Milli Məclisin deputatı Nigar Arpadarai özünün feysbuk səhifəsində “COVİD-19” pasportunun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?!” suallarına cavab axtarmağa çalışıb.

Nigar Arpadarai statusunda Danimarka və Böyük Britaniyanı nümunə gətirərək həmin ölkələrdə “COVİD-19” pasportu ilə bağlı yumuşalmalara getdiyini bildirib.

Bəs bu iki Avropa ölkəsində “COVİD-19” pasportu ilə bağlı vəziyyət nə yerdədir? Nə üçün Danimarkada yeni növ koronavirusla bağlı bütün qadağalar ləğv edilir? B.Britaniya niyə “COVİD-19” pasportuna ciddi yanaşmır?

Faktyoxla Lab. xanım deputatın statusundakı faktları yoxlamağa və suallara cavab tapmağa çalışıb.

Öncə onu qeyd edək ki, Nigar Arpadarainin adını çəkdiyi ölkələrdən birində həqiqətən 2021-ci ilin sentyabrın 10-dan “COVİD-19”la bağlı tətbiq edilən bütün qadağalar ləğv edilib. Bu barədə hələ ötən ay, avqustun 27-də açıqlama verən Danimarkanın səhiyyə naziri Maqnus Hunike (Magnus Heunicke) ölkəsinin vaksinasiyası ilə bağlı yüksək nəticə əldə etməsi ilə əlaqədar olaraq qadağaların aradan qaldırılacağını bildirmişdi.

Danimarka “COVİD-19” infeksiyasının yayıldığı zaman ilk qapanmalara (mart, 2020) gedən Avropa ölkələrindəndir. Eyni zamanda bu Skandinaviya ölkəsi “COVİD-19” pasportunun tətbiqinə başlayan (21 aprel, 2021) və qadağaların ləğv edildiyi tarixə qədər (10 sentyabr, 2021) restoranlar, barlar, kinoteatrlar, idman zalları, gözəllik salonları və s. qapalı məkanlarda “COVİD-19” pasportu, immuniteti sertifikatı tələb edən ilk dövlətlərdən olub.

Danimarkanın səhiyyə nazirinin fikirlərinə görə, ölkədə qüvvədə olan qadağaların ləğv edilməsi üçün əsas səbəb vətəndaşların vaksinasiya prossesinə ciddi yanaşmaları və ölkə vətəndaşlarının əksər hissəsinin peyənd olunmasıdır.

Dünyanın ən böyük statistikata təşkilatlarında biri olan “Our World in Data”nın senytabrın 10-na olan məlumatına görə, Danimarka əhalisinin 76.22 %-i vaksin vurdurub ki, onların da 73.8 %-i hər iki dozanı qəbul edib. Bu göstərici ilə Danimarka Avropa İttifaqına daxil olan ölkələr arasında ən yüksək göstəriciyə malik ölkələrdən hesab edilir.

Yazıda adı keçən digər ölkə İngiltərədir ki, bu ölkənin Səhiyyə və sosial sidmətlər üzrə naziri Sacid Cavid BBC-yə müsahibəsində “COVİD-19” pasportu ilə bağlı ölkədə tətbiq edilən qaydaların ləğv ediləcəyini bildirib. Danimarkalı həmkarı kimi C.Sacid də bunun əsas səbəbini ölkədə vaksinasiya prossesinin yüksək olması və aparılan xeyli sayda testlərin olması ilə əlaqələndirib. 

Yeni növ koronavirusla bağlı ölkənin data mərkəzinin məlumatına görə, İngiltərə əhalisinin 80.6 %-i tam vaksin olunub, yəni hər iki doza peyvəndi vurdurub. 

Qeyd edək ki, daha öncə yayımladığımız “İnsan haqları pozulurmu: Qərbdə vaksin pasportu olmayanlara qarşı hansı məhdudiyyətlər var?” adlı yazıda bir sıra dünya ölkələrində, o cümlədən İngiltərənin “COVİD-19” pasportu ilə bağlı tətbiq etdiyi qadağalar barədə məlumat vermişdik.  

Aparılan araşdırmadan sonra aydın olur ki, Nigar Arpadarainin adlarını çəkdiyi Danimarka və İngiltərədə “COVİD-19” pasportunun və digər qadağalarının ləğvinin əsas səbəbi kimi bu ölkədə vaksinasiya prossesin yüksək olması və əhalinin əksər hissəsinin peyvənd olunması göstərilir.

Bəs Azərbaycanda bu barədə vəziyyət necədir? Bu günə qədər ölkə əhalisinin neçə faizi tam olaraq vaksinasiya prossindən keçərək “COVİD-19” pasportu alıb?

Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 12-ə olan məlumatına görə ölkə üzrə hər iki dozanı vurduran insanların sayı 3 milyon 102 min 902 nəfərdir ki, bu da ölkə əhalisinin yalnız 31 %-ni təşkil edir.

 

Operativ Qərargahın cari ilin 20 avqust tarixində keçirilən brifiniqdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkədə peyvəndlənmə səviyyəsinin 60 faizə çatacağı təqdirdə Azərbaycanda pandemiyanın bitə biləcəyini qeyd etmişdi

Buradan da göründüyü kimi Azərbaycan hökümətinin də peyvəndlənmə ilə bağlı qarşıya qoyduğu hədəf 60 %-dən yuxarıdır. Bu hədəfə çatdıqdan sonra isə Azərbaycanda da bir sıra qadağaların, o cümlədən “COVİD-19” pasportu ilə bağlı tətbiq olunan məcburiyyətlərin aradan götürülməsinə gedilə bilər. Hazırda isə 31 %-lik vaksinasiya ilə qeyd olunan məsələlərin ləğvi heç də inandırıcı və məqsədəuyğun hesab edilə bilməz.

Beləliklə, Nigar Arpadarainin apardığı analoji müqayisənin yalnış olması və həmin ölkələrlə müqayisə aparılması üçün Azərbaycan əhalisinin də mütləq əksəriyyətinin peyvəndlənmə prossesində aktiv iştirak etməsi labüdlüyü qənaətindəyik.