Çinli alimlər laboratoriya siçanlarında cəmi 28 gün ərzində dərinin müalicə olunan nahiyəsində tük örtüyünün demək olar ki, tam bərpasına kömək edən qeyri-adi elektron daraq hazırlayıblar. Nəticə kifayət qədər diqqətçəkəndir: 97,85%. «Detangle» adlanan cihazın sınaqlarının nəticələri «Nature Communications» elmi jurnalında dərc olunub. Xəbər qısa müddətdə böyük marağa səbəb olub və keçəlliyin müalicəsində mümkün bir irəliləyiş barədə müzakirələrə yol açıb. Bəs, həqiqətənmi cəmi dörd həftə ərzində tökülmüş saçları geri qaytara biləcək texnologiya yaradılıb? Məsələ göründüyü qədər sadə deyil.
Xarici görünüşünə görə «Detangle» adi darağı xatırladır, lakin onun iş prinsipi daha mürəkkəbdir. Cihaz xüsusi elektrodlarla təchiz olunub. Bu elektrodlar dəri ilə təmas zamanı impuls elektrik sahəsi yaradır. Elektrik sahəsi bioloji aktiv maddələrin dərinin dərin qatlarına, birbaşa saç follikullarına çatdırılmasına kömək edir.
Tədqiqatın nəticələrinə görə, sistem maddələri cəmi bir saniyə ərzində təxminən 660 mikrometr dərinliyə çatdıra bilir. Bu, adi xarici tətbiq üsulu ilə müqayisədə təxminən 9 dəfə daha dərinə nüfuz deməkdir.
Lakin ixtiranın əsas üstünlüyü təkcə elektrik stimullaşdırılmasından ibarət deyil. Alimlər bu texnologiyanı iki eksperimental molekulyar vasitə ilə birləşdiriblər. Birinci vasitə VEGFA plazmididir. O, damarların inkişafını stimullaşdıran böyümə faktorunun istehsalına və saç follikullarını əhatə edən toxumalarda qan dövranının yaxşılaşmasına kömək edir. İkinci vasitə isə SRD5A2 geninin aktivliyini azaltmağa yönəlmiş siRNA molekuludur. Bu gen testosteronun dihidrotestosterona (DHT) çevrilməsində iştirak edən fermentin istehsalı ilə əlaqəlidir. Dihidrotestosteron isə androgenetik alopesiyanın – saç tökülməsinin irsi formasının inkişafında mühüm rol oynayır. Bu zaman saç follikulları tədricən kiçilir.
Burada vacib bir məqamı qeyd etmək lazımdır: söhbət DNT-nin redaktə edilməsindən və ya genomun dəyişdirilməsindən getmir. İstifadə olunan molekullar müəyyən genlərin aktivliyinə və onlarla əlaqəli hüceyrə proseslərinə təsir göstərir.
İxtiranın effektivliyini yoxlamaq üçün tədqiqatçılar 5-6 həftəlik erkək laboratoriya siçanları üzərində təcrübələr aparıblar. Alimlər əvvəlcə heyvanların bel nahiyəsindəki tükləri təmizləyib, daha sonra hər gün həmin dəri sahəsinə testosteron məhlulu tətbiq ediblər. Beləliklə, insanlarda androgenetik alopesiyanın bəzi mexanizmlərini təqlid edən eksperimental saç tökülməsi modeli yaradılıb.
Bundan sonra müxtəlif müalicə üsullarının nəticələri müqayisə edilib. Yalnız elektrik stimullaşdırılması tətbiq olunan qrupda tüklər işlənmiş dəri sahəsinin təxminən 40%-də yenidən çıxıb. Finasterid və minoksidil istifadə edilən qruplarda bu göstəricilər müvafiq olaraq təxminən 50% və 70% təşkil edib.
Ən yüksək nəticə isə elektrik stimullaşdırılmasının iki eksperimental molekulla birlikdə tətbiq edildiyi qrupda əldə olunub. 28 gündən sonra yenidən çıxan tüklərin örtdüyü dəri sahəsi 97,85%-ə çatıb.
Məhz bu rəqəm sensasiyalı başlıqların əsas səbəbinə çevrilib. Lakin burada prinsipial fərq var: 97,85% göstəricisi bərpa olunan saç follikullarının faizini deyil, yeni çıxmış tüklərlə örtülən dəri sahəsinin payını ifadə edir. Bundan əlavə, belə nəticə yalnız elektrik darağının köməyi ilə deyil, bir neçə təsir üsulunun birlikdə tətbiqi nəticəsində əldə olunub.
Tədqiqatçılar əldə edilən effekti izah etməyə kömək edən digər dəyişiklikləri də aşkar ediblər. Belə ki, dəri nümunələrində saç follikullarının sayının artması, yerli qan dövranının yaxşılaşması və saç follikullarının kök hüceyrələrinin fəaliyyəti ilə əlaqəli markerlərin aktivliyinin yüksəlməsi müşahidə olunub.
Alimlər cihazın təhlükəsizliyini də ayrıca qiymətləndiriblər. Təcrübələr zamanı dəridə nəzərəçarpacaq zədələnmələrə, eləcə də iltihab və ya sinir toxumasının zədələnməsi ilə bağlı bir sıra əlamətlərə rast gəlinməyib. Bununla belə, bu nəticələri cihazın tam təhlükəsiz olduğunun sübutu kimi qəbul etmək hələ tezdir. Sınaqlar məhdud müddət ərzində və heyvanlar üzərində aparılıb.

Bu xəbərlə bağlı əsas məhdudiyyət ondan ibarətdir ki, «Detangle» hələ insanlar üzərində klinik sınaqlardan keçməyib. Buna görə də texnologiyanın androgenetik alopesiyadan əziyyət çəkən kişi və qadınlarda eyni nəticəni verib-verməyəcəyi, müntəzəm istifadəsinin nə dərəcədə təhlükəsiz olacağı və əldə edilən effektin uzun müddət qorunub-qorunmayacağı məlum deyil.
Hələlik «Detangle» cihazını keçəlliyin müalicəsi üçün hazır vasitə kimi deyil, ümidverici nəticələr göstərmiş eksperimental texnologiya kimi qiymətləndirmək lazımdır. Onun əsas xüsusiyyəti elektrik stimullaşdırılmasının xüsusi molekulların birbaşa saç follikullarına çatdırılması ilə birləşdirilməsidir. Bu xüsusiyyət onu adi lazer daraqlarından və elektrikli masaj cihazlarından prinsipial şəkildə fərqləndirir.
Nəticə: Tədqiqat həqiqətən mövcuddur və 97,85%-lik nəticə laboratoriya təcrübələri ilə təsdiqlənib. Lakin söhbət insanlarda saç tökülməsinin müalicəsindən deyil, laboratoriya siçanlarında tük örtüyünün bərpasından gedir. «Detangle» cihazını keçəllik probleminin hazır həlli kimi təqdim etmək hələ tezdir.
Faktyoxla