Tarixçi Cəmil Həsənli özünün Facebook profilində son günlərin əsas mövzulardan biri olan Dünya Bankı Qrupunun ənənəvi illik hesabatı olan “Doing Buisness” nəşrinin dayandırılması barədə şərh yazəb. Tarixçi alim qeyd edir ki, “Doing Business” hesabatının nəşri Azərbaycan da daxil olmaqla 4 ölkənin (Azərbaycan, Çin, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) göstəricilərində yaranan saxtakarlıq ucbatından birdəfəlik dayandırılıb.

Faktyoxla Lab. bu mövzu ilə bağlı araşdırma aparıb və “Doing Buisness” nəşrinin dayandırılması barədə məlumatın əsl səbəbini axtarmağa çalışıb.

Birincisi, “Doing Business”in hesabatları birdəfəlik deyil, pozuntular aşkarlandığı üçün fəaliyyəti dayandırılıb və əhatəli araşdırmalara start verilib. İlkin məlumatlara görə, hesabatın nəşri hələlik təxirə salınıb. Bunu DB-nin açıqlamasından da görmək mümkündür: “Pozuntuların təsirinə məruz qalan ölkələrlə bağlı araşdırmalar aparılacaq və hesabatın dərc edilməsi qiymətləndirməmizin aparıldığı müddətdə dayandırılacaq”.

Məlumatdan görünür ki, hesabatlara dəyişikliklərin edilməsi nəzərdə tutulur və Dünya Bankı Qrupu iş və investisiya mühitinin qiymətləndirilməsi üçün yeni bir yanaşma hazırlayacaq. Bu o deməkdir ki, dəyişikliklərdən sonra yeni hesabat sənədinin dərc edilməsi labüddür.

İkincisi, saxtakarlığı Azərbaycan deyil, Dünya Bankının layihə direktoru Simyon Dyankov və digərləri edibdir, özü də təkcə bizim ölkəmizə deyil, Çin və digər ölkələrə qarşı. Beynəlxalq iqtisadi icmanının mövqeyi belə bir haqsızlığın baş verməsini təsdiqləyir. Bildirilir ki, S.Dyankovun Dünya Bankının rəhbəri Kristalina Georgievanın işçi komandasına təzyiq göstərməsi səbəbindən bu cür təhriflərə yol verilib. Saxtakarlığa və haqsızlığa ən çox məruz qalan ölkələrdən biri Azərbaycan olub, xüsusilə də ölkəmizin islahatlarla bağlı proqramı nəzərə alınmayıb və böyük ədalətsizlik baş verib.

 

Dünya Bakının Direktorlar Şurasının həmin mətnində deyilir: “Biz müəyyənləşdirilmiş faktlara əsaslanaraq hərəkət edəcəyik və pozuntuların təsirinə ən çox məruz qalmış ölkələr üzrə məlumatları retrospektiv olaraq düzəldəcəyik”.


Göründüyü kimi “Doing Business” hesabatının əsas rəhbərlərindən biri, baş direktorun müşaviri Simyon Dyankov ekspert qrupuna təzyiq gösətərərək Azərbaycanda biznes mühiti və islahatlarla bağlı bir sıra məlumatların təhrif edilməsi, yaxud hesabat sənədində daxil edilməməsinə nail olmuşdur. O, özünün səlahiyyətlərindən sui-istifadə edərək ekspert qrupunu açıq təhdid edərək israrla 3 sub-indikator üzrə Azərbaycanın təqdim etdiyi müvafiq sənədlərin hesabatda öz əksini tapmasına maneçilik törədərək ölkəmizin biznes mühitinə birbaşa təsir göstərən göstəricilərinin süni olaraq azaldılmasına səbəbkar olub, bununla da “Doing Business 2020” hesabatının son nəşrində Azərbaycanın mövqeyinin 6 pillə geriləyərək 34-cü yerdə qərarlaşmasına təsir edib.

(Mənbə)

Beləliklə, Semyon Dyankov öz imkanlarından istifadə edərək son 2 ildə “Doing Business” hesabatlarına süni müdaxilərlə bu nəşrin bir neçə dəfə dayandırılmasına səbəb olub. Yəni, bu cür yanaşma Cənab Dyankovun ilk işi deyil. Hələ 2020-ci ilin avqust ayında da “Doing Business 2020” hesabatının təkrar qiymətləndirməsinə əmr verilmişdi. İddia bu idi ki, obyektivlik və ədalətlilik şubhə altına alınıbdır. Əslində burada da “səhv” Dünya Bankı Qrupunun auditorlarının məsuliyyətsizliyindən qaynaqlanırdı. Həmin uyğunsuzluqların araşdırılması məqsədilə prosesə kənar audit şirkəti “WilmerHale” cəlb edildi və DB-nin ekspert komandasının apardığı dörd aylıq qiymətləndirmə-təhlillərdən sonra 2020-ci ilin dekabr ayında dərc edilən hesabatın tamamlanmış sonuncu nüsxəsində Azərbaycanın mövqeyi daha da yaxşılaşdı, Azərbaycanın ümumi balı 76,7-dən 78,5-ə qədər artırıldı.

“Doing Business 2020” nəşrində reytinq sıralamamız 6 pillə irəliləyərək 191 ölkə arasında 34-dən 28-ə yüksəldi. Ölkəmiz növbəti dəfə dünyanın “ən islahatçı on ölkəsi” sırasında yer aldı. 

Ancaq Azərbaycanın bu reytinq cədvəlində irəliləməsi S.Dyankovu rahat buraxmadı və müxtəlif manipulyasiyalarla hesabat sənədinin yenidən auditdən keçirilməsi təklifi verib. Nəticədə, əvvəlki hesabatla bağlı qeyri-müəyyənliklər fonunda 2021-ci il üçün nəzərdə tutulan “Doing Business” nəşrinin ümumiyyətlə hazırlanması sual altına düşüb. Dünya Bankının prosedurlarına görə, oktyabrın ilk həftəsində hesabat nəşr edilməli idi. Beləliklə, S.Dyankov Dünya Bankının 17 illik məsuliyyətli və şərəfli bir araşdırma komandasının zəhmətini özünün siyasi iddiaları ilə korladı. Onun işçi komanda ilə bağları da bitdi. 

Bu məqamda hamı üçün maraq doğuran bir sual ortaya çıxır: Azərbaycana qarşı qərəzli münasibətdə fəal rol oynayan Simyon Dyankov kimdir?

Bolqarıstanlı Dyankov əsas etibarilə post-sovet ölkələrindəki iqtisadi-siyasi prosesləri “tədqiq edib”. 2008-2009-cu illərdə öz ölkəsində məsul iqtisadi vəzifələrdə çalışıb, bir müddət maliyyə naziri də olub, sonradan Sofiyada mərkəzi hökumətlə  fikir ayrılığı səbəbindən Londona, daha sonra ABŞ-a köçüb. Müxtəlif siyasi dairələrə bağlı iqtisadi təşkilatlarda çalışıb.

Nəhayət, 4 il əvvəl Dünya Bankı Qrupunun proqramlarına cəlb edilib və “Doing Business” hesabatlarının 2018-2020-ci illər üzrə tədqiqinə rəhbərlik edib. Çox maraqlıdır ki, ondan əvvəlki hesabatlarda hansısa müdaxilələrə və ekspert komandasına süni təzyiqlərə rast gəlinməyib. Dyankova qədər tərtib edilmiş hesabatlarda obyektivlik və ədalətlilik prinsipi əsas meyar olub. Peterson Fonduna bağlı olan Semyon Dyankov Dünya Bankında beynəlxalq əhəmiyyətli bir proqrama rəhbərlik etməsindən sonra iqtisadi təhllillərə siyasi maraqlardan yanaşmalara təsadüf edilib.

 Semyon Dyankov hələ 2016-cı ildə, “Doing Business” komandasına cəlb edilməmişdən əvvəl Azərbaycanla bağlı bir neçə qərəz və siyasi motivli bəyanatlar dərc etdirib. 

Cənab Dyankov iddia edirdi ki, guya Azərbaycan iqtisadiyyatı çökür və hökumətin maliyyə ehtiyatları tükənib və Azərbaycan vəziyyətdən çıxmaq üçün Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollarlıq kreditdən asılıdır. Halbuki, Azərbaycan Mərkəzi Bankının 2016-cı ilə dair pul-kredit bəyanatından da göründüyü kimi Azərbaycanın 37 milyard dollar strateji ehtiyatları var və xaricdən heç bir valyuta alınmasına zərurət yoxdur.

Və Azərbaycan Dünya Bankından ənənəvi əməkdaşlıq strategiyası çərçivəsində 2016-cı ildə əvvəlki layihələrin davamı olaraq cəmi 108 milyon dollar kredit alıb. Valyuta Fondundan isə ümumiyyətlə kredit alınmayıb. Dyankovun 4 milyard dollarlıq kredit iddiasının haradan götürdüyü təəccüb doğurur.  

S.Dyankovun sözügedən şərhində iqtisadiyyatdan adlayaraq Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə, o cümlədən, “Avroviziya” mahnı yarışmasına, 17 yaşadək qadınlar arasında Dünya Kubokuna, ilk Avropa Olimpiya Oyunlarına, “Formula-1” Qran Prisinə və digər layihələrə ev sahibliyi etməsinə irad bildirməsinə və hökuməti ittiham etməsi də təəccüb doğuracaq mövzudur.

 
Maraqlıdır ki, həmin dövrdə müxtəlif xarici KİV-də həmin dövrdə “Avroviziya” və Avropa Olimpiya Oyunlarına qarşı anti-Azərbaycan kampaniyası aparılırdı. “The Guardian”, “BBC”, “London Platforması”nın və Soros-un təşkilatçılığı ilə təşkil edilmiş bu kampaniyanı daha çox alovlandıranların əksəriyyəti isə erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilər idi.

Politoloq Elçin Mirzəbəyli Dünya Bankının sonuncu hesabatına belə münasibət bildirib:

“Məlum olduğu kimi, Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamamilə dayandırmağa qərar verib. Səbəb isə hesabatların nəticələrinin saxtalaşdırılmasıdır. Dünyanın aparıcı mətbu orqanları Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. Məlumatlarının doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə nəzərə alınmadığı məlum olub.

Aparılan araşdırmalar onu göstərir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı”.

“Əksər xarici media resurslarında Azərbaycana qarşı qərəzin özünü qabarıq şəkildə verməsinin əsas səbəbkarı kimi Simeon Dyankovun adı çəkilsə də, sözügedən şəxsin Dünya Bankının keçmiş rəhbəri Cim Yen Kimin və Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Giorgiyevanın təsiri altında olduğu bildirilir. Hər üç şəxsi bir-biri ilə Soros Fondu və fondun rəhbəri Corc Sorosla sıx əlaqələri birləşdirir. Simeon Dyankov isə Kristalina Giorgiyevanın təbəsidir və onun yüksəlişində, həmçinin “Doing Business” hesabatı layihəsində aparıcı mövqedə dayanmasında Kristalinanın müstəsna xidmətləri olub.

Hər iki şəxs Bolqarıstan vətəndaşıdır və Azərbaycana, Türkiyəyə münasibətdə qərəzli mövqe tuturlar. Cim Yen Kim Dünya Bankının rəhbəri vəzifəsinə sahiblənənədək Corc Sorosun “ailə tədbirləri”nin fəal iştirakçılarından biri olub.

Kim Dünya Bankının prezidenti vəzifəsinə gətirildikdən sonra isə onunla Corc Soros arasında əlaqələndirici funksiyasını Açıq Cəmiyyət Fondlarının prezidenti Kris Stoun həyata keçirib”.-deyə publika.az saytı yazır.

Nəticə: “Doing Business” hesabatının nəşri Azərbaycan da daxil olmaqla 4 ölkənin (Azərbaycan, Çin, Səudu Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri) göstəricilərində yaranan Cəmil Həsənlinin dediyi kimi, saxtakarlıq ucbatından birdəfəlik dayandırılması faktı yalnışdır.  Dünya Bankının Rəhbər Şurasının bəyanatından da görünür ki, biznesin daha obyektiv qiymətləndirilməsi üçün yeni hesabatın hazırlanacağı istisna deyil. Dyankovsuz yeni hesabatın obyektiv və tam ədalətlilik prinsipi əsasında hazırlanacağını isə zaman göstərər.