Bakıda ləziz şirniyyatlarıyla tanınan bir çox şirniyyat evləri fəaliyyət göstərir. Hər addımbaşı rastımıza çıxanlar da var, sorağıyla şəhərin bir yerindən başqa yerinə getdiklərimiz də. “Ləzzət” Kulinariya evi də məhz ikincilərdəndir. Şəhərimizin cəmi bir neçə yerində olan “Ləzzət” Kulinariya evlərində, adətən, “iynə atsan, yerə düşməz”, - məsəlinə uyğun vəziyyət müşahidə olunur. Müştəri çoxluğu keyfiyyət və ləzzətdən xəbər versə də, təəssüf ki, xidməti təkmilləşdirmək üçün kifayət etməyib. Bu qənaətə söylənənlərin sorağıyla “Ləzzət” Kulinariya evinin iki nöqtədə - "Həsən bəy Zərdabi" və "Axundov bağı"nda olan mağazalarında apardığımız müşahidələrdən sonra gəldik. Belə ki, “Ləzzət” məhsullarının təqdimatı şəhərimizdəki bir çox şirniyyatçılardan fərqlənir. Burada un məmulatları şüşə arxasında deyil, tam əlinin altındadır. Əlini uzat, götür. Xüsusən, mövcud sanitar epidemioloji vəziyyətdə un məmulatlarında bu əlçatanlıq sanitariya qaydalarına zidd deyilmi?

Faktyoxla Lab. “Ləzzət”də qida məhsullarının satışı qaydalarından xəbərdar olub-olmamalarını araşdırıb.

Bunun üçün əvvəlcə Axundov bağında, sonra isə Həsən bəy Zərdabi küçəsində yerləşən sözügedən şirniyyat evində “Məhsullarınızın üstü niyə açıqdır?”, - deyə soruşduq. Bəlkə elə bir tutarlı səbəbi var ki, bundan sonra da açıq qalmalı fikrinə inanacağıq?

Axundov bağında “Ləzzət” Kulinariya evinin girişi ayrı, çıxışı da ayrıdır. Amma hardan daxil olub- çıxmağından asılı olmayaraq, qida məhsulları əl altına düzülüb. Alıcı ilə satıcı qida məhsullarının düzüldüyü dəzgahın qarşısında qarşılıqlı dayanıb məhsulun qiymətindən tut təzəliyinə qədər hər detalı müzakirə edirlər. Bu zaman məhsulun üstünə tökülən ağız suyu damcılarını kənardan görməmək mümkün deyil. Başqa bir müştəri gəlir. Əli ilə qoğalları yoxlayır. Satıcının xəbərdarlıqları işə yaramır. Hər gördüyünü toxunaraq  qiymətləndirən insanları qoğalıda yoxlamadan almağa alışdırmaq asan deyil. Başqa bir müştəri gəlir, əlindəki şəkərburaları dəyişmək istəyir. Tam mövcud sanitar-epidemioloji şəraitə “yaraşan” davranış, elə deyilmi?

Kimdir günahkar?

Satıcıda günah yoxdur, o, xəbərdarlıq edir. Alıcıda da günah yoxdur. Böyük bir dəzgahın üzərinə düzülən növ-növ şirniyyat və qida məhsullarının üstü tamamilə açıqdır, əli çatırsa, niyə yoxlamasın pul verib aldığı məhsulu?! Bəs, günah kimdədir?

Məqsədimizin şirniyyat yox, heç xoşlarına gəlməyən suala cavab almaq olduğunu biləndə hər kəsin qaşları çatıldı, çöhrəsinin rəngi dəyişdi. Elə bu dəyişiklik belə şirniyyatın üstüaçıq olmaması gərəkdiyini göstərir. Çox keçmədən şöbənin bütün əməkdaşlarının təpkisi ilə qarşılaşdıq.

Alıcılar əngəl tanımır?

Suallarımıza cavabı Həsən bəy Zərdabi küçəsində yerləşən “Ləzzət” Kulinariya Evində ala biləcəyimizi dedilər. Burda da eyni vəziyyətdir. Şərait də eyni, qarşılanma da. Əvvəlcə “Səni kim göndərib?”,- sərt sorğu-sual başladı. Sonradan özlərini ələ alıb suallarımızı cavablandırmağa çalışdılar. Amma görünən dağa nə bələdçi, sualın cavabı məlumdur: şirniyyatın üstü bağlı olmalı idi.

Özünü nəzarətçi kimi təqdim edən Afət Əsədova deyir ki, şəffaf örtük - selafan çəkilir, amma alıcılar həmin örtüyə baxmayaraq, yenə məhsullara əllərini vururlar. Bu da təbiidir, selafan örtük yox, şüşə örtük olmalıdır. Afət xanım bu dəfə inandırmağa çalışır ki, şüşə örtük də çəkilsə, alıcılar əllərini yenə uzadacaqlar.

Afət Əsədovadan sonra Elşad adlı şəxs, daha sonra özünü menecer kimi təqdim edən Elşən Cabbarlı, ondan da sonra “Ləzzət”in daxili təhlükəsizliyinə cavabdeh şəxs olduğu bildirilən Xaqani adlı şəxs sorğu-suala qoşulur, cavabdan çox sual verirlər.

İsti şirniyyatların üstünün selafanla örtülməsinin onun keyfiyyətinə pis təsir etdiyini deyən əməkdaşın tapdığı bəhanə qaneedici olmur. Bu dəfə E.Cabbarlı “Ləzzət”in böyük hüquqşünaslar ordusu olduğunu deyərək cavablarımızı onların hazırlayacağını deyir. Elşad adlı şəxsin cavabı daha orijinaldır: “Bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi yoxlamalar aparıb, mətbəximizdən tutmuş hər yerə baxıblar. Soyuducunun qapısı nə qədər açıq qala bilər və başqa şərtləri yerinə yetirdiyimizi araşdırıblar, sertifikatlarımızı alıb qoymuşuq yanımıza. Nə sualınız var, onlardan soruşun”.

“Plandankənar” yoxlamada fakt təsdiqini tapdı

Elə də etdik. Bu dəfə üz tutduq Qida Təhlükəsizliyi Agentliyinə. Qurumun mətbuat xidməti vasitəsilə cavab almaq cəhdimiz bütün məsələlərdə olduğu kimi, bu dəfə də boşa çıxdı, amma rəsmi saytı vasitəsilə ünvanladığımız sorğunun cavabı gecikmədi və Faktyoxla Lab-ın sorğusuna cavab vermək üçün aparılan “plandankənar” yoxlamada fakt təsdiqini tapdı.

Faktyoxla Lab-a bildirilib ki, Agentliyin Bakı regional bölməsində müraciətimiz araşdırılıb və H.Zərdabi küçəsindəki “Ləzzət”də qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Rəis səlahiyyətlərini müvəqqəti  icra edən rəis müavini Pərviz Qafarzadənin imzaladığı sənəddə qeyd edilib ki, qida obyektinin rəhbərinə və işçilərə “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ölkə qanunlarının və qida təhlükəsizliyi sahısində  texniki normativ aktların tələbləri izah olunub. Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və qeyd edilən nöqsanların aradan qaldırılmasıyla bağlı icrası məcburi göstərişlər verilib.

NƏTİCƏ

Şəhərimizin məşhur şirniyyatçısı olan “Ləzzət” şirniyyat evində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktların tələbləri pozulub və illərdir bu vəziyyət davam edir. Bu, hər birimizin gözü qarşısında baş verib.

“Ləzzət”ə sertifikatlar paylayan qurumlara gəlincə. Sertifikatların niyə, hansı parametrlər üzrə verildiyini bilmirik, amma yoxlamalar aparan şəxslərin ortaya düzülən bu şirniyyatları görməmək imkanı yoxdur. Görünür, hansısa səbəbdən “planlı” yoxlamalarda bu detala qarşı gözlərini yummağa üstünlük veriblər.

“Ləzzət”in məhsullarının üstünü illərdir niyə bağlamadığını hələ də bilmirik. Onların çoxsaylı hüquqşünaslarının cavabı gəlib çıxmadığından, şəhərimizin məşhur şirniyyatçısının bu strategiyasının səbəbini anlamadıq. Ancaq ümid edirik ki,  Qida Təhlükəsizliyi Agentliyindən verilən icrası məcburi göstəriş qısa müddətdə bütün “Ləzzət” Kulinariya evlərində tətbiq ediləcək və şirniyyatlar alıcıların əlinin çatmadığı bir şəkildə düzənlənəcək.

Faktyoxla Lab. mövzunu nəzarətdə saxlayacaq.