ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, Demokratlar Partiyasının üzvü Nensi Pelosi dünya ictimaiyyətinə demokratik və islahatçı qadın kimi təqdim edilsə də, əslində onun simasını açan, qaranlıq ailə biznesini aşkara çıxaran və beynəlxalq səviyyədə təsdiqini tapan kifayət qədər tutarlı faktlar mövcuddur. Pelosi ailəsinin əsil mahiyyəti Amerikada müxtəlif fırıldaqçı maliyyə əməliyyatlarında və çirkli kapital fondlarına sahib olmaq və digər iqtisadi dələduzluqlarla açılır. Aşağıda bu ailənin çirkli biznes imperiyasını sübut edən bir sıra məqamlara aydınlıq gətirməyə çalışmışıq.

Nensi Pelosi 2007-2011-ci illərdə ilk dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri olduğu müddətdə siyasi nüfuzundan və hakimiyyət səlahiyyətlərindən istifadə edərək ailəsinin qaranlıq biznesinə qapı açıb, eyni zamanda Konqresdə demokratların üstünlüyündən yararlanaraq şəxsi biznes mənafeyinə xidmət edən qanunların qəbul olunmasına, azad rəqabəti məhdudlaşdıran qanunvericlik aktlarına dəyişikliklərin edilməsinə müvəffəq olub.
ABŞ-da Nensi Pelosinin “insayder ticarətilə” (Insider dealings) fəal məşğul olan konqresmenlərdən biri olmasına dair məlumatlar var. Qeyd edək ki, “insayder əməliyyatları” qanunla icazə verilmədiyi halda investor və səhmdarların qiymətli kağızlar bazarındakı fəaliyyətinə dair informasiyaların yayılması cəhdləridir. Daha sadə dillə desək, şirkətlərin maliyyə əməliyyatları haqqında məlumatların ictimaiyyətə təqdim ediləcəyi ilə bağlı təhdid xarakterli hərəkətlərdir. Həmin informasiyaya malik olan şəxslər isə sözsüz ki, yüksək dövlət vəzifələri daşıyan və iri şirkətlərin informasiyalarına çıxışı olan səlahiyyətli məmurlardır.  (Mənbə)


Nensinin həyat yoldaşı Pol Pelosi
onilliklər ərzində daşınmaz əmlak və vençur kapitalı sahəsində tanınmış iş adamı olub. Bu, normal haldır və heç kim buna irad bildirə bilməz. Ancaq məsələ ondadır ki, Nensi Pelosi Nümayəndələr Palatasının rəhbəri seçildikdən sonra öz siyasi hakimiyyətindən müxtəlif vasitələrlə istifadə edərək həyat yoldaşı Pol Pelosinin əli ilə tanınmış şirkətlərin istiqraz və səhmlərini ələ keçirir.
Beləliklə, 2008-ci ildə ABŞ-da ağır maliyyə böhranı zamanı N. Pelosi və əri Paul Pelosi maliyyə bazarlarındakı yaranmış vəziyyətdən sui-istifadə edərək insayderlik yolu ilə “Visa” beynəlxalq ödəniş şirkətinin səhmlərini təhdidlərlə ələ keçiriblər. Pelosi bu zaman hiyləgər ssenarisini işə salaraq kart şirkətlərinin Amerika bazarında inhisarçılığın qarşısının alınmasına dair hazırladığı qanun layihəsini Palatada ertələməklə öz “Visa”-sına qanunvericlik səviyyəsində lobbiçilik edib. Nəticədə kredit provayderlərinin azad fəaliyyəti ilə bağlı qanun layihəsi qəbul olunmur, prossesinq şirkətləri üçün azad rəqabət məhdudlaşdırılır. Pelosi “əməyinin bəhərsini” görür, ailə “Visa”nın hər birinin ilkin qiyməti 44 dollar olan 5000 səhmini alıb, 2 gündən sonra səhmlərin birini  64 dollardan satmaqla yüksək gəlir əldə edir. (Mənbə)


Pelosi ailəsi daha sonra “Visa”nın əvvəl 15.000, sonra daha çox səhmini alaraq investisiyasının ümumi dəyərini 5 milyon dollara çatdırır. Sonradan “Visa”nın baş direktoru ilə N.Pelosinin San-Fransiskoda təkbətək görüşü də investorlar tərəfindən söz-söhbətlərə səbəb olur. Onlar şirkəti bu qadına seçkilərdə maliyyə dəstəyi göstərməkdə qınayırdılar. (Mənbə)

ABŞ-da “Fannie Mae” kimi ipoteka nəhəngini uçuruma yuvarlanmasında, demokratların maliyyə dayaqlarından biri olan “Countrywide Fannie”-nin yüksəlişində, eləcə də “OneUnited Bank”ın, Los-Ancelesdəki “Family Savings”in aktivlərinin satın alınması və 2008-2009-cu illərdə ABŞ-dakı maliyyə böhranı zamanı bir çox investisiya şirkətlərinin sıradan çıxarılmasında da demokratların və N.Pelosinin inzibati güc resursları müstəsna rol oynayıb. Bütün bunlar isə Amerika kimi azad iqtisadi imici olan ölkənin nüfuzuna vurulmuş ağır zərbə hesab oluna bilər. (Mənbə) P.Pelosi, həmçinin “Alphabet” şirkətinin səhmlərinin alınmasına dair opsion müqavilələrindən cəmi bir gedişlə təxminən 5 milyon dollar qazanıb.


Pol Pelosi Nensinin insayderlik fəaliyyəti sayəsində birja ticarətində ciddi uğurlar əldə edir. Əvvəlcə, ABŞ-ın uğurlu investisiya şirkətlərindən biri olan “Nvidia” korporasiyasının 20.000 səhmini satın alır. Kaliforniyada mikroçip istehsalçısı olan “Nvidia”nın fəaliyyəti üçün bundan sonra daha geniş qapı açılır. Bu ərəfədə Konqress çip istehsalını artırmaq məqsədi ilə hazırlanan qanun layihəsini qəbul edir. Məqsəd aydındır, xanım spiker öz ailə biznesinin genişləndirilməsi üçün parlamentdə şəxsi maraqlarını təmin edən qanunları təsdiq etdirir. 

Başqa bir qalmaqallı qanun layihəsi yarımkeçiricilər sənayesi ilə bağlıdır. Nensi Pelosi Konqress səs vermədiyi halda ABŞ-da yarımkeçiricilər sənayesini dəstəkləmək məqsədi ilə yaradılmış “CHIPS” aktını qəbul etdirməklə hökumətin ayırdığı 52 milyard dollarlıq subsidiyanın öz şəxsi ailə biznesinə ayrılmasını da təmin edib. Həmin subsidiyaların böyük bir hissəsi isə dolayı yolla ərinin səhmdarı olduğu “Nvidia” və “AMD” şirkətlərinə yönəldilib.
N.Pelosi insayderlik fəaliyyəti ilə həyat yoldaşının ABŞ telekommunikasiya sənayesində kifayət qədər payı olan “AT&T” holdinqində səhmlər əldə etməsində də yardımçı olub. (Mənbə)

Pelosi ABŞ-ın iqtisadi qanunlarını da öz ailəsi və yaxın çevrəsinin monopolist maraqlarına uyğunlaşdırmaq üçün qanunverici hakimiyyətin imkanlarından sui-istifadə edib. Nümayəndələr Palatasının gündəliyinə antiinhisar qanunlarına dəyişikliklərin edilməsi barədə “təkliflər” salınır. Palata “Antiinhisar siyasəti haqqında” qanunlara dəyişlik edir. Əslində həmin antiinhisar qanunvericiliyinin yeni redaksiyası qlobal İT bazarlarının tiranları olan sözügedən nəhəng sosial media paltformalarına qarşı yönəltməklə onların bazar gücünü məhdudlaşdırmaq və ya şirkətləri tamamilə parçalamaq məqsədi daşıyırdı. Rəqabət mühitinin yaxşılaşdırılması pərdəsi altında yumşaq hücumların məqsədi aydın idi: elektron media seqmentlərinin çoxmilyonluq bazarından pay qopartmaq. Məhz bu ssenarinin işə düşməsi sayəsində Pelosi ailəsi “Alphabet”, “Google”, “iPhone”, “Apple” şirkətlərinə nüfuz edərək onların səhmlərinə sahib olmaqla gəlirlərini daha da artırıb. (Mənbə)

E-ticarətin bir nömrəli platforması olan “Amazon”-un səhmlərinə sahib olmaq sözsüz ki hər bir səhmdarın arzusudur. Əlbəttə, Nensi Pelosi siyasi hakimiyyətin yüksək təmsilçisi olduğundan ABŞ və beynəlxalq qanunlar bunu qadağan edir. Ancaq xanım Pelosi qadağalara məhəl qoymayaraq “Amazon”-un səhm paketinin əhəmiyyətli hissəsini ələ keçirir. Mühafizəkar vebsayt olan “True Pundit”-də aprelin 1-də dərc edilən məqalədə iddia edilir ki, “Amazon”-un səhmlərini alan Pol Pelosi 10 həftə ərzində 1,1 milyon dollar qazanıb. 


Pelosi iri biznes şəbəkələrinə lobbiçilik edərək müəyyən maliyyə qarşılığında orta liberal biznes sinfini rəqabət meydanından sıxışdırmaqdan da çəkinmir. Tramp hakimiyyəti dövründə kifayət qədər vergi güzəşti və tətilləri ilə əhatə olunmuş orta biznes icması hazırda N.Pelosinin Bayden Adminisratasiyası qarşısında vergilərin təcili artırılması təşəbbüsünün gerçəkləşməsindən ciddi narahatdırlar. Çünki, bu qərar dolayısı ilə orta səviyyəli şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi və iri holdinqlərin və investisya fondlarının hökmran mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. (Mənbə) Nəticədə iri maliyyə maqnatlarının maraqlarına uyğun olan bu siyasət, rəqabət mühitinin pozulması, ölkədə biznes sektoru arasında ayrı-seçkiliyin baş verməsinə səbəb olub.

Məlumdur ki, ABŞ Konstitusiyası və qanunları Konqres üzvlərinin biznes fəaliyyətini qadağan edir. Bu fəaliyyətə görə, bir neçə senator və konqresmen öz postunu itirib. Məsələn, senator Loeffler səhm alverinə görə Senatdakı yerini demokrat Rafael Uornoka təhvil verməyə məcbur olub. Corciya ştatının keçmiş senatoru David Perdue də səhm alışlarına görə tənqidlərə məruz qalaraq fəaliyyəti ABŞ Ədliyyə Departamenti tərəfindən araşdırılmış və növbəti seçki kampaniyasında məğlub olmuşdur. (Mənbə)

Belə nümunələrin sayını artırmaq da olar. Ancaq gerçəklik budur ki, spiker Nensi Pelosi səhm alverçisi kimi hüdudsuz biznesini genişləndirsə də, Senatın etik davranış kodeksinin tələbləri ona şamil edilmir. Onun açıq şəkildə "insayder ticarəti"ndə bilavasitə iştirak etməsi Amerika qanunlarının tələblərinin kobudcasına pozulmasıdır. Bu məsələ ilə bağlı Konqresdə dəfələrlə mübahisələr meydana çıxıb. Hətta senator Jon Ossof və Mark Kelly konqresmenlərin və onların ailə üzvlərinin səhm biznesini əngəlləyən “Səhm ticarətinə qadağan Aktı” adlı qanun layihəsini Konqresə təqdim ediblər. (Mənbə) Ancaq Konqres "insayder ticarəti" və səhm biznesi ilə bağlı müzakirələrə biganə qalaraq həmin qanun layihəsinin qəbulunu təxirə salıb. Nensi Pelosinin “məharəti” sayəsində bu mövzu da qapadılıb.


Spiker xanımın ailə biznesini idarə edən övladı Paulun adı isə ABŞ-da çirkli biznes, maliyyə fırıldaqçılığı, bank dələduzluğu və korrupsiya cinayətlərində kifayət qədər hallanıb. Paul, Pelosilər ailəsinin yeganə oğludur. Onun daşınmaz əmlak, bankçılıq və müxtəlif sahibkarlığı sektorlarında “zəngin təcrübəsi” var. Ötən 15 ildə Paul Pelosi iri şirkət və korporasiyalarda müxtəlif rəhbər vəzifələrdə çalışmaqla çeşidli fırıldaqçılıq əməllərinə şərik olub, trans-milli cinayətkar şəbəkənin üzvləri ilə sıx əlaqələr qura bilib. Onunla birgə çalışanların demək olar ki, hamısı cinayət məsuliyyətinə cəlb olunub, həbs edilib, ancaq Paul bu qədər iqtisadi cinayət və maliyyə fırıldağına rəğmən nə məhkəmə qarşısına çıxarılıb, nə də ittiham edilib. (Mənbə)

Nüfuzlu “DailyMail” nəşrinin araşdırmasına görə, Paul Pelosi biznes kralı kimi bir sıra fırıldaqçılar, iqtisadi cinayətkarlar və məhkum edilmiş şəxslərlə müxtəlif sxemlər üzrə sıx əlaqələrdə olub.
Nəşr bildirir ki, 2007-ci ilin fevralında kiçik Pelosi Omahada yerləşən “InfoUSA” marketinq şirkəti tərəfindən vitse-prezident vəzifəsinə işə götürülüb. Bir neçə il öncə isə onun fəaliyyəti Ayova Baş Prokurorluğu tərəfindən istehlakçı məlumatlarını fırıldaqçılara satılması iddiası üzrə araşdırılıb. O, xəstə və inanclı yaşlı insanların etibarından sui- istifadə edərək onları aldadıb. Ancaq hansısa sehirli əl onu bu cinayət işində mühakimə olunmasından xilas edib, istintaq işi bağlanıb və bu cür ağır ittiham aktı üzrə həbs olunan olmayıb. Təccüblü deyilmi?
“InfoUSA”dan sonra Paul 2009-cu ildə “Natural Blue Resources Inc” investisiya şirkətini təsis edir. Şirkətin onun missiyası yerin altındakı su mənbələrinin aşkar etmək, təmizləyərək, qablaşdırıb satmaqdan ibarət olub. Lakin az keçmir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şirkətin gizli şəkildə iki məhkum fırıldaqçı – Ceyms Kohen və Cozef Korazzi tərəfindən idarə olunduğuna dair tədqiqatları ictimaiyyətə təqdim edib. 2014-cü ildə Agentlik Kohen, Korazzi və Nyu-Meksiko ştatının keçmiş qubernatoru Toney Anaya, eləcə də şirkətin keçmiş icraçı direktoru Erik Perriyə qarşı dələduzluq ittihamı irəli sürüb. Ancaq nədənsə şirkətin həmtəsisçisi Paul bu dəfə də yaxasını ələ verməkdən qurtarır.

 
Şirkətin 10 milyondan çox səhminə sahib olan Paulun bu cinayətkar qrupdan kənar qalması da “Ana”nın hesabına mümkün olur. (Mənbə)

Başqa bir çirkli biznes qalmaqalına diqqət yetirək. SEC “Natural Blue” korporosiyasının fəaliyyətini fırıldaqçılıq motivinə əsasən dayandırır, bu cinayətlərdə ortaq olan P.Pelosi yenə də ittihamlardan yayınır. 2013-cü ilin oktyabrında Paul Pelosi bio-yanacaq emal edən “FOGFuels” şirkəti ilə işbirliyinə qoşulur, bir müddət sonra şirkətin qurucusu Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən yaşlı investorların 3 milyon dollar pulunu mənimsəmə ittihamı ilə 6 il müddətinə həbs edilir. Şirkətdə əsas maliyyə əməliyyatçılarından olan Paul isə “tər-təmiz” maliyyəçi-əməliyyatçı kimi bu cinayətdən də kənarda qalır, hətta şirkətin vitse-prezident vəzifəsinə qədər yüksəlir. Maraqlı deyilmi?


“FOGFuels” 2015-ci ildə ləğv edilir, daha doğrusu Paulun maxinasiyaları sayəsində iflas olur. Övlad Pelosi qısa zamanda  Los-Ancelesdə yerləşən daha iri müəssisənin “Targeted Medical Pharma” firmasında müstəqil direktor vəzifəsinə sahib olmağı bacarır, ancaq Nensinin “qoçaq və zirək” övladı 7 ay sonra bu şirkətdən də müəmmalı şəkildə ayrılır. Elə həmin ərəfədə ABŞ Qida və Dərman İdarəsi “Targeted Medical Pharma”-nı insanlar üzərində icazəsiz olaraq dərman preparatlarını sınamaqda günahlandırır. Olduqca ağır bir cinayətə görə, bir çox şəxs həbs olunur, firmanın direktoru Paulun isə heç bir “günahının olmadığı” məlum olur. Yenə də “Ana” haraya çatmışdı. İnsan sağlamlığı üzərində olduqca öldürcü və ağır çirkli biznesdə iştirak edən aparıcı bir şəxsin “təmizə” çıxarılması ABŞ adına utanc və səhiyyə sisteminin reputasiyasına ləkə kimi qiymətləndirməlidir. (Mənbə)

P.Pelosi rahatlıqla Amerikanın biznes sektorunda diş dəyişməklə məşğul olmaqda ikən növbəti ünvan qeyri-kommersiya qrupu hesab edilən “Korporativ İdarəetmə Təşəbbüsü”ndə biznesin inkişafı üzrə icraçı direktoru vəzifəsinə təyin olunur. Təşkilatın devizi “şəffaflıq, azad biznes və davamlı inkişaf” olsa da, adı az sonra maliyyə fırıldağında hallanır. Paul həmin təşkilatı böyütmək üçün Nyu-Yorkda yaşayan Asa Saint Clair adlı biznesmenlə işgüzar əlaqələr qurur. Bir müddət sonra Asa, Federal məhkəmə tərəfindən saxta xeyriyyə təşkilatı sayılan “World Sports Alliance” vasitəsilə kriptovalyuta fırıldaqçılığında ittiham olunur. Paul Pelosinin isə bu cinayətlərdə təbii ki, “zərrə qədər də günahı” aşkar edilmir
Digər araşdırmaya görə, N.Pelosinin oğlunun Federal məhkəmə tərəfindən araşdırılan “BEŞ” şirkəti ilə də sıx əlaqələrə malik olması və bu şirkətin də məşhur fırıldaqçılar və məhkum edilmiş cinayətkarlarla əlaqəsi aşkarlanıb. Bu firmaya yaxın mənbə “DailyMail”a bildirib ki, P. Pelosi 2016-cı ilin iyul ayında 164 milyon dollarlıq səhm əməliyyatlarından fırıldaqçılıq yolu 2,8 milyon dollarlıq səhm gəliri əldə edib. Təbii ki, bu cinayət işində də Paulun heç bir “təqsiri” olmayıb.

ABŞ Federal məhkəməsinin ittiham sənədlərində Paul Pelosinin adı Amerikada çirkli pulların yuyulduğu iddia edilən məşhur “Müştəri-9” dosyesində də hallanır. Onun 2017-ci ildə ekspeditor Rodriqo Santos və Bernie Curran ilə birlikdə korrupsiya sxemində iştirakına dair kifayət qədər sənədlərin olduğu bildirilir. Sənədlərdə onun əmlak sahibləri adından müfəttiş kimi saysız-hesabsız əmlak fırıldaqlarında iştirakı irəli sürülür. 96 milyon dollar maliyyə fırıldağının qurbanı olmuş bina və əmlak sahiblərindən biri olan Karena Feng məhkəməyə müraciət etsə də, 2020-ci ildə işə xitam verildi. “Mühafizəçi Ana” burada da köməyə çatıb.

“LinkedIn” sosial media səhifəsində Paul Pelosinin hazırda “Pelosi & Ferguson LLP”nin hüquqi tərəfdaşı olması barədə məlumatlara rast gəlinir. Həmçinin, San-Fransiskodakı “ST Biosciences” fitofarmasevtik şirkətində menecerdir. Şanxay Şəhər Komitəsində də tərəfdaş kimi payı vardır. Həmçinin, Korporativ İdarəetmə Təşəbbüsündə biznesin inkişafı üzrə icraçıdır. Hər şey göz qarşısındadır, 10 ildən artıq trans-milli cinayətlərin yaxın iştirakçısı olan P.Pelosi hazırda anasının Konqresdəki gücü hesabına biznes imperiyasını asanca qorumaqdadır.


Pelosi ailəsinin qaranlıq biznesinin Ukraynaya uzanmasına dair iddialar da az deyil

Bir neçə il əvvəl radio aparıcısı, mühafizəkar Vayne Duprenin rəhbəri olduğu vebsaytda “Nensi Pelosinin oğlu kiçik Paul “Ukrayna əsaslı qaz şirkətində” icraçı olub” başlıqlı məqalə dərc edib. Həmin yazıda ciddi nüanslar əksini tapıb. Müəllif bildirir ki, Paul Pelosi Amerikanın enerji şirkəti olan “Viscoil Holding”də çalışdığı vaxt Ukrayna layihəsi meydana çıxıb. Bunun ana Pelosinin layihəsi olması isə təəccüb doğurmur. N.Pelosinin “Viscoil Holding”ə lobbiçilik etməsi isə Amerikada təkzib edilmir. Spiker xanımın hələ 2010-cu ildə “X Prize” Fondu və “Viscoil” Qrupun Vaşinqtonda təşkil etdiyi beynəlxalq tədbirdə təntənəli çıxışı da bunu təsdiqləyir.


Beləliklə, P.Pelosi anasının sərhəd tanımayan “istedadı” sayəsində Ukraynaya diqqət yönəldib. ABŞ-ın nüfuzlu “National File” nəşri 31 yanvar 2020-ci il tarixli buraxılışında (“UKRAINE CORRUPTION: Obama, Biden, Soros, Schiff, Bolton, Pelosi, Kerry, Romney, Clinton”) Nensi ailəsinin gizli və qaranlıq Ukrayna əlaqələrindən bəhs edərək yazır ki, P.Pelosi Ukraynaya “Viscoil Holding”in törəmə müəssisəsi olan  “NRGLab” şirkəti vasitəsilə yatırım etmək istəyib. Öğul Pelosi həmin vaxt Ukraynada enerji biznesi ilə məşğul olan “NRGLab” şirkətinin icraçı direktor vəzifəsində çalışırdı. Nensi Pelosinin oğlu ilə birlikdə “NRGLab” tərəfindən 2013-cü ildə şirkətin Ukraynadakı yeni müqaviləsini təbliğ edən tanıtım reklamının videosu da “National File” nəşrinin dediklərinin həqiqət olmasını təsdiqləyir.

Yeri gəlmişkən, oğul Pelosinin 2017-ci ildə Ukraynaya “Korporativ İdarəetmə Təşəbbüsü” adlı təşkilat adından səfər etməsinə dair videokadrları Nensi Pelosinin sözçüsü Drev Hammill də təsdiqləyib. Hərçənd ki, səfərin guya “gənclər futbolu” təşəbbüsü çərçivəsində “şəxsi xərclər hesabına tətil”dən ibarət olması iddia edilsə də əslində işgüzar xarakter daşıması şübhə doğurmur. Çünki Korporativ İdarəetmə Təşəbbüsü turizm və idman yox, biznes və blokçeyn texnologiyaları təşəbbüsləri üzrə ixtisaslaşmış təşkilatdır

Nensi Pelosinin ermənipərəst və ABŞ-dakı erməni lobbisinin, ələlxüsus da Kaliforniyadakı erməni icmasının maliyyə ianələrinə açıq olması da təkzibolunmaz faktlardandır. Onun rusiyalı erməni biznesmen Ruben Vardanyandan ianə alması da istisna deyil. Bir neçə gün əvvəl İrəvana səfərin maliyyələşdirilməsində Ruben Vardanyanın adı hallandırılır. Vardanyanın bu səfərə 75 milyon dollar xərcləməsi bildirilir. Məsələ ondadır ki, R.Vardanyan OCCRP –in (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) hesabatında Rusiyada “çirkli pulların yuyulması”nın “xaç atası” hesab olunur.  Onun “Troyka  pulyuyan maşını” kimi təqdim edilən korrupsiya sxemində əsas fiqur olması vurğulanır

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri isə beynəlxalq dərəcəli korrupsioner və oğru, mütəşəkkil iqtisadi cinayətkar Ruben Vardanyanın maliyyə qaynaqlarından yararlanmaqdan çəkinmir. Bu fakt ABŞ Konqresinin spikerinin ən qatı korrupsioner-cinayətkar şəbəkə ilə sıx bağlılığını göstərməklə ABŞ siyasətində qara ləkə hesab oluna bilər.



Görünür, ticarət və brokerlik Nensi Pelosinin əqidəsində əsas yer tutduğundan onun siyasətə, parlamentarizmə, digər dövlətlərin siyasi sisteminə və ən əsası, demokratiya, sülh və insan haqlarına münasibətində də bazar ticarətçiliyi hakimdir. Onun siyasi hadisələrə yanaşması əsl küçə alverçisi təsiri bağışlayır. Acı həqiqət bundan ibarətdir ki, ABŞ-ın siyasi tarixində Konqresə rəhbərlik edən Nensi Pelosi əslində saxta və riyakar siyasətçi, öz hüdudsuz qanunvericilik hakimiyyətindən çirkli ailə biznesini böyütmək üçün yararlanan mahir fırıldaqçı, Amerikanın maliyyə-investisiya bazarlarını öz şəxsi mənafeyinə qurban verən, kələkbaz, hiyləgər və acgoz ticarətçidir.