Bütün dünyada ən çox üstünlük verilən nəqliyyat vasitəsi, bəlkə də təyyarədir. Mənzilə başına daha tez çatmaq bir yana, təyyarə, həm də ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Ancaq biz hava nəqliyyatı ilə bağlı bütün sirlərdən xəbərdarıqmı? Təyyarədə verilən yeməklərdən tutmuş, ən təhlükəsiz oturacağa qədər bir çox mübhəm gerçəklər var ki, çoxumuz ondan xəbərsizik. Bu sirlər heç vaxt yolçulara deyilmir.

“Kateqoriya savaşı”

Təyyarə ilə səfər zamanı müştərilərə bir neçə kateqoriya üzrə biletlər təklif olunur: “ekonom klass”, “biznes klass”, “birinci klass”. Yəqin ki, “birinci klass” biletlərin reklamına rast gəlmisiniz: müxtəlif içkilər, yeməklər, şirniyyatlar və s. təklif olunur. Bəli, xidmət yaxşıdır, amma etiraf edək ki, qiymət də olduqca yüksəkdir axı. Bir bakal içki və ya bir dilim şirniyyat üçün belə yüksək qiymət məqbuldur?

“Birinci klass” biletləri “biznes klass”la müqayisə etsək, belə olmadığı qənaətinə gələrik. Bir çox hava nəqliyyatı şirkətlərinin həm “birinci klass”, həm də “biznes klass” kateqoriyalarında ayrıca oturacaqlar, yastıqlar, müxtəlif içkilər, yeməklər və şirniyyatlar təklif olunur. Son vaxtlar əksər şirkətlər “birinci klass” kateqoriyasını inkişaf etdirmək üçün daha çox sərmayə yatırırlar. Ancaq nəzərə alaq ki, “birinci klass”la “biznes klass” arasındakı fərq, oturacaqların bir az daha geniş olmasında və təqdim olunan bir neçə növ brend içkilərdədir. Bu xidmət qiymətlər arasındakı fərqə adekvat sayıla bilməz. Məsələn, “biznes klass” biletin qiyməti standart biletlərdən, demək olar ki, 2 dəfə bahadır. 

 

 Amma “birinci klass” biletlər “ekonom klass”dan 6 dəfə baha başa gəlir. Bir bakal içkiyə görə bu qədər xərcə düşməyə dəyərmi? Olmaz ki, əlavə xərci başqa məsrəflər üçün saxlayasınız?

Təyyarədə verilən yeməklər

Uçuş zamanı verilən yeməklərin “mənfi şöhrət”i barədə hər kəs danışır. Hər kəs iddia edir ki, yeməklər dadsızdır.

Amma kimsə də fərqində deyil: bu yeməklər harada, necə, hansı məhsullardan hazırlanır? Çoxları hesab edir ki, bu yeməklər hazırlandıqdan sonra dondurulur və illər uzunu saxlanılır. Ancaq belə deyil. Təyyarədə verilən yeməklər uçuşdan 12-72 saat öncə hava limanın yaxın yerləşən qida şirkətində hazırlanır. Yemək hazır olduqdan sonra sürətlə soyudulur. Daha sonra hava limanına daşınan ərəfədə isidilir. Bəs təyyarədə verilən yeməkləri bu qədər dadsız edən nədir? Mütəxəssislər bunu insanın bioloji durumuna bağlayırlar. Məsələ ondadır ki, təyyarə salonları uçuşdan əvvəl yüzdə ona qədər nəmlik səviyyəsinə çatdırılır. Təsəvvür edin ki, bu göstərici səhradan daha qurudur.

Nəm səviyyəsi bu qədər aşağı düşdükdə, insan orqanları o qədər susuz qalır ki, dad və qoxubilmə qabiliyyəti, demək olar ki, itir. Təyyarə salonunda 15-20 dəqiqə olmaq bəs edir ki, dadbilmə qabiliyyəti 15%-ə qədər ensin.

Qulaqcığın kəraməti

Bir çox hava şirkətləri  bu problemi həll etmək üçün qidaların tərkibindəki duzun və şəkərin miqdarını önəmli həddə qədər artırmaq məcburiyyətində qalır. Yəni uçuş zamanı verilən yeməklərdən daha çox kalori alırsınız.

Ancaq mütəxəssislər deyirlər ki, təyyarədə verilən yeməklərin dadını hiss etmək üçün başqa üsullar da var. Məsələn, araşdırmalar nəticəsində sübut olunub ki, uçuşdan əvvəl gurultunu əngəlləmək üçün taxılan qulaqcıqlar, həm də dadbilmə qabiliyyətini qoruyur. Bir sözlə, təyyarədə verilən yeməklərə görə o qədər də narahat olmayın. Bunun əsl səbəbi uçuş zamanı dad və iybilmə qabiliyyətinin itməsidir.

Eyni yeməyi yeməyən pilotlar

Yəqin, məlumatınız yoxdur ki, pilotlar uçuş zamanı eyni yeməklərdən istifadə etmirlər. Bu da zəhərlənmə riski ilə bağlıdır. Belə ki, əgər bir pilot yeməkdən zəhərlənirsə, digəri başqa yemək yediyi üçün bu problemlə üzləşmir və uçuşu öz üzərinə götürür. Bu problem belə həll olunur: bir pilot yeməyi “birinci klass”dan götürürsə, digəri “ekonom klass”da təqdim olunan yeməklə qidalanır. Ümid edək ki, pilotlar bu “ayrı-seçkilik”dən o qədər də narahat deyillər. 

Təyyarədə yatmaq

Uzun səfərlər əksər insanlar üçün yorucudur. Bir çoxları da uzun sürən uçuşlar zamanı yatmağa üstünlük verirlər. Biz yatırıq, oyanırıq, amma hər dəfə də ekipaj üzvlərini enerjili, gülərüz görürük. Bunu sirri nədir? Növbəti dəfə təyyarə minərkən girişdə dar əşya dolabını xatırladan sirli yerə fikir verin. Əslində ora dolab deyil, dar pilləkənlər yuxarıya qalxır.

Təyyarənin üst qatında olan bu otaq heyət üzvlərinin dincəlməsi üçündür.

Əsasən də uzunmüddətli uçuşlar zamanı heyət üzvləri burada istirahət edir, yorğunluqlarını alırlar. Ona görə də onları həmişə gümrah və gülərüz görürsünüz. Belə otaqlar, adətən təyyarənin ön və arxa hissələrində olur. Ön hissədəki otaqda pilotlar, arxa hissədəkində isə stüardessalar dincəlir. Ekipaj üzvlərinin dincəlməsi isə olduqca vacibdir. Çünki bu, bizim təhlükəsizliyimiz üçündür.

Onlar nə qədər gümrah olarlarsa, uçuş da bir o qədər təhlükəsiz olar. 

Pəncərədəki dəlik

 Təyyarədə pəncərənin yanında oturanda kiçik bir dəlik görə bilərsiniz. Bu dəlik sizə əhəmiyyətsiz görünə bilər. Ancaq təyyarənin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Hansı əhəmiyyət?

 

Təyyarə yüksəldikcə, havanın təzyiqi düşür. Bu da salonda hava təzyiqinin düşmə ehtimalını artırır. Hava axınının düşməsi isə pəncərələrə inanılmaz şəkildə təzyiq yaradır.  Ona görə də, təyyarədə pəncərələrin olduqca möhkəm olması şərtdir. Adi pəncərələr belə yüksəklikdə asanlıqla çilik-çilik olar.

Təyyarə pəncərələri üçqat paneldən hazırlanır. Əgər birinci qat zərər görərsə, ikinci qat təhlükəni öz üzərinə götürür. Sonuncu qat isə ona görədir ki, sərnişinlər digər iki qatla təmasda olub onlara zərər verməsinlər. Çünki bütün sərnişinlərin nizam-intizamlı olduğuna kimsə təminat verə bilməz. Pəncərədəki o dəlik isə salonun orta bölümündə olur və əsas funksiyası salondakı hava təzyiqini nizamlamaqdır.

Ən təhlükəsiz oturacaqlar

Heç şübhəsiz, əksər insanlar təyyarədə uçmaqdan qorxurlar. Mütəxəssislər uçuş zamanı ən təhlükəsiz oturacaqları da müəyyənləşdiriblər.  Son 35 ildə baş verən 17 təyyarə qəzası araşdırılıb. Məlum olub ki, salonda ən təhlükəsiz oturacaqlar arxa tərəfdə olanlardır. Qəza zamanı arxa tərəfdəki oturacaqlarda oturanların sağ qalmaq ehtimalı 68 faizdirsə, ön tərəfdə bu göstərici 62, orta hissədə isə 61 faizdir.

Ola bilsin ki, bunun səbəbi qəza zamanı arxa tərəfin xüsusi çıxışlara daha yaxın olması ilə bağlıdır. Məlumatlı olmaq yaxşıdır,  amma ona da ümid edək ki, kimsə belə həyəcanlı halla heç vaxt rastlaşmayacaq.