Aktyor Emil Musayev özünün iştirakı olmadan polis tərəfindən ona inzibati protokol tərtib edilməsindən şikayətçidir. Bununla bağlı “Qafqazinfo” internet nəşrinə açıqlama verən aktyor deyib ki, tibbi maskadan istifadə etmədiyində görə, polis əməkdaşları tərəfindən ona xəbərdarlıq edilib. Amma protokol tərtib olunacağını deməyıblər. Bu günlərdə isə barəsində 200 manatlıq protokol tərtib olunmasından xəbər tutub. Aktyor özünün iştirakı olmadan barəsində inzibati protokol tərtib edilməsini qanunsuz sayır. Emil Musayev həmçinin qeyd edib ki, protokol ona təqdim edilmədiyi üçün orada qeyd edilən “imza atmaqdan imtina etdi” ifadəsi də yanlışdır.
Aktyorun şikayəti ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib ki, vətəndaşın iştirakı olmadan onun barəsində inzibati protokol tərtib oluna bilər. “Tibbi maskadan istifadəylə bağlı nöqsan aşkarlanarsa, bütün hallarda vətəndaş barəsində elektron inzibati protokol tərtib edilə bilər. Burada hər hansı bir formada qanunvericilik pozuntusu yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
Məcəllənin 211.3-cü maddəsində isə bildirilir ki, sənədin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
İnzibati xəta haqqında protokolun tərtib olunması qaydasına gəlincə, bu, İnzibati Xətalar Məcəlləsində dəqiq şəkildə göstərilib. Məcəllənin 100-cü maddəsinə (İnzibati xəta haqqında protokol) əsasən inzibati xəta haqqında protokol tərtib olunarkən həmin qaydaya əməl olunmalı və burada əksini tapan şərtlər protokola salınmalıdır. Onlardan bəzilərinə nəzər yetirək.
- protokolun tərtib edildiyi tarix və yer;
- protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi;
- inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
Bundan başqa
- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;
- Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır.
- Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.
- Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.
Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi (Maddə 57. İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi) inzibati xətta haqqında protokolu vətəndaşa müxtəlif vasitələrlə, poçt və SMS şəklində çatdırmağa da imkan verir.
Qanunvericilik aktlarından çıxan nəticə: İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində “vətəndaşın iştirakı olmadan onun barəsində inzibati protokol tərtib oluna bilər” ifadəsi əksini tapmasa da, bu, protokol yazılmayacağı anlamına gəlmir. Hətta vətəndaş protokolu imzalamaqdan imtina etsə də, protokol ləğv edilmir, əksinə imtina ilə bağlı qeyd aparılmaq şərtilə protokol bütün hallarda tərtib olunur. DİN-in açıqlamasından belə aydın olur ki, bu hallarda polis əməkdaşları yalnız xəbərdarlıqla kifayətlənmir, sanitar epidemioloji və xüsusi karantin qaydalarının pozulmasına görə 211-ci maddənin 2-ci hissəsinin tələbini icra edir.
Bu qənaətə gəlirik ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin fikri əsasən doğrudur.