10 avqust 2022-ci ildə İranın Ermənistandakı keçmiş səfiri Kazım Səccadinin (Kazem Sajadi) tvitter hesabından Türkiyə və Azərbaycana qarşı həqarət dolu tvit paylaşıb. Ermənistan mediasının dərhal yaydığı həmin tvitdə iranlı diplomat, "Terrorçuların varlığı və Suriyadan Azərbaycana, İran sərhəddinə yaxın ərazilərə daşınmaları yolverilməzdir. Türkiyə Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra İran sərhəddi yaxınlığında da ciddi şəkildə aktivləşib. Yunanıstan, Kipr, Ermənistan, Suriya və İraqdan sonra Türkiyə indi də İran sərhədlərində şeytani fəaliyyət axtarışındadır. Türkiyə bunun odla oynamaq olduğunu bilməlidir" – deyə yazır. 

Faktyoxla Lab. İranın Ermənistanda keçmiş səfirinin yazdığı tvitin həqiqiliyini araşdırıb.

Öncə bildirək ki, Kazım Səccadi uzun illər İran XİN-də çalışıb. O, İranın Filippin, Yunanıstan, Hindistan və Malayziyada səfirliklərində müxtəlif vəzifələrdə çalışıb, diplomatik xidmətdə olub. O, 2015- 2019 illər arası İrəvanda İranın bu ölkədə səfiri işləyib. Əslində iranlı diplomatın Ermənistanda fəaliyyətinə diqqət yetirsək, onun belə tvit atacağını ilk baxışdan düşünmək olar. Belə ki, Səccadi Ermənistanda çalışdığı müddətdə bu ölkə rəhbərləri ilə isti münasibətlər qura bilib. Hətta onun 2019-cu ildə Ermənistan Milli Məclisinin rəhbəri Ararat Mirzoyanla görüşü zamanı "İran hər zaman Ermənistanın yanında olub və bugün də eyni şəkildə davam edir” dediyi xatırlanılır.  

Səccadinin Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının üzvü olan Ermənistanın İranın Avrasiya Birliyi bazarlarındakı rolunu artırmaq üçün çalışdığına inandığını news.am-a verdiyi açıqlamada bildirdiyi də faktdır.

İndi tvitin detallarına diqqət edək.

K.Səccadinin tvitter hesabından paylaşılan tvitdə video təqdim olunur. Həmin videoda Türkiyə tərəfindən Azərbaycana göndərilən muzdlu döyüşçülərin İranla sərhəddə toplaşdığı haqda məlumat verilir. Əslində bu cür iddia ilk dəfə deyil səslənir. Hələ müharibə dövründə Ermənistan və İran mediasında əsassız və faktsız olaraq muzdlu döyüşçülərin Azərbaycan tərəfdən savaşdığını iddiaları səslənirdi. Bu videoda isə bir neçə döyüşçü görüntüsündən sonra “The Guardian” qəzetində dərc edilmiş və həmin saxta iddiaları əks etdirən məqalə ekrana gətirilir. Bethan McKernan imzalı müəllifin 28 sentyabr 2020-ci ildə dərc olunan məqaləsində suriyalı muzdlu döyüşçülərin Türkiyədən Azərbaycana göndərildiyi qeyd olunurdu. Müharibənin elə ikinci günündə muzdlu döyüşçülərin mövcudluğunun qabardılması saxta-xəbər  olduğu həm Türkiyə, həm də Azərbaycan mediası tərəfindən sübut olunub.

Bu videoda həmin görüntülərin önə çıxarılmasında əsl məqsəd Türkiyə və İran arasında münasibətləri gərginləşdirmək və “Zəngəzur dəhlizi” ilə bağlı mövcud olan gərginliyi daha da dərinləşdirməkdir.

Bu yazını rus dilində oxuya bilərisiniz Правда ли, что бывший посол Ирана в Армении угрожал Турции?!

Maraqlıdır ki, bu məlumat yayılandan 3 gün sonra, yani Ermənistan saxta xəbər sənayesinin bütün gücü ilə fəaliyyətdə olduğu, böyük propaqanda dalğasının ən qızmar vaxtında İran XİN vaxtilə Ermənistanda səfir işləmiş, hazırda nazirliyin Konsulluq, Parlament və diaspor işləri üzrə müavini Seyyid Kazım Səccadinin nəinki tvitterdə, ümumiyyətlə heç bir sosial media platformasında hesabının olmadığını açıqladı. Bu faktı Ermənistandan yayımlanan radar.am saytı və tanınmış erməni bloger Sedrak Mkrtıçyan da tviti ilə təsdiqləyiblər.

Bu açıqlamaya baxmayaraq İran tərəfi tvitterə saxta hesabın bağlanması haqda heç bir müraciət etməyib. Həmin profil bu günə qədər fəaliyyətini davam etdirir. Halbuki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərdə ciddi gərginlik yaradacaq bu açıqlamanın yayıldığı hesabdan dərhal şikayət etmək İran tərəfinin marağında olmalı idi.  

İndi isə bu iddianın, yəni tvitin real ya saxta olduğunu texniki cəhətdən araşdıraq. Bildirək ki, sosial media platformalarında yeganə olaraq tvitterdə paylaşılan statusun(tvitin) haradan atıldığını müəyyən etmək olur. Bunun üçün ən sadə metodlardan birindən istifadə edərək, araşdırmamızı aparaq.

Bu yazını ingilis dilində oxuya bilərsiniz: Is it true that Iran's former ambassador to Armenia has threatened Turkiye?!

Bunun üçün ilk olaraq, həmin tvitdən istənilən bir ifadəni (bir neçəsi də ola bilər) götürüb, həmin şəxsin yaşadığı, işlədiyi, yəni tviti ata biləcəyi şəhərin “geocode”larını daxil edib, sonra ehtimal olunan istənilən yaxın radiusu əlavə etməklə tviti axtarırıq. Əgər İranın XİN-in bu saytına inansaq Seyyid Kazım Səccadi Tehranda yaşayır. Tehranın geocodları 35.73369367006792, 51.29065617086443-dir. Tehran şəhərinin bir başından digərinə qədər olan məsafəni 10-100 km aralığında götürsək belə bir alqoritm quracağıq:

““The presence of terrorists and their transfer from Syria to Azerbaijan,near the border of Iran is unacceptable” geocode: 35.73369367006792, 51.29065617086443, 10km.

Bu kodu tvitterin axtarış sisteminə daxil edib, nəticəni özünüz də yoxlaya bilərsiniz. Heç bir nəticə çıxmır. Sonra radiusun diapazonunu bir az da artırsaq, yəni 50, 100, 500, hətta 1000 km radius əlavə etsək də heç bir nəticə çıxmır. Bu isə o deməkdir ki, tvit atılan profil saxtadır və ya Tehrandan idarə olunmur. Böyük ehtimal ki, saxta profili idarə edənlər VPN-dən istifadə edərək, saxtakarlıqlarını pərdələyirlər.  

Nəticə:

-İranın Ermənistandakı keçmiş səfirinin tvit hesabı saxtadır.

-Bu hesabdan atılan tvit bölgədəki gərgin vəziyyəti daha da dərinləşdirmək məqsədilə edilmiş manipulyasiyadır.

- Türkiyənin Azərbaycana muzdlu döyüşçü göndərməsi tamamilə yalan məlumatdır.