistanla isə tariflər eyni səviyyədədir.
Burada “Meydan TV”-nin manipulyasiya etdiyi bir məqama toxunmalıyıq.
Beynəlxalq qiymətləndirmələrdə də suyun orta istehlak qiyməti təkcə abonentlərə satılan tariflə müəyyənləşmir. Dünyada suyun orta tarifi əhali və qeyri-əhali qruplarına satılan məhsulun birgə yekun qiymətinə əsasən müəyyən edilir.
Bəllidir ki, dünyada qəbul edilmiş ali prinsip var- hansı ölkədə içməli və şirin su ehtiyatları azdırsa və yerüstü su mənbələrinə çıxış və əlçatanlıq daha yaxşıdırsa, həmin ölkələrdə suyun xərc yükü aşağı olur. Əksinə, hansı ölkədə həmin ehtiyatlar azdırsa, qiymətlər xeyli yüksək olur.
Bu konteksdə Cənubi Qafqaz ölkələrinin şirin və yerüstü su ehtiyatlarının həcmlərinə nəzər salaq. Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62 %-i Gürcüstanın, 28 %-i Ermənistanın, 10 %-i Azərbaycanın payına düşür. Daha sadələşdirsək, bu bölgədəki su resurslarının 10-dan biri bizim ölkəyə çatır. mənbə
Cənubi Qafqaz ölkələrinin cəmi əhalisinin sayı 17 milyon nəfərdir, onun 10 milyonu Azərbaycanın, qalan 7 milyonu digər iki respublikanın payına düşür. Adambaşına böldükdə isə Gürcüstanda hər nəfərə düşən su Azərbaycandan 15 dəfə, Ermənistanda isə 10 dəfə çoxdur. mənbə
Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan, bərpa olunan şirin su ehtiyatının 17,8 milyard kubmetri (67,9 faizi) yerüstü şirin su ehtiyatlarından formalaşır. Su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Ölkəmiz adambaşına düşən su ehtiyatına görə qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb.
Su təminatında əhəmiyyətli yer tutan yerüstü su ehtiyatları, əsasən, çaylarda cəmlənib. Azərbaycanda ümumilikdə 8359 çay olsa da, əksəriyyəti kiçik (uzunluğu 5 km-dən az) və azsuludur. Çay suları ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrin ərazisindəki çaylardan formalaşır. Quraqlıq illərində transsərhəd su ehtiyatlarının həcmində kəskin azalma müşahidə edilir. Eyni zamanda, Kür və Araz çaylarının su ehtiyatı qonşu ölkələrin ərazisində sugötürücü qurğularla mənimsənilmə nəticəsində xeyli səviyyədə azalır. Bütün bunlar ölkəmizdə suya tələbatın ödənilməsində ciddi çətinliklər yaradır.
Yuxarıda qeyd edilən amillər sözsüz ki, suyun xərclərinə də ciddi təsir göstərir. Suyun xərclərinə, onun mənbələrdən yığılması və kəmərlərlə anbarlara ötütürülməsi, saxlanması, emalı, təmizlənməsi, istehlakçılara çatdırılması və s. daxildir. Azərbaycanda su ehtiyatlarının 70-75 faizi qonşu ölkələrin çaylarından formalaşdığından transsərhəd mənbələrdən toplanan əmtəənin toplanması və emalı, istehlakçıya çatdırılması proesesləri böyük xərclər aparır. Gürcüstan və Ermənistanda şirin su mənbələrinin çox olması, transsərhəd ehtiyatların böyük hissəsinin iki ölkədə cəmləşməsi və sugötürücü qurğuların birbaşa ana çayların üzərində yerləşməsi suyun həcmini xərcini respublikamızla müqayisədə bir neçə dəfə azaldır. Bu baxımdan suyun maya dəyəri xərci hər iki ölkədə xeyli aşağıdır.
Azərbaycanda su ehtiyatlarının həcmi digər yaxın region ölkələrindən də az olmağına baxmayaraq, tariflər qonşu ölkələrdəkindən aşağıdır. Belə ki, əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir.
Beləliklə,
- “Meydan TV”nin Azərbaycanın Cənubi Qafqazda suyun qiymətinin ən baha ölkə olması barədə fikirləri reallıqdan uzaqdır, iddialar real fakt və rəqəmlərə söykənmir, növbəti manipulyasiya cəhdidir;
- Müqayisədən çıxan nəticə və rəqəmlər “Meydan TV”nin “Azərbaycanda su daha bahadır” iddiasının tamamilə yalan olduğunu göstərir;
- Tariflər arasında cəmi bir neçə qəpik fərq olmasına baxmayaraq, bu media orqanı məqsədli şəkildə manipulyasiya edərək Ermənistanın mənafeyinə uyğun təşviqatla məşğul olur.
Mövzuya əlavə: Differensial su tariflərinin tətbiqi gözlənilirmi?
Beynəlxalq təcrübədə suyun istehlak xərclərini müəyyən edilməsində ən ədalətli və dürüst yanaşmalardan biri differensial tariflərdir. Bir çox ölkələr sudan az və ya çox istifadə etməsinə görə abonentlərə müxtəlif limitlər üzrə tariflər tətbiq edir. Bu təcrübə ölkəmizdə qaz və işıq istehlakında mövcuddur. Belə ki, Azərbaycanda təbii qazın və işığın tarifləri bir neçə tarif üzrə differensialdır. Ümumiyyətlə, su ehtiyatları az olan ölkələrdə suyun diferensial tarifləri tətbiq olunur. Belə ki, 10-15 kubmetrə qədər olan istehlak üzrə aşağı tarif, 15-25 kubmetr üzrə orta tarif, 25 kubmetrdən yuxarı daha yüksək tarif tətbiq olunur.
Bu təcrübənin su xidmətləri sektoruna gətirilməsi də labüdləşib. “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya” sənədində bununla bağlı məsələlər öz əksini tapıb və yaxın vaxtlarda differensial su tariflərinin tətbiqi nəzərdə tutulur.
Bu, su ehtiyatları üçün mövcud və əlavə mənbələrin imkanlarının artırıması, ölkəmizin dayanıqlı su təhlükəsizliyinin təmin edilməsi, su ehtiyatlarının effektiv idarə edilməsi üçün yeni imkanlar deməkdir. Suyun liberal tarif sisteminin yaradılması, yəni differensial su tariflərinin tətbiqi vətəndaşların sosial mənafeyi qorunmaq şərtilə, müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadə üzrə tarif tənzimləmələrini nəzərdə tutur. Belə ki, hazırda içməli sudan paytaxt və kəndlərdə, bağ evlərində, müxtəlif təsərrüfat subyektlərində sudan hədsiz dərəcədə çox istifadə olunmasına baxmayarq 10 və ya 100 kubmetr arasında fərq yoxdur. Bu baxımdan qaz və işıqda olduğu kimi aşağı, orta və yuxarı limitlər müəyyən etməklə tariflərin diferensiallaşdırılmasına keçidlə bağlı mexanizmlər hazırlanacaq. Bu tariflər əsas etibarilə sudan daha çox 40, 50, 100 kubmetr istifadə edənlərin xərclərində özünü göstərəcək, sudan az istifadə edən əhali qrupu üçün tariflərdə ciddi dəyişiklik olmayacaq.