Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Avropa Birliyinin ən inkişaf etmiş ölkəsi Belçika ilə Azərbaycan arasında müxtəlif iqtisadi-sosial göstəricilər əsasında paralellər apararaq ölkəmizdəki sosial vəziyyətin acınacaqlı və dözülməz olması təəssüratını yaratmağa çalışıb. Gültəkin Hacıbəyli iddia edir ki, Belçikada ərzaq və qeyri-ərzaq mallarının qiymətləri Azərbaycanla müqayisədə daha ucuzdur.
Faktyoxla Lab. olaraq, onun dediklərinin nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdırmaq üçün müqayisə apardığı Belçika ilə Azərbaycanın istehlak bazarlarında olan qiymət fərqlərini araşdırdıq. Bunun üçün Azərbaycanda alıcıların hər gün ən çox alış-veriş etdiyi iri supermarketlərlədəki qiymətlərlə Belçikanın müxtəlif mallar üzrə dəyişən tarifləri əks etdirən elektron qiymət cədvəlini müqayisə etməyə çalışmışıq.
G.Hacıbəyli deyir ki, İspaniya istehsalı olan keyfiyyətli zeytun yağının bir litri 7 avro, yəni, 12 manata satılır, Azərbaycanda həmin adda zeytun yağının litri 26-28 manata. Gəlin hər iki məhsulun Belçika və Azərbaycan marketlərində satış tablolarına baxaq.
Dünyada rafinə edilmiş ən yüksək orqanik əla sort zeytun yağının 1 litrinin qiyməti 15-25 avro arasında dəyişir. Bu, xüsusi sızma yağlarının keyfiyyət göstəricilərinə görədir.
İspaniyadan Belçikaya idxal olunan plastik qabda orta sort zeytun yağı 7,65 avroya satılır, yəni bizim pul vahidi ilə 13-14 manata, Azərbaycanda isə həmin yağdan daha keyfiyyətlisi, İspaniya istehsalı olan yüksək sort zeytun yağlarının 1 litri təxminən 10,90 manata satılır.
G.Hacıbəyli iddia edir ki, Belçikada Türkiyənin “Pınar” markalı "kaşar pendirini" (400 qr) 3 avroya, yəni, 5 manata, Azərbaycanda isə 10-11 manata satılır. Gəlin Türkiyənin satış marketlərindəki qiymətlərə nəzər salaq, qardaş ölkədə həmin pendirin 400 qramı 89,95 TL-yə satılır. Bu, Belçikada tədavül olunan pul vahidi ilə ( 1 avro = 18 Tl) 5 avro, manatla isə ( 1 manat = 10,5 Tl) təxminən 8,4 manat deməkdir.
Yol-daşınma, tranzit, logistika, gömrük, vergi və s. xərcləri nəzərə aldıqda həmin məhsulun qiymətinə ən azı 50 faiz əlavə xərc gəlir. Yəni, Belçikada topdansatış mağazalarında son qiymət ən azı 7 avroya başa gəlir.
Türkiyənin özündə 5 avro olduğu halda, Belçikada “Pınar kaşar pendiri" 40-45 faiz ucuz, yəni 3 avroya satıla bilərmi?
Gəlin, Belçikadakı market qiymətlərinə də diqqət edək. Bu ölkə yerli pendirin (local cheese) 100 qramı 1,20 avroya, yaxud 1 kq-ı 12 avro və dollara satılır. Yəni 400 qram 4,8 avro deməkdir. Yaxud, Belçikanın market lövhələrinə baxmaqla, kaşar tipli pendirlərin 400 qramının 8-10,12 avroya satıldığını görmək mümkündür. Bundan daha baha qiymətə olan çeşidləri də kifayət qədərdir. (Mənbə)
Onu da unutmayaq ki, Belçikanın yerli məhsulu kalori və keyfiyyət göstəricilərinə görə dünya brendi olan Türkiyənin “Pinar” kaşar pendirindən qat-qat aşağıdır. Belə halda, Türkiyədən idxal olunan “kaşar pendirinin” 3 avroya satışı inandırıcıdırmı? Xanım Hacıbəyli yalan danışır.
Hacıbəylinin yuyucu gigienik vasitələrin, qabyuyan maşın üçün “Finish” tabletlərinin qiymətlərinin Azərbaycanda Belçikadan baha olması barədə dedikləri də həqiqətə uyğun deyil. O iddia edir ki, Belçikada həmin malın 45 ədədi 6 avroya, yəni 10 manata satılır. Azərbaycanda isə eyni məhsulun 25 ədədinin qiyməti 29 manatdır. Belçikada sözügedən yuyucu maddənin marketlərdə ən aşağı satış qiyməti 30 avrodur.
Hətta 90 avroya qədər olanları da var. (Mənbə)
Azərbaycanda eyni adlı yuyucu 60 tabletin qiyməti 17, 99 manatdır.
G.Hacıbəylinin Belçika və Azərbaycanda orta aylıq əməkhaqqı və işsizlik göstəriciləri barədə fikirləri də müqayisə baxımından ədalətli hesab edilə bilməz. Belçika Avropa Birliyinin ən inkişaf etmiş ölkəsidir, neçə yüzildir ki, müstəqil bazar iqtisadiyyatı institutları, kapital və investisiya fondları qurub, 100 illik oturuşmuş iqtisadiyyatı var, bu dövlətdə orta aylıq əməkhaqqının 3700 avro olması normaldır. Azərbaycan isə 1994-cü ildən sonra liberal iqtisadiyyat, azad bazar münasibətləri qurub.
G.Hacıbəylinin Azərbaycanda əhalinin orta aylıq əməkhaqqının 410 manatdan aşağı olması barədə iddiası da əsaslı deyil. 2022-ci il iyulun 1-i vəziyyətinə əsasən, ölkəmizdə orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 827,1 manat təşkil edib. (Mənbə)
Bütün bunlara rəğmən, orta aylıq əməkhaqqının alıcılıq pariteti əsasında müqayisəsini nəzərə aldıqda Belçikada mal və xidmətlərin Azərbaycandan xeyli baha olduğunu görmək olar. Həmin ölkədə yanacaq, enerji, nəqliyyat, rabitə, kommunal tariflər Azərbaycandan 4-5 dəfə bahadır. Əksər ərzaq və qeyri-ərzaq, geyim və sair malların qiymətləri 2 dəfədən çox yüksəkdir. Bu ölkədə orta aylıq maaşın 1000 avrosu, yəni 30 faizi yanacaq, enerji, nəqliyyat və kommunla xərclərə sərf olunur. Bu səbəbdən alıcılıq qabiliyyəti paritetinə əsasən, Azərbaycanda orta aylıq əmək haqqının real dəyər ifadəsi ilə Belçikadakı orta aylıq əməkhaqqını dəyərindən o qədər də kəskin fərqlənmir.
G.Hacıbəylinin işsizlik səviyyəsinin Belçikada 5,5 faiz, Azərbaycanda 70 faiz olması barədə söylənilən ittihamlar tamamilə yanlışdır. Azərbaycanda işsizlik səviyyəsi 2022-ci il 1 iyul tarixinə 308 nəfər təşkil edib ki, bu da 5,7 % deməkdir. Bu isə İspaniyadakı rəsmi 5,5 %-lik işsizlik səviyyəsinə bərabər rəqəmdir. (Mənbə)
Nəticə: Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Azərbaycan və Belçika arasında apardığı müqayisə predmeti həqiqətə uyğun deyil, faktlarla manipulyasiya və oxucuları aldatmaq cəhdidir.