Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində orduda özünü şikəstetmə faktı ilə bağlı cinayət işi üzrə ibtidai araşdırma başa çatıb. Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti yayıb. Məlumata görə, təhqiqat zamanı məlum olub ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı Ermənistanın hərbi qulluqçuları V.K və N.A. döyüşlərdə iştirak etməmək məqsədilə bir-birinin sağlamlığına zərər vurmaqla (özünü şikəst etməklə) hərbi xidmət çərçivəsində müəyyən öhdəliklərin icrasını müvəqqəti dayandırmaq barədə razılığa gəliblər. (Mənbə/).
Əsgər N.A bu məqsədlə 19 oktyabr 2020-ci il saat 02:00 radələrində tabeliyindəki AK-74 avtomatından V.K-nın sol çiynindən bir dəfə atəş açaraq, sağlamlığına yüngül xəsarət yetirib. Bundan sonra əsgər V.K. N.A.-ya AK-74 avtomatından atəş açaraq onu sağ ayağından yaralayıb. Bu, onların hərbi xidmət çərçivəsində müəyyən vəzifələrin icrasının müvəqqəti dayandırılmasına səbəb olub.
Onlar Ermənistan Cinayət Məcəlləsinin “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yollarla hərbi xidmətdən yayınma”, “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası və ya digər qanunsuz yolla hərbi xidmətdən yayınmada iştirak etmə”, “Qəsdən sağlamlığa ağır zərər vurma” və “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” maddələri ilə ittiham olunublar. Cinayət işi ittiham aktı ilə birlikdə Sünik vilayətinin birinci instansiya məhkəməsinə göndərilib.
Bu fakt onu göstərir ki, ermənilər müharibədə vuruşmaq istəməyiblər. Bu iddianı sübut edəcək digər fakt isə 44 günlük müharibə zamanı ermənilərin 10 minlərlə əsgər və zabitlərinin fərarilik etməsidir. Bəs erməni əsgərlərini hərbi vəzifəni yerinə yetirməkdən imtinaya hansı səbəblər vadar edib? Bunun bir neçə səbəbi ola bilər: himayəsiz qalan ermənilərin, əslində döyüşkən yox, qorxaq olmalarının üzə çıxması. İkinci bir səbəb isə o ola bilər ki, erməniləri Qarabağda xidmətə zorla aparıblar.
Faktlara diqqət edək: 44 günlük müharibə başlamazdan əvvəl – 2020-ci ilin yanvarından 1-dən fevralın 15-nə qədər Ermənistan ordusunda 13 əsgər qeyri-döyüş şəraitində həlak olub. Bununla bağlı ölkədə qalmaqal yaranıb. Məsələyə baş nazir Paşinyan müdaxilə etməli olub. O, ictimai qınağı azaltmaq üçün iki yüksək rütbəli zabitin - hərbi polisin rəhbəri Artur Baqdasaryan və Silahlı Qüvvələrin mənəvi-psixoloji təminat şöbəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılmasını təklif edib. Bununla bağlı baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi: “Paşinyan məsələni müzakirə etmək üçün bir neçə yüksək vəzifəli təhlükəsizlik rəsmisi ilə görüş keçirib. O, Silahlı Qüvvələrdə kriminal subkultura və nizam-intizamla bağlı məsələlərin həllini prioritet istiqamət kimi qeyd edib” (Mənbə).
Həmin vaxt baş verən əsgər ölümlərindən biri daha çox rezonans doğurmuşdu. 2020-ci il, yanvarın 30-da 2000-ci il təvəllüdlü əsgər Vahram Avaqyanın sinə nahiyəsindən aldığı güllə ilə qətlə yetirilməsi səs-küy yaratmışdı. Hakimiyyət dərhal bunun intihar olduğunu açıqlasa da, mərhumun yaxınları bu qənaətlə razılaşmayıblar. Etirazlardan sonra hökumət geri çəkildi və ölümün səbəbi ilə bağlı başqa versiyaların nəzərdən keçirildiyini bildirdi. Nəticədə Avaqyanı öldürməkdə şübhəli bilinən 3 əsgər həbs olundu.
Həmin vaxt hadisələri şərh edən insan haqları müdafiəçisi və Ermənistan Helsinki Komitəsinin rəhbəri Avetik İşxanyan “Sputnik Ermənistan”a bildirib ki, orduya inamsızlıq müharibə şəraitində olan ölkə üçün ən dağıdıcı amildir. “Ordu gizli strukturdur, lakin orduda həyat həbsxanaya bənzəməməlidir və hüquq-mühafizə orqanları buna nəzarət etməlidir” (Mənbə).
O, problemin əsas səbəblərindən biri kimi orduda alçaldılma hallarının olmasını və cəzasızlığı göstərib: “Biz günahkarları cəzalandırmalıyıq, ört-basdır etməməli və “günah keçisi” axtarmamalıyıq”. Hüquq müdafiəçisi bildirib ki, belə hallarda, adətən heç bir günahı olmayan yoxsulları cəzalandırırlar. Hətta günahsız yerə ömürlük həbs cəzası çəkənlərin də olduğunu bildirib.
Həmin vaxt parlamentin insan haqları komitəsinin rəhbəri olan Naira Zohrabyan isə belə demişdi: “Bizdə anlaşılmaz subkultura var – “dedovşina”. Bu mentalitet küçələrdən orduya nüfuz edir”.
Baş prokurorun müavini Qor Abramyan isə bildirmişdi ki, Ermənistan ordusunda intiharların sayı döyüş şəraitində ölənlərin sayından 2 dəfə çoxdur.
Ermənistan ordusunda müharibəyə qədər qeyri-döyüş şəraitində həlak olan, qətlə yetirilən əsgərlər haqda açıq mənbələrdən toplanılan məlumatların xronologiyasını təqdim edirik:
- 2 dekabr 2019-cu il saat 06:50 radələrində Qarabağdakı qanunsuz erməni hərbi birləşməsinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü yezidi əsgər Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.
- 6 dekabr tarixində Acamyan Artaşar kəndində dəfn edilib. Lakin əsgərin yaxınları Ermənistan MN-dən cavab tələb edərək, 4 dekabr tarixində parlament qarşısında aksiyalar təşkil edib. Aksiya iştirakçılarını parlamentə buraxmasalar da, Naira Zöhrabyan və Andranik Köçəryan onların tezliklə ədalətə şahid olacaqlarına vəd veriblər. 11 ay xidmət etmiş hərbi qulluqçu Acamyanı öz doğum günü 2 dekabr tarixində qətlə yetirilib. Həmin hadisə də hələlik naməlum olan şəraitdə digər hərbi qulluqçu 1999-cu il təvəllüdlü Davit Melikbekyan odlu silah yarası ilə ağır yaralanıb. O, İrəvan sakinidir. Başından ağır odlu silah yarası alan Melikbekyan hələki reanimasiya şöbəsindədir.
- 2018-ci ilin 12 dekabr tarixində həmin hərbi hissədə hərbi qulluqçu Arqişti Hakobyan odlu silah yarası alıb. Hərbi qulluqçunun daxili orqanları zədələnib. Bu hadisə ehtiyatsızlıqdan açılan atəş kimi qələmə verilib. Hospitalda anasına etiraf ediblər ki, hərbi hissədə yaranan problemlərlə bağlı Abovyan sakini H.M. adlı əsgər yoldaşı ona atəş açıb.
- 2017-ci ilin 4 noyabr tarixində hərbi hissənin anbarında baş verən partlayış nəticəsində, bədəni ilə tankəleyhinə minanın zərbəsinin qarşısını alan snayper Hrant Manqasaryan ölüb. Komandanlığın səhlənkar cinayət əməli nəticəsində döyüş vəziyyətində olan mina anbara daxil olmaqla, 1 hərbi qulluqçunun ölümü, 2 nəfərin yaralanmasına səbəb olub.
- Yezidi əsgər Yurik Broyan hərbi xidmətə yollandıqdan 2 həftə sonra “Bad” (ördək) ləqəbli tabor komandiri tərəfindən döyülməyə məruz qalıb, nəticədə əsdirməyə düşən hərbi quluqçu yekun olaraq hərbi xidmətdən azad edilib.
Ümumiyyətlə Ermənistanda yaşayan yezidilər və bu ölkənin ordusunda xidmət edən yezidi hərbçilərin problemləri olduqca böyükdür. Yezidi icması Ermənistanda böyük əhəmiyyət kəsb edir. Çünki yezidilər 99%-i erməni olan monoetnik Ermənistanın ikinci böyük icmasıdır. Lakin bir çox yezidilər həm Ermənistanda özlərinə qarşı göstərilən münasibətdən, həm işsizlikdən, həm də ölkənin yoxsul olması səbəbi ilə buradan da 3-cü ölkəyə getməyə üstünlük verirlər. 2016-cı ildə baş verən döyüşlərin ilk dəqiqələrində 5 yezidi əsgərin həlak olması icmanın ciddi narazılığına səbəb olub. İrəvanda “Daşnaksütun” partiyasının büro üzvü Spartak Seyranyanın, “Daşnaksütun” təşkilatının ali orqan nümayəndəsi Aqvan Vardanyanın, “Şangal” Yezidi İttifaqının sədri Fikrət İqrekin, “Avropa yezidiləri icması”nın sədri Tamaz Dasenin, “Avropa assuriyalılar birliyi”nin sədri Laxdo Habilin, Rusiya Federasiyasının Kamçatka vilayətinin qanunverici orqanı deputatı Rəşid Şamoyanın, “Midiya-Şangal yezidilərinin Milli Assosiasiyası”nın sədri Amo Şaroyanın və dönəmin hakim partiyasının iştirakı ilə bir toplantı keçirildi. Təbii ki, milli etnik zəmində baş verən daxili problemlər KİV-lərdə tam işıqlandırılmır. Lakin bir gündə 5 yezidi əsgərin ön xəttdə həlak olması bütün dünya yezidilərini sarsıtmaya bilməzdi.
2020-ci ilin fevralında “Vestikafkaza.ru” portalında dərc olunan “Dedovşina: Ermənistan ordusu Ermənistanın özü üçün təhlükəlidir” başlıqlı yazıda bu ölkənin ordusundakı vəziyyət təhlil olunub (Mənbə).
Yazıda vurğulanır: “Ermənistanda heç kimə sirr deyil ki, Qarabağ müharibəsi “qəhrəmanları”nın, erməni məmurlarının övladları məcburi şəkildə vətəndə hərbi xidmətə cəlb olunduqda xüsusi diqqət tələb edə bilərlər. Buna cəmiyyətdə qurulmuş "ideallar" kömək edir - valideyn statusu, onun imkanları və əlaqələri hərbi xidmət zamanı çağırışçının mövqeyinə təsir edir. Belə mühit, insanların, xüsusilə xeyli kasıb yaşadıqları regionlarda daha qabarıq nəzərə çarpır. Bu, xüsusən indiki erməni ideologiyasının bütləşdirdiyi Qarabağ münaqişəsinin “qəhrəmanları” hesab olunan şəxslərə aiddir. Onların bir çoxu millətlərarası qarşıdurma dövründə şübhəli nailiyyətlər əldə etdiyinə görə maddi-sosial vəziyyətini, eləcə də cəmiyyətdəki nüfuzunu yaxşılaşdırıb”.
Təhlildə qeyd olunur ki, Ermənistanda son illər orduya qarşı münasibət xeyli dəyişib. Çünki ordudakı cinayət faktları gizlədilir. Dövlət nəyin bahasına olursa olsun imic itkisinin qarşısını almağa çalışır, buna görə də hərbçilərin tənqidinə imkan vermir və həlak olan çağırışçıların yaxınlarını susdurmağa çalışır: “Müasir erməni ideologiyasının militarist ritorikasında ordu həlledici rol oynayır. Çünki o, həll olunmamış Qarabağ münaqişəsində erməni mövqelərinin toxunulmazlığına əhalidə inam yaradır. Hakimiyyət və hüquq-mühafizə orqanları qətllərin sayını süni şəkildə aşağı salırlar, çünki Ermənistan ordusunun, ilk növbədə Ermənistanın özü üçün təhlükəli olması faktının etirafı, nizam-intizam və ordunun döyüş qabiliyyətinə dair bütün miflərin, əslində blefdən başqa bir şey olmadığını əyani şəkildə nümayiş etdirəcək”.
Etiraf edilməlidir ki, olduqca uzaqgörən təhlildir. 44 günlük müharibə zamanı bu ehtimalların 100 faiz doğrulduğunun şahidi olduq. “Məğlubedilməz erməni ordusu” mifi darmadağın oldu. Ermənilər kütləvi surətdə fərarilik etdilər. Və döyüşməmək üçün hətta bir-birlərinə də xəsarət yetirdilər.
Nəticə: Ermənistan ordusunda əsgərlər bir-birinə nifrət edirlər. Orduda yerlibazlıq ən pik həddədir. “İrəvanılar” “gümrülülər”ə, onlar da “goruslular”a nifrət edirlər. Və bütün bu ermənilər hamısı da “qarabağlı ermənilər”dən iyrənirlər. Ona görə də ermənilər vuruşmaq istəmirlər.