Son zamanlar qazın “pul yediyindən” şikayətlənənlərin sayı artıb. Hər addımbaşı qaza yüklədiyi vəsaitin anındaca azaldığından gileylənənlər bunun səbəbilə maraqlanır. Xırdalan şəhərində oğluyla yaşayan İlhamə Gülmətova deyir: “Mənim kimi çox adam var. Qonşumda da belə oldu. Pulu yükləməyimizlə yox olmağı bir olur. Axırıncı dəfə 5 manat yüklədim, 90 qəpik də sayğacda vardı, 5 manat 90 qəpik olmaq əvəzinə bir baxdım ki, 4 manat 90 qəpik görünür”.
Faktyoxla LAB. oxşar şikayətlərin səbəbini araşdırıb.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr sektorunun rəisi Eldəniz Vəliyev bunun səbəbini qaz abonentlərinin limiti aşmaslyla izah edib: “Kart yükləmələri tam olaraq pulsuzdur. Yəni terminallar bu xidmətə görə abonentlərdən heç bir ödəniş qəbul etmir. Ödənilən məbləğin azalması abonentin limitlə bağlı ödənişindəki fərqlə bağlıdır. 1200 kub metr limiti keçən abonentlər istehlak etdiyi mavi yanacağın 1 kub metrinə görə 20 qəpik ödədiyindən deyilən fərq ortaya çıxır”.
Azad İstehlakçılar Birliyinin sədri, “Azəriqaz” yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov da Faktyoxla Lab.-a açıqlamasında bu versiyanı təsdiqləyib. Onun sözlərinə görə, AİB-ə daxil olan şikayətlərin araşdırılması zamanı indiyədək limitin aşılmasından başqa hər hansı problem ortaya çıxmayıb: “Belə şikayətlər əsasən telefon zəngləri vasitəsilə daxil olur bizə də. Biz də hər bir şikayəti araşdırmaq üçün “Azəriqaz” rəhbərliyinə göndəririk. İndiyədək bütün şikayətlər limitin keçməsiylə bağlı olub. Hələki başqa səbəbini tapmamışıq. Şikayətlərin “Azəriqaz”la analizi zamanı abonentlər də bunu qəbul edirlər”.
E.Hüseynov hökumətə təklif verib: “Azəriqaz”a təklif eləmişik ki, limit yüksəldilsin. Qaza qənaətə nail olmağın başqa yollarını tapmaq lazımdır”.
E.Hüseynov hesab edir ki, əhalinin də qaza qənaəti öyrənməyi lazımdır: “Əhalimiz də qaza qənaət eləməyi bilmir. Evi qızdırır, pəncərələri açıq qoyur. Başqa ölkələrdə qaza qənaət eləmək üçün evlərə istilik izolyasiyası çəkirlər. İstiliyi kənara buraxmamaq üçün bu, önəmlidir. Azərbaycanda isə evdə istilik cihazları işləyə-işləyə pəncərələri açıq qoyurlar. Ölkəmizin gözəl iqlimi var. Qaza elə böyük ehtiyac olmadığı halda belə israfçılıq yersidir”.
Qaz sayğaclarında limitin sıfırlanacağı və ödənişlərin nə vaxt sərfəli olacağı vaxta gəldikdə isə "Azəriqaz" İstehsalat Birliyinin verdiyi məlumata görə, “Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Belə ki, bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər”.
Bildirilib ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır. Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək.
Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyirsə dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərməlidilər. Burada yeganə şərt mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapmasıdır.
Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılıb.
Əgər abonent məişət qazı üçün yüklənmiş vəsaitin qaz sayğacındakı nasasızlıqla əlaqələndirirsə və ya qaz sayğacı ümumiyyətlə zədələnibsə bu halda nə addım atmalı, zədələnən sayğac necə və kim tərəfindən təmir edilməlidir?
“Qaz təchizatı haqqında” Qanunun 13.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. (Mənbə)