ADR Partiyasının rəhbəri Qubad İbadoğlu Azərbaycanda yaşanan demoqrafik böhran haqda şərh verib. Bəzi saytların dərc etdiyi həmin şərhdə İbadoğlu iddia edir ki, 2009-2020-ci illərin başlıca demoqrafik göstəriciləri pisləşir. Demoqrafik statistikanı iki dövrə bölərək 2015-2020-ci illərdə doğum və nikah sayının 2009-2014-cü illərlə müqayisədə azaldığını, ölüm və boşanma sayının artdığını vurğulayır.

Sitat: “2009-2014-cü illərdə Azərbaycanda 1 milyon 11 min 497 nəfər doğulub, 2015-2020-ci illərdə bu göstərici 876 min 447 nəfərə düşüb: “Azalma 135 min 50 nəfərdir. 2009-2014-cü illərdə ölkədə 324 min 904 ölüm rəsmiləşib, 2015-2020-ci illərdə göstərici 357 min 267 nəfərə yüksəlib. Artım 32 min 363 nəfərdir. 2009-2014-cü illərdə ölkədə 496 min 218 nikah qeydə alınıb, 2015-2020-ci illərdə göstərici 360 min 168-ə düşüb. 136 min 50 azalma var. 2009-2014-cü illərdə Azərbaycanda 62 min 497 boşanma olub, 2015-2020-ci illərdə boşanma sayı 87 min 25-ə yüksəlib. Bu, 24 min 528 artım deməkdir”.

Faktyoxla Lab. Azərbaycanda demoqrafik vəziyyətin (Q.İbadoğlunun dediyi kimi) doğrudanmı təhlükəli həddə yaxınlaşdığını, əhalinin təbii artımının azaldığını araşdırıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi inkişaf sahəsində böyük uğurların əldə edilməsi demoqrafik inkişafa da təsirsiz ötüşməyib. Bunu son illərdə aparılmış əhalinin siyahıya alınması da təsdiqləyir. Yəni əhalinin demoqrafik göstəricisinin ən dəqiq və səhih məlumat bazası siyahıyaalınmadır. 1999-cu ildə aparılan siyahıya alınma zamanı əhalinin sayı 7 milyon 953 min nəfər təşkil edib. (Mənbə)


10 il sonra 2009-cu il aprelin 13-dən 22-dək əhalinin ikinci siyahıyaalınması keçirildi. Həmin tədbirin yekununda ölkə əhalisinin sayının 8 milyon 172 min nəfər olduğu dəqiqləşdi. Yəni 1999-2009-cu illərdə, 10 il ərzində Azərbaycanda əhalinin sayı 220 mindən çox artdı. (Mənbə)

 

2019-cu il oktyabrın 1-10 tarixlərində əhalinin növbəti siyahıyaalınması keçirilib və siyahıyaalma məlumatlarının istifadəçilərə çatdırılması 2021-ci ilin sonu 2022-ci ilin yarısına qədər nəzərdə tutulub. Ancaq ilkin məlumatlara əsasən, 2019-cu ilin sonunda əhalinin sayı 10 milyon 67 min nəfər olubdur. Nəticədə 2009-2019-cu illərdə əhalinin sayı 1 milyon 900 min nəfərə yaxın artması qeydə alınıb. Beləliklə, hər 3 siyahıyaalınmanın yekun göstəriciləri də təsdiqləyir ki, 1999-cu ildə 7,9 milyon nəfər olan Azərbaycan əhalisinin sayı son 22 ildə 2,2 milyon nəfər artaraq 10 milyon 100 min nəfəri ötüb. Bu isə Azərbaycan əhalisinin sayı dayanmadan artmaqda davam etdiyini göstərir. Və İbadoğlunun “həyəcan təbilini” hansı məqsədlə çaldığı müəmmalıdır.

Mövzunu daha da dərindən araşdırmağa çalışaq və ən son statistikaya da müraciət edək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin birinci yarısında Azərbaycan əhalisinin sayı 20 min 63 nəfər və ya 0,2 faiz artaraq 10 milyon 139 min 196 nəfərə çatıb. Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 56 min 63 doğulan körpə qeydə alınıb. Həmin dövrdə ölkədə 37 min 47 ölüm halı baş verib. Demək, nisbi baxımdan doğulanların sayı ölənlərin sayından 19 min nəfər çox olub. Daha doğrusu əhalinin təbii artımı davam edir.

Yeri gəlmişkən, onu da unutmaq lazım deyil ki, koronavirus pandemiyası təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində 2020-ci ildə və 2021-ci ilin ötən aylarında ölüm sayının artmasına səbəb olub. Yəni, təbii artımda mənfi statistikaya pandemiyanın təsirləri az deyil. İndiyə qədər (noyabrın 24-ə olan məlumat) ölkəmizdə koronavirusdan ölüm hallarının sayı 7709 nəfər olub. (Mənbə)


Göründüyü kimi son bir ildə ölüm sayının artmasında pandemiyanın 15-18 faiz-bənd təsirləri də olub. Eyni zamanda, pandemiya Azərbaycanda insanların orta ömür uzunluğu əmsalına da müəyyən dərəcədə təsir edib. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini apardığı araşdırmalar da təsdiləyir. Ancaq yaxın 1 il ərzində pandemiyadan əvvəlki orta ömürə qayıdılması gözlənilir və 2035-ci ildə Azərbaycanda orta ömür uzunluğunun 78 yaşa çatacağı proqnozlaşdırılır. (Mənbə)

İndi isə 2021-ci ilin birinci yarısında nigah və boşanma statistikasına baxaq. Birinci yarımillikdə ƏN-nin qeydiyyat şöbələri tərəfindən 23 min 231 nikaha daxilolma, 8 min 168 boşanma halları qeydə alınıb. Yəni, evlənənlərin sayı boşananların sayından 3 dəfə çoxdur.

Nəhayət, Azərbaycan gələn və Azərbaycandan gedən insanların statistikasına görə 2021-ci ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər müraciət edərək qeydiyyata alınıb, ölkəni 184 nəfər tərk edibdir. Yəni, miqrasiyanın müsbət saldosu 1047 nəfər təşkil edib. (Mənbə)

Beləliklə, ölkəmizin demoqrafik tablosunu əks etditən bütün göstəricilərdə əhəmiyyətli yaxşılaşma tendensiyaları baş verməkdədir. 
Azərbaycanda 2019-cu il aprelin 6-da 10 milyonuncu vətəndaş dünyaya gəlib və ölkəmiz tarixində ilk dəfə 10 milyonluq əhali sayına malik olubdur. Bu dövrdən 2 il 6 ay ötüb, hazırda ölkə əhalisinin sayı (noyabrın 1-ə) 10 milyon 148 min nəfər təşkil edir. Demək, həmin müddətdə təbii artım baş verib və əhalinin sayı daha 148 min nəfər artıb.

Dünyada, ələxsus da, Avropada və Amerikada əhalinin təbii artımına diqqət edək.
2020-ci ildə dünya üzrə təbii artım 12 faiz təşkil edib, artım Afrika və Asiya xalqlarının hesabına baş verib. Avropada isə vəziyyət daha acınaqcaqlıdır.

Hesabatdan göründüyü kimi 10,1 milyon əhalisi olan Azərbaycanda təbii artım 5,1 faiz təşkil edir. Doğum hər min nəfərə 12,7 nəfər, ölüm isə hər 1000 nəfərə  7 nəfər düşür.



Avropa qitəsində isə vəziyyətə diqqət edək. Ümumilikdə, Avropada təbii artım mənfi 1 faizdir. Yəni hər 1000 nəfərə 10 nəfər doğum düşürsə, hər 1000 nəfərə 11 ölüm halı düşür.

Avropa ölkələri sırasındaa Almaniya, Belçika, Monako daha ağır demoqrafik təhlükə yaşayır. Digər ölkələrdə də oxşar demoqrafik tənəzzül müşahidə edilir.

Amerikada da eyni vəziyyət demək olar ki, eynidir, hər min nəfərə 11 nəfər doğulduğu halda 8 nəfər dünyasını dəyişir. (Mənbə)
Yuxarıda da vurğuladığımız kimi demoqrafik vəziyyət baxımından ən yaxşı ölkələr sırasında Azərbaycan yer tutur və əhalinin sayı hər il orta hesabla 55-60 min nəfər artır.

Q.İbadoğlunun hökumətin pensiya yaşını artırmaq üçün orta ömür uzunluğunu saxtalaşdırdığına dair iddiası var. Sitat: Görünür ki, pensiya yaşını artırmaq üçün orta ömür uzunluğu saxtalaşdırılaraq yalandan artırılır. Müharibədə şəhid verdiyimiz 3000-ə qədər gəncləri də nəzərə alanda, növbəti illərdə bu trend daha da güclənəcək, bu halda 5-10 ildən sonra Azərbaycanın gələcəyini təsəvvür edirsinizmi?”.

Yuxarıda vurğuladığımız kimi COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə əksər ölkələrdə orta ömür uzunluğu 1-1,2 il azalıb. Dünyanın nüfuzlu “International Journal of Epidemiology” nəşrinin apardığı araşdırmaya əsasən, koronavirus pandemiyası səbəbindən inkişaf etmiş 29 ölkədə ömür uzunluğu II Dünya Müharibəsindən bəri rekord səviyyədə enib. Kişilər arasında ömür uzunluğunda 2019-cu ilə nisbətən ən böyük azalma ABŞ-da qeydə alınıb – 2,2 il. İspaniya, Böyük Britaniya, İtaliya, Belçika kimi Qərbi Avropa ölkələrində də eyni hal qeydə alınıb. (Mənbə)

İtaliyada ölkə üzrə orta ömür uzunluğu 83,2 ildən 82 ilə düşüb. 2020-ci ildə orta ömür uzunluğu qadınlarda 84,4 il, kişilərdə 79,7 il hesablanıb. 2019-cu ildə bu göstəricilər qadınlarda 85,4 yaş, kişilərdə 81,1 yaş idi. (Mənbə)

Azərbaycan üçün də xarakterik olan bu halların post-pandemiya dövründə yenidən 1-1,5 il artacağı gözlənilir. Çünki son illərin dinamikası da təsdiq edir ki, ölkəmizdə orta ömür uzunluğu davamlı şəkildə artmağa doğru gedir. Bunu həmçinin, BMT-nin, bir çox beynəlxalq təşkilatların hesabatlarında da görmək mümkündür. Həmin hesabatlarda qeyd edilir ki, dünya ölkələrində insanların orta ömür uzunluğu ilə bağlı qeyd edilir ki, Azərbaycanda insanların orta ömür uzunluğu 75 yaşdır (qadınlarda 78, kişilərdə 73 yaş). Asiya İnkişaf Bankının “Asian Economic Integration Report 2019/2020 (AEIR): Demographic Change, Productivity, and the Role of Technology” adlı hesabatında deyilir ki, 1980-2017-ci illər ərzində Azərbaycanda ortalaşdırılmış ömür uzunluğu 8 yaş artaraq 72,1 yaşa çatıb.


Nəticə: Q.İbadoğlunun orta ömür uzunluğu barədə iddialarının da heç bir əsası yoxdur, faktlarla manipulyasiyadır və süni ajiotaj yaratmağa yönəlib.