2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılmış və hazırda dünyanın 70-dən çox ölkəsinin 600-dən çox şəhərində, o cümlədən Azərbaycanda və Bakıda xidmət göstərən mobil inteqrasiyalı taksi sifarişi xidməti - “UBER”in fəaliyyətindən əksər ölkələrdə narazılıqlar artmaqdadır. Bir çox ölkələr sözügedən rəqəmsal xidmətin fəaliyyətindəki qanunsuzluqları əsas götürərək məhkəmə qərarları ilə müəyyən fəaliyyətlərini məhdudlaşdırırlar.

Böyük Britaniya hökuməti son 3-4 ildə bu şirkətin lisenziyasını bir neçə dəfə ləğv edib. “Uber”in lisenziyasız və sığortası olmayan sürücüləri kütləvi şəkildə taksi xidmətinə cəlb etdiyinə görə, təhlükəsizlik məsələlərinə qeyri-ciddi yanaşması və ictimai təhlükəsizliyə xələl gətirməsi əsas götürülərək fəaliyyəti yolverilməz hesab edilib. Şirkət qeyd edilən nöqsanları aradan qaldırmasına baxmayaraq, bir müddət sonra lisenziyası yenidən dondurulub. Yəni, bu, onu təsdiqləyir ki, vaxtilə Böyük Britaniyada ən böyük sərnişin bazası toplayan “Uber” öz xidmət keyfiyyətini və etibarını itirərək bazardan çıxmaqdadır. (Mənbə)
Avstriya
hökuməti bir neçə il əvvəl “Uber” şirkətinin Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Vyana Ticarət Məhkəməsi şirkətin sərnişindaşımada peşə fəaliyyətini sistemli şəkildə pozulması faktları əsasında qərar çıxarıb. (Mənbə)
Belçika
kommersiya məhkəməsi də “Uber”i Brüsseldə qanunsuz xidmətlərdə və paytaxt Brüsseldə qeyri-peşəkar sürücüləri ucuz xidmətə cəlb etdiyi üçün cəzalandırıb. Bu kimi faktlar əsasında sözügedən şirkətin Brüsseldə taksi xidməti qadağan edilib
Türkiyə
hökuməti də “Uber”in fəaliyyətində ciddi nöqsanlar aşkar edib. İstanbul 10-cu Asliye Ticarət Məhkəməsinin qərarına əsasən, 2019-cu ilin sonunda “Uber” xidmətlərinin dayandırılıb, “www.uber.com” və “Uber mobil” proqramlarına və “Uber XL” xidmətinə giriş bloklanıb
“Uber”in aqressiv qlobal özbaşınalığı və qanunları pozması, sürücülərin əməyini zorakılıqla istismar etməsi, eləcə də maliyyə fırıldaqçılığı barədə beynəlxalq mediada dəfələrlə yazılar dərc olunub. İngiltərədə nəşr olunan “The Guardian” qəzeti qalmaqallı məqalə dərc etməklə şirkətin qanunları tapdalamasını ifşa edib. Buna oxşar halları Rusiyada fəaliyyət göstərən “Taxı 2018” təşkilatının sədri Stanislav Şvaqerus “Uber”lə bağlı araşdırmalardan sonra şirkətin təkcə Moskvada ödəmədiyi vergilərin məbləginin 10 milyon dollar təşkil etməsinə dair məhkəmə iddiası qaldırmışdı.

 

Bu cür faktların sayı kifayət qədərdir. Reallıq bundan ibarətdir ki, “Uber”in son illərdə fəaliyyəti daha çox qazanc əldə etməyə yönəldiyindən sərnişinlərin təhlükəsizliyi arxa plana keçib, daşımalarada risk faktoru xeyli artıb. Bu səbəbdən bir çox ölkələr şirkətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı eyni analoji addımları atmaqdadır.
“Uber” Azərbaycanda necə işləyir, şirkətin fəaliyyəti hansı qanun əsasında tənzimlənir?
2015-ci ildən Azərbaycanda xidmət göstərən “Uber” Bakı şəhərində nümayəndəliyini yaradaraq “Uber Azerbaijan” kimi fəaliyyətə başlayıb. Şirkət fəaliyyətini onlayn rejimdə rəsmi internet səhifəsi vasitəsilə həyata keçirir. 
Platformanın Azərbaycanda fəaliyyət göstərən rəsmi tərəfdaşı “UBER Baku Partnyor”dur. Bu rəqəmsal platforma faktiki olaraq heç bir sürücü ilə fiziki təmas qurmur, mobil telefonlara və kompüterə yüklənmiş xüsusi proqram vasitəsilə taksi çağırma xidmətinə işçiləri cəlb edir və bu prosesdə rəqəmsal xidməti təmin edən “provayder” funksiyasını yerinə yetirir. Əməkdaşlıq etmək istəyən sürücü “Uber” tətbiqini mobil smartfona yükləyir və sürücü kimi qeydiyyatdan keçir
Yəni, bu proses hədsiz çox çox asandır, sadəcə müraciət göndərmək və hesabı aktivləşdirməklə “Uber” sürücüləri sırasına daxil olub, sifarişləri yerinə yetirmək mümkündür. Bu proses cəmi 1 dəqiqə çəkir, lakin sürücülərin heç biri şirkətin əməkdaşı sayılmır. (Mənbə)
Şirkət, sürücülərin bank hesabına nəzarət edir, gediş haqqını özü müəyyənləşdirir, daşınma ödənişlərindən komissyon faiz hesablayıb özünə götürür, qalan vəsaiti sürücüyə verir. “Uber” bu prosesdə sadəcə aqreqator olsa da, istisnasız qərarverici və icraedici səlahiyyət sahibidir. Yuxarıda vurğuladığımız kimi, cəmi 1 dəqiqə ərzində özünə yüzlərlə “əməkdaş” toplayan şirkət Azərbaycanın əmək və sosial qanunvericiliyinin heç bir tələbi nəzərə alınmır. Tərəflər arasında şərti “müqavilə” (“initial contractual relationship”) mövcuddur. Şərtlər və qaydalar, müqavilə münasibətlərindən də görmək olar ki, şirkətin Bakı Nümayəndəliyi taksi sürücüləri ilə müqaviləni “offshore” sxemi əsasında bağlayır. Bu isə o deməkdir ki, bütün əməliyyatlar, o cümlədən maliyyə hərəkətləri (kartdan pul çəkmə, sürücülərə ödəmələr, marketinq ödəmələri) “offshore” üstündən aparırlar. (Mənbə)
Azərbaycan qanunverciliyinə əsasən, ölkəmzidə fəaliyyət göstərən hər bir şirkət maliyyə əməliyyatlarını və ödənişləri Azərbaycan bankları üzərindən həyata keçirir.Uber” bunu nəzərə alaraq Azərbaycanın bir neçə bankı ilə tərəfdaşlıq sazişi bağlayıb. Ancaq buna baxmayaraq, “Uber Azerbaijan” “Visa” və “Masterkart” kimi  prosessinq şirkətlərinə məxsus ödəniş hesablarını qursa da, öz maliyyə əməliyyatlarını qapalı saxlayır. Şirkət Azərbaycandakı fəaliyyəti, gəlir və maliyyə göstəriciləri haqda heç bir məlumatı bəlli etmir (rəsmi səhifəsində Azərbaycandakı fəaliyyəti ilə bağlı maliyyə göstəricilərinə dair heç bir məlumat yoxdur). Sayt, yalnız tariflər, sürücü-tərəfdaş və xidmətləri haqqında məlumatları təqdim edir. 
Halbuki, istənilən transmilli və qlobal şirkət öz maliyyə göstəriciləri barədə şübhələr yaratmamaq və şəffaflığını təsdiq etmək üçün hesabatlılıq və açıqlıq amillərinə xüsusi diqqət ayırmalıdır. “Uber” bir çox ölkələrdə həmin məlumatları açıqlayır. Şirkət il ərzində rüblük və illik hesabatlarına dair hesabat təqdim edir və orada müxtəlif regionlar üzrə əməliyatları, investisiyaları, xərcləri və s. göstəriciləri barədə məlumatlar göstərilir. Ancaq Azərbaycandakı fəaliyyətinə dair bir rəqəm də əks etdirilmir
“Uber” Azərbaycanın digər qanunvericilik sənədlərinin də tələblərini açıq-aşkar pozmaqdadır. Şirkət əməkdaşlığa cəlb etdiyi sürücülərin peşəkarlığı, sağlamlığı, avtomobilin texniki parametrləri və istismar vəziyyəti ilə bağlı məsələlərə də dırnaqarası yanaşır. Şirkətin fəaliyyət göstərdiyi əksər ölkələrdə taksi xidmətində sürücülərin peşəkarlığına, avtomobillərin texniki sazlığına xüsusi diqqət yetirildiyi halda, Azərbaycanda bu amillərə məhəl qoymur.  Platformada qeydiyyatdan keçən sürücülərin idarə etdiyi avtomobillərin buraxılış ili, sığortası, təhlükəsizliyi, digər texniki parametrləri normativlərə cavab vermədiyi halda istismara buraxılır. Şirkət bütün sürücülərdən müvafiq səhiyyə müəssisəsindən, “Narkoloji dispanser”dən mütləq qaydada arayış tələb etməlidir. Bu sənədlərin alınmasına isə ümumiyyətlə, məhəl qoyulmur.
Həmçinin, Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında 4 mart 2019-cu il tarixli qərarının tələblərinin heç birinə əməl etmir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, dünya ölkələrinin böyük əksəriyyətində taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırlıq kurslarından keçməlidirlər. Həmin kurslarda sürücünün psixoloji vəziyyəti və müştəri ilə davranış qaydaları ciddi şəkildə yoxlanır. Tələblərə cavab verməyənlər sərnişindaşıma ilə məşğul ola bilmirlər.



“Uber”in maşın parkının böyük bir hissəsi istismar müddəti bitmiş köhnə və yararsız “Toyota-Pryus” avtomobilləridir. Bu sahədə əsas peşəsi sürücü olanlarla yanaşı, digər sənət sahibləri, kafe, bərbərxana, çayxana, market, dərzi və s. sahələrdə çalışan və sadəcə avtomobil idarə etməyi bacaran insanlar da şirkət tərəfindən işə cəlb edilir. Elə sürücülər var ki, günün 8 saatı başqa sahələrdə çalışır, gərgin iş rejimindən sonra axşam saat 7-dən gecə 02.00-ə qədər yuxusuz, istirahətsiz halda “Uber”də sərnişin daşınması ilə məşğul olurlar. Halbuki Əmək Məcəlləsi bu halları qadağan edir. 

Digər qanun pzotuntularına gəlincə, Əmək Məcəlləsinə əsasən, normadan artıq işlədilən işçiyə ikiqat normadan az olmamaqla əməkhaqqı ödənilməlidir
Məsələ ondadır ki, “Uber”lə əməkdaşlıq edən sürücülərin böyük əksəriyyətinin nə əmək müqaviləsi, nə də ki, mülki müqaviləsi olmadığından onların əməyinin istismarı adi hala çevrilib. Onların həm iş normasından artıq işlədilməsi, həm də müqavilələrinin olmaması həm əmək, həm vergi, həm də digər inzibati-mülki qanunvericliyin tələblərinin pozulması halları deməkdir.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bundan başqa, əgər hansısa şirkət 10 nəfər və 10-dan çox işçinin əməyə cəlb edirsə, Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Mənbə)
“Uber”in Azərbaycan paltformasının rəsmi səhifəsində də açıq qeyd edilir ki, xidmət və daşınmalar “Uber” və ya onun hər hansı filiallı ilə əmək müqaviləsi olmayan müstəqil kənar podratçıları tərəfindən təmin edilir. 
Yəni, bunun özü şirkətin taksi sürücüləri ilə əmək münasibətləri olmadan çalışdığını göstərir. Şirkət ən yaxşı halda işçilərlə mülki-xidməti müqavilə bağlayır.

Ortaya başqa bir sual çıxır, nəyə görə “Uber” taksi sürücüləri ilə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayır?
Əmək müqaviləsi işçi ilə işəgötürən arasında münasibətləri tənzimləyən sənəddir və tabeçilik prinsipinə əsaslanır. Hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır, müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilməlidir. İşçi əmək kitabçasını, şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini işəgötürənə təqdim etməlidir. Əmək müqavilələrində qanunvericiliklə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmalı, iş yeri konkret göstərilməlidir. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları vardır. (Mənbə)
Xidməti, yaxud mülki müqavilə isə əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində iş və xidmətləri yerinə yetirən şəxslərlə bağlanır. Xidməti müqavilələrdə tərəflər bərabərhüquqlu olur, yəni sadə dillə desək, burda sifarişçi və icraçı var. Sifarişçinin verdiyi sifarişi icraçı yerinə yetirir və qarşılığında da müəyyən olunmuş haqqını (ödənişini) alır. Sifarişçinin icraçı qarşısında əmək hüququndan doğan heç bir başqa öhdəliyi yoxdur.
(Mənbə)
Taksi şirkətləri məhz bu baxımdan əməkdaşlıq etdiyi şəxslərlə “xidməti müqavilə” bağlayır. Yəni, onlar üçün hər bir taksi sürücüsü sadəcə hüquqi baxımından icraçı rolundadır. Onlar sifarişi verir, bunun müqabilində müəyyən ödəniş edir, sürücü isə sifarişi yerinə yetirir və öhdəlik bitir. 
Bu isə Azərbaycanın əmək qanunvericliyinin tələblərinin kobudcasına pozulmasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsində qeyd edilib ki, “əgər tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda xidməti müqavilə bağlanılmasına yol verilmir”. (Mənbə)
Bu gün yüzlərlə “Uber” sürücüsü onların gündəlik və ya aylıq qazanclarından heç bir əsas olmadan əlavə komissyon haqq tutursa işçinin qarşı tərəfi məsuliyyətə cəlb etmək üçün əlində hüquqi əsası olmur. Əgər əmək müqaviləsi bağlansaydı, bu gün həmin şirkətlərin əməkdaşlarının iddia etdikləri istismarçı münasibətləri məhkəmədə mübahisələndirmək mümkün olardı. 
Son dövrlərdə Bakı şəhərində “Uber” taksi sürücülərinin keçirdiyi etiraz aksiyalarında irəli sürdükləri tələblər də məhz yuxarıda sadağaldığımız qanunsuzluqların aradan qaldırılması ilə bağlıdır. 


Məsələ ondadır ki, bir sıra Avropa ölkələri “Uber”i işçilərlə bağladığı xidməti müqavilə üzrə öhdəliklərini əmək müqaviləsinin eyni tələblərinə uyğunlaşdırmağa nail olub. Avropa  Birliyi ölkələrinin böyük bir qisminin məhkəmləri “Uber” şirkətini Kollektiv Əmək Müqaviləsinin şərtlərinə uyğun olaraq işçilərin əmək və sosial hüquqlarını, ödənişli məzuniyyət, istirahət, minimum əmək haqqı və digər əmək hüquqlarını tanımağa məcbur edib. (Mənbə). Eyni zamanda, 2017-ci ilin dekabrında Avropa Birliyinin Ədalət Məhkəməsi “Uber”in sürücülərlə işçi və ya podratçı qismində münasibətlərinin tənzimləyən hüquqi prosedurlar müəyyən edib ki, bu da şirkət tərəfindən sürücülərin sosial və digər əmək hüquqlarının qorunmasını təmin edən akt hesab olunur. (Mənbə)

“Uber”in vergi öhdəlikləri və sxemi də əsas narahatedici məsələlərdən biridir. ABŞ-da və bir çox Avropa ölkələrində şirkət əldə etdiyi gəlirlərdən gəlir vergisi, ödədiyi mənfəətdən mənfəət vergisi və sürücüsünün gəlirlərindən hesablanmış gəlir vergisi ödəyir. Şirkət ABŞ, Kanada, Niderland və digər ölkələrdə vergi administrasiyasının və vergi agentinin tələb etdiyi vergi bəyannaməsini doldurmaq, öz gəlirlərini bəyan etmək, biznesinizdən əldə etdiyi xalis mənfəətdən gəlir vergisisosial vergiləri ödəmək öhdəliyini yerinə yetirməyə məcburdur. (Mənbə)

Gəlin görək, “Uber” Azərbaycanda hansı vergi öhdəliklərini icra edir?
Azərbaycanda dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələrlə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlər elektron ticarət qaydasında göstərdikləri xidmətlərə görə, ƏDV ödəyicisi hesab olunur. Dövlət Vergi Xidməti bəyan edib ki, mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilib. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV olduğundan xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir. (Mənbə)
Göründüyü kimi “ “Uber” elektron platformasının vergiyə cəlb olunması daşınma xidmətlərinin, yəni taksi sürücülərinin gəlirlərindən ƏDV-nin tutulması əsasında tənzimlənir. Daşıma fəaliyyətinin özü isə ümumiyyətlə ƏDV və mənfəət vergisinə cəlb olunmur.
Beləliklə, ƏDV sərnişindən tutulduğundan faktiki olaraq həmin vergini “Uber” deyil, Azərbaycan vətəndaşı ödəyir. Halbuki “Uber” ay ərzində qazandığı mənfəətdən mənfəət vergisi ödəməlidir.
Vergi Məcəlləsinin 19-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə həmin fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycandakı mənbədən əldə etdiyi ümumi gəlirlərdən çəkilən xərclər çıxıldıqdan sonra mənfəət vergisi ödəməlidir. Həmçinin, Azərbaycanda daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident nümayəndəliklə bağlı fəaliyyəti üzrə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və xərclərinin uçotunu aparmalıdır. (Mənbə)

Beləliklə, 
- “Uber” isə hələlik qeyri-rezident kimi yox, elektron ticarət əməliyyatları aparan fiziki şəxs özünü sığortalayır.

- Bu platforma Azərbaycandan kifayət qədər böyük həcmdə gəlir əldə edir, öz mənfəətindən vergini hüquqi qeydiyyatda olduğu ölkəyə ödəyir və Azərbaycan mənbəyindən qazandığı gəlirlərdən dövlət büdcəsinə heç bir vergi ödəmir. Buna görə də “Uber”lə bağlı vergi mükələfiyyətini beynəlxalq təcrübədə olduğu kimi nizamlamaq üçün bu xarici şirkətlərin hüquqi şəxs qismində Azərbaycanda qeydiyyatdan keçməsi, yəni qeyri-rezident xarici şirkətin nümayəndəliyinin yaradılması mütlət təmin edilməlidir. Belə halda şirkətin vergidən yayınma sxemi də sıradan çıxar.