Məlum olduğu kimi Nazirlər Kabineti martın 29-da “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 №-li Qərar imzalayıb. Qərara əsasən, zavod buraxılışına görə avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Bu o deməkdir ki, istehsal ili 2014-cü ildən əvvəlki illlərə aid olan minik avtomobillərinin Azərbaycana idxalı qadağan olunur.
NK-nın qərarında qeyd edilir ki, bu addımı atmaqda başlıca məqsəd və məramı insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılmasından ibarətdir.

Bu arqumentlər nə dərəcədə əsaslıdır?

Birincisi, insanların həyat və sağlamlığının qorunması amili olduqca bu gün bütün dünyada mühüm faktora çevrilib. Əksər ölkələrdə istismara yarasız və təhlükəsizlik yastığı olmayan, həmçinin, texniki parametrləri tələb olunan meyaralara cavab verməyən bütün sinif avtomobillərin idxalı və satışı qadağan olunub. Hazırda Azərbaycanda avtomobil parkında isə texniki normalara cavab verməyən, istifadəsi istehsal edilən ölkələrin özündə belə qadağan edilmiş maşınların sayı hədsiz dərəcədə çoxdur, maşın parkının təxminən 80%-ni köhnəlmiş avtomobillər təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə 1,4 milyona yaxın minik avtomobili mövcuddur. Onun təxminən 1,3 milyonu şəxsi minik avtomobilləridir. Hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 135-dir ki, onun da 118-i köhnədir.

 

Təhlillərə əsasən, ölkəmizdə baş verən qəza hallarının, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti məhz texniki nasazlıq üzündən baş verir ki, burada da yararsız və istismar ili hədsiz köhnə olan avtomobillər xüsusi üstünlük təşkil edir. istinad

Yuxarıda vurğuladığımız bu amillər nəzərə alınaraq dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Sənəddə (7.3.7.1-ci bənd) texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiyana dair Tədbirlər planının hazırlanması və tətbiqi nəzərdə tutulub. Demək hökumətin 29 mart tarixli qərarı sözügedən Dövlət Proqramının tələblərindən irəli gəlir.

İkincisi,
ətraf mühitin qorunması amilidir. Son illərdə Bakı şəhərinin çirklənməsində ən birinci amil məhz avtomobillərin ətraf mühitə buraxdığı zərərli maddələrdir. Son 3 ildə Azərbaycanda istismar müddəti başa çatmış və ekoloji tələblərə cavab vermədiyi üçün istifadəsi qadağan edilmiş nəqliyyat vasitələrinin sayı 2,5-3 dəfə artıb. Ekoloqların hesablamasına görə, ölkədə atmosferə atılan zərərli qazların 75 faizə qədəri nəqliyyat vasitələrinin payına düşür, il ərzində onların atmosferə buraxdığı karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. istinad

Azərbaycan atmosferə buraxılan çirkli maddələrin miqdarının azaldılması üçün beynəlxalq öhdəlik götürüb. Bir neçə il əvvəl Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqlənib.

Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını üzərinə götürüb. Bu hədəfə çatmağın əsas yollarından biri köhnə avtomobillərin istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılmasıdır. Bu siyasətə uyğun olaraq ölkəyə daha təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalına xüsusi güzəştlər edilir. Misal üçün, 2019-cu ildə elektrik mühərrikli avtomobillərin idxalı, 2023-cü il ilin yanvar ayından etibarən isə həm idxalı, həm də satışı ƏDV-dən, elektromobillərin idxalı isə gömrük rüsumundan azad edilib. mənbə


İndi isə, ən çox maraq doğuran məsələlərdən birinə aydınlıq gətirək. NK-nın qərarı ölkəyə minik avtomobillərinin idxalının azalmasına və bazarda avtomobillərin bahalaşmasına səbəb olacaqmı?
Əvvəlcə idxal barədə, ötən illərin gömrük statistikası göstərir ki, qərarın idxalın azalmasına təsiri olmayacaqdır. Çünki 2004-cü ildə də eynilə bu cür qərar qəbul olunmuş, avtomobillərin buraxılış ilinə görə idxalına məhdudiyyətlər tətbiq edilmişdi. Belə ki, Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 2 nömrəli Qərarı ilə 2014-cü il 1 aprel tarixindən ölkədə “Avro-4” ekoloji normalarının tətbiqi ilə əlaqədar mənşə ölkəsindən asılı olaraq buraxılış ilinə görə ABŞ istehsalı üzrə 2004-cü, Avropa İttifaqı ölkələri üzrə 2005-ci, Cənubi Koreya üzrə isə 2006-cı il, Yaponiya və Çin üzrə 2011-ci il və Türkiyə üzrə 2009-cu ildən sonrakı illərdə istehsal olunmuş avtomobillərin idxalına icazə verilmişdi. mənbə

Həmin vaxt da idxalın azalacağı güman edilirdi, ancaq idxal statistikası təsdiq etdi ki, məhdudiyyətlər Azərbaycana gətirilən maşınların sayının azalmasına səbəb olmadı, əksinə qərarın tətbiqindən sonrakı illərdə dinamika daha da artdı. Belə ki, 2004-cü ildə idxal olunan avtomobillərin cəmi 554 min ədəd təşkil edirdisə, bu rəqəm 2005-ci ildə 612 min ədədə çatdı. Həmin avtomobillərin tərkibində minik avtomobillərinin sayı 2004-cü ildə 438,9 min ədəd, qərarın tətbiqindən sonrakı 2005-ci ildə 479,4 min ədəd təşkil etdi. Yəni, ölkədə avtomobillərin sayı (qərar 2004-cü il aprelin 1-dən qüvvəyə minib) 9 ayda 40 min ədəd artdı. Sonrakı illərdə bu rəqəm hər il 60-70 min ədəd artaraq 2013-cü ildə 1 milyon ədədi ötdü. (Mənbə: Dövlət statistika Komitəsi, Nəqliyyat vasitələrinin sayı)
Göründüyü kimi məhdudiyyətlə bağlı qərar idxalın azalmasına yox, artmasına səbəb olubdur.

Onu da nəzərə almaq lazımdır ki, hökumət qarşıdakı dövrdə diqqəti əsas etibarilə hibrid və ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və satışının gömrük və vergi güzəştlərinin əhatəsini artırılmasına yönəldib ki, güzəştlər sayəsində yeni nəsil və buraxılış ili daha təzə minik avtomobillərinin idxal üçün əlavə imkanlar açılacaq.

Bahalaşmaya gəlincə, birincisi, qərar 2014-cü ildən əvəlki illərdə istehsal edilmiş avtomobillərin idxalına məhdudiyyətləri nəzərdə tutur, daxili bazarda satışına isə qadağa qoyulmur. Yəni, maşın bazarında ikinci, üçüncü əl olan könhə maşınların satışı üçün məhdudiyyət yoxdur. Ancaq həmin avtomobillərə tələb onsuz da son illərdə aşağı düşdüyündən və insanlar daha çox hibrid (ekoloji təmiz nəqliyyat vasitələri) avtomobillərə üstünlük verdiyindən bahalaşma olacağı inandırıcı deyil. Çünki maşın bazarında satılan 2015-cü il istehsal tarixli “Toyota Prius”un qiyməti ilə 2012-2013-cü illərin buraxılışı olan “Kia”, “BMW”, “Mercedes” markalı avtomobillərn qiymətləri faktiki olaraq eynidir.

İkincisi, hökumətin hibrid və ekoloji təmiz nəqliyyat vasitələrinin idxalı və satışının gömrük və vergi güzəştləri ilə bağlı siyasəti minik avtomobillərinin qiymətlərin aşağı düşməsinə təsir edəcək.
Nazirlər Kabinetinin qərarı avtomobillərin sığortasında yaranmış mövcud problemləri də aradan qaldırmış olacaq. Məlum olduğu kimi sığorta şirkətləri bir ildən artıqdır ki köhnə istehsal ilinə malik avtomobillərin sığortasından imtina edir. Sığorta şirkətləri həmin nəqliyyat vasitələrinin böyük əksəriyyətinin istismara yararsız olmasını və xüsusi risk qrupunda yer almasını nəzərə alaraq sığortalanmasını məqbul hesab etmir. Şirkətlər istehsal ili 2013-cü ildən bəri olan avtomobillərin sığorta olunmasına üstünlük verirlər.

Nazirlər Kabinetinin mövcud qərarından sonra sığorta bazarında yaranmış bu tərəddüdlər də ortadan qalxmış olacaq və artıq sığorta şirkətlərinin bəhanələrinə də yer qalmayacaq.
Beləliklə, Nazirlər Kabinetinin mövcud qərarı qəbul etməsində başlıca məqsədlər insanların həyat və təhlükəsizliyinin qoruması və qəza təhlükəsi riski yaradan avtomobillərin tədricən yeni nəsil maşınlarla əvəz edilməsi, ekoloji mühitə dəyən zərərlərin azaldılması və vətəndaşların daha sağlam ətraf mühitlə təmin olunması, ekosistemin yaxşılaşdırılmasından ibarətdir.
Eyni zamanda, bu qərar hazırda tətbiq edilən “Avro-4” standartlarından “Avro-5” ekoloji standarlarına, eyni zamanda ortamüddətli dövrün əsas strateji hədəflərindən biri olan “yaşıl enerji”yə keçidi sürətləndirmək məqsədi daşıyır. 

Yekunda bəzi iqtisadçıların NK-nın qərarı barədə verdikləri anlaşılmaz şərhlərinə də toxunaq. Məsələn, iqtisadçı Qubad İbadoğlu bildirir ki, Nazirlər Kabinetinin məhdudlaşdırıcı qərarına 2 iradım var. Sitat: “Birincisi, məhdudlaşdırma hansı mənada işlədilir, tam qadağan olur, yoxsa istisnalar olacaq. İkincisi, ABŞ-dan, Koreyadan martin 28-də yola salınan avtomobil ən tezi 40-45 günə Gürcüstan limanlarına çatır, odur ki, belə qərarlar  qüvvəyə 30 gündən deyil, 90 gündən  sonra qüvvəyə minməlidir”. 


İbadoğlunun birinci iradına cavab olaraq bildirək ki, məhdudlaşdırma raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla, buraxılış tarixinə görə yaşı 10 ildən çox olan bütün minik avtomobillərinə aiddir. Yəni, NK-nın qərarında qadağa və istisnaların sərhədləri konkret olaraq göstərilib. İstisnalar raritet, yəni nadir (mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş xüsusi markalı avtomobillər, adətən retro maşınlar və s.) avtonəqliyyat vasitələrinə və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobillərini nəzərdə tutur.
İbadoğlunun ikinci iradına, yəni müxtəlif ölkələrdən – ABŞ və Koreyadan martın 28-də yola salınan avtomobillərin 40-45 günə Gürcüstan limanlarına çatması və NK-nın qərarının qüvvəyə mindiyi 30 gündən sonra Azərbaycana gətirilməsinə gəlincə, burada da çətinlik yaradacaq bir şey yoxdur.
Əvvəla, xarici ölkələrdən Azərbaycana avtomobillərin gətirilməsi 40 günə deyil, 20-25 günə, bəzən daha tez gətirilir. NK-nın qərarı mayın 1-dən qüvvəyə mindiyindən həmin müddətək sifariş edilmiş avtomobillərin ünvana çatdırılması tam mümkündür.
İkincisi, NK-nın qərarı qüvvəyə mindiyi gündən əvvəlki tarixlərdə avtomobil sifariş edən, yaxud gətirən şəxslərin maşınları 30 gündən sonra Azərbaycanın gömrük ərazisinə çatdıqda onlar geri qaytarılmayacaq. Çünki, NK-nın qərarında qeyd edilib ki, gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobillərinə istisnalar nəzərdə tutulub. Bu istisnalardan biri də həmin gecikən avtomobillərlə bağlıdır. istinad