Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı zamanı Azərbaycanın xarici dövlət borcunun ilbəil azaldığına diqqət çəkib. Sitat: “Vaxtilə mən qarşıya məsələ qoymuşdum ki, borc ümumi daxili məhsulun 10 faizinə bərabər olsun. Bu gün xarici borcumuz ümumi daxili məhsulumuzun 5,6 faizini təşkil edir. Bu da dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Onu deyə bilərəm ki, inkişaf etmiş bütün ölkələrdə bu, ya 100, ya 110, ya da 120 faizdir. Biz istəsək, 24 saat ərzində borcumuzu sıfırlaya bilərik. Bu nə deməkdir? O deməkdir ki, gələcək nəsillərə biz borc qoymayacağıq”.
Prezident Azərbaycanın maliyyə ehtiyatlarının artımına da toxunaraq bildirib ki, valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq: “Artıq bizim valyuta ehtiyatlarımız 90 milyard dollara çatıb, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur. Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim”. azertag
Maliyyə Nazirliyinin 3 ay əvvəl təqdim etdiyi dövlət borcu və dövlət zəmanətli borc üzrə statistik bülletenə əsasən, 2026-cı il iyulun 1-nə xarici dövlət borcumuz 4,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6 faizinə bərabərdir. Xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb. Xarici dövlət borcunun ÜDM-yə nisbəti isə 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi aşağı düşüb.

Mənbə: maliyye.gov.az
Bu, 2026-cı ilin ilk yarımilinin (və ya birinci yarısının) göstəricisidir. Həmin dövrdən ötən 3 ay ərzində, yəni 2026-cı ilin üçüncü rübünün yekununda xarici borc nominal ifadədə yenidən 7,8 faiz azalaraq təxminən 4,5 milyard dollara bərabər olub.

Mənbə: stat.gov.az/macroeconomy
Beləliklə, xarici borcun ÜDM-yə nisbəti son 3 ayda yenidən aşağı düşərək Prezidentimizin bəyan etdiyi kimi, ümumi daxili məhsulun 5,6 faizinə bərabərləşib.
Hazırda Azərbaycanda adambaşına düşən xarici borcun məbləği 444 ABŞ dolları (4,5 milyard dollar / 10 267 000 nəfər) təşkil edir ki, bu da qlobal miqyasda ən aşağı göstəricilərdəndir.
Ümumiyyətlə, Azərbaycan son 8 ildə xarici borcunu ən çox azaldan və bu sahədə ən yaxşı nəticələrə nail olan ölkələr qrupunda qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə xarici borc 8,1 milyard dollardan artıq olmaqla, ÜDM-nin 17 faizindən çoxunu təşkil edirdi.

Göründüyü kimi 2018-2025-ci illərdə xarici dövlət borcunun ÜDM-yə nisbəti 17 faizdən 5,6 faizə endirilib. Mənbə: static.president.az
Bu gün Azərbaycan dünya miqyasında xarici borcun ÜDM-yə nisbətinə görə, dünyada ən aşağı göstəricilərdən birinə malik ölkədir. Ölkəmizdə bu rəqəm 5,6 faiz olduğu halda inkişaf etmiş bütün ölkələrdə xarici borc göstəricisi ÜDM-in 80, hətta 100, 110 və ya 120 faiz təşkil edir.
Məsələn, Yaponiyanın xarici borcu ÜDM-nin 255 faizinə, Yunanıstanın və Sinqapurun borcu ÜDM-nin 168 faizinə, İtaliyanın borcu ÜDM-nin 144 faizinə, ABŞ-ın borcu ÜDM-nin 128 faizinə, Fransanın borcu ÜDM-nin 110 faizinə bərabərdir.

Mənbə: voronoiapp.com
Əgər borcun nominal dəyərini müqayisə etsək, inkişaf etmiş ölkələrin borcunun yüz milyardlarla, hətta trilyonlarla dollar təşkil etdiyini görə bilərik. Məsələn, dünyada ən çox xarici borcu olan ABŞ-də bu rəqəm 40 trilyon dollardır. Çində 22 trilyon, Yaponiyada 9 trilyon, Böyük Britaniya və Fransada 4 trilyon, digər ölkələrdə isə 2 trilyon dollar təşkil edir.

Digər region ölkələrində də rəqəmlərə diqqət etdikdə, görə bilərik ki, xarici borcun ÜDM-yə nisbəti təqribən 25-70 faiz aralığındadır.








Mənbə: imf.org
Göründüyü kimi, dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində xarici borc ÜDM-in 30, 50 və ya 100 faizi civarındadır. Azərbaycan isə ÜDM-ə nisbətdə borc göstəricisinə görə dünyada ən aşağı səviyyəyə malik ölkələrdəndir.
Dünya ölkələrində xarici borcun strateji valyuta-qızıl ehtiyatlarına nisbətinə gəldikdə, Azərbaycan yenə də ən əlverişli mövqe tutan nadir dövlətlərdəndir.
1 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard 769,7 milyon manat təşkil edib. Bu rəqəm ölkənin strateji ehtiyatlarının xarici borcu dəfələrlə üstələdiyini göstərir.

Mənbə: stat.gov.az
Cənab Prezidentin vurğuladığı kimi, strateji valyuta ehtiyatlarımız 90 milyard dolları ötməklə, xarici borcumuzdan təxminən 20 dəfə çoxdur.
Dünyanın inkişaf etmiş ölkələrində də vəziyyət fərqlidir. Məsələn, Yaponiyanın strateji ehtiyatları 1,2 trilyon dollar, xarici borcu isə təxminən 9,2 trilyon dollar təşkil edir (bu da borcun ehtiyatlardan təxminən 8 dəfə çox olduğunu göstərir). ABŞ-nin ehtiyatları 910 milyard dollar olduğu halda, borcu 40 trilyon dollara yaxındır, yəni borc ehtiyatlardan 44 dəfə çoxdur. Almaniyanın borcu təxminən 3 trilyon dollar, ehtiyatları isə 377 milyard dollardır ki, bu da borcun ehtiyatlardan təxminən 8-9 dəfə çox olması deməkdir. Digər inkişaf etmiş ölkələrin də ehtiyatları ilə borclarını müqayisə etsək, onların borclarının da ehtiyatlarından 10-15, bəzən isə 20 dəfə çox olduğu aydın görünür.

Mənbə:economicsinsider
Aşağıdakı ekran görüntüsündə dünya ölkələrinin strateji ehtiyatlarının həcmi göstərilib.

Mənbə:visualcapitalist
Aşağıdakı cədvəldə isə dünya ölkələrinin xarici borcunun məbləği və ÜDM-yə nisbəti qeyd olunub.

Rəqəmlərin müqayisəsindən tam aydın olur ki, dünya ölkələrinin mütləq əksəriyyətinin, xüsusilə də ən inkişaf etmiş dövlətlərin strateji valyuta ehtiyatları xarici borclarından dəfələrlə azdır.
Azərbaycan isə dünyada nadir ölkələrdəndir ki, onun strateji valyuta ehtiyatları xarici borcundan 20 dəfə çoxdur.
Azərbaycan strateji ehtiyatlarının cəmi 5 faizini – 4,5 milyard dollarını xərcləməklə xarici borcunu tamamilə sıfırlaya bilər.
Burada digər bir məqama da nəzər salmaq lazımdır. Xarici borcun sosial yükü də mühüm amillərdən biridir. İnkişaf etmiş ölkələrdə adambaşına düşən xarici borc yükü orta aylıq əməkhaqqını dəfələrlə üstələyir. Məsələn, ABŞ-də əhalinin sayının təxminən 336 milyon nəfər olmasını nəzərə alsaq, adambaşına düşən borcun məbləği təxminən 119 min dollar təşkil edir (40 trilyon dollar / 336 milyon nəfər = 119 min dollar). Avropanın ən inkişaf etmiş ölkələrində də vəziyyət təxminən oxşardır. Dünyanın qabaqcıl ölkələrində orta aylıq əməkhaqqı təxminən 4500–9000 dollar arasında dəyişir. wage
Amerika, Asiya və Avropanın inkişaf etmiş dövlətlərində adambaşına düşən xarici borc 40 min ilə 100 min dollar (ABŞ-da isə 119 min dollar) arasında dəyişir. Bu o deməkdir ki, həmin ölkələrdəki orta aylıq əməkhaqqı ilə adambaşına düşən xarici borcu müqayisə etdikdə, borcun tam ödənilməsi üçün ən azı 1 illik, bəzi dövlətlərdə isə 2–3 illik qazanc tələb olunur. Azərbaycanda isə hazırda orta aylıq əməkhaqqı 1176,7 manata bərabərdir ki, bu da dollar ekvivalenti ilə təxminən 692 dollar təşkil edir.
Yuxarıda vurğuladığımız kimi, xarici borcun adambaşına düşən həcmi 444 dollardır. Bu o deməkdir ki, ölkəmizdə xarici borcun qaytarılması üçün orta aylıq əməkhaqqının 17-18 günlük hissəsi tələb olunur. Yəni borc yükü bir aylıq əməkhaqqının təxminən yarısı qədərdir.
Beləliklə, cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dünyada ən az xarici borca malik olan, strateji valyuta ehtiyatları borcundan 20 dəfə çox olan nadir ölkələrdən biridir.