AXCP sədri Əli Kərimli facebook səhifəsində hökuməti ittiham edən iddialarla çıxış edib. Partiya sədri bildirir ki, neftin qiyməti durmadan artır. Büdcədə nəzərdə tutulduğundan az qala 3 dəfə baha satılır. Buna görə də, 2022-ci ilin ötən 2 ayının nəticəsinə görə, Azərbaycanın dövlət büdcəsində profisit 2 milyard manat olub. Sitat: “Hökumət bilmir ki, bu pulla nə etsin. Ancaq şəhid ailərinin, qazilərin, veteranların hətta avtoritar Rusiyada olduğundan da 8 -10 dəfə az olan müavinətlərini artırmaq ağıllarına gəlmir. Uşaq pulu vermək barədə heç düşünmürlər. İqtisadiyyata sərmayə qoyub, çoxlu və real iş yerləri açmaq, kiçik və orta biznesi canlandırmaq üçün iş adamlarına, öz işini qurmaq istəyən gənclərə aşağı faizlə kredit vermək də ağıllarına gəlmir. Pensiya yaşını aşağı salmaq, ötən illərdə ləğv etdikləri 211 min nəfərin pensiyasını bərpa etmək də planlarında yoxdur”.

Faktyoxla Lab. Ə.Kərimlinin iddia etdiyi əsas məqama, yəni neftin bahalaşmasına və neft gəlirlərinin büdcədə 2 milyard manat profisit yaradıb-yaratmadığına aydınlıq gətirək.

Kərimlinin yazdığından belə anlaşırlır ki, onun düşüncəsinə görə, əgər neft bahalaşırsa, demək büdcə gəlirləri də artmalıdır. Əvvəl bunu izah edək.

2022-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 4 milyard 626,1 milyon manat, xərcləri 2 milyard 685,1 milyon manat təşkil edib. Gəlirlərin əsas fundamental fiskal mənbəyi vergi və gömrük daxilolmalarıdır. Belə ki, 4,6 milyard manatın təxminən 60 faizini Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi təmin edib. Cari ilin ötən iki ayında vergi daxilolmaları 25,2 faiz artaraq 1 milyard 830,4 milyon manat təşkil edib və proqnoz 108,7 faiz səviyyəsində icra olunub. Vergi daxilolmalarının 78 faizi, yəni 1 milyard 398,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Neftin payı cəmi 22 faiz təşkil edib. (Mənbə)


Həmçinin, Gömrük Komitəsi yanvar-fevral aylarında büdcəyə 820,8 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 170,8 milyon manat çoxdur. (Mənbə).

Beləliklə, yanvar-fevral aylarında büdcənin 4,6 milyard manat gəlirlərinin 2 milyard 650 milyon manatını qeyri-neft gəlirləri təşkil edib. Büdcədə neft gəlirlərinin, yəni Dövlət Neft Fondunun payı (transfertləri) 1 milyard 950 milyon manat olub ki, bu da Fondun 2022-ci il üzrə müəyyən edilmiş öhdəliklərinin 2 aylıq icrası deməkdir.
Məlum olduğu kimi 2022-ci ilin dövlət büdcəsində Neft Fondunun büdcə öhdəliyi, yəni büdcəyə transfertlərinin həcmi 12,7 milyard manat məbləğində təsdiq edilib. (Mənbə)

Yəni, Neft Fondunun büdcəyə bir ayda transferti təxminən 1,06 milyard manat təşkil edir. Fond isə 2022-ci ilin yanvar-fevral aylarında büdcəyə 2,1 milyard ödəmək əvəzinə 150 milyom manat az ödəyib. Çünki buna ehtiyac olmayıb, həmin öhdəliyi qeyri-neft gəlirləri (vergi-gömrük) kompensasiya edib.

Göründüyü kimi, neftin qiymətinin artmasının büdcə gəlirlərinin artmasına heç bir aidiyyatı yoxdur.

Sual oluna bilər ki, bəs, onda neftin bahalaşmasından əldə edilən pullara hara sərf edilib? Gəlin, bu məsələdə Əli Kərimli kimi düşünərək, özümüzdə və cəmiyyətdə yanlış təsəvvür yaratmayaq.

Məlum olduğu kimi neft satışından daxil olan gəlirlər Dövlət Neft Fondunun büdcəsinə toplanılır. Neftin qiymət artımı nəticəsində əldə edilən əlavə gəlirlər Fondun valyuta aktivlərinin artmasına səbəb olur. Məsələn, 2022-ci ilin yanvar-fevral aylarında, yəni neftin 40 faizdən çox bahalaşdığı dövr ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokundan gəlirləri 1 milyard 307 milyon dollar təşkil edib. (Mənbə). Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondunun ötən ilin eyni dövründə, yəni neftin 50-55 dollara satıldığı dövr ərzində “Azəri-Çıraq-Günəşli” yatağından əldə etdiyi gəlirlərin həcmi isə 574,5 milyon dollar olmuşdu. (Mənbə)
Göründüyü kimi neftin bahalaşması DNF-nin gəlirlərinin ötən ilin 2 ayı ilə müqayisədə cari ilin analoji dövründə 2 dəfədən də çox, yəni 730 milyon dollar artmasına səbəb olub. Bunun nəticəsində Fondun valyuta rezervləri 54 milyard dollara çatıb, yəni 2 ayda 1 milyard dollara yaxın artıb. Yəni, neft bahalaşdıqca, Azərbaycanın strateji rezervləri də artır.



İndi isə büdcədə 2 milyard manat qalığın, yəni profisin yaranmasının səbəbini izah edək. Normal iqtisadi anlayışı olan hər bir şəxs bilir ki, büdcədə hər bir təşkilatın təsdiq edilmiş öz xərcləri vardır və ilin sonuna qədər həmin maliyyə vəsaitlərinin ayrılması təmin edilməlidir. İlin ilk aylarında investisiya layihələrinin tenderlərin elan edilməsi, prosedurların qiymətləndirilməsi və digər amillərlə bağlı maliyyələşməsi növbəti aylara keçir. Yəni, büdcənin ilk 2 ayında investisiya layihələri üzrə sifarişlər az olur və xərclərin maliyyələşməsi də buna adekvat aparılır. Ancaq mart ayından sonra investisiya sifarişləri artdığından büdcədə həmin xərclərin də maliyyələşməsinə daha çox vəsait yönəldilir. Nəticədə yanvar-fevral aylarında yaranmış profisitin böyük bir hissəsi sonrakı aylarda əvəz olunur.

Kərimlinin isə həmin xərcləri “artıq pullar” kimi təsəvvür etməsi onun məlumatsızlığından və bilmədiyi mövzuda danışmaq mərəzindən irəli gəlir.

Əli Kərimli deyir ki, şəhid ailərinə, qazilərə, veteranlara Rusiyada olduğundan 8 -10 dəfə az müavinətlər ödənilir. Bu iddiaya da aydınlıq gətirək.

Birincisi, bu cür primitiv müqayisənin aparılması özü ziddiyətlidir, Rusiya Federasiyası dövlət müstəqilliyini elan etdikdən sonra öz ərazi bütövlüyü uğrunda hansı Vətən müharibəsi aparıb ki, şəhid ailəsi, qazisi olsun və onlara müavinət versin? Əgər Kərimli Rusiyanın indiyə qədər Əfqanıstan, Liviya, Suriya və digər bölgələrdə həlak olmuş, yaxud yaralanaraq əllilk dərəcəsi almış hərbi qulluqçulara ödənilən müavinətləri nəzərdə tutursa, bu, adi əilllik dərəcəsi üzrə müəyyən edilən ödənişlərdir. (Mənbə)

İkincisi, Azərbaycanda şəhid ailələrinə və müharibə veteranlarına olan dəstək əksər ölkələrdən qat-qat yaxşıdır. Şəhid ailələrinə aylıq 500 manat müavinət ödənilir. Müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da aylıq orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib.Bundan başqa, müharibə veteranları və əlillər üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub. (Mənbə)

Son illərdə şəhid ailələri və müharibə veteranlarına dövlətin sosial dəstək tədbirləri, xüssilə də onların mənzillə təminatı proqramının əhatə dairəsi 5 dəfə genişlənib. 44 günlük tarixi Zəfərdən sonra onlara 3200 mənzil təqdim edilib. 2022-ci ilin yanvar ayından indiyə qədər, 3 aydan da az bir müddət ərzində həmin sosial qrupa aid olan insanlara 200 mənzil verilib. Martın 18-də Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Ümumilikdə isə ötən dövrdə 12.500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra onların avtomobillə təminatı da fasiləsiz həyata keçirilir. 2021-ci ildə 164 nəfər müharibə əlili, ümumilikdə ötən dövrdə isə 7400 müharibə əlili avtomobillə təmin edilibdir. (Mənbə)

Həmçinin, şəhid ailələri, qazilərin və veteranların məşğulluğu hər zaman diqqətdədir. Təkcə, ötən ilin iyun ayından startr verilən “Məşğulluq marafonu” çərçivəsində 1894 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin edilib. (Mənbə)

Nəticə: Əli Kərimlinin iddia etdiyi əgər neft bahalaşırsa, demək büdcə gəlirləri də artmalıdır düşüncəsi yanlışdır. “Hökumət bilmir ki, bu pulla nə etsin” iddiası populizm və manipulyasiyadır. Şəhid ailərinə, qazilərə, veteranlara Rusiyada olduğundan 8 -10 dəfə az müavinətlər ödənilir” iddiası tamamilə yalandır. Rusiya Federasiyası dövlət müstəqilliyini elan etdikdən sonra öz ərazi bütövlüyü uğrunda bir dəfə də olsun Vətən müharibəsi aparmayıb. Bu səbəbdən Rusiya üçün “şəhid ailəsi”, “müharibə qazisi”, onlara müavinət ifadələri yersiz, müqayisə isə qüsurludur.