Axtarış

Select theme:

Nəsli əslində kim davam etdirir: oğul, yoxsa qız? Mitoxondrial DNT nə deyir?

Bir çox mədəniyyətdə belə bir inanc var ki, nəsli məhz oğul davam etdirir: atanın soyadını daşıyır, onu öz övladlarına ötürür və ailə xəttinin qorunmasını təmin edir. Lakin məsələyə genetika baxımından yanaşdıqda, mənzərə daha maraqlı görünür. DNT-nin elə bir növü var ki, demək olar, yalnız ana tərəfindən ötürülür. Onu həm oğlanlar, həm də qızlar miras alır, lakin sonrakı nəsillərə ötürmək imkanına, bir qayda olaraq, yalnız qadınlar malikdir. Söhbət mitoxondrial DNT-dən gedir. Bəs bioloji baxımdan nəsli əslində kim davam etdirir?

İnsanın genetik məlumatının böyük hissəsi hüceyrənin nüvəsində yerləşir. Uşaq nüvə DNT-sinin təxminən yarısını anadan, digər yarısını isə atadan alır. Bu qayda uşağın cinsindən asılı olmayaraq qüvvədədir: həm oğullar, həm də qızlar hər iki valideynin genlərini miras alır və gələcəkdə həmin genetik məlumatı öz övladlarına ötürürlər.

Lakin hüceyrələrdə genetik məlumatın daha bir mənbəyi var – mitoxondrilər. Bunlar orqanizmin fəaliyyəti üçün zəruri olan enerjinin istehsalında iştirak edən kiçik hüceyrə strukturlarıdır. Mitoxondrilərin özünəməxsus DNT-si var. Bu, mitoxondrial DNT və ya qısaca mtDNT adlanır.

Nüvə DNT-sindən fərqli olaraq, mitoxondrial DNT, demək olar ki, yalnız ana xətti ilə ötürülür. Məhz bu xüsusiyyət alimlərin insan mənşəyinin öyrənilməsində ona xüsusi maraq göstərməsinə səbəb olub.

Mayalanma zamanı yumurta hüceyrəsi və spermatozoid gələcək orqanizmin formalaşmasına fərqli töhfələr verir. Spermatozoid ata nüvə DNT-sini, yumurta hüceyrəsi isə ana genetik materialı ilə yanaşı, mitoxondrilərin yerləşdiyi sitoplazmanı da ötürür.

Spermatozoidin mitoxondriləri, bir qayda olaraq, embriona irsi material kimi ötürülmür. Buna görə də uşağın mitoxondrial DNT-si, demək olar ki, həmişə anadan qaynaqlanır.

Bu prosesin mexanizmləri hələ də araşdırılır. Xüsusilə, 2023-cü ildə "Nature Genetics" jurnalında dərc olunan tədqiqat yetkin insan spermatozoidlərində niyə tam mitoxondrial genomun olmadığını izah etməyə kömək edib. Alimlər bunu mitoxondrial DNT-nin qorunmasında iştirak edən TFAM zülalının fəaliyyət xüsusiyyətləri ilə əlaqələndiriblər.

Ən maraqlı məqam isə budur ki, oğlanlar və qızlar mitoxondrial DNT-ni eyni qaydada miras alırlar. Oğul da bu DNT-ni anasından qız övladı kimi alır. Fərq onların özləri valideyn olduqdan sonra ortaya çıxır.

Qadın mitoxondrial DNT-sini cinsindən asılı olmayaraq bütün övladlarına ötürür. Kişi isə, bir qayda olaraq, bu DNT-ni öz nəslinə ötürmür.

Tutaq ki, bir qadının bir oğlu və bir qızı dünyaya gəlib. Hər ikisi ananın mitoxondrial DNT-sini miras alacaq. Oğul ata olduqda isə onun övladları mitoxondrial DNT-ni öz analarından alacaqlar. Qız isə anasından aldığı həmin genetik xətti öz övladlarına ötürə biləcək.

Məhz buna görə də alimlər mitoxondrial DNT-ni araşdırarkən irsiyyət zəncirini anadan övladlarına, daha sonra isə qız övladları vasitəsilə növbəti nəsillərə qədər izləyirlər. Oğul bu DNT-nin daşıyıcısı olaraq qalır, lakin onun sonrakı nəsillərə ötürülməsini təmin etmir.

Mitoxondrial DNT vasitəsilə ana xəttini minlərlə nəsil boyunca izləmək imkanı genetikanın ən məşhur anlayışlarından birinin – "Mitoxondrial Həvva" anlayışının yaranmasına səbəb olub.

Alimlər bu adla bu gün yaşayan bütün insanların fasiləsiz ana xətti üzrə ortaq əcdadı olan qadını nəzərdə tuturlar. Tədqiqatçıların qiymətləndirmələrinə görə, həmin qadın təxminən 150–200 min il əvvəl Afrikada yaşayıb.

Lakin bu, onun Yer üzündəki ilk qadın və ya yaşadığı dövrdə bəşəriyyətin yeganə qadın nümayəndəsi olması demək deyil. Həmin dövrdə başqa qadınlar da yaşayıb, övlad dünyaya gətirib və nəsillərini davam etdiriblər. Sadəcə, onların fasiləsiz ana xətləri zaman keçdikcə kəsilib. Məsələn, hansısa nəsildə ailədə yalnız oğlan uşaqları dünyaya gəlib və onlar mitoxondrial DNT-ni öz övladlarına ötürə bilməyiblər.

"Mitoxondrial Həvva"nın ana xətti isə bu günə qədər qorunub saxlanılıb. Bu anlayış alimlərə müasir insan populyasiyalarının mənşəyini, qədim miqrasiyaları və insanlar arasındakı qohumluq əlaqələrini araşdırmağa kömək edir.

Söhbət yalnız mitoxondrial DNT-dən gedirsə, cavab həqiqətən də qadın xəttinin xeyrinədir. Çünki bu DNT-nin bir nəsildən digərinə ötürülməsini məhz qadınlar təmin edir. Lakin buradan belə nəticə çıxarmaq ki, nəsli yalnız qız davam etdirir, oğulun isə ailənin genetik irsinin qorunmasında heç bir rolu yoxdur, düzgün olmazdı.

Nüvə DNT-si həm kişilər, həm də qadınlar tərəfindən ötürülür. Hər bir uşaq genetik materialını hər iki valideyndən alır və gələcəkdə bu məlumatı öz övladlarına ötürür. Bundan əlavə, Y xromosomu vasitəsilə izlənilən ata xətti də mövcuddur. Bu xromosom atadan oğula ötürülür.

Beləliklə, genetika cinslərdən heç birinə üstünlük vermir. Sadəcə, irsi məlumatın müxtəlif hissələrinin fərqli mexanizmlərlə ötürüldüyünü göstərir.

Nəticə etibarilə, həm oğul, həm də qız nüvə DNT-sini öz övladlarına ötürməklə nəsli davam etdirir. Lakin söhbət mitoxondrial DNT-dən gedirsə, bu genetik xəttin fasiləsizliyini yalnız qadınlar təmin edir. Sosial baxımdan formalaşmış nəsil anlayışı ilə genetik irsiyyətin əsl ötürülmə mexanizmi arasındakı əsas fərq də məhz bundan ibarətdir.

Oxşar məqalələr: