Son zamanlar KİV-də yeni yaranmış və nizamnamə kapitalı az olan sahibkarlıq subyektlərinin (məsələn; 10 manat, 100 manat və s.) irihəcmli tenderlərdə iştirakı məsələsi tez-tez gündəmə gətirilir. Daha çox dövlət satınalamalarının vahid internet portalına istinad edən media bir il öncə yaradılmış, nizamnamə kapitalı az olan (hətta 1 manat) şirkətlərin irihəcmli tenderlərdə qalib gəlmələrinə şübhə ilə yanaşır, təəccüblərini gizlətmirlər. Yazılardan sitat: Qanunda xüsusilə də belə iri tenderlərlə bağlı qalib şirkətin çoxillik təcrübəsi də daxil olmaqla, çoxsaylı tələblər var. Ancaq Azərbaycan reallığında buna bənzər nümunələr kifayət qədər çoxdur və yəqin ki, burada təəccüblənəcək bir şey yoxdur...

Faktyoxla Lab. yeni yaranmış və nizamnamə kapitalı az olan sahibkarlıq subyektlərinin (məsələn; 10 manat, 100 manat və s.) irihəcmli tenderlərdə iştirakı məsələsini araşdırıb.

Biznes fəaliyyətinə başlamaq üçün ilk hüquqi addım dövlət qeydiyyatından keçməkdir. Ölkəmizdə şirkət açmaq prosedurları çox asandır və əksər dünya ölkələrinin qeydiyyat sistemindən daha əlverişlidir. İstənilən şəxs ( hüquqi və fiziki) müəssisə və şirkət açmaq üçün vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmalıdır. Bunun üçun həmin şəxs tələb edilən müvafiq sənədləri (ərizə, təsis sənədləri və s) özünün elektron kabineti vasitəsilə elektron qaydada müvafiq icra hakimiyyəti orqanına, yəni İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edir. Bunun üçün “Asan imza” tələb olunur.
Beləliklə, fiziki şəxslər portlında “Fiziki şəxsin vergi uçotuna alınması” bölməsinə daxil olaraq müvafiq məlumatları daxil etməklə cəmi 1 gün ərzində qeydə alınır.

 “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əsasən, hüquqi şəxslər təsis sənədlərini elektron sistemə daxil etməklə şirkət açmaq hüququ əldə edirlər.

Eyni zamanda, həmin elektron portal vasitəsilə xarici kommersiya qurumları da çox rahat şəkildə qeydiyyatdan keçə bilərlər.

Azərbaycada şirkətlərin və fərdi sahibkarların qeydiyyata alınması prosesi son illərdə əhəmiyyətli dərəcədə sadələşdirilib. Müəssisə və şirkət açmaq istəyən sahibkarlar Vergilər Nazirliyində onlayn qeydiyyatda cəmi 1 gün vaxt sərf edirlər. Yəni, elektron dövlət qeydiyyatı müddəti 3 gündən 1 günə endirilib, MMC-lərin sürətli elektron qeydiyyatı isə 1 günü əvəzinə dərhal yerinə yetirilir.

Azərbaycanda biznesin qeydiyyatının səmərəliliyi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə başlama»” göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, 18-ci yerdən 9-cu yerə yüksəlib. “Biznesə başlama” sahibkarın (sənaye və kommersiya) biznesə başlaması üçün tələb olunan inzibati prosedurların sayı, sərf olunan vaxt və xərclərin dəyəri, həmçinin ödənilmiş minimum kapitalın həcmini ifadə edir. Hesabata əsasən bu reytinq göstəricisi üzrə kommersiya hüquqi şəxslərin qeydiyyatı üçün yerinə yetirilməli olan prosedurların sayı 2, sərf edilən müddət 3 gündür. Burada prosedurlar onlayn qeydiyyat üçün elektron imzanın alınması üzrə 1 gün, onlayn qeydiyyatdan keçmə üzrə isə (VÖEN və ƏDV qeydiyyatı daxil) - 2 günə bərabərdir. 

 

“Biznesə başlama” prosedurları üzrə Azərbaycan əksər region ölkələrini üstələyir. Azərbaycanda bu göstərici üzrə prosedurların sayı 2 olduğu halda, Avropa və Mərkəzi Asiya ölkələrində orta hesabla 5, OECD ölkələrində isə 4,8 təşkil edir. Vaxt (gün) indeksi Azərbaycanda 3, Avropa və Mərkəzi Asiya ölkələrində 12,1; OECD ölkələrində 9,2-dir. Xərc indeksi üzrə (adambaşına düşən gəlirin faizi) Azərbaycanın əmsalı 1,3,  Avropa və Mərkəzi Asiya ölkələrinin əmsalı 5,3, OECD ölkələrinin əmsalı 3,4-dür. Minimum kapital (adambaşına düşən gəlirin faizi) üzrə respublikamız 0 əmsalına, Avropa və Mərkəzi Asiya ölkələri 5,8, OECD ölkələri 8,8 əmsalına malikdir. 

Azərbaycanda biznesin qeydiyyatı sahəsində islahatlar Dünya İqtisadi Forumu tərəfindən “Qlobal Rəqabətlilik Hesabatı” hesabatlarında da öz müsbət əksini tapıbdır, hesabatda ölkəmiz “biznesin səmərəliliyi” indeksi üzrə 20-də (22-ci yer) qərarlaşıb.

Məlumdur ki, hər bir şirkət, kommersiya müəssisəsi tender və ya kotirovka sorğularında iştirak edərək özünü imkan və iddialarını hüquqi-texniki əsaslarla təmin etməyə çalışır. Bunun üçün ilk növbədə ədalətlilik və bərabər imkanlar əsas şərtdir. Hökumət 2018-ci satınlamalarda elektron tenderlərin tətbiqinə başlamaqla bu sahədə şəffaflığın tam təmin edilməsinin əsasını qoydu. “Elektron Hökumətin İnkişafı Mərkəzi” tərəfindən dövlət satınalmalarının vahid internet portalının - “e-Satınalma” istifadəyə verilməsi və 2019-cu ilin mart ayından elektron satınalmanın tətbiqinə başlanılması ilə həmin sahədə köklü dəyişikliklərə yol açıldı.

 “Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməklə, nizamnamə kapitalı və ya fəaliyyət bölgüsündən asılı olmayaraq, bütün sahibkarlara tenderlərdə bərabərhüquqlu şəkildə iştirak etmək imkanları yaradıldı. “E-satınalma” sistemin tətbiqi şirkətin nizamnamə kapitalının həcminin yüksək və ya aşağı olması tələbini aradan qaldırmaqla iri kommersiya müəssisəsi, xarici investorlarla mikrosahibkarlar arasında bərabərliyi təmin etməklə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda iştirakına geniş yol açdı.

Eyni zamanda, 2018-ci ildə “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və yaxud kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub.

“E-Satınalma” portalının “ASAN ödəniş” sisteminə inteqrasiya olunması podratçı şirkətin tenderdə iştirak haqqı ödənişini heç bir yerə getmədən ödəniş kartı vasitəsilə icrasına imkan verir.

Eyni zamanda, portalda tender və kotirovka sorğuları, təkliflər sorğusu, bildiriş, açıq tender elanları, müqavilə və tenderin yekunları haqqında məlumatların yerləşdirilməsi hesabatlığın təmin edilməsi deməkdir.  

Qanuna dəyişikliklərdən sonra mikrosahibkarların satınalmalarda iştirakı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmalar şöbəsinin müdiri Əhməd Həsənov “Trend”ə bildirib ki, 2020-ci ildə tender və kotirovkaların ümumi məbləğinin 52%-i e-satınalma vasitəsilə həyata keçirilib. Bu da həmin məbləğin 93%-dən çoxunun mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşməsi deməkdir.

Dövlət yeni yaradılan sahibkarlıq subyektlərinin də tenderdə iştirak etməsinə heç bir məhdudiyyət qoymamaqla azad rəqabəti və biznes arasında ayrı-seçkiliyin yolverilməzliyini də təmin edib. “Dövlət satınalmaları haqqında” Qanununda şirkətin yaranma tarixindən asılı olaraq tenderdə iştirak etmək üçün hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Eyni zamanda, nizamnamə kapitalı az olan  şirkətlərin tenderdə iştirak etməsi də qanunla təsbit edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Əhməd Həsənov bu məsələyə aydınlıq gətirərək bildirib ki, nizamnamə kapitalının miqdarının yüksək, yaxud az olması tenderdə şərt deyil. Mülki Məcəlləyə əsasən, MMC və SC-lərin qeydiyyata alınması üçün konkret minimum məbləğ tələbi müəyyən edilməyib. Yəni MMC və SC-lərin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunduğundan və nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarına uyğun müəyyənləşdirildiyindən burada minimum məbləğ, yəni 10, 100 manat tələbinin ümumiyyətlə hüquqi əsası yoxdur. Mülki Məcəlləyə, əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.

Konkretləşdirsək, onu deyə bilərik ki, nizamnamə kapitalı gələcəkdə gəlir əldə etmək məqsədi ilə həyata keçirilən fəaliyyət üçün ilkin kapitaldır. Biznes subyekti həmin ilkin kapitalı sonrakı fəaliyyət dövründə artırır. Sahibkar, hüquqi şəxsi üçün əsas faktor MMC-nin əmlakı, pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlarıdır. O, həmin imkanları səfərbər edərək şirkətini böyüdür, fəal və çevik sahibkar kimi iri layihələrdə qoşulur, o cümlədən də tenderlərə.

Burada bir məsələni də qeyd etmək zəruridir, 10 manat nizamnamə kapitalı ilə şirkət açan sahibkar 2-3 ildən sonra, şirkətinin inkişaf etməsi sayəsində gəlir qazanıb dvidendlərin verilməsindən sonra qalan bölüşdürülməmiş mənfəəti varsa, onun bir qismini nizamnamə kapitalına əlavə edə bilər. Yəni, 10 manatlıq nizamnamə kapitalı böyüyüb 100 minə, 1 milyona çata bilər. Bu, şirkətin dəyərini artırır və heç bir vergi öhdəliyi də yaratmır. Əksinə, xeyli vəsaitə qənaət edilmiş olur. Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən, 3 il müddətində investorun sahib olduğu müəssisədəki səhmlərin satışından əldə etdiyi gəlirin 50 faizi gəlir vergisindən azad edilir. Beləliklə, adekvat nizamnamə kapitalını əks etdirən sahibkar şirkətdəki payını satmalı olsa, həmin əməliyyatın gəlir vergisində xeyli qənaət etmiş olar.

Maraqlı məqamlardan biri vergi borclu olan şirkətlərin tenderdə neçə iştirak etməsi və qalib gəlməsilə bağlıdır. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərində cari borcların olması tenderdə iştirak və qalib elan olunmaq üçün məhdudiyyət yaratmır.

2020-ci ildə Qanuna edilmiş dəyişikliklərdən sonra, satınalmalarla bağlı digər yeni yanaşmalar tətbiq olunmağa başlayıbdır. Dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanı, yəni İqtisadiyyat Nazirliyi satınalınma proseslərinin qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir, mübahisəli məsələləri araşdırır, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını 7 bank gününədək dayandırır və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrini ləğv edilməsi barədə məsələ qaldırır. Bu da birbaşa şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədi güdür.

İslahatların ən başlıca hədəfi satınalmaların tamamilə elektronlaşdırılmasıdır. Bu məqsədlə 2021-ci ilin may ayında parlament tərəfindən “Dövlət satınalmaları haqqında” qanun layihəsinə dəyişikliklər edilib. Dövlət başçısının 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edildikdən sonra yeni dəyişikliklər qüvvəyə minib.

Beləliklə, elektron satınalmanın əhatə dairəsi genişləndirilib və kotirovka sorğusu proseduru elektronlaşdırılıb. Açıq tenderlə yanaşı, kotirovka sorğusunun (5 min manatdan 50 min manatadək olan tenderlər) yalnız portal vasitəsilə həyata keçirilməsi, dövlət satınalma proseslərində iştirak haqlarının və digər xərclərin əhəmiyyətli şəkildə azaldılması, sahibkarlara iştirak üçün geniş imkanların yaradılması təmin edilməkdədir.
Yeni sistem həm də satınalmalara nəzarətin asanlaşması və daha səmərəli hesabatlılığın qurulması, nəzarət imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu, həm də sahibkarlar arasında rəqabətliliyin artması, ələxsus da dövlət vəsaitindən daha qənaətli istifadə deməkdir.

Bu məsələdə ən iradəli və prinsipial tərəf elə dövlətin özüdür. Çünki satınalmaların daha çox şəffaf olması büdcə vəsaitlərinin səmərəliliyini artırır.