Son 6 ayda Ermənistanı 138 min nəfər tərk edib”. Bu  açıqlama ilə  ekspert  Ədalət  Verdiyev  öz feysbuk səhifəsində  çıxış edib.   Ekspert əlavə  edib ki,   onlardan 80 mini  ölkəsini  birdəfəlik gedib.

Ədalət  Verdiyev 

Saxta.info ekspertin bu açıqlamasının əsaslı olub-olmadığını dəqiqləşdirib. 

Ermənistandan   əhalinin  köçü  əslində uzun illərdir  qarşısıalınmaz prosesə  çevrilib.  Ermənistan müstəqillik qazanandan bəri, təqribən 30 ildə  ölkədən  1,6-1,7 milyon nəfər köçüb.  Erməni ekspertlər  bildirirlər ki, bu ümumi əhalinin 30 %-i deməkdir.    Ermənistanı tərk edənlərin  təxminən 1.1-1.2 milyonu Rusiyaya, 150 mini  ABŞ-a, 120-150 mini  Avropaya, qalanları  İsrailə, hətta Yeni Zelandiyaya, bir qismi isə  MDB-nin  müxtəlif  ölkələrinə  köç edib.

Ermənistandan  ən böyük mühacirət  1992-1994-cü ildə,  Birinci  Qarabağ Müharibəsi  zamanı qeydə alınıb. Cəmi 3 il ərzində  təxminən 600 min  vətəndaş və ya o dövrdə Ermənistan əhalisinin 16%-i geri qayıtmamaq şərtilə  Ermənistanı  tərk  edib.   Erməni ekspertlərin hesablamalarına görə,  1995-2001-ci illərdə ölkəni tərk edənlərin sayında  tarazlıq yaransa da,  bu 7 il ərzində təqribən 250 min nəfər  ölkədən köçüb.  Bu da ildə orta hesabla 40-45 min erməninin ölkəsini tərk etməsi deməkdir.

2001-ci ildən sonra da vəziyyət çox dəyişməyib.  Məsələn,  2002-2007-ci illərdə Ermənistanı il ərzində   25-47 min adam tərk edib.  2016-2018-ci illərdə  köç dalğası   yenidən güclənərək  ildə 35-40 minə çatıb.

Qeyd edək ki,  rəsmi statsitikaya görə, Ermənistanda  1 yanvar 1991-ci il tarixinə qədər   əhali sayı   3 milyon  574 min  500 nəfər olub.   Erməni  demoqraflar bildirirlər ki,  30 il ərzində  1,6-1,7 milyon nəfərin ölkəni tərk etdiyini nəzərə alsaq, hazırda Ermənistanda  1,8-1,9 milyon sakin qalıb.  Düzdür,  rəsmi statsitikda  (1 yanvar 2020-ci il tarixinə  qədər) Ermənistan əhalisi 2 milyon 961 min  900 nəfərdir.  Amma erməni eskpertlər bu rəqəmin reallığı əks etdirmədiyini bildirirlər. Onların fikrincə,  hökumət, pasportunda Ermənistan vətəndaşı yazılıb, amma özü uzun ilərdən bəri ölkədə olmayan ermənilərin hesabına rəqəmi artırırlar.  Əslində həmin şəxslər  4-5 ildən bir  yaxınları ilə  görüşmək üçün Ermənistana dönürlər və yenidən xaricə, əsasən də Rusiyaya qayıdırlar.  Həmin şəxslər hətta müstəqillik dövründə Ermənistanda keçirilən heç bir  seçkidə iştirak etməyiblər.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun İcraçı Nümayəndəsi Tsovinar Arutyunyanın məlumatına görə, 90-cı illərdə Ermənistanda  dünyaya gələnlərin 25 %-i ölkəni  tərk edib.    Onun sözlərinə görə, 1991 - 2019-cu illər arasında 1 milyon 120 min erməni - əhalinin təqribən 31 %-i  -  faktiki olaraq ölkəni tərk edib.  Sadəcə olaraq onların bəzilərinin qeydiyatı Ermənistanadır.

Bu arada,  son illər  Ermənistanda  doğum nisbəti də azalıb. Yəni,  Ermənistan təkcə mühacirət problemi ilə deyil,   bu problemdən  qaynaqlanan  demoqrafik problemlə də üz-üzə qalıb.  Əgər 1980-ci illərdə Ermənistanda hər il 90 min  uşaq dünyaya gəlirdisə, indi bu rəqəm 10-12 min  təşkil edir. 

Əslində İkinci Qarabağ Müharibəsindən sonra  Ermənistanda yeni köç dalğasının olacağı gözlənilən idi.  Erməni ekspertlər  bildirirdilər ki,   Qarabağda üzləşdikləri məğlubiyyət və müharibənin  yaratdığı iqtisadi çətinlik  ölkəni tərk edənlərin sayının artması ilə nəticələnəcək.  Məsələn,  bu ilin əvvəlində  sosioloq Samvel Manukyan bildirmişdi ki,   Ermənistan əhalisinin  20 %-nin Rusiyada  miqrant qohumu var və bu ailələr öz qohumlarının  ölkəni tərk etməsinə  dəstək verəcək.

Ermənistandan əhalinin kütləvi şəkildə xaricə axın  edəcəyini Rusiyada yaşayan erməni əsilli milyarder, “Troyka Dialoq” şirkətinin keçmiş rəhbəri Ruben Vardanyan  da  bildirmişdi.  İş adamı   RBK-ya müsahibəsində qeyd etmişdi ki,    ölkədəki siyasi gərginlik ucbatından bu proses daha da intensiv hal alacaq. Vardanyan hesab edirdi ki,  2021-ci il ərzində ən azı 200 min erməni Ermənistanı tərk edəcək.  200-300 min erməni isə ölkəni tərk etmək barədə düşünür.

Bu proqnozlar  koronavirus pandemiyası ilə əlaqədar qoyulan qadağa götürüldükdən dərhal sonra özünü bir daha təsdiqləyib.   Belə ki,  təkcə fevral ayında (Rusiyaya hava uçuşuna qoyulan qadağa  fevral ayında götürülüüb – red)  “Zvartnots” və “Şirak” hava limanları vasitəsilə  ölkəni  58 min 297 nəfər  tərk edib.  Həmin müddətdə  31 min  901 nəfər Ermənistana qayıdıb.   Bununla da   ölkəni tərk edənlərin sayı ölkəyə gələnlərdən 26.396 nəfər çox olub.   Məsələ burasındadır ki,  2020-ci ilin  eyni dövründə  99 min  65 nəfər  Ermənistanı  tərk edib,  96 min 970 nəfər  ölkəyə gəlib.  Aradakı fərq 2095 nəfər olub.   Erməni ekspertlər bildirirlər ki,  2020-ci ildə qeydə alınan azalma  koronavirusa  görə   qoyulan qadağalarla bağlı olub.   

İkinci Qarabağ Müharibəsindən sonra, bir qədər də konkret desək, 2021-ci ilin əvvəlindən etibarən Ermənistanı tərk edənlərin sayında artım olduğunu bu ölkənin mediasında əksini tapan məlumatlar da təsdiqləyir.  Məsələn,  2021-ci ilin 4 ayında Ermənistanı hava yolu ilə tərk edənlərin sayı  ölkəyə gələnlərdən  76 min 677 nəfər çox olub. 

Bu barədə  “Zvartnots” beynəlxalq hava limanının mətbuat katibi Satenik  Ovhannisyan  məlumat verib.  O bildirib ki,  yanvar-aprel aylarında  Ermənistanın  "Zvartnots" və "Şirak" hava limanlarında  sərnişin axını 405 min  105 nəfər təşkil edib.

Belə ki, 

  • 2021-ci ilin  yanvar ayında sərnişin axını  64 min  296 nəfər  olub:  31.052 nəfər ölkəyə  gəlib, 33.244 nəfər ölkəni tərk edib.
  • Fevral ayında sərnişin axını 90 min 198 nəfər olub:   31901 nəfər ölkəyə gəlib,   58297 nəfər  ölkəni tərk edib. 
  • Mart ayında sərnişin axını  116 min 481 nəfər olub:  42.283 nəfər  ölkəyə gəlib,   74.198 nəfər ölkəni tərk edib.
  • Aprel ayında sərnişin  axını  134 min 130 nəfər olub: 58.978 nəfər ölkəyə  gəlib,   75 min 152 nəfər ölkəni tərk edib.

Beləlklə  2021-ci ilin 4 ayı ərzində  Ermənistana gələn vətəndaşların sayı 164 min 214, gedən vətəndaşların sayı isə 240 min  891 nəfər olub.

Yeri gəlmişkən,  bu ilin may ayına olan  məlumata görə,  5 ayda Ermənistandan gedənlər gələnlərdən  88  min  854 nəfər  çox olub.

Oxşar məlumatı Ermənistanda Parlament seçkiləri zamanı  bu ölkənin sabiq prezidenti  Robert Köçəryan da təsdiqləyib.  Son bir neçə ayda ölkəni tərk edərək geri qayıtlmayanların sayının kəskin şəkildə artdığını deyən,  Köçəryan  4 ay ərzində  ölkəni dönməmək şərtilə tərk edənlərin  80 min nəfərə çatdığını bidlirib.  O əlavə edib ki,   oxşar  göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində qeydə alınıb. Bu isə artıq  ölkədən  qaçış  deməkdir.

Yanvar-may aylarında Ermənistanda  baş verən köç prosesini qiymətləndirən  erməni iqtisadçı-ekspert Tatul  Manaseryan  hesab edir ki,   2021-ci ilin sonuna qədər  ölkəni  240 min insan tərk edə bilər. Onun sözlərinə  görə,  əgər əvvəllər hər 10 mühacirdən 1-i Ermənistana qayıtmırdısa, indi hər 3 nəfərdən 1-i ölkəyə geri dönmür.

Sadalanan faktlar göstərir ki,  2021-ci ilin ötən  dövründə  Ermənistanı tərk edənlər  hər ay artıb. Və onların böyük hissəsi geri dönməyib.  Bu isə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistandan kütləvi köç olacağına dair  proqnozları  təsdiqləyir. 

Saxta.info  bu qənaətə  gəlib ki,  Ermənistanı  tərk edən və  geri dönməyənlərlə bağlı ekspert  Ədalət  Verdiyevin  açıqlaması  tamamilə əsaslıdır.