Bir neçə gündür ölkə gündəmini İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amilinin cümə xütbəsində Azərbaycanı təhdid etməsi ilə bağlı paylaşılan video görüntülər tutub. Belə ki, Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərək deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur. Amili təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə apardığını, həmin müsahibəyə isə "İran xəritədən silinəcək" başlığının seçilməsinin təəssüf doğurduğunu xüsusi ilə vurğulayıb.
Faktyoxla Lab. olaraq bu müsahibənin gerçək olub-olmadığını yoxladıq.
Azərbaycan mediasında "İran xəritədən silinəcək" başlıqlı bəyanat verən deputatın axtarışı az nəticə verdi. Axtarış nəticəsində əsas tapıntı, yəni Amilinin dedikləri ilə uyğun gələn məlumat - Türkiyə mətbuatında da geniş əks-səda doğuran “Azerbaycan'dan Tahran'a tehdit: 'İran haritadan silinir'” adlı məqalə oldu. Həmin məqalə Ərdəbil imam-cüməsinin dediyi kimi təkcə "Yeni Şafak"da deyil, "CNN Türk" kanalının rəsmi saytında və digər bir neçə media orqanlarının rəsmi saytlarında gedib. Və ən əsası bu günlərdə deyil, 30 dekabr 2016-cı il tarixində yayımlanıb.
Həmin məqalədə isə qeyd olunub:
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İran rəsmilərinin İsraillə münasibətlərə görə Bakını təhdid etməsi məsələsi qaldırılıb.
APA-nın məlumatına görə, deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirib ki, İsrail baş nazirinin Bakıya səfərindən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyası cavabsız qalmamalıdır.
O, İran müdafiə nazirinin "Azərbaycanın İsraillə yaxınlaşmasına dözə bilməyəcəyik” bəyanatına cavab olaraq qeyd edib ki, İranın Azərbaycana münasibətdə daha da sərtləşməsi onun özünə problem yaradacaq: "İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək, yerində 5 dövlət yaranacaq”.
Deputatın dediklərinə münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışa bilməz: "İran prezidenti də Ermənistana səfər etdi, məgər biz onlara qarşı bəyanat verdik?! Ona görə də hər kəs bir-birinə qarşılıqlı hörmət etməlidir”.
Diqqət yetirdinizsə, azərbaycanlı millət vəkilinin çıxışında kontekstdən çıxarılan cümlə belədir: “İran Azərbaycana hücum edərsə, xəritədən silinəcək. Yerində 5 dövlət yaranacaq”. “İran Azərbaycana hücum edərsə...” Bəli, şərt budaq cümləsi! Azərbaycan dilinin qrammatikasında şərt budaq cümləsi belə izah edilir:
- Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və “hansı şərtlə?" sualına cavab olur;
- Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi - sa, - sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir.
İngilis dilində buna “conditional” deyilir. Fars dilində necə olduğunu bilmirik.
Beləliklə, İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amilinin istinad etdiyi “Yeni Şafak” qəzetinin rəsmi saytı ilə bərabər, həmin çıxışı Türkiyənin "CNN Türk" və başqa bir neçə saytlar da işıqlandırıb. Digər saytlarda verildiyi halda "Yeni Şafak"ın adının hallanması müəmmalıdır. İkincisi, azərbaycanlı millət vəkili çıxışında İrana qarşı hər hansı təhdid irəli sürməyib.
Nəticə: İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili 5 bundan öncə deyilmiş fikri yeni məlumat kimi təqdim edib, azərbaycanlı millət vəkilinin fikirləri təhrif olunub.